525.Az

Yetim Gürcü


 

Yetim Gürcü<b style="color:red"></b>

Dünyanın məşhur yetimlərinin haqqında oxuyanda yetimliyin, kimsəsizliyin onları sındıra bilmədiyinin şahidi oluruq: misilləmə misal üçün, Musa peyğəmbər, İ.S.Bax, L.Tolstoy, K.Şanel, E.Po (və sairə) bu sıradandır; müharibə dövrləri uşaqlarının gözü ilə, sitəm və sızıltılar dolu sıradan!

"Moda aləminin filosofu" adlandırılan K.Şanel haqqında - o Şanel ki, bir zamanlar adamlar onun "Şanel 5" ətiri üçün növbələrdə baş yarırmış - "Tənha" və "Əbədiliyin gözəl qoxusu" filmlərinə baxandan sonra həssas tamaşaçının yadına dərhal Pifaqorun sözlərinin düşdüyünü zənn edirəm: "Uşaqlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbirlərinizin üstündə axıda bilsinlər"...

...Uşaq sığınacaqlarında uşaqları "yetim" deyə çağırmaq qadağan edilir - bu isə yetimlər və yetimlik barədə bəlli olan müasir 101 faktdan biridir.

Bu yazıda məqsəd yetimlik yollarını, yetimlərin faciəsini deyil, sadəcə olaraq, adı "Yetim" olan bir xalq aşığı-ozanı ilə bağlı bir esse - nə ifadə tərzinin ardıcıl, nə də nəticələrin hamı üçün məqbul olması qayğısına qalmayan fəlsəfi düşüncələrin sərbəst izahı olan esse - ərsəyə gətirmək cəhdidir.

"Yetim" sözünün ilkin mənasından: atası-anası, yaxud atası və ya anası ölmüş mənasından savayı, ikinci mənası da var ki, buraya da "fağır", "miskin" kimi sözlər daxildir. Müxtəsəri, bu sözlərdən də xeyli şair və aşıq təxəllüs olaraq istifadə etmişlər. Belə bəlli olur ki, ata, ya da ana yetimi ola bilərsən, gərək duyğu miskini, duyğu yetimi, vətən yetimi olmayasan!

İndi gəlirəm sözümün canına; yəni Yetim Gürcü məkanına!

..."Bohema"nın nə olduğunu bilmədiyim illərdə (təəssüf ki, bu söz 1975-ci ildə "Elm" nəşriyyatının buraxdığı "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə daxil edilməmişdi) unudulmaz müəllimim İsrail Mustafayev məndən xahiş elədi ki, mümkünsə, İosif Qrişaşvilinin 1977-ci ildə Tbilisinin "Merani" nəşriyyatında işıq üzü görmüş "Köhnə Tiflisin ədəbi boheması" adlı kitabını tapıb gətirim. Bu kitab həm İsmayıl Şıxlıya, həm də İsrail müəllimin özünə lazım imiş. Qədim-qayım Tiflisin yeni kitab mağazalarından dolayı, köhnə-küşkül bir yana, köhnə-kəşkül mağazalarına qədər ələk-vələk elədim, tapa bilmədim ki bilmədim! Ustadlarımın bircə istəyini yerinə yetirə bilmədiyim üçün indinin özündə də xəcalətliyəm (qədirbilənlər üçün bir qeyd: həmin kitab bu yaxınlarda tərcüməçi-araşdırmaçı Mirzə Məmmədoğlunun tərcüməsində işıq üzü görəcək, inşallah).

...İsrail müəllim arada Provans trubadurları ilə əlaqədar Tiflisli Yetim Gürcüdən də söz açmışdı və heç kəsin gözləmədiyi halda tələbələrdən biri soruşmuşdu:

- Müəllim, məgər gürcülərin də yetimi olur?

O vaxtlar gürcülər haqqında belə heyran rabitəli rəvayətlər də gəzirdi ki, bəs deməzsənmi, guya onların dilənçisi, yetimi, biçarəsi ("Beçara" - "Biçarə" təxəllüslü gürcü aşığı Vasili Beriaşvili haqqında da sonralar oxudum) ola bilməz. Onda Gürcüstan paytaxtı firavan həyat səviyyəsi baxımından az qala Kampanellanın əfsanəvi "Günəş şəhəri" boyda xoş səda çıxarmışdı.

Sən demə, köhnə Tiflisin ədəbi boheması onun davamlı maddi imkanı olmayan və zəmanənin sərsəri, sərgərdan sırasına qatdığı şairlər, rəssamlar, aktyorlar imiş. Baxmayaraq ki, "bohema" sözünü ilk dəfə "dövriyyə"yə buraxan fransız yazıçısı Morje bu ad altında Parisin məşhur Latın məhəlləsində yaşayan və arada-sırada da qaraçılar qədər aşağılanan "xarici" tələbələri nəzərdə tuturmuş...

...Yetim Gürcü (1875-1940) qədim-qayım Tiflisin bütün taxça-boğça tarixi ərzində onun ən görkəmli nəğməkarı-ozanı olub. Faciəli taleli bu ustad bütün tiflislilərin - gürcülərin, azərbaycanlıların, ermənilərin, aysorların, yunanların adət-ənənələrini, rəngarəngliyini, cizgilərini içinə-çölünə o qədər yoğura-yoğura hopdurub ki, indinin özündə də hərə onu öz adına çıxır.

