525.Az

Qarabağın qələmi: Aqil Abbas - Vaqif Bəhmənli yazır


 

("Ədəbi portretlər" silsiləsindən)

Qarabağın qələmi: Aqil Abbas - <b style="color:red"> Vaqif Bəhmənli yazır</b>

O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən qələm sahibidir. O, xalqımızın dəyərli mədəniyyət varlıqlarından, üzdə olan həqiqətlərindən biridir! Belə söyləməyə haqqım var; çünki heç də qısa olmayan 70 illik ömrün nə az, nə çox, başabaş 52 ilinə şəhadət vermək şansına malik Aqilsevərlərdən biri də mənəm...

Və aradan yarım əsr bir ovuc su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi, ədəbi borcun zəruri təhriki altındayam.


(Əvvəli ötən saylarımızda)

 

Molla Quran oxuyurdu. Amma Qara eşitmirdi bu Quran ayəsini. Qara da öz bildiyi bir ayəni oxuyurdu.

"Apar bizi Şuşaya, komandir! Apar bu bayrağı Cıdır düzündə qaldıraq, ay Allah! Ey yeri göyü yoxdan var eləyən! Qaldır komandirimi! Qaldır! Qalx komandir. Bu bayrağın xətrinə, Şuşanın xətrinə, o iki gül balanın xətrinə, qalx komandir!"

Və birdən ...

Qəbir başladı titrəməyə. Titrədi, titrədi, başdaşı da titrədi. Və birdən buğlanan torpaq qalağı ətrafa səpələndi. Komandir qəbirdən qalxdı. Başdaşını qucaqlayıb bütün müqəddəslərə və Allaha yalvaran Qaranı da başdaşı ilə birgə çiyninə qaldırdı. Və üz tutdu Şuşaya - çiynində Qara, Qaranın qucağında komandirin başdaşı və başdaşında da dalğalanan bayraq!"

Əgər, biz Murovda, Hinalın ən yüksəklikdəki postunda vətən torpağının ucalığındakı son mövqeyi tərk etməyib sümüyənəcən donan əsgərlərin hekayətindən, tam bir təsadüf nəticəsində və elə bu qədər də komandirin onu göz bəbəyi kimi qorumağına görə salamat qalan Qaranın dilindən püskürdüyü bu atəşin monoloq bizə sadəlövh görünə bilirdi. Amma heç bir halda mətndə sadəlövhlük əlamətləri axtarmağa hacət yoxdur. Çünki yazıçı bütün əsər boyu məhz bu nitqin səslənişi, bu harayın yüksəlməsi üçün məntiqi, fəlsəfi, bədii və hətta, tarixi əsaslar hazırlayıb. Və bilə-bilə, düşünülüb quraşdırılmış şəkildə yox, Aqil Abbas şövq-təbiiliyi ilə!

"Qarda açan qan çiçəyi" bütün əzab-işgəncəli, ölüm-dirimli, qarlı-çovğunlu ovqatına baxmayaraq, bizim ədəbiyyatımızda Qarabağ savaşı mövzusunda yazılan elə nümunədir ki, oradakı yazıçı niyyəti bir az gec, 15-16 il sonra olsa belə, həyat həqiqətinə çevrilir. Artıq üçüncü ilə keçir ki, Azərbaycan xalqının birliyi, ordumuzun qanından, canından keçməyə hazır oğullarının şücaəti, Ali Baş Komananın dərrakəsi və qətiyyəti sayəsində Şuşada, küllü Qarabağda, Şərqi Zəngəzurda zəfər bayrağımız yüksəlir, dalğalanır!

