525.Az

Qarabağın qələmi: Aqil Abbas - Vaqif Bəhmənli yazır


 

Qarabağın qələmi: Aqil Abbas - <b style="color:red"> Vaqif Bəhmənli yazır</b>

("Ədəbi portretlər" silsiləsindən)

 

O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən qələm sahibidir. O, xalqımızın dəyərli mədəniyyət varlıqlarından, üzdə olan həqiqətlərindən biridir! Belə söyləməyə haqqım var; çünki heç də qısa olmayan 70 illik ömrün nə az, nə çox, başabaş 52 ilinə şəhadət vermək şansına malik Aqilsevərlərdən biri də mənəm...

Və aradan yarım əsr bir ovuc su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi, ədəbi borcun zəruri təhriki altındayam.

 

(Əvvəli ötən saylarımızda)

 

O əsər təsirlidir ki, oxuyanın qəlbində, şüurunda yeni, heç zaman müşahidə eləmədiyi düşüncələr panoramı yaradır. Əslində, bu, yazıçı missiyasına daxil olan ədəbi-estetik tələblərdən biridir. "Qiyamət gecəsi"nin nəinki başabaş nəsr strukturu, həm də bu struktura aid hər bir bədii detal özünə müqabil düşüncə imkanı yaradır. Yığcam bir əsərdə isə belə detallar, yalan olmasın, "Səfillər", "Hərb və sülh" masştabında hüdudsuzdur. O çovğunlu gecənin qarı-buzu üstündə xəstə ürəkli, çallaşmış kişinin (bəlkə də o çovğunlu-qarlı gecənin içindəki bütün insanlardan ən salamat ürəkli kişinin!) atdığı hər bir titrək, sürüşkən, tərəddüdlü addım ləyaqət qoxuyur. Bu kişi ölümün kəndarına  ona görə ayaq basır ki, yeridiyi yol onu atasına, anasına, uşaqlığına, gəncliyinə, sözün qısası, insana nə zamansa qismət olan və nə yazıq ki, həmişə də keçmişdə yuvalanan xoşbəxtliyə aparır. Yurda aparır, Ağdama aparır! Qoy Ağdam lap cəhənnəmin isti bucağında olsun! Təki yol ora aparsın! Əlbəttə, belə bir əqidə heç bir halda xəstə hünəri ola bilməz.

Epizodlar, detallar, yuxu xaosu. Yalnız eşqırmaqla genələn "qulunc olmuş ürək", nəğmə müəllimi Ramella, on il bir partada oturduğu, indi isə həyatın və illərin tanınmaz hala saldığı Səmayənin redaksiyaya gəlib ona bir zamanlar çəkilmiş kollektiv şəkil bağışlaması, Xəlil Rzanın Leninin portretini divardan qoparıb bir kənara vızıldatması, Şahmar Əkbərzadə və rəhmətlik Məhəmməd kişidən ibarət nümayəndə heyətinin Məmməd Arazın qapısına elçiliyə getməsi, Sabir dayının həyatda salamat qalmağı və ya vəfat müəmması... bu və digər bədii detallar üzərində kifayət qədər dayanmaq, sənətkarın doğal, yetkin yazı tərzi barədə təəssüratları bölüşmək olar. Amma bəribaşdan da söyləmək mümkündü ki, A.Abbasın ədəbi mətnlər silsiləsinin magik təsir gücü, mükəmməl bədii ifadə məziyyətləri dərin və əhatəli  təhlil aparmaq üçün haqlı əsaslar yaradır.

Sözügedən əsərin iki prozaik-psixoloji detalı isə yazıçının ustad səviyyəsini parlaq şəkildə isbatlamaqdadır.

Birinci epizod (epizodlar) kiçik qardaş Könüllə bağlıdır. Aqil uzun illər öncə, faciəli şəkildə qardaş itirib. O, tanıdığım elə nadir insanlardandır ki, onun üçün müqəddəs varlıqlar kimi, müqəddəs yoxluqlar da mütləq şəkildə canlıdır və bəlkə də əbədidir. Aqil komada ikən o dünyadakı Ağdama (viranəliyə), o dünyadakı valideynlərinin yanına "yollansa da", axı həqiqətən 30 il çəkən işğal illərinin hər ayı, hər həftəsində Ağdama yollanmaq əziz, doğma insanların ruhu, nəfəsi ilə təmas qurmaq Aqil Abbasın həyatının mənası olmuşdur. Və bu qeyrət, namus, təpər çağırışı ilahidən gələn bir ün kimi bu dəfə də onu oralara haraylamışdı.