Misilləmə misal üçün, Mirzə Levon Məlik Şahnazaryan iddia edir ki, bu Yetim Gürcü deyilən əslində erməni əsilli Arutyun Ağacanovdur. Yetim Gürcü haqqında həzin nəğmə qoşan və qoca dünyanın faniliyini, ötəriliyini də musiqisinə qatan Zəfər Təkgümüş isə buyurur ki, o unudulmaz xalq nəğməkarının babası Trabzon tərəflərdəndir və Osmanlı dövründə müsəlmanlığı qəbul etmiş lazlardandır.

Bəlkə də adi yetim olsaydı, hərə onu öz adına çıxmazdı! Hətta bir yetimdoyduran da bağışlayardılar. Axı yetimə "can-can" deyən doğrudan da çox olurmuş...

Kim bilir, Yetim Gürcünün vaxtında bu Vahid Vəhdət dünyasında neçə yetim, neçə də yetim malıyeyən var imiş? Yaradanın yetim malını yeyənlərə xəbərdarlığına baxanlar o qədərmi çox olub ki? Məgər yetim malını yeməklə "qarınlarına cəhənnəm odu atanlar" zülmkarlıqlarının fərqindəmi idilər? Yetim Gürcü bəlkə də elə bu üzdən belə əmin-yəmin yazırdı:

 

Başına vicdanın papağını qoy,

Ey insan, təkcə bu papağı daşı!..

 

Əsl adı Yetim Dabğişvili olan bu xalq nəğməkarının həyatı-yaradıcılığı bu günümüzə və sabahımıza sanki bir melodramatik mesaj təsiri bağışlayır: belə ki, hansı məmləkət olursa-olsun - təbii ki, Gürcüstan və Azərbaycan da daxil olmaqla - həm öz yetimlərinə, yoxsullarına, işsizlərinə, həm də yetimlik, yoxsulluq təkcə təxəllüslərində, ləqəblərində deyil, ağrıyan həyatlarında da hər an özünü göstərən söz adamlarına, rəssamlara, aktyorlara sahib çıxmalıdır! Bəzi mənbələrdə, Yetim Gürcünün soyadında hətta bir İbrahim oğlu iddiası da görükməkdədir və bəzilərində belə təkəmseyrək təəssürat da yarana bilər ki, bəlkə mən Yetim Gürcünün kimliyindəki "İbrahim oğlu" soyadına, adaşlığa-qardaşlığa tərəf çıxıb təəssübkeşlik edirəm. Qətiyyən! Sadəcə olaraq məhz Yetim Gürcü misallı yetimlərin sayəsində vətənin özü də yetimlikdən qurtarır! Və belə vətəndə ata yetimi də ola bilər, ana yetimi də, ata-ana yetimi də, amma bir nəfər də olsun vətən yetimi tapılmaz!..

...Kür çayının Meydan sahilində Yetim Gürcünün nəğmələrini xatırladan, içində-çölündə həm də digər yetimlərin hesab-kitab hüquqlarından xəbər verən abidəsi qoyulub. Müəllifi D.Mikatadzedir. Deyilənlərə görə, yetim malını yeyənləri hələ o abidənin həndəvərlərində görən olmayıb. Bilmirəm... Bildiyim budur ki, hər Tiflisə gələrkən, imkan daxilində bu abidəyə baş çəkəndə sanki bu unudulmaz ozanın özünə baş çəkirəm və bu abidə hər dəfə  "Yetim segah" muğamını xatırladır mənə! İnsan da "Yetim segah"a bu qədər oxşayarmış, ilahi!

Onun adı Yetim olmaqnan yetimcəsinə yaşamayıbmış! Bircə gün də! Etibarlı mənbələr belə yazır!

O, Tiflisdəki xalqlara bir küll halında baxırmış; ayrı-seçkilik yox imiş onun ruhunda!

Hətta Sədi Şirazinin bu misralarını əzbər bildiyini iddia edənlər də arazbarı az deyil:

 

Bir bədən üzvüdür bu bəni-adəm,

Eyni bir cövhərdən yaranmış aləm:

Bir üzvü dərdlərə salsa ruzigar,

Tutmaz başqa üzvü yerində qərar.

Özgənin dərdinə əgər qalmasan,

Yaraşmaz adına deyilsin: İnsan!

 

Yeri gəlmişkən, bu kəlam hazırda BMT-nin Nyu-Yorkdakı qərargahının girəcəyinə vurulub, özü də yüz dildə!

P.S. Unudulmaz şair Fikrət Sadıqın "Halbuki" adlı kitabına oğlu Orxan ön söz yazıb. Hörmətlə gətirdiyim bu sitat da oradandır: "Fikrət Sadıq şair əxlaqındadır. O, heç vaxt adam və bazar malı satmayıb". Hər dəfə Tiflisdə Yetim Gürcünün abidəsi yanında nədənsə Orxan Fikrətoğlunun atası haqqında yazdığını da xatırlayıram. Çünki düşüncələrimdə Yetim Gürcü də şair əxlaqında olub və "adam və bazar malı" satmayıb.

Və hətta Tiflis boyda şahanə şəhər də Yetim Gürcüsüz (və bohemasız) çox yetim-yesir görünərdi... Əmin-yəmin!

 





14.07.2023    çap et  çap et