525.Az

Keçi qalası: tariximizdə izi qalan təbii müdafiə və nəzarət istehkamı


 

Keçi qalası: tariximizdə izi qalan təbii müdafiə və nəzarət istehkamı<b style="color:red"></b>

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
[email protected]

 

Zəngəzur silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından başlanır, meridional istiqamətdə Araz çayına uzanır. Uzunluğu təxminən 130 kilometr, ən hündür yeri isə Qapıcıqdır (3904 m). Zəngəzur sıra dağlarında da maraqlı tarixi abidələr var. Onlardan biri də el arasında "Keçi qalası" adı ilə məşhurdur.

Dağlarda hər fəslin öz gözəlliyi var. Amma yazın və yayın yaratdığı əsrarəngiz və əfsanəvi gözəllik tam başqadır. Naxçıvandan Boyəhmədə və oradan da 3 kilometrə qədər dağların sinəsi ilə dırmanan maşını sürücü Vaqif çox ustalıqla idarə edir. Dəmirlidağın zirvəsinə yaxın bir yerdə maşınımızdan ətraf apaydın görünür. Hətta Naxçıvan şəhəri də.

Artıq maşınla Tillək meşəsinə enirik. Əyriçayın sağında olan Tillək meşəsinin də öz gözəlliyi var. Artıq Ordubad rayonu ərazisindəyik. Tillək meşəsindən Əyriçay vadisi ilə üzü yuxarıya qalxırıq. Sağ tərəfə gedən yol isə Ordubad Göygölünə və Nürgüt kəndinə gedir. Ordubad

Göygölündən başlanan Sakkarsu çayı ilə Əyri çayın qovuşduğu yerdə vaxtilə Tillək kəndi yerləşirdi. İndi xarabalıqları qalan kənddə XX əsrin ortalarına qədər yaşayış olub. Arxivdə kameral siyahıları var Tillək kəndinin.

Qədim ipək yolunun Ordubad, Azadciran - Zəngəzur hissəsi Əyriçay vadisindədir. 1990-cı ilədək bu yol işlək olub. Zəngəzurun Murxuz kəndi buraya çox yaxındır. Əyriçayın özünəməxsus gözəlliyi var. Burada bitki örtüyü də zəngindir. Dağların sinəsində yaylaqlar var. Hündürlüyü 3000 metrdən çox  olan Dəvəboynu dağı da Əyriçayın mənbəyinə yaxındır. Dəvəboynu dağından sağda dağlar gözəli, mavigözlü Göy-göl, bir dağ aşırımından sonra Göygölün əkizi "Qazangöl" də Qazangöl dağında qərar tutub.

Əyiçayın mənbəyindən yuxarıda əzəmətli Keçi qalası durmaqdadır. Keçi qalasının lap yaxınlığına gəlirik. Aşağıdan heç cür bu təbii qranit qayaya çıxmaq mümkün deyil. Onun şərq tərəfinə keçməyə isə icazə yoxdur. Qala sərhəddə yerləşdiyindən erməni postlarından atəşə tutulur.

Keçi qalası sıldırım bir qayanın üstündə strateji cəhətdən çox əhəmiyyətli sahədə yerləşir. Buradan Zəngəzurdakı kəndlərin əksəriyyətinə gedən yolları nəzarətdə saxlamaq mümkündür. Ona görə də tarixən sal qayanın üstündə yerləşən Keçi qayası ötüb gedən yüzilliklərdə düşmənə qarşı alınmaz bir səngər olub. Keçi qalasından baxanda qarşı tərəfdə Dəmirli dağ, Qırxlar dağı (Məşhur Qırxlar piri də buradadır), üzü bəri baxan Köksü gözəl, Tillək meşəsi, Göydağ, Dərgəməlik aydınca, ovucun içi kimi görünür. Ordubadın Azadciranından Şərqi Zəngəzura gedən ipək yolu da Keçi qalasının lap yaxınlığından keçir. Karvanların dincəldiyi "Eşşək meydanı" da görünür. Nəyə görə bu təbii qala (bəlkə də yuxarıda tikili qalıqları və s. var, obyektiv səbəbdən hələ ki qalanın üstünə çıxmaq mümkün deyil) Keçi qalası adlanır? Bu istiqamətdə xeyli axtarışlarımız oldu və tapıntılarımızı oxucularla bölüşməyi qərara aldıq. Keçi qalasına yaxın Tillək və Nürgüt kəndləridir. İyirminci yüzilliyin ortalarında Tillək camaatı Nürgütə və digər kəndlərə köçüb gediblər. Bu ərazidə bütün yer adları qədim saklarla əlaqəlidir. Elə bu ərazidə gur sulu dağ çayı bu gün də Sakkarsu adlanır. Yeri gəlmişkən, bu ərazidəki toponimlər qədim iskitlərlə (skiflərlə) çox bağlıdır.

Nürgüt başbilənlərinin söylədiklərinə görə, Əyriçayın mənbəyində olan dağlarda sürü ilə dağ keçiləri yaşayır. Və onlar sıldırım, əlçatmaz qayaları xoşladıqlarından həmin qalaya da sakinlər Keçi qalası adını veriblər. Bu haqda kənd sakinlərində maraqlı foklor, etnoqrafik məlumatlar da vardır.  Amma bu qalanın Keçi qalası adlanması təkcə dağ keçiləri rəvayətləri ilə bitə bilməz. Çünki tarixi mənbələrin də söylədikləri var.