Bu da müəllifin və çağdaş milli nəsrimizin inkişafında irəliyə doğru atılmış, əsaslı bir addım olan roman, Aqil Abbas nəsrinin "Dolu" örnəyi. Əgər biz "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestində şərə qarşı mübarizə yolunu seçib canından keçən bir nəfərin, "Qarda açan qan çiçəyi"ndə beş əsgərin surətlərini görürüksə, "Dolu"da Qarabağ müharibəsinin iştirakçısı bütün xalqdır. Əgər, "Dolu " romanı barədə oxucu qismində öz mülahizələrimi qələmə almağa girişsəm, indiyə qədər yazılanların iki-üç qat həcmini gözünüzün altına alın. "Dolu" barədə xeyli araşdırmalar var. Məncə, yazıçı da bu əsərinə digər hekayə və povestlərindən daha çox güvənir, roman sarıdan əminliyini heç gizlədib eləmir də...

Müsahibələrin birində müxbir bəlkə də yazıçını danışdırmaq xatirinə şoruşur ki, bu əsəri yazmaq eləmi vacib idi? Aqil müəllim avantüranın qarşısını özünəməxsus davakarlıqla alır: - Necə yəni bu əsəri yazmaq bu dərəcədə vacib idi? Bu nətəhər sualdı? Əgər bu əsəri yazmışamsa, demək, vacib bilmişəm.

Və bəli, aradan illər keçəndən sonra yazıçının "Dolu"su nəinki vacib əsər, bundan daha çox, istedadlı nasirin vətəndaşlıq borcu, vətən naminə sənətkarın öz üzərinə götürdüyü öhdəlik kimi qavranılır.

Ona görə də çox dərinə getmədən müəyyən qədər "Dolu"ya dalmağı zəruri sayıram!

 "Dolu", "Batmanqılınc"dan sonra Aqil Abbasın ən irihəcmli, çoxplanlı romanıdır. Şaxələnmə o dərəcədə əhatəlidir ki, digər əsərlərinin fabulasının ora-burasından boy göstərən qaynar təbiətli yazıçının özü belə "Dolu"nun dərinliklərində "itib-batır", görünməz olur. Ümumiyyətlə, "Dolu" çoxşaxəli olduğu qədər də xaotikdir, belə qarmaqarışıqlığın "suçunu" peşəkar naqisliklə əlaqələndirmək yolverilməzdir. Çünki qeyd olunan məziyyət məzmunun səciyyəsindən, baş verən fəlakətin anormal xarakterindən qaynaqlanır. Əslinə qalanda, hadisələrin bədii təhkiyədə aşırı emosionallıq, nəbz döyüntülərinin artıqlığı və aritmiya yazıçının digər əsərlərinə də xasdır. Ziyəddini ("Günah"), Müəllimi ("Çadırda Üzeyir Hacıbəyov doğula bilməz"), Hinal dağında 5 əsgərin şaxtadan donmaq  ərəfəsindəki təlaşlarını və sonda Qaranın monoloqunu ("Qarda açan qan çiçəyi") və s. xatırlayın.

"Dolu" isə, xüsusilə, romanın birinci hissəsi, haray, imdad, fəryaddır!

Elə bir roman ki, orada "həm düşmənlə apardığımız, həm də öz içimizdə gedən müharibə" (Elnarə Akimova) təsvir olunur.

Bədii-üslubi hissiyyat fərqliliyi, hətta, qəhrəmanların varlığına, xarakterinə nüfuz edərək oxucunun nəzərində onların (obrazların) qəribə, təsiredici mistikasını formalaşdırır. Məsələn, tutalım, Komandir, Pələng, Drakon ("Dolu") kimi fərdləri düşünəndə, yaxud hardasa onlara rast gələndə adam daxilən elə bil özünü yığışdırır, guya bu "yonulmayan", "qaba" adamlar elə indicə sənin içindəki hansısa gizli günah hissindən xəbərdar olacaqlar və səni heç vəchlə cəzalandırmadan buraxmayacaqlar.