O qarlı-çovğunlu qış gecəsinin tən ortasında ata-anayla görüşdən, dünyanın ən dadlı təamı olan, ana əlləriylə bişirilmiş çığırtmadan doymayan əzabkeş kişini kiçik qardaş az qala düşmən nifrətiylə doğma ocaqdan qovmağa qalxır.

"- Qaqa, nə vaxt gəlmisən?

- Bir az olar.

- Hardan gəlirsən?

- Bakıdan.

Balaca qardaş yenə fikrə getdi. Bu dəfə öz saçlarını qarışdırdı, sonra, yenə barmaqlarını onun üz-gözündə, saçlarında, dodaqlarında gəzdirdi. Daha sonra üzünü qoydu böyük qardaşının üzünə, xeyli belə dayandı, sonra atasını qucaqlayıb üzünü qoydu atasının üzünə, getdi təəccüblə onun hərəkətlərini izləyən anasına tərəf, onu da qucaqlayıb üzünü söykədi üzünə.

Atası:

- Ay oğul, bir de görüm nə olub axı?

Cavab vermədi, çünki nə olduğunu hələ ki, heç özü də bilmirdi. Qayıtdı yenidən onun üstünə, əl atıb biləyindən yapışdı və var gücüylə dişlədi, sonra təəccüblə ona baxdı, gördü ki, qardaşı yenə heç nə hiss eləmir.

Anası:

- Ə, səfehin biri səfeh, uşağın biləyini niyə qopardırsan?

Anasının sözünə əhəmiyyət vermədi. Onun biləyini bir az da bərk dişlədi, gördü ki, yenə heç nə hiss eləmir.

- Qaqa, əlimi niyə dişləyirsən?

Balaca qardaş cavab vermədi, bu dəfə lap var gücü ilə onun biləyini dişlədi və birdən dizi üstə düşüb:

- Oy, Allah! - dedi və necə bağırdısa hamsı səksəndi. Sonra üzüqoylu döşəməyə düşüb hönkürməyə başladı..."

"Balaca qardaş başını qaldırıb heç kimə baxmadan və heç bir sualı da eyninə almadan siqaretini çəkib qurtardı, kötüyünü də külqabıya deyil, yerə atdı, sonra möhkəm-möhkəm ayağı ilə siqaretin kötüyünü tapdaladı və qalxdı ayağa. Onun divardan asılmış kürkünü götürüb atdı üstünə və ötkəm bir səslə dedi:

- Geyin!

- Niyə?

- Sənə deyirəm geyin!

Bu dəfə atası soruşdu:

- Niyə, bala?

- Sən qarışma, kişi. Geyin!

- Qaqa, axı niyə?

- Sənə deyirəm geyin!

- Tutalım geyindim, sonra?

- Sonra da hardan gəlmisən, düz ora.

- Nədi, yoxsa məni qovursan?

- Hə, səni qovuram.

- Getməsəm?

- İt kimi döyə-döyə qovaram..."

Aqil Abbas zarafatı həqiqət qədər sevir... məzə üçün belə deyək, əgər kiçik qardaş o qarlı-çovğunlu gecədə böyük qardaşını ata ocağından zorla qovub çıxartmasaydı, indi bizim Aqil Abbas adlı nə yazıçımız, nə dostumuz vardı, orda, Ağdamın hansı bir məzarlığındasa, o dünyada peçə odun qoyur, ruhlarla bir yerdə toyuq çığırtması yeyirdi. Mən bu şərt cümləsiylə ədəbi mətni dəyərləndirmir, sözün müstəqim mənasında bunun belə ola biləcəyini düşünürəm. Sözün açığı, belə bir təlaşlı, qorxu saçan əsəri yazmağın özü də, insanın həyatı baxımından təhlükəlidir, onda qalmış müəllif saf, tərtəmiz ürək xəstəsidir.

