525.Az

Halikarnas mavzoleyi: təəssüratlar, qeydlər... -


 

Halikarnas mavzoleyi: təəssüratlar, qeydlər... - <b style="color:red"></b>

Bodrum şəhəri əksəriyyət insanın ağlına ilk növbədə istirahət etməyi və əylənməyi gətirir. Bəli, bu, doğrudur. Həqiqətən də Bodrum füsunkar gözəlliyi və əlverişli iqlimi ilə seçilir, Türkiyənin ən önəmli turizm şəhərlərindən biridir və mükəmməl bir yay tətili keçirmək üçün ideal məkandır. Lakin mənim hər zaman bu şəhərə böyük heyranlıq duymağıma başqa bir məqam səbəb olub. Bu da qədim dünyanın bu günədək qalıntıları gəlib çatmış yeddi möcüzəsindən biri olan Halikarnas mavzoleyinin məhz Bodrum şəhəri ərazisində olmasıdır. Təsadüfi deyil ki, məhz bir zamanlar öz əzəmətli və nəhəng görüntüsü ilə hər kəsi valeh edən bu tikilinin qalıntılarını görmək həvəsi mənim çoxdan arzusunda olduğum Bodrum şəhərini ziyarət etməyimə vəsilə oldu.

Oxucular üçün Azərbaycan dilində, gərək ki, o qədər də təfərrüatlı məlumatlar olmayan bu mavzoleyin qısa tarixi barədə qeydləri və onun Bodrum şəhərində yerləşən muzeyi haqqında təəssüratlarımı bölüşmək istərdim.

Əvvəlcə qeyd edim ki, bu qədim tikili Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda eramızdan əvvəl IV əsrin ortalarında inşa olunub.

Kariya hökmdarı Mavsol təxminən eramızdan əvvəl 353-350-ci illərdə Halikarnasda öz məzarının tikintisinə başlanması əmrini verdi və o, təxminən 43 metr yüksəklikdə, 36 sütunlu və bir araba heykəli ilə taxtadan möhtəşəm məzar quruluşu düzəltdirdi. Era-mızdan əvvəl 353-cü ildə Mavsol öldükdən sonra tikinti işləri onun dul arvadı və bacısı Artemisiyanın göstərişləri əsasında aparıldı. Eramızdan əvvəl 351-ci ildə Artemisiyanın ölümündən sonra isə Mavsolun qardaşları məqbərənin inşasını davam etdirdilər.

Antik mənbələrə görə, tavan ölçüləri 32x38 metr olan mavzoley 4 hissədən ibarət idi. Məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə 24 pilləli ehramşəkilli mərmər damdan ibarət olub.

Abidənin hündürlüyü barədə latın yazıçısı Plini məlumat verir. Məlumata əsasən, mavzoley 180 ion, yəni iyirmi mərtəbəli yaşayış binası hündürlüyünə bərabər idi. Pliniyə görə, türbə şimal və cənubda 19 metr, digər cəbhələrdə isə daha qısa, perimetri 125 metr və hündürlüyü təxminən 11,4 metr olmaqla qurulub. O, 36 sütunla əhatə olunmuşdu. Bu hissəni pteron adlandırmışdılar. Pteronun üstündə 24 pilləli və aşağı hissəyə bərabər olan bir piramida var idi. Binanın ümumi hündürlüyü 43 metr olub. Türbənin ölçülərini verən digər müəllif  Roma imperatoru Oktavian Avqust dövründə yaşamış, onun tərəfindən azadlıq verilmiş, əvvəllər isə qul olmuş qədim Roma yazıçısı Qay Yuli Higindir. O, abidəni 24 metr yüksəklikdə və 410 metrlik parlaq daşlarla tikilmiş kimi təsvir edir. Lakin onun dedikləri həkk olunan qədim mətn pozulmuş olduğundan o qədər də mötəbər mənbə hesab edilmir.

Halikarnas mavzoleyi haqqında yunan səyyahı və coğrafiyaşünas Pausanias, yunan tarixçisi Strabon, qədim Roma memarı Vitruvi maraqlı məlumatlar verib.