Əsas mətləb üzərinə qayıdaq. Bir çox əsərlərin başlanğıcında ədəbi məqsədin tələbinə uyğun olaraq təbii şəraitin, hava durumunun təsviri, adətən, hadisələrin sonrakı inkişafı ilə bağlı olur.  Bu mənada "Dolu" romanının əvvəlindəki şiddətli yağıntı, göydən Allahın dolusunun tökülməsi mətnə nahaq yerə daxil edilməyib. Bəli, şiddətli dolu yağır. Yazıçı fikri baxımından dolu ona görə yağır ki, bir azdan qaniçən, kafər düşmənin atdığı qradlar, toplar, mərmilər Dünyanın Ən Varlı Şəhərinin, bu şəhərin evlərinin, yollarının, ağaclarının, sakinlərinin təpəsinə dolu kimi ələnəcək! Düşmən cəhənnəm, dolu yağmasın neyləsin ki, Dünyanın Ən Varlı Şəhərində hələ müharibə başlayandan da irəli və eləcə də baş verən qəfil fəlakət fonunda insanların bir çoxunun, xüsusilə xalqın imdadına birinci çatmalı olan vəzifə sahiblərinin, işli-güclülərin, imkanlıların əksəriyyətinin mənəviyyatında ciddi çürümə, deqredasiya   gedib və sanki, indi göydən şəhərin başına tökülən güllə, qəlpə, qrad deyil, Allahın lənətidir!

Romanın birinci hissəsində süjet xəttinin inkişaf dinamikasını üç obraz təmin edir: Komandir, Pələng və Drakon!

O Komandir ki, həqiqətən də qeyrət, namus rəmzidir. Vətən torpağının nəyin bahasına olur-olsun yağıdan, igid oğlanları nahaq yerə güdaza getməkdən qorumaq, xalqın qüvvəsini səfərbəyliyə almaq, fərsiz dövlət nümayəndələrini ara-namusa, insafa çağırmaq  və döyüşmək (!) onun missiyası, borcudur. Bir azdan şiddətli fəlakət dolusu: "Sambist Eldar"ı  gecə növbəsindən qayıdanda Lenin bağının başında yaxalayacaq, səhər batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından bədbəxtin parçalanmış əzalarını zorla bir yerə yığa biləcəklər. Bir azdan ölüm yağışı Xanəndə Baratın xanımını evinin içində, yuxunun ən dərin yerindəcə cənginə alacaq, ev adamları başlarını itirəcəklər, bir də Ağcabədi xəstəxanasına çatanda xəbər tutacaqlar ki, yazıq qadının sağ qolu Ağdamda evdə qalıb.

Hələ bu harasıdı - əlinə düşəndən babat vurmuş Kefli Çapay səhər ayılanda evin ortasına parçalanmamış bütöv  bir "dolu" sancıldığını görüb deyəcək:

- Bunu kim göndərdi, ə?

Hə, Qarabağın yeyib-içən oğlanları arasında bu stoldan o stola hörmət və ehtiram əlaməti olaraq araqdan, şampandan sovqat göndərmək ənənəsi var.

Kefli Çapay hardan bilsin ki, Dünyanın Ən Varlı Şəhərində böyük Yaradanın hökmüylə qradın mərhəmət göstərib canına qıymadığı iki şəxsdən biri o, digəri isə Seyid Lazım ağadı.

Aqil Abbas qələmindən çıxan ədəbi mətnlərdə qəribəlik nadir hal deyil; ovqat ziddiyyətinə nəzər yetirək: adam (oxucu) heç bilmir tikə-parça olan, hər əzası bir koldan ələ gələn talesizlərin dəhşətli qismətindən hövüllənib yaxa yırtsın, üz cırsın, bağırsın, yoxsa Kefli Çapayın o boyda zıppıltını "öz arşımı ilə ölçməyinə" qəhqəhə çəkib gülsün?! Güman ki, yazıçı sonuncu epizodu ("- Bunu kim göndərdi, ə?") "Dolu"ya lətifə xatirinə daxil etməyib, o, bir dodaqqaçmayla oxucusuna, fəlakətə tuş gələn qardaş-bacılarına mərhəmət göstərmək, elnən gələn qada-bəlanı hər necə olsa, azcana yüngülləşdirmək istəyib.

