525.Az

Qarabağın qələmi: Aqil Abbas - Vaqif Bəhmənli yazır


 

Qarabağın qələmi: Aqil Abbas - <b style="color:red"> Vaqif Bəhmənli yazır</b>

(Əvvəli ötən sayımızda)

("Ədəbi portretlər" silsiləsindən)

 

O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən qələm sahibidir. O, xalqımızın dəyərli mədəniyyət varlıqlarından, üzdə olan həqiqətlərindən biridir! Belə söyləməyə haqqım var; çünki heç də qısa olmayan 70 illik ömrün nə az, nə çox, başabaş 52 ilinə şəhadət vermək şansına malik Aqilsevərlərdən biri də mənəm...

Və aradan yarım əsr bir ovuc su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi, ədəbi borcun zəruri təhriki altındayam.

 

 Aqil Abbasın "Günah" povestinin başvermə məkanı nə qədər dar və davamiyyət müddəti (zaman) nə qədər məhdud olsa da, süjet xəttindəki əlaqə, təhkiyə tamlığı, keçmişlə bu günün üzvi bağlılığı bu yığcam həcmli povestə monumentallıq imkanı qazandırır. Bizim milli "Roskolnikov" ("Cinayət və cəza", F.Dostoyevski) - Ziyəddin ("Günah", Aqil Abbas) xaricdən rayona dönən uşaqlıq dostu ilə restoranda yeyib içəndən sonra Adilə, həmin o uşaqlıq dostuna sirr açır: sənin dayın Məliyi mən qətlə yetirib həyətimizdəki qoz ağacının altında, anamla bikir qazdığımız quyuda basdırmışam. Və hətta Ziyəddin Adili, restoranda söhbətə qulaq kəsilən digərlərini yanına salıb həyətlərinə aparır, qoz ağacının dibinin təzədən qazılmasına  məcbur edir - özünü də, onları da. Qazırlar. Bəs hanı, meyit yoxdur? Əsərin çoxdan yazıldığını (1979) və çoxdan çap edildiyini (1987) nəzərə alıb süjet xəttini alayarımçıq da olsa xatırlatdım. Lakin əsər, yalnız bu mübhəm, maraq çəkən hardasa kriminal novelladan ibarətdir desək, düzgün olmaz. Heç ona Aqil Abbas demərəm ki, belə bir ədəbi qəlibin içini boş saxlasın. Hə, bir-iki, uzağı üç saatlıq restoran küncü, masa söhbəti və finalda yığcam bir hərəkətlilik çevrəsi daxilində Ziyəddinin gəlib o restoranda oturduqları ana qədərki bütün həyatı var. Və bu həyat az və ya artıq dərəcədə "Tütək səsi", "Yamacda nişanş", "Mənim nəğməkar bibim", "Kür qırağının meşələri" qəhrəmanlarının yaşantılarını xatırlatsa da, onların heç biri deyil, sadəcə, eyni dövrdə (yaş fərqlərinə baxmayaraq) yaşayıb-yaradan çağdaş yazıçıların içində olduqları sosial toplum, milli-mənəvi mühit eynidir. Mövcud mənəvi, sosial problemlər irəliki onilliklərdən baş alıb gəlir, real günlərin yazarlarının gözü qarşısında cərəyan edir, sıradan çıxmır, sabah, yəni gələcəkdə də mövcud olmaq səlahiyyətini özündə saxlayır.

Ziyəddinin həm özü, həm də hansısa bir himayədarı tərəfindən müdafiə olunmaq şansı sıfırdan bir az yuxarıdır. Onu məktəbdə xoşlamırlar, peşə məktəbini bitirdikdən sonra Allahın ekskavatorunu ona verməyə can çəkirlər. Onu bir klub dolusu adamın içində (bir görməklə valeh olduğu qız da tamaşaçılar arasındadır) aşağılayır, alçaldır, təhqir edir, iş dalınca buyurur (semiçka alıb gətirməyə), başına qapaz endirir və yeniyetmə - Ziyəddin  fiziki zora şapalaqla cavab verəndə isə onu bəsdi deyincən əzişdirirlər. Ziyəddinin, belə baxanda, iki güvənc yeri var: anası Dilbər və polis rəisi Məhi Quliyev. Bir də, "bəxtini qozda sına, sonra da qızda sına", -  deyib oğlunu əzizləyən, dünyadan cavan gedən atası vardı...