Aqil Abbasın "Evləri köndələn yar", "Batmanqılınc" əsərlərindən başlayan yurda, kökə, nəsil-nəcabətə, milli mənəviyyata, Qarabağa fanatik (mütləq şüurlu) sevgisi, vətənə məhəbbət, mərhəmət duyğusu, torpağa qurban olmaq ehtirası "Qiyamət gecəsi"ndə bir insanın taleyi, bir ömrün yarım sutkalıq kəsimində nəinki Azərbaycan, ümumdünya nəsrinin yüksək meyarlarına uyğun şəkildə, kamil bir ustalıqla qələmə alınmışdır.

Haqqında danışacağıma söz verdiyim digər epizodu isə, etiraf edirəm, göz yaşına boğularaq bura köçürürəm:

"Onlar özlərini yetirəndə Əzrayıl işini qurtarahaqurtardaydı. Rauf həkim tələsik onun başını yerdən qaldırdı, üz-gözünün qarını təmizlədi və bir an duruxdu:

- Hanı, ə, Aqil? Bu ki Məhəmməd dayıdı.

Eynur da təəccüblə əlini onun bomboz sifətində gəzdirdi və yavaşca dedi:

- Qorxub deyən karıxıb.

Balaca qardaş bağırdı:

- Ə, nə Məhəmməd dayı? Korsunuz? Görmürsünüz Aqildi!

Və onlar neçə ildə görmədikləri və əslində də artıq elə Məhəmməd dayılarına çevrilmiş (!!!-V.B) dostlarını indi tanıdılar"

Bir də təkrar edirəm, təsvir dəqiqliyi, təbiilik, təsirli mövzu və detalların seçimi, sözə can yanğısı, təbii ki, yazıçının bütün əsərlərindəki uğuru təmin edən tərtəmiz bədii dil faktoru "Qiyamət gecəsi"nə həm müəllifin yaradıcılığında, həm də çağdaş nəsrimizdə məxsusi yer, mövqe qazandırır.

Vaqif Yusifli son 60 ildə əsasən milli ədəbi prosesi bir ədəbi xronoqraf qismində izləyən, demək olar ki, ədəbiyyatımızda kim varsa, kim gəlib getmişsə, hamısını ədəbi-tənqid prizmasından qeydə alan tənqidçidir. O, Aqil Abbasın əsərləri barədə də bir neçə dəyərli məqalə yazıb. Adaşımın əməyi baxımından deyirəm, bu ağır işin bir cəhəti var; bəzən ədəbi mətnlərin fantastik həcmi, imza bolluğu təhlil imkanlarına bu və ya digər dərəcədə təsir edir, bütün təfərrüatların qələmə almasına ən azı fiziki güc yetmir. Mətləbə keçirəm; fədakar tənqidçimiz məqalələrinin birində Aqilin "Qiyamət gecəsi", "Qapqara uzun saçlar" povestlərini müəllifin uğurlu əsərlərindən hesab etməsək də..." - deyə fikir bildirir. Hansı ki, Aqil Abbas, zaman-zaman içində, xəlbir saman içində, hansısa bir müxbirə müsahibə verib söyləyir ki, "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar"ı yazmışam, bunlardan sonra heç yazmasam da olar.          Mənim bu qeydimdən sonra adaşım - Vaqif Yusifli hansı mövqedə qalır qalsın, bu, yazıçının içindən gələn səsdir! Bəlkə də yazıçı qələm dostunun burada xatırlanan rəyindən də xəbərsizdi. Çünki Aqil də bizim doğma ədəbiyyatımızda ədəbi mafiyanı havayı zəhmət sayan ədiblər sırasına daxildir. Onun üçün ortada olan, özünün inandığı mətn əsasdır.

Yeri gəlmişkən, dünya şöhrətli yazıçı Jan Pol Sartr, Alber Kamyudan danışır, deyir ki, "Çöküş" Kamyunun ən anlaşıqlı və ən gözəl romanıdır. Bu, böyük Sartrın fikridir. Dərhal müdaxilə edilməlidir, ən dahi insanların da hər hansı bir sənət əsəri barədə fikri doqma deyil, rəy inkar oluna, yaxud daha üstün səviyyədə inkişaf etdirilə bilər. Biz üstün səviyyə iddiasında deyilik, amma gəlin baxaq, məgər yaradıcısı A.Kamyu olan "Yad" ən anlaşılan və ən gözəl roman deyil? Məgər "Taun" romanının hər sözünə, hər cümləsinə hopmuş insaniyyəti, az qala mütləq humanizm panoramını yaratmaq həmişəmi və hər yazıçıyamı qismət olur? Fikrimcə, "Çöküş" bütün bədiyyat energetikası nəzərə alınmaqla həm fəlsəfi, xüsusilə bədiyyat və süjet dinamikası baxımından "Yad"ın və "Taun"un kölgəsində qalan bir əsərdir və yenə fikrimcə, Aqil Abbasın "Qiyamət gecəsi" romanı bu əsərə qədər ona məlum olan və bu əsərdən sonra yazılacaq bütün ədəbi mətnlərinin sağlam nüvəsini təşkil edir. Yazıçının digər əsərlərinin hər birində "Qiyamət gecəsi"ndən nəsə var.