Və bu həmin Komandirdi ki, xalqın müqəddəs Qarabağ savaşının yaratdığı çıxılmazlıqdan, dərd-vərəmdən qurtulması üçün lap cüzi də olsa əlindən gələn işi görməyən, görmək istəməyən, əksinə, vəzifə kürsüsü, maddiyyat, şəxsi mənafe səbəbindən kələfi bir az da düyünləyib dolaşığa salan hər kəsi ittiham edir: jurnalistləri, dövlət adamlarını, polisi, ordu komandirlərini, oğruları, möhtəkirləri, ağciyərləri, hətta bəzən özünü hədəfə alıb top atəşinə tutur. Komandir rəsmiyyətdə olmasa da, felən yetkin hərbi rəhbər, cəsur zabitdir. O, dünyanın ən varlı şəhərinin stadion ərazisində hərbi intizamdan nisbətən xəbərdar, birmənalı olaraq isə təpərli oğullardan, Qarabağ əhlindən döyüşkən batalyon qurub. Bu həmin Komandirdi ki, şəhəri talayan oğrubaşını bir müddət irəli Lenin meydanında gəbərdib, biləyini də kəsib atmışdı böyrünə. Məhz o, əsgərləri döyüş meydanını atıb qaçan rəsmi polkovniki hamının gözü qarşısında güllələyib dəlmə-deşik eləmişdi. Həmin bu Komandir qızğın döyüşdə ağır yaralanmış, sağalar-sağalmaz 10 il iş alıb Bayıl türməsinin "sakini" olmuşdu.

O ki qaldı Drakona yəqin ki, oxucu onun əsir erməni qızın zorlanmağının qarşısını alması və həmin bu Drakonun At Belində Olan Adamın başına gətirdiyi rüsvayçı epizodlarını xatırlayır. Drakona görə, əsgərlərin püskürən intiqam hissinə rəğmən, biz əsir düşən erməni qızına qarşı ermənisayaq yırtıcı xislətlə davrana bilmərik, çünki biz erməni deyilik, türkük. At Belində Olan Adam isə azərbaycanlı olsa da,  ağır cəzaya layiqdir, ona görə ki, o, Musanın anasının kəsilmiş ayağının müalicəsi üçün lazım olan min manatı geninə-boluna imkanı müqabilində qıymamışdı. Cəza isə qarabağlı anlamında ifrat dərəcədə sərt olmalıydı; At Belində Olan Adam camaatın gözü qarşısında şalvarını çıxartmalıydı!

Rayonun yeddi yana yeriyən adamının düşdüyü rüsvayçı duruma etiraz edən batalyon yoldaşı Pələnglə çəpləşib onu öz əli ilə öldürəcəyinə and içən Drakon! Ağzından süd iyi gələn (qan iyi yox!) Pələngin məhlədə forslanmaq naminə qonaq evindən çırpışdırdığı xurmayı papağı və qızılı dəstəkli qılıncı hüdudsuz avtoriteti sayəsində tapdıran, əşyaları əsl sahibinə, şöhrətli Rəşid Behbudova qaytaran Drakon! Ölüm-dirim savaşının tozanağında Pələngin gənc sinəsiylə qorunan Drakon! Yaralı Pələngi atəş altında meşənin dərinliklərinə daşıyan, səngər yoldaşının çarəsiz ölümündən sarsılıb hönkürən də bax elə o idi - Drakon!

Az sonra düşmən gülləsinə tuş gəlib qızıl qana qəltan olduğunu Pələngin heç vaxt bilməyəcəyi Drakon da o idi!

"Dolu" romanında batalyon həyatını, müharibənin ağır təsiri altında əziyyət çəkən xalqın gün-güzəranını ustalıqla canlanlandıran müəllif, Ağ evdə - qonaq evində buğlana-buğlana kef çəkən, millətin mənəviyyatı, hüquqları ilə alçaqcasına məzələnən rus canişini Polyaniçkonunu ifşa edib, yerində oturtmağı da unutmur. Bu açıdan roman boyu tarixi reallığın bədii təsdiqi, real hadisələrin ədəbi dəyərə çevrilmə prosesi barədə istənilən qədər danışmaq olar.