Nə qədər kədərli və bozartdaq olsa da, Ziyəddini əhatə edən mühit ölü deyil, ən azı bu gəncin üzləşdiyi çətinlik, keçirdiyi sarsıntılar miqdarında diridir. Deklorativ halda deyil, bədii nəsrin qıvraq, hərəkətli işarə kodlarından anlaşılan budur ki, Ziyəddinin ifrat sadəliyi, istənilən və ya istənilməyən məqamda qorxulu sirri açmaq ehtimalının yüksəkliyi ananı təhrik edir ki, iki səbəbkardan birinin özü olduğu bu müsibəti ört-basdır eləmək üçün meyiti basdırıldığı yerdən çıxarıb hansı mübhəm künc-bucaqdasa ilim-ilim itirsin. Biz təqribən bənzər bədii situasiya ilə yazıçının  xeyli sonralar qələmə aldığı kriminal-psixoloji nəsrin uğurlu örnəklərindən sayıla bilən "Allahı qatil edənlər" povestində də qarşılaşacayıq.        Babal kimin boynundadır? Günahkar kimdir? Hətta, minilliklər sürəsində götürsək belə, "günahkar kimdir?" sualı özünün antik çoxmənalılığını, yayğın xislətini qoruyub saxlayır. Sualın yuvalandığı ünvan yalnız cəmiyyət, mənəviyyat deyil, həm də ədəbiyyatdır. Qəribədir, törədilmiş hər hansı bir cavabdehli suçun içərisində çox nadir hallarda günahkar yalnız bir şəxs olur və yaxud heç olmur. Həm mənəviyyat, həm də ədəbiyyat müstəvisində "kimdir günahkar?"  sualını səciyyələndirən saysız-hesabsız səbəblər, əlamətlər... var və təbii ki, bu, tamam əhatəli və kifayət qədər fəlsəfi-estetik məqsədli araşdırmanın mövzusudur. Mən isə bu dəfə kimdir müqəssir sualına Aqil Abbasın "Günah" adlandırdığı povestinə əsaslanaraq cavab arayıram. Kim - Allahın əmriylə dünyadan tez gedən Cəfərmi, öz yaraşığı ilə arıq Cəfərdən daha qamətli, imkanlı bir kişiyə layiq ola bilən gözəl Dilbərmi, başıkəsik qadınla (Dilbərlə) bir yastığa xaincəsinə baş qoyub ehtiyacını söndürən, sonra da soyuyub məşuqə bətninə düşən şərəfsiz ləkələri "təmizləmək" üçün abort tələb edən qonşu Məlikmi, gözünün önündə anasını, sonra da onun özünü şapalaq altına saldığına, həyasızcasına bu fəqir evinə soxulduğuna görə Məliyin qarnına bıçaq soxub onu məhv edən gerçək qatil Ziyəddinmi? Heç olmaya halal zəhmət, alın təri hesabına ən adi insan tələbatını ödəməyi ağlının ucundan belə keçirməyən, Ziyəddin taleli yüz minlərlə yeniyetməni ehtiyac sınağına çəkən cəmiyyətmi? Bəlkə heç biri günahkar deyil, bəlkə hamısı birlikdə günahkardır? Ziyəddinin etirafı var, onun düşüncəsinə görə günahkar özünün "üzütüpürcəkli" taleyi, çürük qismətidir. Məliyi o öldürüb, amma durduğu yerdə yox təfsilata varmadan deyək ki, povestdə məhz bu prizmadan bir sıra mənəvi-psixoloji təfərrüatlar bədii ustalıqla  qələmə alınır.

Ümumiyyətlə, deməyə borcluyuq: kriminal mövzuya, konkret cinayət hadisəsinə həsr olunmuş povestin süjet xəttinə bağlı ziddiyyətlər, xaos və belə boz-bulanıq panoramada təzahür edən olayların təsviri heç bir halda məhkəmə oçerklərinə xas üslubi meyarlarla müqayisə edilə bilməz, əksinə, hərarətli yazıçı nəfəsi, təsirli bədii detallar povestin ədəbi-estetik məziyyətlərini təmin edir. Elə bu səbəbdən də təqribən 45 il öncə qələmə alınmış əsər ictimai və mədəni dəyərini hifz edib saxlayır. Çünki imzanın arxasında istedad, yaradıcılıq həvəsi və effektiv nəsr təcrübələrinin formalaşdırdığı ədəbi-bədii intellekt dayanır.

