2023-cü il Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi ilə əlaqədar olaraq Rusiyada "Rəsul Həmzətov İli" elan edilib. Şairin yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.
Bir sıra mühüm tədqiqat əsərlərinin və kitabların müəllifi olan tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin R.Həmzətov haqqında sanballı, məzmunlu, oxucuda maraq oyadacaq, şairin həyat və yaradıcılığına aid materiallarla, tarixi fotoşəkillərlə zəngin bir kitabı işıq üzü görüb.
Nəşrin ön sözünün müəllifi tanınmış yazıçı-publisist Zöhrə Əsgərova, üz qabığının rəssamı isə gənc və istedadlı sənətkar Könül Məmmədovadır. Kitab "AFpoliQRAF" mətbəəsində nəfis şəkildə çap edilib.
R.Mirzəzadənin qardaş xalqlar arasında ədəbi-mədəni əlaqələr mövzulu əsərləri daim ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. O, xalqların bir-birinə daha da yaxınlaşmasına mühüm töhfələr verib. Bu kitabda da R.Mirzəzadə dəst-xətti, onun təfəkkürünün və qələminin özünəməxsusluğu dərhal sezilir.
Məlumdur ki, yaradıcılığı boyu R.Həmzətov Azərbaycana, Bakıya da əsərlər həsr edib. Onun əsərləri Azərbaycanın tanınmış qələm sahibləri tərəfindən ana dilimizə tərcümə edilərək dəfələrlə nəşr olunub. Şairin dilimizə tərcümə edilmiş şeirlərinin bir neçəsi Azərbaycan bəstəkarlarının dillər əzbəri olan mahnıları üçün ürəyəyatan mətnlərə çevrilib:
Əziz dostum məndən küsüb-incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
R.Mirzəzadənin yeni kitabının yaxın zamanda geniş oxucu kütləsinə təqdim olunması nəzərdə tutulur.
Lətafət ƏLİYEVA
Bakı Slavyan Universitetinin doktorantı
çap et