Ümumiyyətlə, müəllifin öz xarakterindən və yazı tərzindən qaynaqlanan emosional təhkiyyə romanın bütün süjeti boyu səngiməsə də "Dolu"nun bədii məziyyəti, fəlsəfəsi, ana qayəsi realizmə əsaslanır. Məhz buna görə oxucu əsərin heç bir səhifəsində qondarma vətənpərvərlik pafosuyla, qurama, əttökən səhnəciklərlə rastlaşmır, döyüş səhnələrinin reallığını təqdir edir.

Şübhəsiz ki, müharibədən bəhs edən əsərdə hərbin od-alovunun, atəş və qan qoxusunun, aşırı təlaşın, ağrı-acının təqdimatı olduqca vacibdir. Bunlar öz yerində, "Dolu" romanında son 25 il ərzində Qarabağ həyatı (müsibəti!), deyərdim ki, güzgüdə olduğu kimi əks etdirilir - ola bilsin ki, bu güzgü müharibənin qara-qurumuna, toz-torpağa batıb, his çəkib, çat verib, reallıq bu kökə düşübsə, güzgüdən parıltı, gözəllik təcəllası gözləyə bilmərik axı! "Dolu" döyüşən əsgər paltarı geyinən bir dastandır, həqiqətən də əsərin daxili enerjisi onun dastana çevrilib dillərdə dolaşmasına inkan verir!

"Dolu", əgər belə demək mümkündürsə, muxtariyyat səciyyəli romandır, başqa sözlə, çoxqatlı bir əsərdir. Məsələn, iki hissədən ibarət əsərin hər hissəsi ayrıca, muxtar bir roman, povest kimi də oxuna bilər. Bu hələ azdır, romanda vahid süjet ətrafında birləşdirilən on, iyirmi, bəlkə daha çox hekayət, hadisə var ki, onlar əlahiddəlik səlahiyətini saxlayır, oxucu yaddaşında muxtar bir ərazi tutur. Pələnglə bağlı bir epizodu xatırlayıram; At Belində Olan Adamın polis rəisini, sonra isə Pələngi pulla ələ almaq niyyəti, heç gözlənilmədiyi halda Pələng kimi təmiz bir gəncin gətirilən pul dolu çantanı qəbul edib Drakonu öldürəcəyinə guya vəd verdiyi səhnələrdə müstəqil süjetlərdən hansısa birinin əlamətlərini izləmək elə də çətin deyil.

"Dolu" romanında, eləcə də nasirin digər əsərlərində Qarağacı qəbiristanlığı müqəddəs bir məkan kimi yad edilir. Hətta, o dərəcədə ki, ana oğlunun (Pələngin) sir-sifətinin niyə əzildiyi ilə tezbazar maraqlanandan (Qarabağda oğlan uşağının məhlədə, hansısa bir meydanda, tində kimləsə dalaşıb üst-başı toz-torpaq, qan-tər içində evə dönməyi adi, sıradan hadisə sayılır) dərhal sonra oğlundan (Pələngdən) Qarağacı qəbiristanlığına qrad düşüb-düşmədiyini soruşur. Qrad isə düşüb! Oğul bunu anasından gizlətmək istəyir. Axı Pələng müharibənin üzüb yarımcan hala saldığı qadına necə desin ki, əziz xələf ərinin, Pələngi odun-alovun içində yetim qoyub aradan çıxan atanın məzarının tən ortasını "dolu vurmuş", mərhumun daşı daş üstündə qalmamışdı. Ana da bu yandan dirənib ki, məni qəbir üstünə apar, kişini ziyarət eləyim...