Biz Aqil Abbasın yaxın, uzaq gələcəkdə qələmə alacağı digər ciddi mündəricəli əsərlərində müşahidə edilən bir çox xarakterik cəhətlərin aydın konturlarını nasirin yaradıcılığının birinci dövrünə aid (dövrlər barədə yazacağıq) "Günah", "Ən xoşbəxt adam", "Evləri köndələn yar", "Saçın ucun hörməzlər" povestlərində, ələlxüsus "Batmanqılınc" romanında görə və dəyərləndirə bilərik. Əslində oxuduğunuz məqalə elə bu barədədir, ümid edirəm ki, bir qələm adamının - şairin, digər qələm adamı - yazıçı barədə fərdi, indiyə qədər heç yerdə bu həcmdə və bu tərzdə qeyd olunmayan həssas oxucu mülahizələri yazıçı Aqil Abbasın ədəbi portretini dolğunlaşdırmaq baxımından təsirsiz ötüşməyəcək.

Hə, bizim qənaətimizə görə, Aqil Abbasın publisistika və ədəbi-bədii yaradıcılığı individual bədii-estetik şərtlər, eyni zamanda qələmə alınma dövrlərinə görə beş qismə bölünə bilər. Əlbəttə, hər bir yazıçının yaradıcılığı mahiyyət etibarı ilə eyni mənəvi-estetik mənbədən qaynaqlanır, böyük mənada vahiddir, bölünməzdir. İş burasındadır ki, mütləq dəyərləndirmə insanın idrakının yetişə bilmədiyi bir səviyyədir. Burada söhbət şərti fərqləndirmədən, məhz bu yolla yazıçının əsərlərinin başlıca mahiyyətini uyğun bir sistem daxilində mənimsəmək imkanından gedir. Birinci qismə aid povestlərin adlarını bir qədər öncə sadaladıq, bəzilərinin başlıca bədii məziyyətlərini yığcam şəkildə nəzərdən keçirdik.  Bu qrupa nasirin hekayələrini də əlavə etməliyik ("Şirinlik", "Şəbədə Nazim", "Nazimin inturist səfəri", "Əbili gəldi", "Süsən-sünbül").

"Qapqara uzun saçlar", "Qiyamət gecəsi" povestləri (əslində aralarında 20 il fərq olmaqla yaradılan, hər iki povesti  birləşdirən cəhət mövzu yox, eyni dəsti-xətt, vahid yazıçı üslubudur) yenə də şərti olaraq ikinci qism yazılar sırasına daxildir.

Üçüncü qism əsərlər ölüm, qan, qada, didərginlik, itkinlik və ən əsası həm də qəhrəmanlıq, mərdlik, kişilik və həm də Vətən aşiqliyi, yurd divanəliyindən danışan, həyat çarpışmasını canlandıran dastanlardır. Budur onlar - "Qarda açan qan çiçəyi", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestləri və "Allahı qatil edənlər", "Dolu" romanları.

Dördüncü qism əsərlər səbr, dözüm, özünütoparlama, zəif də olsa bir ümid işartısından yapışma, bəzən taleyini təsadüflərə tapşırıb, nə olubsa olub, nə olacaqsa olacaq, düşüncəsiylə özünü həyatın nagüman axarı qarşısına buraxmaq, yaraların sağalacağını təmkinlə gözləmə və s. ovqatların təsviri, konkret məkan və zaman çevrəsindəki insanların psixoloji-mənəvi durumlarını bədii həqiqətə çevirmək axtarışlarıyla əlamətdardır. Məhz bu əsərlər silsiləsində - "Camış bağa girdi, gəl", "Eynəyin itməkliyi", "Əzrayılın erkək-dişiliyi", "Ölülər" (pyes), "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına", hətta "Futbol bir bəladır ki, mübtəla olmayan bilməz"  adlı əsərlərində Aqil Abbas təsvir etdiyi insanları, bütövlükdə həyatın gedişatını Qarabağ adlı dərdin içindən gülə-gülə keçirmək istəmiş və bu alınmışdır.