Bax belə... hekayələri, "Evləri köndələn yar", "Günah", "Ən xoşbəxt adam" (sıralanma şərtidir) povestlərini yazaraq öz içinin qabarma və çəkilmələri ilə çarpışan yazıçı yaradıcılığının ilk dövründə, hələ mənfur müharibədən əvvəl dəstəyindən yapışdığı "Batmanqılınc"la təbii ki, kifayətlənmir, bu dəfə həqiqətən və aşkarca od-alovun, cəhənnəm atəşinin içinə girir.

                                                                                                                                                                   

5. Odun, alovun içində

               

Müharibə mövzusunda bədii əsər qələmə almaq, qanlı mücadilənin dolğun ədəbi təcəssümünə nail olmaq, bu məramlı yazını təqdim və təlqin edib oxucuya sevdirmək məqsədi... ən yeni tarixin ədəbiyyat cəbhəsində az sayda  yazıçı  üçün cəlbedici olmuşdur. Təcrübə bunu göstərir.  Amma bununla belə, müharibə həyat hadisəsidir. Həyat hadisəsi və insanın ədəbiyyat predmeti olmağı səbəbindən dünya ədiblərinin hərb mövzusuna hansı dərəcədəsə laqeyd qaldıqlarını da söyləyə bilmərik.

Bir çox yazıçı şəxsən müharibənin içindən keçəndən sonra, bir başqası müharibənin üstündən illər keçəndən sonra qələmə sarılıb, ortaya savaş meydanının real mənzərələrini bədii ustalıqla canlandıran şeirlər, poemalar, hekayələr, povestlər, romanlar qoya bilmişlər:  Lev Tolstoyun "Hərb və sülh", Ernest Heminqueyin "Əcəl zəngi", "Əlvida, silah", Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur", "Üç yoldaş", Nazim Hikmətin "İnsan mənzərələri" (qismən həm də müharibə) və bir çox şeirləri, Rəsul Rzanın "Min dörd yüz on səkkiz", Mixail Şoloxovun "İnsanın taleyi", "Sakit Don", Sergey Smirnovun "Brest qalası", Əbülhəsənin "Müharibə", Hüseyn Abbaszadənin "General", İsa Hüseynovun "Saz", "Tütək səsi", Həsən Seyidbəyli və İmran Qasımovun "Uzaq sahillərdə", Sabir Əhmədlinin "Axirət sevdası", "Ömür urası", Yusif Səmədoğlunun "46-cı ilin oyunları", Elçinin "Bayraqdar"... uzaq və yaxın illərdə oxuduqlarımın, indi yadıma düşənlərin bir qismidir. Dünya ədəbiyyatında tanınan bir sıra tarixi-ədəbi əsərlərin də səhifələrini haqlı, haqsız savaşların qanı qızardır.

Şübhəsiz ki, sözügedən çərçivədə dünya miqyasında yazılmış əsərlərin əksər hissəsindən xəbərsizik, çünki yer üzündə müharibənin toxunub sinsitmədiyi ölkə, xalq yoxdur, deməli, saysız-hesabsız əcnəbi dillərdə  bizim xəbərsiz olduğumuz əsərlər mövcuddur.