1988-ci ilin payızı yadıma düşür, həmin o qəbiristandan azca aralıda, Əskəranın qala divarları civarında iki ağdamlı gənc ermənilərin əliylə qətlə yetirilmiş, iki qonşu xalq arasında düşmənçiliyin nifaq toxunu təkrarən səpilmiş, el ağbirçəyi Xuraman Abbasovanın başından açıb ortalığa atdığı barışıq örpəyinə ermənilər gözlərinin ucuyla belə baxmamış, rus şairi Yevgeni Yevtuşenko ananın barışıq örpəyi haqqında şeir yazıb 6 milyon tiraja çıxan "Komsomolskaya pravda" qəzetində çap etdirmiş, Aqil Abbasın şair əmisi Şahmar Əkbərzadə həmin şeiri dilimizə çevirib 700 min tirajla çıxan "Azərbaycan gəncləri" qəzetində vermişdi. Demək ki, mənfur təmas xətti böyük dövlətlərin siyasi möhtəkirləri tərəfindən məharətlə cızılmışdı və dədə-baba yurdumuzun sinəsini paralayan o təmas xəttinə quş quşluğuyla səkə bilmirdi. Aqil Abbas "Dolu" romanının ilk cümləsini məhz həmin o 1988-ci ildə yazıb, son cümləyə nöqtəni 10 il sonra qoyub. Bu o deməkdir ki, yazıçı öz romanını bədahətən yazmayıb, hadisələrin içindən keçə-keçə, dərd çəkə-çəkə, gözünün önündə inləyən Qarabağın naturasına baxa-baxa başıbəlalı yurdunun mükəddər simasını rəsm edib. Məhz həmin il ora - Ağdama nə üçün və həm də Aqillə birlikdə getdiyimizin təfsilatı yadımda dumanlı qalıb; ya Sabir Rüstəmxanlı ilə Mədəniyyət evində görüş idi, ya Seyran Səxavətin "Ulduz" jurnalında çıxan "Ocaq daşı" povestinin müzakirəsiydi, ya bəlkə ezamiyyətə göndərilmişdik. Hətta, bu da ola bilər ki, Vidadi Məmmədovun başçılığı ilə beş-altı yazar Aqilin Ağdamda olduğunu eşidib, Bərdənin qonaq evindən tərpənmiş, səhərin gözü açılar-açılmaz yetişmişdik Məhəmməd dayının məhəlləsinə və axtardığımız adamı "diri tutmuşduq".

Elə bil xəbərdar imişlər, bizə həqiqətən zəngin səhər süfrəsi açmışdılar; nehrə yağı, xalis bal, bıçaqla kəsilən qaymaq, qayğanaq, içi pətəkli pendir, soyutma yumurta, qaynar süd, ayrıca camış qatığının qaymağı, meyvə tabağı, hətta toyuq çığırtması, bir sözlə, gəl, ay kasıb, ye, çuxam, ye... Vidadi rəhmətlik dilini dinc saxlamadı, dedi:

- Məhəmməd dayı, səhər qəlyanaltısı sizdə hər gün belə olur?

Məhəmməd dayı:

- Hardan, ay rəhmətliyin oğlu, eşitdim Aqilin qardaşağaları gəlir, kassirə üz vurub gələn aykı donluğumu bəri başdan almışam...

Gülüşdük və iştahla qəyanaltıya girişdik, arada indi olmasın, rəhmətlik Vidadi dirsəyimə dirsək basdı:

- Necə bilirsən, şair, belə dəstgahın müqabilində adama yüz-yüz Şamxor konyakı bəd olmaz?

Mən Vidadinin qulağına pıçıldadım:

- Olmaz, qağa, kişinin içki içən adamlardan zəhləsi gedir, o barədə söz açılsa, dərhal nüfuzdan düşərik.

Hər nəsə, Ağdamdaydıq. Hamının hörmət-izzət, görüş-öpüşlə yola salınmağı, sonda ikimizin Ağdamda qalmağı dəqiqdi. Gözəl Ağdamın seyrinə çıxdıq; o çayxana sənin, bu çayxana mənim. Aqil ağdamlı əqrəbaları, dostları, məktəb yoldaşları, istəyənləri, istəməyənləri ilə bircə-bircə görüşür, yüzdə-yüz qucaqlaşıb öpüşür, sonra yenə də ziyarətimizə davam edirdik. Nə təhər oldusa "Çay evi"nin həndəvərində Aqilin "Qaz-31"nə əyləşib tərpənmək istəyəndə açar "şaqq" eləyib qırıldı, sınığı qaldı açar deşiyinin içində...