Nəhayət, beşinci qism - bu, yazıçının, yorulmaz publisistin "Ədalət", "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və digər mətbuat orqanlarında, saytlarda işıq üzü görən, demək olar, saysız-hesabsız və əksəriyyəti kifayət qədər yanğılı, duzlu-məzəli, cəsarətli, ciddi ictimai-siyasi, sosial-mədəni, mənəvi problemlərə işıq salan bədii-publisistik yazılarıdır. Bu qism əsərlərdə müəllifin milli mətbuat  ənənələrini çağdaş dolğunluqla davam etdirdiyinin şahidi oluruq, bu, ənənələrə formal sahiblənmə deyil, klassik irsi çağdaş forma və məzmun elementləri ilə zənginləşdirən uğurlu bir yoldur.

Aqil Abbas nəsri... Hər biri oxucunun gözləri qarşısında, düşüncəsində yeni, fərqli həyat lövhələrini canlandıran nəsr materialını, haqqında bəhs olunan bədii əsərləri birləşdirən elə estetik şərtlər var ki, onlar bir tərəfdən yazıçının yaradıcılığını ciddi ədəbiyyata, dəyərli qələm adamlarına qovuşdurur, digər yandan, onu fərdiləşdirir, Aqil Abbasın fərqli yaradıcı naturasını üzə çıxarır.

Burda qruplaşdırma cəhdinin, birinci... ikinci... deyə sıralama aparmağın əhəmiyyəti yoxdur. Peşəkar şərtlərin cəmi əsasdır və əgər onlardan hər hansı biri olmasa, indi gərək biz Aqil Abbas barədə tamamən başqa tipli bir yazıçı qismində söz açaydıq. Deməlı, indi biz belə bir əsas suala cavab vreməliyik: yazıçını təyin edən, onun yaradıcılığının mahiyyətini, tərzini müəyyənləşdirən amillər hansılardır, nələrdir?

Bir qayda olaraq yazıçının əksər yazıları həyatda baş verən, yaxud baş verməsi mümkün olan hansısa hadisə, əhvalat əsasında qurulur. Bu halda dinamik, görüntülü olaylar fonunda sanki psixoloji və təsviri elementlər bir qədər alt mövqeyə çəkilir. Məsələn, "Ən xoşbəxt adam"ı götürək. Yarıdan çoxu heç adı da bilinməyən 25 yaşlı depressiv gəncin ad günü ərəfəsindəki daxili çırpintılarını, süstlüyünü, düşkünlüyünü, tənqidçilər sözü, dekadans  halını canlandıran povestdə məhz novellavari sonluq hesabına kifayət qədər sıx olan psixoloji ayrıntılar gözə girmir, eyni zamanda əsər bütöv, cazibədar struktur qazanır, ideyanın hərəkətverici qüvvəsi ovqat, hissiyat deyil, hadisənin özü olur!

Ən xoşbəxt adam varlığını bürüyən bozluqda sıxılır, yaşına uyğun olmayan, lakin taleyin, qəzavü-qədərin hökmü ilə sanki məcburi bir ağrı daşısa da, canındakı həyat eşqi işartılar şəklində olsa belə, onun çevrəsini, gözünün önünü tərk etməyib. O, kirayədə yaşadığı evin sahibəsinin nəzərindən yayınmağı bacarmaqla yanaşı, onunla zarafatlaşmağa da, səhərlər bir topa qəzet alıb, avtobusa minib vaxtlı-vaxtında işə (redaksiyaya) çatmağa da, hər gün qolunun üstündə ağ xalat, eyni küçədə, eyni nöqtədə rastlaşdığı qızı görərkən həyəcanlanmağa da, iş yerində "başıqapazlı" televizorun böyründə oturub can çəkə-çəkə əlindəki məqaləni redaktə eləyib bitirməyə də qadirdir. Əslində xoşbəxt gənc mənəviyyatca təmiz birisidir, bəlkə onun sıxıntısının səbəbi də bu andıra qalmış təmizliyidir. Əlyazmalarının üzünü köçürən makinaçı qadın gəncin ad gününə sürpriz olaraq zəng çalıb gecə qalmaq şərtiylə onu evinə çağıranda, başında  kef havasının dolaşmağına baxmayaraq, ən xoşbəxt adam "cananın" mənzilinə təmiz ürəklə gedir və bu dəvətə ləyaqətinə, davranışına verilən sovqat kimi baxır. Lakin məlum olanda ki, onu ad günündə saya salan qadın fahişəlik yolunu tutub, divarları arasında 3-4 yaşlı uşaq böyüyən mənzilin qapısını neçə-neçə oynaş açıb, onda xoşbəxt adamın içi nifrətlə dolur, qadına yaxın durmadan evi tərk edir!

