525.Az

İçsən də öləcəksən, içməsən də... - Türkan Turan yazır


 

ÖZÜNÜ ÖMƏR XƏYYAM KİMİ HİSS ETMƏK

İçsən də öləcəksən, içməsən də... - <b style="color:red"> Türkan Turan yazır</b>

Bir yanda ucu-bucağı görünməyən Ağ dəniz, bir yanda hər tərəfdən boy göstərən və bütün əzəməti ilə fırlanan yel dəyirmanları, yuxarıda mavi göy üzü, aşağıda hektarlarla uzanıb gedən yaşıl üzüm bağları, beynində isə Ömər Xəyyam rübailəri ilə gəzirsənsə, deməli, Datçadasan, özü də üzüm bağlarında. Növbənöv şərabları daddıqca Xəyyamın "Dünya dərdləri zəhər, şərab panzəhərdir", "Şərab içsəm öləcəm deyirsən: İçsən də öləcəksən, içməsən də" kimi misralarını daha yaxşı anlayırsan. "Rübailər-Dörtlüklər" kitabında filosof şərabı elə gözəl vəsf edir ki, sanırsan, bu dünyada ən müqəddəs və qutsal şey şərabdır. Haqlıdır!

Şərabın sadəcə verdiyi həzz deyil, hazırlanma prosesi də sənətdir. Öncəliklə qeyd edim ki, Datça düşündürücü yerdir. Üç tərəfi su ilə əhatə olunan bu bölgəyə bəzən sükut, bəzən qarmaqarışıqlıq hökm edir. Gündüz şəhər yiyəsiz qalmış kimi görünür. Axşamlar hər tərəf insanla dolub daşır. Gecə saat on iki oldumu, sanki hər kəs qeybə çəkilir. Buraların daimi sakinləri əsasən yaşlılar və şərabçılardı. Ortayaşlıların və gənclərin əllərində imkan varsa, bu balaca şəhəri tərk edirlər. Səbəb kimi Datçanın yeni həyat şərtləri ilə ayaqlaşmaması olduğunu göstərirlər. Təbii ki, turist kimi gələnlərə hər şey xoşdur, ancaq yerli əhalinin də özlərinə görə haqlı səbəbləri var. Qeyd etdiyimiz kimi, şəhərin sadiq sakinləri şərabçılıqla məşğul olanlardır. Çoxu digər bölgədən gələnlərdir. Sırf şərab sevgisinə, üzüm bağlarına görə burda yaşayırlar. Müşahidələrə əsasən demək olar ki, kiminsə bu yarımadada məcbur şəkildə qalmağı demək olar ki, mümkünsüzdür. İnsanları bu yerdə yalnız sevgi saxlaya bilər; Datça sevgisi, hüzura olan sevgi və şərab sevgisi...

 

Knidoslulardan datçalılara...

 

Datça yarımadasının tarixi 4000 il öncəyə, antik şəhər Knidosun dönəminə gedib çıxır. Knidos isə şərabçılığı ilə məşhur idi. Bu gün də bu ənənə qorunur. Lakin bu cür dərin keçmişə rəğmən, çox sayda şərab istehsalına və markasına rast gəlmək çətindir buralarda. Kiçik şərabçılıq çoxdur, ancaq ən böyük və məşhuru Vineyard Şərabçılıq və Knidos Şərabçılıqdır. Yel dəyirmanlarına yaxınlaşanda, yolun sağ tərəfində qalan təpədə artıq istifadə edilməyən tarixi dəyirmanlar ətrafındadır Vineyard Şərabçılıq. Rəşadiyə məhəlləsinə doğru davam edəndə isə ana yolun sağ tərəfində Knidos şərabçılıq yerləşir. Digər kiçik tikililər isə bəlli miqdarda şərab istehsal edən yerlərdir. Ümumilikdə, Yel Dəyirmanları ərazisində görünən hər yer şərabçılıqla bağlıdır.

Çünki Datça şərabçılıq üçün ən doğru iqlimə malikdir, həm küləklidir, həm də nəmli. Bu cür hava şəraiti günəşin batışı ilə bərabər, sərinlik yaradır və gecə-gündüz arasındakı istilik fərqini tarazlayaraq üzümlərin hərtərəfli inkişafına yol açır, onları xəstəlikdən qoruyur. Aşağı dərəcəli nəm səbəbi ilə həddən artıq sulanmağa ehtiyac duymayan tağlar dərinlərə kök sala bilir. Gecə-gündüz istilik fərqi isə fol turşusu dərəcəsini tənzimləyir.