Bəlkə də dediyimə Aqilin özü də inanmaz, həqiqətdə isə aradan yarım saat keçməmiş şəhərin ən mahir avtomobil ustaları, əsasən açar-qıfıl işinə baxan sənətkarlar "Qaz-31"i üzük qaşı kimi dövrələmişdilər. Açar məsələsi yoluna qoyulandan sonra səyahətimiz gün ərzindəki axarıyla getdi.

Və... axşamüstü Ağdamdan çıxıb Əskəran istiqamətində səmt götürdük.

Aqilin "Qaz-31”ində idik.

Hələ tərpənməmişdən qabaq, maşını işə salanda, o, əlini mən oturan "sideniya"nın altına soxub ordan çıxardığı ağzı ovxarlı, yaraşıqlı baltanı öz oturacağının altına yerləşdirdi.

Qəsdən, ya nədənsə heç zad soruşmadım. Beynimdə Aqilin kriminal ünsürlərə "meyilliyini" tanışlığımızın ilk vaxtlarından duyduğumun fərqinə varır və içimdə bu meyilliyin necə bir sürətlə ovxarlı balta həddinə çatmağından doğan təəccüb hissini çək-çevir eləyirdim.

Bir qalın meşəyə girdik, məzarları qəfil gördüm, bu ki qəbiristandır... Adətən bizlərdə qəbiristanlar bozqırlarda, çılpaq təpəliklərdə salınır; o vaxtacan belə orman içində məzarlığı Lvov şəhərində görmüşdüm. Ora sözün gerçək mənasında yalnız dəfn məkanı deyil, dekorativ tətbiqi sənət məbədidir. Lvov qəbiristanlığını turist marşrutuna daxil ediblər. Adam girəndə çıxmaq istəmir, deyir elə ölüb qalım burda.

Qarağacı qəbiristanı, hansı ki, biz indicə gəlib yetişmişdik, Aqil Abbasın roman və povestlərinin mühüm obrazlarından biridi... bunu bayaq da dedim.

O, iki yanaşı qəbrin önündə dizini sıx güzdək otuyla örtülü torpağın üstünə atdı. Nəm parçayla hər iki başdaşını silib təmizlədi, hər ikisini öpdü. Mənə sarı çevrilib baxanda iri gözləri möhkəm dolmuş və çox qızarmışdı.

Məzarlardan biri anasının, digəri gənc yaşda, Aqilin gözünün önündə maşınla vurulub faciəli şəkildə həlak olan qardaşının idi.

Pələngin anasının dediyi də bax, bu qəbiristan idi. Pələngin atası hələ sonralar dəfn olunacaq burda və hələ onda Pələng də doğulmamışdı - 1988-ci ilin payızı idi, ermənilər əmməlli-başlı qudurmuşdular.

Qarağacı qəbiristanına, doğmaları ziyarətə gedəndə üstündə silah götürən təkcə Aqil deyildi...

Davam edək, tanış olduğum rəylərdən görünür ki, "Dolu" romanında adların şərtiliyi - Dünyanın Ən Varlı Şəhəri, Vurğun Vurmuş Cavanlar, Qeyrət Dağarcığı, At Belində Olan Adam... birmənalı qarşılanmayıb.

