525.Az

"Ermənistanın dağ-mədən sənayesinin tullantıları Azərbaycana gələn bütün çayları zəhərləyir"


 

"Ermənistanın dağ-mədən sənayesinin tullantıları Azərbaycana gələn bütün çayları zəhərləyir"<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ekoloji məsələlərə xüsusi diqqət yetirib, Ermənistanın Azərbaycana qarşı illərdir davam edən ekoloji terroruna toxunub. İlk növbədə onu vurğulamaq lazımdır ki, Ermənistan illərdir ki, Azərbaycana qarşı ekoloji terror həyata keçirir. Ərazilərimiz işğalda olduğu vaxtda Ermənistan ətraf mühütə ciddi ziyan vurub, meşələri məhv edib, zərərli tullantılarla çayları çirkləndirib. Ermənistanın addımları bu gün də bölgə üçün təhdidlər yaradır. Belə ki, bu ölkənin Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi potensial risklər yaradır. Bu günlərdə Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistandakı dağ-mədən sənayesi müəssisələrinin ağır fəsadları barədə Baş nazir Nikol Paşinyana müraciət ediblər. Müraciətdə Naxçıvanla sərhəddə - Arazdəyəndə ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa edilən yeni metallurgiya zavodunun tikintisinin dayandırmalı olduğu vurğulanıb. Çünki bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. Ümumiyyətlə, Ermənistanın dağ-mədən sənayesində aparılan işlər beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, ciddi ekoloji böhran, təhdidlər yaradır.

Prezident müşavirədə bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Dövlət başçısı transsərhəd təhlükələrinin mütləq nəzərə alınmalı olduğunu deyib. Azərbaycanın burada sərgilədiyi mövqeyin beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslandığını söyləyib.

"Səma və EKO" İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib ki, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirləri çox ciddi ekoloji böhrana yol açır: "Bu ölkə BMT-yə üzv olmasına baxmayaraq, həmin təşkilatın qanun və konvensiyalarını ciddi şəkildə pozur. Ermənistanın öz vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları belə bununla bağlı etirazlarını bildirirlər. Bu, region üçün çox ciddi məsələyə çevrilib". İ.Həsənova vurğulayıb ki, Ermənistanın dağ-mədən sənayesinin tullantıları Azərbaycana gələn bütün çayları zəhərləyir: "Ətraf mühitin və onun komponentlərinin bu cür mənfi təsirə məruz qalması nəinki Azərbaycanı, eyni zamanda, Gürcüstan, Türkiyə, hətta Ermənistanın özünü ekoloji təhlükə ilə üz-üzə qoyur. Həm atmosferə buraxılan qazlar müxtəlif xəstəliklər yaradır, həm də su hövzələri çirkləndirilir. Nəinki Arazdəyəndə, Ermənistanın bir çox yerində tikilən zavodların tullantıları hamısı çaylara axıdıldığı üçün su ehtiyatlarımıza çox ciddi şəkildə zərər dəyir. Həmin çaylardan nəinki Azərbaycan, Gürcüstan, Ermənistanın özü də istifadə edir. Çayların suyundan kənd təsərrüfatında geniş istifadə edildiyi üçün iqtisadiyyatın bu önəmli sahəsi də böyük ziyana məruz qalır.

Nəticədə xərçəng xəstəliyinə, müxtəlif dəri xəstəliklərinə, epidemiyalara səbəb olur. Buna görə də indi də Gürcüstanla birlikdə bəyannamə hazırlayıb Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladıq. Ümumiyyətlə, BMT-yə üzv olan ölkələr sağlamlıq, ətraf mühitlə bağlı qərarlar qəbul edir və yerinə yetirmək üçün öhdəlik götürürlər. Ermənistan isə həmin qərarların heç birinə məhəl qoymur. Bu səbəbdən onların törətdiklərinə ekoloji terror demək olar. Ermənistan ərazisində Kanada, ABŞ, Fransa, Almaniya kimi ölkələrin maraqları var. Həmin ölkələr metallurgiya zavodları tikir və digər region ölkələrini nəzərə almırlar".

 

 





13.07.2023    çap et  çap et