Milli ədəbiyyatımızın məsələ ilə əlaqədar nail olduğu yekunlar isə adbaad sayılacaq qədər istisnaları çıxmaqla, nə yazıq ki, təəssüf doğurur. Tam otuz il ərzində Azərbaycan xalqının ədalətsiz təcavüzlə (ədalətli təcavüz olmur!) üzləşdiyi faciəvi bir dövr ərzində "yazılanları" kağız hesabıyla Azərbaycanın səthinə sərsək, göz aldadan, amma ələ gəlməyən hüdudsuz ilğım boşluğu  ilə üzləşərik. Çünki bu cızmaqaraların yüzdə yetmişi ucuz məqsədlə, konyuktura qəstiylə şötdələnib. Qeyri peşəkarlıqdan qaynaqlanan sxematizm, primitivlik bu nazik, qalın kitabları mokulaturaya, "qeyri-kafiyə" layiq şagird inşasına çevirir. Bu "əsərlərin" düşük səviyyəsi şəhidlərin, qəhrəmanların ruhuna tamamən yaddır. Hələ bu azmış kimi, hansısa layihədən çırpışdırılan pul, adıbilinməz sponsor vəsaiti hesabına hasilə gələn qlamor kitabların haylı-küylü təqdimatları keçirilir, haqlarında palaz-palaz məqalələr, rəylər çap olunur. Belə yanaşma tarixi həqiqətlərin təhrif olunmasına meydan açmaq deməkdir. Belə hala qətiyyən yol vermək olmaz.

Yenə də deyirəm, ellikcə hər nə var, üstündən xətt çəkməyə nə səlahiyyətimiz var, nə də haqqımız çatır. Yaxşı onsuz da yaxşıdır. Bütün hallarda tarixi, milli-mənəvi mövzular sırasında Vətənin, ölkənin cəlb olunduğu hərb savaşındakı mürəkkəb həqiqətləri qələmə almaq haqqı istisnasız olaraq bu fəlakəti qəlbən və cismən yaşamış yazıçı, şair və publisistlərə məxsusdur.

Bizim Aqil Abbasın yaradıcılığında millətin, xalqın tarixi taleyi, bugünkü reallığı, gələcəyə ümidləri ön və iri plandadır. Nədən ki,  əgər illərlə Vətənsiz qalsa, ömürlük qürbətə düşsə, yenə də Aqil Abbasdan Vətən varlığını qoparsaq, yerində heç nə qalar. Elə ondan götürün ki, bu yazıçının yaradıcılığı otuz il ərzində dərd içində qovrulan Vətənin bədii-publisistik səlnaməsidir!

Dəlil-sübut əlimizin altındadır. Öndə təhrif olunmayan gerçək tarix - "Batmanqılınc", sonra tənqidçilərin (T.Əlişanoğlu) trilogiya adlandırdığı "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qarda açan qan çiçəyi", "Dolu" əsərləri. Heç düşünmədən "Allahı qatil edlənlər" ("Günah"ın mənəvi əkizi) romanını da bu üçlüyə qatıb sayı dördə çatdırmaq olar. Neynək, qoy kvartet olsun! Tarixi kvartet - dərdi səsləndirən kvartet!

Aqil Abbasın yuxarıda adları sadalanan əsərləri barədə nisbətən çox yazılıb, həm ayrı-ayrı məqalələr şəklində, həm də müharibə mövzusunun təhlilini verən ədəbi xülasələrdə. Bu sıradan Vaqif Yusiflinin, Tehran Əlişanoğlunun, Nizami Cəfərovun, Cahangir Məmmədlinin, Rəşad Məcidin, Rahid Uluselin, Nizaməddin Şəmsizadənin, Nərgiz Cabbarlının, Elnarə Akimovanın, Əsəd Cahangirin, Əbülfət Mədətoğlunun və. d. ədiblərin yazılarını qeyd etməyə dəyər.

Əgər müharibə, qaçqın-köçkün mövzusunda yazıçının yaratdığı kvartet dediyimiz əsərlər silsiləsini ötən əsrin sonunda - 1995-ci ildə oxucuların ixtiyarına verilən, Ağaməhəmməd Şah Qacar, Məhəmməd bəy Cavanşir kimi tarixi şəxsiyyətlərin döyüşkən və faciəvi obrazlarını, XVIII əsr Azərbaycan, Qarabağ mühitini ədəbiyyat tariximizdə demək olar ki, ilk dəfə tarixi gerçəkliyə, tarixi həqiqətə əsaslanaraq canlandıran "Batmanqılınc" romanının ədəbi varisləri saysaq, məncə, bu, ədalətli yanaşma olar.

