Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) elan edilmiş missiyası, məqsəd və prinsipləri arasında qaçaqmalçılıq qeyd edilməyib. 1863-cü ildə yaradılan BQXK-nın əsas missiyası münaqişələrdən, silahlı zorakılıqdan, təbii fəlakətlərdən zərər çəkmiş insanlara kömək etmək olmalıdır. Və bu fəaliyyət yerinə yetirilərkən neytrallıq, qərəzsizlik mütləq şəkildə qorunmalıdır. Təəssüf ki, Azərbaycana yanaşmada gördüyümüz odur ki, BQXK öz prinsiplərinə xəyanət edir, hətta qaçaqmalçılığa əl atır. Azərbaycan tərəfinin bir müddətdir apardığı araşdırmalar onu sübut edib ki, BQXK-nın nəqliyyat vasitələrinin "Laçın" sərhəd-buraxılış məntəqəsindəki keçidi humanitar əsaslara deyil, qaçaqmalçılığa, qanun pozuntusuna əsaslanır. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bununla bağlı faktları açıqlayıb. Vurğulanıb ki, "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Məlumatdan o da aydın olur ki, bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. BQXK-ya məxsus tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi bir tərəfdən Azərbaycanın qanunlarının kobud şəkildə pozulması, digər tərəfdən özünü humanitar təşkilat adlandıran bu quruma olan etimadından sui-istifadə edilməsidir. Faktlarla bağlı artıq cinayət işi açılıb və Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
BQXK-nin Azərbaycanda Qarabağ münaqişəsi davam edən dövdə, İkinci Qarabağ müharibəsi günlərindəki fəaliyyəti də neytral olmayıb. Həmin dövrlərdə də bu qurum işğalçı, amansız müharibə cinayətləri törətmiş, əsir və girovlara görünməmiş işgəncələr vermiş Ermənistana münasibətdə fərqli mövqe tutub, öz ali prinsiplərinə elə özü xəyanət edib. Əsir və girovlarımıza qarşı qeyri-insani rəftarı, onların beynəlxalq Cenevrə konvensiyalarında əksinə tapan hüquqlarının pozulmasını görüb, amma bu təşkilatdan səs çıxmayıb.
Mövzunu "525"ə şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, dunyada Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının yoxlanılması faktına rast gəlməyib: "Amma Azərbaycanın bu təşkilatın maşınlarını yoxlayaraq qaçamalçılıq faktlarını videomateriallarla sübut etməsi, BQXK-nın iç üzünü açdı və bu, təşkilatın dünyada biabır olması ilə nəticələndi. Azərbaycan dəfələrlə Xankəndidə fəaliyyət göstərən BQXK-ya Bakı ofisinə tabe olmağı və Azərbaycan ərazisindən keçməklə xəstələrlə işləməyi təklif etmişdi. Deməli, məqsədləri yalnız "7 ay mühasirədə olan 135 kq-lıq erməni xəstələri" daşımaqdan ibarət olmayıb.
Şübhəm yoxdur ki, bu BQXK cinayətləri ətraflı araşdırılacaq, qaçamalçılıq fəaliyyətinin tarixi, təşkilatçıları, icracıları barədə beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək".
Ekspert əlavə edib ki, Azərbaycan sərhədçilərinin fəallığı nəticəsində digər ölkələr də BQXK-nın daha yaxından tanıyıb: "Deməli, onlar da yaxın müddətdə bu cinayətkar qurum barədə maraqlı faktlar aşkarlayacaq".
Siyasi ekspert Zaur İbrahimli isə hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsinə dəfələrlə qaçaqmal daşınması ciddi qanun pozuntusudur: "Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələri bununla öz səlahiyyətlərindən sui-istifadə edirlər. Komitə neytrallıq və qərəzsizlik prinsiplərinə əsaslanaraq humanitar məqsədlər üçün fəaliyyət göstərməlidir. Lakin görünür ki, Komitənin Ermənistan nümayəndəliyi öz prinsipləri ilə işləyir və artıq buna dur deməyin vaxtı çatıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi faktını aşkarlaması, bu qanun pozuntularının müvafiq surətdə sənədləşdirməsi mənzil-qərargahı - Cenevrəni hərəkətə gətirməlidir. Komitənin Ermənistan nümayəndiliyi, Azərbaycanın Qarabağ bölgəsindəki təmsilçiliyi barəsində məsuliyyət tədbirləri görülməlidir. Həmçinin, bundan sonra bu işlər Komitənin Azərbaycan nümayəndəliyinə həvalə edilməlidir. Azərbaycanın ərazisində başqa ölkənin nümayəndəliyinin fəaliyyəti də beynəlxalq hüquq normalarının pozulmasıdır".
Ekspert onu da vurğulayıb ki, BQXK-nin Prezidenti, Direktorluğu, Assambleya Şurası da bu faktlarla əlaqədar öz münaisbətini açıqlamalıdır. Komitənin Ermənistan nümayəndiliyinin fəaliyyəti ciddi təftiş olunmalıdır və müvafiq tədbirlər görülməlidir.
Onun sözlərinə görə, BQXK-nin Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana qarşı fəaliyyət aparan ölkələrin vətəndaşları var, onlar daim ölkəmizə qarşı mənfi münasibəti ilə seçilirlər və bunu gizlətmirlər: "Belə şəxslərin bir neçəsi Azərbaycanı tərk etməli olub. Rəsmi Bakı da bu cür hallara qarşı sərt münasibət sərgiləməlidir. Azərbaycanın müvafiq dövlət orqanları BQXK-nın öz mandatına uyğun, Azərbaycan qanunları və beynəlxalq hüquq normaları çərçivəsində işləməsi üçün onu cavabdeh saxlamlıdır".
çap et