525.Az

Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: Avropa vaşaqının tədqiqi


 

Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: Avropa vaşaqının tədqiqi<b style="color:red"></b>

Vaşaq - pişiklər fəsiləsinə aid heyvan cinsidir. Bu cinsə Kanada vaşaqı, Adi vaşaq və ya Avropa vaşaqı, İspan vaşaqı , Kürən vaşaq növləri daxildir.

Azərbaycanda o cümlədən, Naxçıvan Muxtar Respublikası ərazisində Avropa vaşaqı (Lynx lynx Linnaeus, 1758) yayılıb. Daha çox Zəngəzur silsiləsi, Mingəçevir su anbarının ətraflarındakı arid landşaftlarda, Böyük Qafqaz sıra dağlarında, Şərqi Zəngəzurda, daha stabil və sıx populyasiyası isə Axar-Baxar silsiləsində mövcuddur. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalaraq təhlükə həddinə yaxınlaşan, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilən  həssas növdür.

Avropa vaşaqının (Lynx lynx Linnaeus, 1758) IUCN-in kateqoriya və kriteriyalarına görə Beynəlxalq qiymətləndirilməsi LC; İUCN-in kateqoriya və kriteriyalarına görə milli qiymətləndirməsi VU B1 ab (I, III) şəklindədir.

2006-cı ildən başlayaraq 2023-ci ilədək Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün rayonlarında WWF (Ümumdünya Təbiəti Mühafizə Fondu) və IDEA  (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə müxtəlif növ (Bushnell, Panthera, Cudde Back) fototələlər vasitəsi ilə tədqiqat işləri aparılır. Fərdlərin biri-birindən fərqləndirilməsi onların xəzləri üzərində olan xalların unikallığına görə müəyyən edilir. Fototələlərə düşən vaşaq şəkilləri müqayisə edilir, oxşar xallara malik vaşaqların eyni olduğu müəyyənləşdirilir. Bundan əlavə, fototələlərdə olan zaman və tarix göstəriciləri də fərdlərin identifikasiyasında böyük rol oynayır.

Tədqiqatın əsas məqsədi muxtar respublika ərazisində yaşayan nadir və təhlükə altında olan növlərinin bəbir, Manul pişiyi, Qaya keçisi (bezoar), Dağ qoyunu (muflon), Avropa vaşaqının monitorinqinin aparılmasıdır.

Monitorinqlər muxtar respublikanın, demək olar ki, bütün ərazilərində: Akademik H.Ə.Əliyev adına Zəngəzur milli parkında, Ordubad rayonunun Kilit kəndi ətrafında, Kotam kəndi yaxınlığında və Kotamdağın ətəyində, Kotam vadisində, Soyuqdağ-Əjnövür ?razisində, Gənzə,  Nüsnüs, Pəzməri, Məzrə-Urmus kəndləri ərazilərində, Parağaçay ərazisində, Üstüpü, Əylis, Nəsirvaz kəndləri yaxınlığında, Göy-göl, Yağlı dərə ərazilərində, Şahbuz rayonunun Batabat, Zərnətün ərazilərində Babək rayonunun Nehrəm kəndi ərazisində, Culfa rayonunun Darıdağ, İlandağ, Paradaş, Əsabukəf, Ərməmməd piri, Kal və Şurut ərazilərində, Şərur rayonunun Ardıc dağ, Qızıl qaya ərazilərində aparılıb. öNaxçıvan Muxtar Respublikası ərazisində aparılan monitorinqlər nəticəsində, fototələlər və müntəzəm çöl izləmələri vasitəsilə əsaslı dəlillər toplanılıb.

Bu vaşaqların bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur.

Vaşaqın qidasını orta və kiçik ölçülü məməlilər (dovşan, siçankimilər və s.) və quşlar (kəklik, bildirçin və s) təşkil edir. Cütləşmə dövrü fevral-mart aylarına təsadüf edir. 3-3,5 aylıq hamiləlik dövründən sonra adətən 2 bəzi hallarda isə  3 bala doğurlar.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, vaşaqın muxtar respublika ərazisində yaşayış yerləri həm meşəli (Tillək meşəsi, Batabat meşəsi və s.), həm də qayalı kolluq (Parağaçay, Əylis və s.) çılpaq əraziləri əhatə edir. Xüsusi tədqiqatlar aparılmadan vaşaqların muxtar respublikadakı vəziyyətinə daha dəqiq qiymət vermək mümkün deyil. Nadir və nəsli kəsilməkdə olan bir növ kimi, Azərbaycanın Respublikasının Qırmızı kitabına (Nadir və nəsli kəsilməkdə olan fauna növləri) salınıb.

İsmayıl MƏMMƏDOV,

Pərviz FƏTULLAYEV
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Bioresurslar İnstitutu

 





13.07.2023    çap et  çap et