Qəhrəmanın ifrat düşkünlüyünə baxmayaraq, "Ən xoşbəxt adam" povesti sevgi haqqında hekayətdir. Gənc jurnalist xoşbəxtlik axtarışındadır, onun sorağını gözləyir. Günlərlə poçtda yatıb qalan, kimsənin yiyə durmadığı məktuba da, o, təsadüfən sahib durmur. Sanki xoşbəxtlik haqqında arayış və ya səadət sarayının orderidir o məktub.

Bu da sarsıntının son həddi, çöküş, şiddətli depressiya! Gənc jurnalist ölüm yatağında hərəkətsiz qalıb, əzalarını tərpətməyə, yerindən qımzanmağa taqəti yoxdur. Əlbəttə, bayılır, ayılanda isə başının üstündə həkimləri görür. Aqilin üç əsərində - "Ən xoşbəxt adam", "Qiyamət gecəsi" və "Eynəyin itməkliyi"ndə oxşar situasiya fərqli məqsədlərlə və fərqli  rakurslardan izlənilir. "Ən xoşbəxt adam" povestində hər gün işə gedəndə oğlanın rastlaşdığı, fəqət bircə dəfə də olsun salamlaşmağa ürək eləmədiyi, ağ xalatlı o gözəl qız xəstənin başının üstündə duran iki tibb işçisindən biri idi; yəni oğlanı ölümün pəncəsindən xilas edənlərdən biri.

 Adı da Leyla... Ən xoşbəxt adam otaqda ikisi qalanda deyəcəkdi ki, qızın adının Leyla olduğu ona tanımaza-bilməzə əyan imiş...

Yazıçı povestin əvvəlindən axırına qədər ritorika və pafosa yol vermədən, məhz bədii təsvir yolu ilə bəyan edir ki, insanı yaşadan, onu bəlalardan, təhlükələrdən hifz edən, həyata bağlayan tək bircə səbəb varsa, o da sevgidir!

Məqsəd povestin qısa məzmununu danışmaq deyil. (Hərçənd, ədəbi qeyd və düşüncə yazılarında məxsusi təhlilə keçməzdən öncə oxuyanlara bələdçilik amacı ilə ədəbi strukturun təqdimatı heç də pis olmaz. Bəzən belə alınır: ədəbiyyat tənqidçisi əsərin süjet xəttini, olsun lap qısa məzmununu xatırlatmağa borclu olduğu halda, mövzu üzrə fərdi təəssüratlara o dərəcədə yer ayırır ki, oxucu söhbətin nədən getdiyini anlamaqda çətinlik çəkir. Axı, biz hansısa ədəbi-tənqidi araşdırmanı nəzərdən keçirərkən haqqında bəhs edilən əsər - əsərlər həmişə əlimizin altında olmur ki, tənqidi mətnlə bədii mətni paralel qaydada tutuşdura bilək).