Tədqiqatçı alim Q.Qeybullayevin araşdırmalarından aydın olur ki, kəngərlilərin bir tirəsi Keçili adlanır. Kəngərli arxivindəki 1816-cı ilə aid bir tarixi sənəd onları "taifaye-keçili (Keçili tayfası)" adlandırır. Bu sənəddən məlum olur ki, Keçili tayfası əvvəlcə Araz çayının sağ sahilində yaşamışlar. Səfəvilər zamanında onlar kəngərli tayfasının tərkibinə daxil olmuş və kəngərlilərin qədimdən beşiyi olan Naxçıvana köçmüşlər. İndinin özündə Naxçıvan MR-də Şahbuz rayonunda igidliyi ilə məşhur olan Keçili kəndi var. 1918-1920-ci illərdə Naxçıvana hücum edən erməni işğalçılarına qarşı mərdliklə vuruşan Keçili süvarilərinin igidliklərini danmaq olmaz. Bu döyüşlərdə məğlub olan daşnakların tör-töküntüləri sovet hakimiyyəti illərində Keçili kəndinə amansız divan tutdular. İgid döyüşçülərin əksəriyyətini "troyka" məhkəmələri güllələdi. Qalanlarını isə ailəlikcə Orta Asiyaya və Sibirə sürgün etdilər. Amma tarixi faktları yox etmək mümkün deyil. Azərbaycanda olan imperiyalar zamanında, eləcə də XVIII əsrin sonlarında yaranan feodal dövlətdə - Naxçıvan xanlığında, İrəvan və Qarabağ xanlıqlarında sərhədləri Kəngərli süvariləri qoruyurdular, mühafizə edirdilər. Bu kəngərlilərin sırasında Keçili süvariləri də vardı. Ola bilsin ki, yuxarıda söhbət açdığımız Keçili qalası, Keçili qalası imiş, sonralar fonetik təhriflərə uğramışdır. Məşhur alim Qordlevski yazır ki, oğuzların kayı tayfasının bir qolu Qızıl Keçilidir. Bu ətrafda araşdırmamızdan əvvəl qeyd edək ki, Türkiyədə də yürüklər arasında keçili tayfası var. Cənubi Azərbaycanda da keçili tayfası yaşayır. Zaqatalanın Katex kəndində keçili məhəlləsi var. Bizcə, bunların əksəriyyəti sovet hakimiyyəti illərində Naxçıvandan Zaqatalaya sürgün olunanlardırlar.

Xatirimdədir, 1977-ci ildə Tbilisidən o vaxtkı Orconikidze şəhərinə (indiki Vladiqafqaza) piyada etdiyim səfərimdə xevsurların arasında yaşayan xeçililər də vardı. Yəqin ki, bunlar da keçili tayfasındandırlar. Fonetik dəyişilmə var. Onlar dağlarda yaşayırlar və çox cəsurdurlar.

XIX əsrdə Yelizavetpol (indiki Gəncədə) qəzasında da Keçili tayfası qeydə alınıb. Varislər indi də Şəmkir rayonunda yaşayırlar.

Qayıdaq əsas mətləbə, yəni qızıl keçili məsələsinə. Tədqiqatçı alimlər İ.Cəfərsoylunun və A.Abbasovanın apardıqları tədqiqatlarda qədim iver (Gürcülər iverləri özlərinin əcdadları sanırlar) salnamələrində Kaçı qalası haqqında maraqlı məlumatlar vermişlər. Onlar yazırlar ki, iver salnaməsində göstərilən Kaçi (Keçi) qalası Türkiyədə Van gölü ilə Almaz dağının arasında tikilmişdi. Qeyd edək ki, bu qala da sıldırım ancaq kəndir nərdivanlarla çıxıla bilən bir dağın başında idi.

İ.Cəfərsoylu yazır ki, IV əsrin ortalarından Van bölgəsindən tutmuş Qafqaza qədər xristianlıq yayılmağa başladı. Kaçı tayfası məbəddə qızıldan keçi bütü saxlayırdı. Xristian dinini qəbul edən Kaçi tayfası, mənbələrində saxladıqları keçi bütünü çıxarıb atmadılar.

Maraq üçün deyək ki, qədim türk dilində keçiyə kaçı deyilir. A.Abbasova "Qədim iver salnaməsinin dilində türk mənşəli etnotoponimlər" elmi məqaləsində qızıl keçililərlə bağlı məsələləri araşdırıb. Onun yazdığından məlum olur ki, indinin özündə də çuvaşlar keçiyə kaçi deyirlər. Çuvaşlar türk dili qrupunda danışırlar.

Kaçı tayfası Keçili tayfasıdır. Hətta onlar haqqında XVIII əsrin ortalarında Qafqaza səyahət edən osmanlı səyyahı Övliya Çələbi də yazıb.

Bütün bu yazılanları araşdıraraq belə nəticəyə gəlmək olur ki, Naxçıvandakı Keçi qalası ilə bağlı aparılan tədqiqatlar həqiqəti ortaya çıxara bilər. Keçi qalası minilliklərin yadigarı olan təbii bir qaladır və onun daş yaddaşında tariximizin çox açılmamış səhifələri vardır.

 

 

 

 





13.07.2023    çap et  çap et