 

Hobbini istehsalata çevirənlər...

 

Ərazidəki şərabçıların əksəriyyəti bu işə hobbi, maraq olaraq başlayıblar. Bəzilərinin illər əvvəl yolları Datçaya düşüb, satın aldığı üzümlərlə ev şəraitində şərab düzəldiblər. Əldə etdikləri nəticəni əvvəlcə ailələri, sonra dostlarına daddıra-daddıra bir də baxıblar ki, işi xamlıqdan professionallığa keçiriblər.

Üzümün qoxusuz bir giləmeyvə olduğunu bilirdim, ancaq bağı gəzərkən üzümlərin heyrətamiz ətri olduğunu burada anladım. Onu da öyrəndim ki, şərab üçün ideal alkoqol dərəcəsi 12-15 faizdir. Burada şərabın ərsəyə gəlməsinin hər mərhələsini görmək insanı həyəcanlandırır. Tağlarında dipdiri duran üzümlərin yığılması, əzilməsi, əvvəlcə naxoş qoxuya məruz qalmaq, hazır olduqdan sonra həm qoxusu, həm dadında məst olmaq tərifsiz bir mərhələdir.

Elə bilirdim ki, şərablar rəngini meyvənin özündən alır, ancaq bu rəngi yaradan qabıqları imiş. Yazarkən ağlıma gəldi, əslində lazımsız hesab elədiyimiz çox şeyə, çox kəsə imkan versək, həyatımıza necə rənglər qatar görərik. Halbuki bu günə qədər nə qabıqları soyub atmışıq. Şəraba gəldikdə isə təbii ki, mən bir-iki günə sığacaq mərhələni gördüm. Çünki burdakı ağ şərablar ən az 8 ay, qırmızı şərablar isə minimum 1 il fransız meşə çəlləklərində dinləndirilir. Lazımi dad, vitamin, rəng əldə etmək üçün bu müddət əsas şərtdir.

Böyürtkən, bibər və ədviyyat qoxulu şərablar insanı bihuş edir. "Cnidus öküzgözü", boğazkərə şərabları isə dörd min il öncə Knidosda əkilən üzümlərdən əldə edilir. Mənim kimi qırmızı şərabla məsafəli olanlar bu dadla fikir dəyişikliyi yaşaya bilərlər. "Sauvignon Blanc" üzümlərindən əldə edilmiş Datça meşə balı ilə dadlandırılmış kəmşirin bəyaz şərabın sadəcə qoxusu belə insanı zövqdən meyxoş etməyə yetir.

 

"Dəlicə"nin dəli dadı

 

Datçada həmişə belə üzüm bağları olmayıb. Çoxunu şərabçıların özləri əkiblər. Daha sonra çoxaldıb, böyüdərək ərazini genişləndiriblər. Hətta təkcə calaq vasitəsi ilə iyirmiyə yaxın üzüm növü əldə ediblər. Bu üzümlərdən "Kabarnet Sauvignon", "Merlot", "Chardonnay" və "Sauvignon Blanc" adları altında satılır. Bu tək növ, həm də fərqli üzümlərlə harmanlanaraq ərsəyə gətirilir. Təkcə son beş ildə bölgədə iyirmiyə yaxın üzüm növü yetişdirilib. Dağlarda tək-tük qalan vəhşi "dəlicə" üzüm sortu əhliləşdirilib, az qalsın adı unudlan yeddi üzüm növü gün üzünə çıxarılıb.

Əlində bir qədəhlə oturub ətrafı seyr edəndə insana elə gəlir ki, həyat Yel dəyirmanı, Ağ dəniz havası, Datça şərabı və masanda olan pendir parçalarından, bir də Ömər Xəyyamın, beynində dolaşan içki "gözəlləmələrindən" ibarətdir.

Belə deyir bir misrasında:

 

Tanrı cənnətdə

şərab içəcəksən deyir,

Eyni Tanrı necə şərabı

haram edir?!

 

Bəzən xoşbəxtlik, Yel dəyirmanlarının, dənizin, şərabın və Ömər Xəyyamın bir parçası kimi hiss etməkdir.

 





17.07.2023    çap et  çap et