Hə, yazıçının yaradıcılığının mahiyyət və keyfiyyətini müəyyən edən amillərdən danışmaq istəyirdim... Məncə, Aqil Abbasın nəsrini seçdirən cəhətlərdən (amillərdən) biri də insanlığa xas duyğu və yaşantıların dəqiq ifadəsinə davamlı cəhddir. Heç buna cəhd də demək olmaz, bu, yaradıcılıq prosesinin tərkib hissəsinə aid olan yazıçı borcu, müəllif vəzifəsidir. Axı, obrazların mahiyyətini dolğun izah etmək üçün yaxın-uzaq çevrəni cikinə-bikinə kimi görmək, hiss etmək, həyat detallarını bədii fakta çevirmək qələm sahibindən yüksək sənətkarlıq istəyir. Məhz ustalıq sayəsində, ustad sözün sehriylə oxucu nəzərdən keçirdiyi mətn cəzirəsinin bir hissəsi olur, süjet xətti hiss olunmadan onu öz axarına salıb aparır. Belə bir hissiyyat mənə Aqil Abbasın "Qiyamət gecəsi" povestindən də tanışdır. Əsər insanın kədərli taleyi və qorxunc duyğuları haqqında magik bir elegiya, göynərtili rekviyemdir. Bu elegiyanın dərin qüssəsinə dalan şəxs isə ilk növbədə yazıçı Aqil Abbasın özüdür!

Əslində "Günah"ın Ziyəddinini, "Ən xoşbəxt adam"ın adsız gənc qəhrəmanı, "Ölülər"in (A.Abbas; C.Məmmədquluzadədən iqtidas) İsgəndərini... az və ya çox dərəcədə nasirin prototipləri saymaq olar. Bu yanaşma "Dolu"dakı jurnalist, "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" povestindəki Aqil Abbas, nə qədər qəribə də olsa, "Eynəyin itməkliyi" hekayəsindəki Rza müəllim, "Camış bağa girdi, gəl"dəki Dayı obrazlarına da şamil edilə bilər. Ümumiyyətlə, onun bütün əsərlərində mətnin içərisindən mütləq qaydada yazıçının özü də görsənir və həmişə də onun qeyri-ordinar xarakteri oxucuya sirayət eləyir, izsiz ötüşmür. Mütaliə imkanım dərəcəsində deyə bilərəm ki, belə şəkillənmə, müəlliflə mətn arasında bilavasitə bağlılıq, süjet xəttində müştərək iştirak hər addımbaşı rast gəlinən yazı tərzi deyil.

Bir çox hallarda klassik nəsr təmsilçiləri, eləcə də şairlər, digər incəsənət xadimləri bədii yaradıcılıq fonunda özlərinin bioqrafiyalarını qələmə almağa fürsət bulmuş, yaxud belə bir kitabın (avtobioqrafik) varlığını və gərəkliliyini zəruri saymışlar. Yaxşı ki, bu, belə olmuşdur (xatırlayın: L.N.Tolstoyun, M.Qorkinin uşaqlıq, yeniyetməlik, gənclik haqqında xatirələrini, Ə.Vəliyevin "Budağın xatirələri", M.Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim", C.Əlibəyovun "Zəmanələrlə üz-üzə", Anarın "Sizsiz", Ə.Əylislinin "Əylisdən Əylisəcən", Q.Markesin "Xatırlamaq üçün yaşamaq", O.Pamukun "İstanbul", S.Səxavətin "Qaçhaqaç" və s.).

Elə yazıçılar var ki, onların qəhrəmanları ilə real "mən" arasındakı bənzəyiş mütənasibdir, necə deyərlər, reallıqdakı yazıçı fərdiyyəti ilə ədəbiyyatdakı obrazın fərdiyyəti üst-üstə düşür. Bu xırda müşahidəni Aqil Abbasın əsərləri üzərində testdən keçirəndə görürük ki, qəhrəmanlarının xarakteri, davranış və ədaları bir fərd olaraq yazıçıda təcəssüm tapdığı kimi, yazıçının özü də təbii bir şəkildə qəhrəmanlarının surətində təcəssüm edir. Reallıq və reallığın yaratdığı qütblər arasında boşluq, bəlirli müşahidə mövqeyi, təmas sərhəddi, araməsafəsi yoxdur. Aqil Abbas, eynən həyatda olduğu kimi, istədiyi vaxt ədəbi qəhrəmanlarını başına yığıb çayxanaya, araq içməyə, cəbhəyə sursat daşımağa... apara, ədəbi tiplərə qoşulub təhlükəli, sərgüzəştli səfərlərə çıxa bilər.