Bəzi qədim müəlliflər binanın memarının Pitos olduğunu qeyd edirdilər. Həmçinin Satirosun adı da çəkilirdi. Vitruvi bu binada eramızdan əvvəl IV əsrin ən əhəmiyyətli dörd heykəltaraşının - şərqdə Skopasın, qərbdə Leokharesın, şimalda Bryaksisin və cənubda Timoteyin çalışdığını bildirirdi. Bryaksis yerli - Kariya sənətkarı idi, digərləri Yunanıstandan gətirilmişdi. İçərisində İkinci Mavsol və Artemisiyanın heykəlləri olan mərmər dördatlı araba məqbərəni tamamlayırdı. Bu at arabalarını memar Pitosun qurduğu barədə məlumatlar vardır.

Möhtəşəm tikili görənləri heyrətləndirirdi. Mavzoley elə bir estetik möcüzə hesab olunurdu ki, yunan şairi Sidon onu qədim dünyanın yeddi möcüzəsindən biri kimi təsvir etmişdi.

Yeri gəlmişkən, hazırda işlədilən "mavzoley" sözü də elə buradan yaranıb, onu Mavsolun adı ilə bağlayırlar. "Mavzoley" sözünün "yerüstü məzarlıq" mənasını ifadə etdiyini söyləyənlər də vardır.

Bəzi mənbələrdə mavzoleyin tikintisi yarıya çatdırılanda Halikarnasa ayrılmış maddi vəsaitin bitdiyi və inşaatın davamı üçün pulun insanlardan toplandığı göstərilir. Ehtimal edilir ki, eramızdan əvvəl 340-cı ildə Piksodaros və Ada arasındakı mübarizə zamanı tikinti dayandırılıb.

Tarixi mənbələrə görə, uzun əsrlər boyu bu abidə yerində möhkəm dayansa da, güman edilir ki, mavzoley XII əsrdən XV əsrə qədər olan dövrdə ardıcıl baş vermiş zəlzələlər nəticəsində çökmüşdü.

1402-ci ildə Seint Cen cəngavərləri Bodruma gəldikləri zaman abidənin xarabalarını gördülər. Onlar bütün daşları sökdülər və Bodrum qalasını tikdilər. Bu isə onu deməyə əsas verir ki, məqbərəni ilk məhv edən məhz cəngavərlər olmuşdu. Onlar çuxurun ən dərin hissəsində yerləşən əsas dəfn otağını tapa bilmədikləri üçün o hissəyə toxuna bilməmişlər. Lakin 1522-ci ildə Seint Cen cəngavərləri qalalarını möhkəmləndirmək məqsədilə onun tikintisində istifadə etmək üçün ətrafda daşlar axtardılar. Böyük ehtimala görə, mavzoley məhz bu tarixlərdə son dağıntıya məruz qaldı. Qalanın gücləndirilməsində iştirak edən cəngavərlərdən biri - La Touret xatirəsində məzar abidənin sökülməsi barədə məlumat vermişdi. O, qismən kirəmit dam altında qalan 12 pilləli nərdivanı necə tapdıqlarını, sərdabəyə gedən dəhlizin hər iki tərəfindəki heykəl və relyeflərə əvvəlcə baxıb heyran olduqlarını, sonra parçaladıqlarını təsvir etmişdi. Cəngavər sərdabəyə daxil olmaq istədikləri vaxt fasilə zənginin çalındığını, əsas otağa girmədən qalaya geri döndüklərini bildirmişdi. Qeyd etmişdi ki, ertəsi gün geri döndükdə həmin otağın açıldığını, hər yerdə dağıdılmış qiymətli parçalar və zinət əşyaları görüblər.

İngilis tədqiqatçısı Çarlz Tomas Nyuton 1856-1857-ci illərdə burada arxeoloji araşdırmaları zamanı daş bloku öz əvvəlki yerinə apardı. Qazıntı vaxtı tapdığı relyefləri, Mavsol və Artemisiyanın heykəllərini, dördatlı arabanın parçalarını Britaniya muzeyinə daşıtdı. Daha əvvəl - 1846-cı ildə Türkiyədə olan İngiltərə səfiri Lord Stratford Canning Sultan Abdülməciddən aldığı icazə ilə Bodrum qalasının divarında olan Mavsolun relyefini Londona aparmışdı.

Danimarkalılar tərəfindən aparılan qazıntılar zamanı isə nərdivanın ətəyində Nyuton tərəfindən qazılmayan ərazidə öküz, qoyun, keçi, xoruz və göyərçin sümükləri tapıldı. Bunlar mərasim zamanı kəsilən heyvanların sümükləri idi.