Mənim fikrimcə isə belə adlandırma müəllif niyyəti ilə birbaşa bağlıdır; niyyət, yazıçı eyhamı ondan ibarətdir ki, hekayətin coğrafiyası, əhatə dairəsi, leytmotiv məhəlli xarakter daşımır, roman Azərbaycan xalqının düçar olduğu Qarabağ faciəsi, münaqişənin səbəbləri, dədə-baba torpağının, ata yurdunun əvvəl-əvvəl  qorunması, sonrakı mərhələdə azad edilməsi uğrunda qeyrətli oğulların apardıqları ölüm-dirim savaşı haqqındadır. Bu, həqiqətən belədir; Komandir yalnız Komandir deyil, Drakon da, Pələng də, At Belində Olan Adam da, Dünyanın Ən Varlı Şəhəri də... isim olaraq fərdı qaydada yalnız qrammatik-morfoloji məzmun daşımırlar. Onlar birlikdə, eyni zamanda hər biri ayrı-ayrılıqda XX əsrin sonu, XXI əsrin əvvəllərində ölkədə mövcud olmuş ictimai-siyasi, sosial-mənəvi mühiti təmsil edən çoxqatlı personajlar, ədəbi dəlillərdir.

Yazıçı özü müsahibələrinin birində deyir ki, "Ağdam işğal olunan gecə qiyamət gecəsiydi. Allahın mərhəmət dolusu kəsiləndə şeytanın fəlakət dolusu yağmağa başlayır. Bu, səbəbsiz deyil, mən "Dolu" romanı ilə çılpaq həqiqəti ortaya qoymağa çalışmışam".

O qədər çılpaq həqiqət ki, bu faciıdə xarici və daxili qüvvələr qədər Allahın özü də suçludur. Hələ bax, onun uca dərgahını Qədir Rüstəmovun naləsi tutub. Allah göydən yox, yerdən yağan qradın altında şil-küt olan insanların naləsini eşitmir!

"Dolu" sürrealist epizodların mövcudluğuna baxmayaraq, deyildiyi kimi, realist romandır.

Nasir buna qədərki yazılarında, o sırasdan sözügedən əsərində nə yolla olur-olsun Qarabağı xilas edə bilən aləti, sanki fələkdən çırpılan qapıya düşə bilən açarı bulmağa, heç olmaya onun yerini nişan verməyə can atır, bu yolda ölüb-dirilir, canını qoymağa yer tapmır, ürəyi xəstə düşür.

Halbuki "Dolu"nun son cümləsinin son nöqtəsi qoyulandan sonra 8-9 il gözləmək lazım gəlirdi ki, 2020-ci il sentyabr ayının 27-si yetişsin. Azərbaycan tarixinin təkrarolunmaz sərkərdəsi, Ali Baş Komandan "Dəmir yumruğ"unu qaldırsın, xalq yumruq kimi birləşib rəhbərin çağırışına səs versin, müzəffər ordu hərəkətə keçib qısa bir zamanda, 44 gün ərzində düşmənin yastı başını əzsin!

Aqil Abbas kimi temperamentli, hövsələsiz qələm sahibinin 8 il gözləməyə səbri hardaydı?! Təkbaşına, alayla, özünümüdafiə batalyonu və qəzəblənmiş, nə yazıq ki, əliyalın xalqla qəsbkarları yurddan qova bilməyən yazıçı sonradan həqiqətən də təsdiqini tapıb reallaşan optimal xilas yolunu "Allahı qatil edənlər" əsərində əks etdirir. Yazıçı, hər biri ordu ilə bağlı insanların (Polkovnik, Aspirant, daha üç əsgər) qətli fonunda, deklorativliyə yol vermədən, dinamik üslubla güc, peşəkarlıq və mənəviyyatca korlanmış orduyla nə torpaq azad etmək olar, nə də xalqı, dövləti qorumaq mümkündür kimi ciddi siyasi-hərbi platformanın bədii modelini yaradır. Düzdü, povestin süjet xəttini hərbi hissələrin birində baş vermiş qətl silsiləsinin kriminal tədqiqatı təşkil edir, bununla belə, yuxarıda göstərilən əhəmiyyətli səbəbə görə digər dəyərli tənqidçilərin "kriminal roman" dəyərləndirmələri ilə tam razılaşmaq olmur.

Aqil Abbasın Qarabağ dastanında yolların hamısı Şuşaya aparır, qəhrəmanların hər birinin addımlarının yönü Şuşa səmtinədi. (Ardı var)

 

 

 

 

 

 

 

 

 

 

 





14.07.2023    çap et  çap et