 

4. O dünyanın içində

 

Yazıçının bir çox əsərlərində süjetin sığışdığı vaxt, zaman aralığı xəsisliklə ayarlanıb. Hadisənin başlanmağı ilə bitməyi iki-üç saat, bir sutka, ya bəlkə bir qədər az, bir qədər çox çəkir. Məsələn, "Ən xoşbəxt adam"ın xronometrajı 2-3 saatdır. "Günah"da bir sutka, uzaqbaşı sutkayarımlıq vaxt israfı var. İrəlidə adı çəkilən "Qiyamət gecəsi" povestində əhvalat 12 saat ərzində, qarlı-boranlı bir qış gecəsində baş verir.

Yazıçı müsahibələrinin birində müxbirin sualını cavablandırarkən söyləyir ki, "Qapqara uzun saçlar" və "Dolu"dan sonra bədii əsər yazmasam da olar...

Məncə, onun bu bəyanatında müəyyən dərəcədə ədalətsizlik var; yazıçının əsərlərinə bələd olanlar bizim bu etirazla dərhal razılaşarlar. Çünki, onun nasir qələminin sağlam bəhrələri olan "Batmanqılınc", "Qarda açan qan çiçəyi", "Allahı qatil edənlər", "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına", "Camış bağa girdi, gəl", "Əzrayılın erkək-dişiliyi" və nəhayət "Qiyamət gecəsi" əsərlərinin cəmini yox, tək bircəciyini yaradan yazıçı milli nəsrimizin ləyaqətini yüz illər boyu təmsil etmək haqqına sahibdir. 

Bəli, "Qiyamət gecəsi" povestinin timsalında yazıçı ilə qəhrəmanları arasındakı hər hansı  qarşılıqlı təcəssümdən söhbət  açmağa lüzum yoxdur, çünki, dediyimiz kimi, əsərin qəhrəmanı yazıçının özüdür. Və bu qəhrəman - Aqil digər yazılardaki obrazlarla müqayisədə bəlkə də ən gücsüz və çarəsiz personajdır, qəribədir, əks arqumentlə isə ən güclü və qətiyyətli obraz da odur. Deməli, paradoks? Bu necə ola bilər?

Görəsən, mənəviyyat və xislət imkanları ilə, eləcə də fiziki, bioloji meyarlar açısından insan dərdə, əzaba hansı dərəcədə qatlaşmaq iqtidarındadır? Aqil Abbas "Qiyamət gecəsi"ndə bu dəhşətli suala cavab axtarır, söyləsəm az olar! Bunun əvəzinə sanki, o, dərisinəcən soyunub nəhayətsiz, bitib-tükənməz sarsıntını gözümüzün qarşısında yaşayır... Bədii ifadəlilik, ədəbi qayənin təsviri, peşəkar yozum elə səviyyədədir ki, əlinin altındakının əsər olduğu, yazıçı tərəfindən qələmə alındığı oxucunun ağlına belə gəlmir. "Qiyamət gecəsi"  bədii estetika baxımından ustalıqla, təbii şəkildə yüklənmiş elə unikal romandır ki, orada təsvir olunan bədii (əslində həyati) surətlərin hər biri yalnız personajlar deyil, magik missiya daşıyıcısıdır; ata da, ana da, balaca qardaş da, Aqil də, Sabir dayı da, dilənçi uşaq da, ana bişirən toyuq çığırtması da, nəhayət, üslubun, təhkiyyənin özü də...

XXI əsrin ilk ilinin ilk ayında qələmə alınan "Qiyamət gecəsi"ni tam haqlı olaraq modern, posmodern... ədəbi cərəyanlarına aid etmək istəyən araşdırmaçı da tapıla bilər, digər yandan əsərin magik ruhu ortadadır. Təbii ki, nə ədəbi cərəyanı, nə də  təhkiyyə tərzini yazıçı irəlicədən müəyyən etməyib, yəni həmişə olduğu kimi, real ədəbi yekun bu dəfə də Aqildə belə alınıb.