Maraqlı bir məsələ haqqında da oxuculara məlumat vermək istərdim. Belə ki, türbənin xarabalıqlarında, qərb pilləkəninin ətəyində Əhəməni hökmdarı I Kserksin (hökmranlığı e.ə. 486-465-ci illəri əhatə edir) imzası olan bir küp də tapılıb. Küpdə qədim fars, Misir, Babil və Elam dilində bir yazı vardı.

Misir mənşəli bu cür küplər Əhəmənilər üçün çox qiymətli idi və buna görə də düşünmək olar ki, aşkar olunmuş həmin küp Kserks tərəfindən Kariya hökmdarlarına təklif edilmiş və sonra qiymətli bir əşya olaraq saxlanılmışdı. Xüsusilə, qiymətli küp Kserks tərəfindən Yunanıstanın İkinci Fars işğalı zamanı və xüsusən də Salamin döyüşündə yeganə qadın admiralı kimi xidmət edən Kariya sülaləsi I Artemisiaya təklif edilmiş ola bilər. Sözü gedən küpün tapılması Kariya hökmdarları ilə Əhəmənilər imperiyası arasındakı sıx təmasların olması ehtimalını yürütmək üçün də versiya irəli sürməyə əsas verir.

Təəssüflər olsun ki, təbiətin bəzən bərpa olunmaz fəsadlar yaradan şıltaqlıqları, hakimiyyət çəkişmələri, tarixi abidələrə səhlənkarcasına yanaşmalar qədim dünyanın dəyərli bir möcüzəsinin də sonunu gətirdi. Düzdür, buna da şükürlər olsun ki, nə aradan ötüb keçən uzun bir zaman intervalı, nə də zəlzələyə məruz qalmalar və müxtəlif vaxtlarda amansızcasına yağmalanmalar Halikarnas mavzoleyinin izlərini tarixdən tamamilə silib apara bildi.

O möhtəşəm abidədən qalan İkinci Mavsolun və Artemisiyanın heykəlləri, eləcə də məqbərənin digər bəzək əşyaları hazırda Londondakı Britaniya muzeyində saxlanılır. Abidənin olduğu yer isə bu gün Türkiyənin Bodrum şəhərində çuxur olaraq qalmaqdadır. Həmin ərazinin yaxınlığında qapalı, yarıqapalı və açıq olmaqla üç hissədən ibarət muzey yerləşir. İçəri girərkən sağda Bodrum tipli bir ev, tarixi kitablar və suvenirlər satılan kiçik bir mağaza vardır, solda isə mavzoleylə bağlı memarlıq elementləri, xəritələr, maketlər, heykəllər, daş eksponantlar sərgilənir.

Muzeyin yarıqapalı olaraq adlandırdığımız hissəsində Halikarnas mavzoleyinin müxtəlif hissələrindən olan daş sütünlar qoyulmuş, divarlarda onun olması təxmin edilən formada öndən və arxadan təsvir edilmiş şəkilləri, eyni zamanda türk və ingilis dillərində bu abidənin tarixini əks etdirən məlumatlar asılıb.

Muzeyin qapalı hissəsində mavzoleyin maketi və divarlara asılmış məlumatlar mövcuddur. Bu hissədə xüsusilə diqqəti cəlb edən məqam ən qiymətli muzey eksponatı kimi, rəvayətə görə, tarixin keçmiş dövrlərində Mavsolun meyitinin yandırılması zamanı istifadə olunan odunlardan nümunə kimi saxlanılan kiçik bir taxta parçasının nümayiş olunmasıdır.

Muzeyin açıq hissəsinə gəlincə, bu bölgədə mavzoleyin sütunlarından kiçik hissələr, xeyli sayda müxtəlif ölçülü daş qalıntıları yerlərə səpələnmiş vəziyyətdədir.

Muzeyi gəzdikcə həyəcan keçirməmək mümkün deyil. Bir zamanlar əzəmətli görünüşü ilə dünyanın yeddi möcüzəsindən biri ünvanını qazanmış olan bu nəhəng tikilinin daş qalıntılarına nəzər saldıqda insanın gözləri yerə səpələnmiş bu mozaik parçaları sanki xəyalən birləşdirir və adamı tarixən çox-çox qədim dövrlərə, tikilinin ayaqda duran dövrlərinə aparır. Bu anları yaşamaq və tarixin qədim nəfəsini hiss etmək istəyən hər kəsi haqqında söhbət açdığım canlı möcüzənin şahidi olmağa və Bodrumda Halikarnas mavzoleyinin muzeyini ziyarət etməyə səsləyirəm.

 





13.07.2023    çap et  çap et