Aqil Abbas hardasa işğalın on ilinin tamamında yeni yüzilliyə, XXI əsrə "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povesti ilə başlayır. Əsər 2000-ci ildə kitab halında işıq üzü görüb.

Yeni qəhrəmanı Müəllimlə, nasirin ötəki əsərlərindəki gənc jurnalist ("Ən xoşbəxt adam"), Ziyəddin ("Günah") arasındakı üzvü bağlılıq aşkar görünür. Yaş fərqinə, yaşadıqları mühitlərin zaman aralığına baxmayaraq, onların hər üçünün adını darıxan adamlar sırasına yaza bilərik. Sifdəki iki insanın darıxmağının səbəbi həm qlobal obyektiv, həm də fərdi subyektiv amillərdir. Bəli, mühit boz, cəmiyyət arzuolunan deyil; məramsızlıq, kasıblıq, ədalətsizlik, hər kəsin odu öz qabağına çəkmək düşüncəsi hamını sıxır. Onda qalmış yeniyetməlik və gənclik dövrünün keçidlərində özlərinə, arzularına yer tapmayan xoşbəxt adam və Ziyəddin kimi həssas fərdlər ola...

Lakin Müəllimi darıxdıran, onu dərsdən, məktəbdən, həyatdan küsdürən səbəb - amil tamamilə fərqlidir. O, sözün bütün mənalarında məğlubiyyətə düçar, alçaldılan, ən adi insan hüquqlarından məhrum, buz kimi soyuq, atəş kimi qaynar çadırlara doldurulmuş uduzan, namusun, qeyrətin töhmətləndirdiyi böyük bir elatın, ruh düşkünlüyü yaşayan xalqın məzlum ünsürüdür. O - tarix müəllimi dərk edir ki, dünya güclərinin danışıqlar platforması heç bir nəticə verməyəcək.

Otuz il sürən işğal illərində yaranmış qeyri-humanist mühitdə intiqam hissinə dolan, kəfənini boynuna dolayıb düşmənin yuvasının içinə şığıyan, yükləndiyi qumbaralarla özünü şəhid, düşmənlərini məhv edən kamikadzelər olmuşdurmu? Hər halda bu və ya digər anolaji xəbərləri, yəni ordu sıralarında deyil, məhz xalqın içindən dikəlib düşmən üzərinə yeriyən adamlar barədə yazıların bolluğunu görmədik. Əgər Müəllimin hekayətinə bənzər hətta bir hal belə baş verməyibsə, yenə də Aqilin qəhrəmanın məhz həyatdan gəldiyi inkar olunmazdı. Yazıçı məhz bu əsərdə ilk dəfə bədii ifadə vasitələrinin köməyi və can yanğısıyla Qarabağın azadlığının hər bir vətən oğlunun fərdi qaydada qeyrətə, namusa dolub silaha sarılmağında, intiqam aktında görür. Bu, onun hər gün içində olduğu, yollarda, obalarda dolaşıb təskinlik verdiyi xalqından, yurdundan aldığı sifariş idi.

Bir il sonra (2001) Aqil Abbas "Qarda açan qan çiçəyi" povestini yazdı və bu zaman oxucuya məlum oldu ki, Müəllim tək deyilmiş. Budur onlar, Murov dağının ən yüksək hissəsində xidmət edən, qarın, şaxtanın amansız pəncəsində donub qəhr olmaq hesabına olsa belə, postu tərk etməyən qəhrəman Azərbaycan əsgərləri...