Romanda yaşantının özündən başqa hər şey şərtidir; zaman da (o, həm var, həm də yoxdu), məkan da (o, həm var, həm də yoxdu), zaman və məkanı mənalandıran insan da (o, həm var, həm də yoxdu)... Təhkiyyə yoxluq və varlıq halında qoşa, yanaşı təqdim olunub. "Anansı onları harda qoyub getmişdi, elə orda da - öz köhnə dəmir çarpayısında üzünü iki əlinin arasına alıb adətinə uyğun sol böyrü üstdə yatmışdı və onları qoyub gedən zaman üz-gözündəki yorğunluq  da elə üz-gözündəydi, amma bu yorğunluq onun gözəlliyini soldura bilməmişdi". Əsərdə iki dəfə təkralanan bu cümlə olmasa, "Qiyamət gecəsi"nin cərəyan etdiyi həyat mühitinin şərtiliyindən, zaman, məkan və insan irreallığından söhbət gedə bilməz. Belə olduğu halda isə  bu dünyada yarımcan çırpınan qəhrəmanın hərəkət trayektoriyasının o dünyada cizginməsini deməyə ciddi əsas yaranır; amma məkan o dünya olsa da, problem bu dünyanın problemidir.

Qarlı-çovğunlu bir gecədə xəstə ürəklə, öz maşınında Bakıdan uzaq yol sürüb hələ də dədə-baba yurdunu tərk etməmiş, səfil hala salınan qaçqın kütləsinə qarışmamış ata-anasına baş çəkməyə gələn Aqil Abbas elə o qarlı-çovğunlu gecənin içindəcə xəstəliyə düçar olduğu, ahıl yaşa çatdığı çağa qədərki ömrünün keçmişlərdə qalan ən unudulmaz, ən munis, dadlı, xiffətli epizodlarını təzədən xatırlayıb yaşayırsa, onda biz bu kədərli hekayəti necə irreal saya bilərik? Yaxud əks-arqument -  əsərin qəhrəmanının reallıqdakı iştirakı yalnız bircə andırsa, süjet xəttinin siftəsindən finala qədər, o, komada olmuşdursa, bədii həqiqətin əsasında həyat həqiqətinin dayandığını necə iddia edək?

 "Ağır-ağır gözlərini açdı - nə çovğun vardı, nə qar, nə iliyə işləyən şaxta, nə də neçə illərdi işığa həsrət qalmış işıq dirəyi - uzanmışdı bir çarpayıya və qardaşı da dayanmışdı başının üstündə, dirsəkləndi:

-Raufla Eynur necə oldu?

Qardaşının gözü necə böyüdüsə, az qaldı hədəqəsindən çıxa:

- Kim? Kim?

- Raufla Eynur də!

Qardaşı ha illah elədi bu gözlənilməz suala cavab tapsın, tapa bilmədi. Bu sualın heç cavabı da yoxuydu, qəhər onu boğdu:

- Qaqa, onlar Ağdamdadırlar.

- Bəs bura Ağdam deyil?

- Qaqa, nə Rauf, nə Eynur, nə Ağdam? Bura beş nömrəlinin həyətindəki ürək xəstəxanasıdır. Üç gündür burdasan, polislər səni gecə saat 3-də təsadüfən Badamdarın bir aralığından tapıb gətiriblər..."

Aqil Abbasın mötəbər qələmi, insaniyyətlə nəfəs alan yazıçı ruhu məhz belə bir estetik mühitdə varlıq və yoxluq, zaman və zamansızlıq, məkan və məkansızlıq, insan və insansızlıq mizanında reallıqla irriallığı, xəyalla gerçəkliyi, yuxuyla oyanıqlığı bir-birinə qovuşdurur. Hələ bu zəhrimar yuxu azmış kimi yazıçının nə zamansa mərhəmət göstərib sədəqə verdiyi Dilənçi uşaq əlində bıçaq Əzrayılla Aqilin süpürüşməsinin birincinin xeyrinə bitməsini gözləyir ki, xəstənin sinəsini yarsın, ürəyini çıxarıb eləcə qanlı-qanlı, isti-isti aparıb Ağdam bazarında (!!!) satsın. Yəqin ki, pis qiymətə getməz, axı, bu, mərhəmətli, dözümlü ürəkdi. Axı, bu, ürəkli adamın ürəyidi. Elə ürəkli bir şəxs ki, öz valideynlərinin, yurdunun şərəfi, ən azı bu müqəddəs varlıqlarla  bir saatlıq, bir günlük təmas naminə ölümə razıdı, o dünyaya getməyə hazırdı.

(Ardı var)

 

 

 

 

 

 

 

 





12.07.2023    çap et  çap et