Müasir dövrdə enerji resursları məhdud olduğuna görə hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Bərpa olunan enerji mənbələrindən istifadə ətraf mühitin çirklənməsinin qarşısının alınması baxımından da xeyli faydalıdır. Alternativ enerji mənbələrindən biri olan külək dünyanın hər yerində olur, lakin onu vacib enerji mənbəyi olaraq qəbul edilməsi üçün külək müəyyən intensevlikdə əsməlidir. Bu enerji mənbəsindən istifadəyə görə, Almaniya dünyada birinci yerdədir. Ölkəmiz də külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malik ölkələrdəndir. Xüsusilə, Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və şimal-qərb hissəsində olan adalar, Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilər sayılır.
İqtisadçı ekspert Rəşad Həsənov "525"ə açıqlamasında qlobal səviyyədə sənayeləşmə, atmosferin çirklənməsi hallarının qarşısını almaq üçün bərpa olunan enerjinin böyük əhəmiyyəti olduğunu bildirib: "Bu istiqamətdə həyata keçirilən işlər sürətlə artır. Bir sıra ölkələrdə bərpa olunan enerji təchizatı 30-40 faizə yüksəlib. Avropa Birliyi 2050-ci ilə kimi bərpa olunan enerji təchizatını 50 faizə çatdırmağı nəzərdə tutub. Bəzi ölkələrdə bu rəqəm 70-80 faizə çatır. Müəyyən dövrlərdə axsamalar müşahidə olunsa da, müasir dünyada bu istiqamətdə investisiya qoyuluşları sürətlə artır. Nəticələrdən asılı olmayaraq bu prosesdə Azərbaycanın da iştirak etməsi vacibdir. Azərbaycan alternativ enerjinin istehsalına görə ön sıralarda deyil. Lakin son dövrlərdə Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə birgə həyata keçirilən layihələr prosesi genişləndirir".
Son 50 ildə alternativ mənbələr hesabına enerji bərpa edən ölkələrin sayı get-gedə artmaqdadır. Növbəti 100 ildə isə bu tendensiyanın özünün kulminasiya nöqtəsinə çatacağı proqnozlaşdırılır. Mütəxəssislər bu sahədə kadr potensialının kifayət qədər əhəmiyyətli olduğunu da qeyd edirlər. Digər ölkələrdə olduğu kimi, ölkəmizdə də sözügedən sahənin inkişafı üçün həm texnikanın, həm də yeni mütəxəssislərin hazırlanması prosesi sürətləndirməlidir.
R.Həsənov açıqlamasında xarici ölkələrdə bərpa olunan enerji mütəxəssislərinin yüksək səviyyədə yetişdirilməsinə xidmət edən müxtəlif təhsil layihələrin fəaliyyət göstərdiyini də vurğulayıb: "Ölkəmiz gənclərə həmin layihələrdən yararlanmağa dəstək göstərməli, investisiyalar yatırtmalıdır. Həm universitetlərə qəbul zamanı, həm də keyfiyyətli tədris proqramlarının icra olunmasında, başqa ölkələrlə təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsində işlər aparılmalıdır".
Araşdırmalar göstərir ki, ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var. Su-elektrik stansiyalarının tikintisi nəticəsində sel suları tənzimlənir, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edilir və yeni suvarma sistemləri yaradılır. Azərbaycan ərazisindəki çaylar kiçik su-elektrik stansiyaları üçün əlverişlidir. Dünya ölkələrində iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Ölkəmizdə hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində binaların qızdırılmasındakı çətinlikləri aradan qaldırmaqda bərk məişət və istehsalat tullantılarının emal edilməsi həmin problemlərin qismən aradan qaldırılmasını təmin etmiş olar.
Artıq bəzi Avropa ölkələrində əhalinin sıx yaşadığı yerlərdə zibilləri yandırmaqla ondan enerji alınır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur.
İqtisadçı Günay Hüseynova qəzetimizə açıqlamasında bu sahənin inkişafı üçün mütəmadi olaraq dövlət büdcəsindən külli miqdarda vəsait ayrıldığını qeyd edib: "Bu sahənin inkişafında əsas maraq bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadədir. Bu sahə yeni yaradılıb və yeni yaradılmış hər bir sahənin tam formalaşması üçün müəyyən zaman tələb olunur. Bu sahədə çalışan mütəxəssislər olsa da, müəyyən ixtisaslı kadrlar müxtəlif səbəblərdən xaricə üz tuturlar. Universitetlərdə yeni ixtisas qrupları yaradılmalı, seçmə perspektivli gənclər dövlət dəstəyi çərçivəsində təcrübə proqramı üçün inkşaf etmiş ölkələrə göndərilməli, investisiya yatırımını cəlb edən layihələr təşkil olunmalıdır".
Havar ŞƏFİYEVA
çap et