Yazıçının əsərə seçdiyi epiqraf böyük bir fəlakətdən soraq verir, qəhər, qüssə dolu sözlər hər oxunduğunda adamın anasını ağladır, başda tükü qabardır: "Qız görməmiş sinəsindən yaralanıb səngərlərdə qalan 20 mindən artıq şəhidimizin və Hinal dağında qırılan balarımızın ruhuna!" Özüylə bahəm sütül əsgərlərinin - Qara, Mazandaran pələngi, Bakılı balası və şairin şaxta, sazaqla deyil, ölümün özüylə çarpışdığını görən Komandir səngər yoldaşlarının xilası üçün döyüşlərdə bişib-bərkimiş canını, demək olar ki, qurban seçir. Budur, o, neçə yüz metrsə aşağıda dayanmış düşmənə məxsus maşına doğru son güman yeri, sonuncu xilas fürsəti kimi tələsir. Hücum yarımuğurlu alınır. Yandırmaq üçün əldə etdiyi, yolun xeyli hissəsini əsir götürdüyü erməni əsgərə yüklədiyi təkər əldən sürüşüb dərə aşağı dığırlansa da,  az miqdar ərzağı posta çatdıra bilir. Lakin bu qənimət yalnız təsəlli ola bilər, zülmət gecə irəlidə, şaxta sümüyə işləyir. Erməni əsirlə yalnız on beş qardaş sovet respublikalarının vətəndaşlarına məxsus ləhcədə, rus dilində danışıqlar, əsirin heç bir qarşılıq gözləmədən yalnız insaniyyət hissinin diktəsiylə azad edilməsi, Lyonikin yardım təklifinin rəddi, belə epizodların sona yetdiyi məqamların ardınca isə yeniyetmə əsgərlərimizin açıq-aşkar donub tələf olması yazıçının haray çəkən, yanıb-yaxılan qələmi ilə mərd oğulların nakam taleyini əbədiyyətə qovuşdurur. Yol - birbaşa cənnətədir, mələklərin çiynində. Komandir az-maz da olsa hərarət, istilik yaratmaq, od əldə etmək üçün avtomat silahın taxta qundağını da qayada parçalayıb atəşə yaxır. Amma əfsus! Ölüm kabusu, əcəl yuxusu hər əsgəri bir başqa cür aldadır.

Pələng yuxuda Sərnivaza tərəf uçur, həmişə futbol oynayanda pəncərədən boylanıb gözünü ondan çəkməyən Sərvinaza sarı...

Şairi kənd çəkir, guya müharibə bitib, əsgər yoldaşları kəndə gəliblər, balıq tutmağa gedir - qarmaqda balıq suyun üzünə qalxır, balıq heç zaman əllə toxunmadığı qız məməsi kimi yumşaqdır, həm də sürüşkən, o yaş balıq əldən sürüşüb düşən an həyatı bitəcək...

Bakılı balasının şaxtalı, çovğunlu röyasında isti yay günüdü, onun fiziki varlığının son qətrələrini Xəzər dəryası çəkib aparır. Və son əlac, mümkünsüz xilas adına komandirin əsgərlərin hər birinə tək bircə yalvarışı var: qurban olum, yatma!

Aqil Abbas nəsrinin təsir gücü, sehri məhz bu sayaq bədahətən gələn bədii, insani  hissiyyatlardadır. Onun nəsrinin özəlliyi ondadır ki, o, bədii mətləbin fövqünə yüksəlib heç bir maneə, qınaq hiss etmədən azərbaycanlı və erməni əsgərini hələ XX əsr bitər-bitməz, salamat qalmağa hardasa güman yaradan eyni ocağın başına, demək olar ki, sürüyüb gətirir, milli mənsubiyyət tanımayan ağrı-acını tərəfsiz humanizm bucağından təsvir edir.

Fəqət, tüfəng qundağının sonuncu işartıları da kül oldu... və kimin türk, kimin erməni olmağı şaxtanın - ölümün heç vecinə də deyil... Komandirin dediyi olmuşdu. Qara sağ qalmışdı. İndi həqiqət öz yerini tapır. Qaranın sağ qalmağı yazıçıya Qaranın diliylə cəmi on-on iki il sonra baş tutacaq Qarabağ zəfərinin qeybdən gələn ayələrindən ibarət monoloqunu, müjdəsini yazmaq imkanı verir.

Qara Komandirin dəfnində, onun buğlanan torpağı önündə yalvarır:

"- Komandir, dur ayağa! Dur ayağa, komandir! Nə olar, dur ayağa. Sənə qurban olum, balalarına qurban olum, dur ayağa! Bəs bizi Şuşaya aparacaqdın, bəs Şuşaya bayraq sancacaydıq?!

Əlini qoynuna atıb üçrəngli müqəddəs bayrağı çıxartdı və sarıdı başdaşına...

- Gətirmişəm bayrağı, komandir! And içmişdin axı. And içmişdin ki, bu bayrağı Cıdır düzünə qaldıracağıq. Nə oldu, komandir? Dur, apar bizi Şuşaya. Şairin xətrinə, Mazandaranın xətrinə, mənim xətrimə qalx! Şuşanın xətrinə qalx!.." (Ardı var)

 





13.07.2023    çap et  çap et