525.Az

Qarabağın qələmi: Aqil Abbas - Vaqif Bəhmənli yazır


 

("Ədəbi portretlər" silsiləsindən)

Qarabağın qələmi: Aqil Abbas - <b style="color:red"> Vaqif Bəhmənli yazır</b>

O, yalanı inkar edən, gerçəyi qoruyan və təsdiqləyən qələm sahibidir. O, xalqımızın dəyərli mədəniyyət varlıqlarından, üzdə olan həqiqətlərindən biridir! Belə söyləməyə haqqım var; çünki heç də qısa olmayan 70 illik ömrün nə az, nə çox, başabaş 52 ilinə şəhadət vermək şansına malik Aqilsevərlərdən biri də mənəm...

Və aradan yarım əsr bir ovuc su misalında axandan sonra, ilk dəfə onun keçib gəldiyi, indi də hərarətlə davam edən yaradıcılıq yolu barəsində düşündüklərimi bölüşməyə qərar vermişəm, başqa sözlə, belə bir mənəvi, ədəbi borcun zəruri təhriki altındayam.

 

(Əvvəli ötən saylarımızda)

 

 "Qarda açan qan çiçəyi"nin qəhrəmanlarından biri - Qara, komandirinin şəhid ruhunu çiyninə qaldırıb Şuşaya yol başlayanda 2001-ci il idi. Müəllim ("Çadırda Üzeyir Hacıbəyov doğula bilməz") qisas almaq üçün Stepanakertə yol başlayanda 2000-ci il idi. Qarabağ - Şuşa uğrunda iki türk sərkərdəsi - Ağa Məhəmməd Qacar və Məhəmməd bəy Cavanşir biri-birinin ətini yeyəndə, minlərlə türk qılıncdan keçiriləndə ("Batmanqılınc") yazıçı qismətinin Aqil Abbas təqvimində 1995-ci il idi.

Abdal Gülablı Şakir ("Çay qırağında bitib, susuz qalan ağacların sağlığına") Surenin "Moskviçinə od vurub həyatını it əzabına döndərən erməni iyinin izini-tozunu yox eləyəndə isə Azərbaycan xalqının Şuşaya Zəfər Bayrağı aparan ordusunun yürüşünə bir ildən də az vaxt qalırdı.

İstedadlı insanlarda öncəgörmə ehtimalına göz yumulmasın gərək. Dünyanın simasını dəyişən bir çox kəşflərin meydana çıxmasında fəhmin, mülahizələrin iştirakı olmuşdur. Maraqlıdır ki, Aqil Abbasın həm yazıçı, həm jurnalist, həm də ictimai xadim kimi bir sıra təklif və ideyalarının sonradan gözlənilən və ya gözlənilməyən, istənilən və ya istənilməyən yekunlar qismində özünü doğrultduğunu həmişə hiss və müşahidə etmişəm.

Bu, elə-belə olmur, o, ali vətəndaşlıq hissiyyatının cazibəsində ölkədə baş verən, xalqın taleyində hansısa təsir gücünə malik heç bir hadisəni nəzərdən qaçırmır, prosesi izləməyi mənəvi borc sayır, Vətən, Yurdla bağlı ən ufaq, cüzi əsintiyə belə laqeyd qala bilmir. Yazıçı Aqil Abbasın Vətən sevgisi fitrətəndi, anadangəlmədi!

O, "Allahı qatil edənlər" romanında bədii təfəkkürün işıq selini, mənəviyyat projektorunu ordudakı nəsnələrin üzərinə, oradakı reallığın həqiqi mahiyyət və vəziyyətinə  tuşlayarkən də yanılmamışdı. Bu, yazıçının Azərbaycanı sarsılmaz, güclü görmək istəyindən, belə ciddi niyyətə kölgə salan neqativləri  ortadan rədd eləmək inadından irəli gəlirdi. Bir çox əsərlərində Azərbaycanın zəfər yürüşündə qardaş Türk xalqının iştirak payına dair öncədən verilən işarətlərin olduğunu da qeyd etməklə, son on ildə Aqil Abbas yaradıcılığını bədii-estetik, ədəbi ifadəlilik, məzmun-mündəricə, ümumən nasir imkanları baxımından zənginləşdirən əsərlərin daha bir silsiləsi haqqında  müəyyən mülahizələri səsləndirmək də yerinə düşərdi.

6. Acı-şirin içində

Söhbət ən başda "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" povesti olmaqla yazıçının ruh yüksəkliyi və istedadla qələmə aldığı, milli nəsrimizin unikal örnəklərindən olan  "Camış bağa girdi, gəl", "Eynəyin itməkliyi", "Əzrayılın erkək-dişiliyi" əsərlərindən gedir. "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" povestinin süjet xəttini Abdal Gülablı əhli, qarmonçalan Şakirin erməni basqını zamanı öz canını və ailəsini xilas etmək üçün kəndi tərk etməsi, əyalı ilə birlikdə, erməni Surenin "Moskviç"ində əvvəl Ağcabədidə Bazar Müdirinin evinə sığınması, Market Vəlişin təklifi ilə Lökbatana gəlib yataqxanaya yerləşməsi, Aqil Abbas, Rəmiş, Polis rəisi, digər dost-tanışları, qohum və həmyerliləri, Xudu Məmmədovun məzarı və s. ilə görüşməkləri, bir çox digər yaddaqalan, koloritli, gülüş, nikbinlik dolu sərgüzəştlərdən sonra, Lökbatana gəlməyinin üstündən bir-iki ay keçməmiş ailəsini də "Moskviç"ə doldurub geriyə - Ağdama qayıtmağı və kəndin bir yerində erməni iyi verən maşının üstünə benzin töküb yandırmağı kimi epizodlardan qurulub.

Əlbəttə, 130 səhifəlik povestin məzmununu uzun bir cümləyə sığışdırmaq qəsdimiz yoxdur. Lap min cümləlik rəy belə əsərin bədii dəyərini, şirinlik və acılıq dərəcəsini, həyat şirəsini, oxucunun dördgözlə arayıb-axtardığı, fəqət nadir hallarda rast gəldiyi əsrarəngiz koloriti izah etmək gücündə olmaz. Sözün düzü, bu povest -  haqqında danışmaq, rəy bildirmək üçün deyil, dönə-dönə oxumaq, hər mütaliə zamanı dərin zövq almaq, insanca təsirlənib durulmaq üçündür.

Çox zaman biz əsərin təsir gücündən danışır, təəssüf ki, bədii cazibənin həm də səmimiyyətdən mayalandığını unuduruq. Şakir sifətdən kor-kobud olsa da, süjet boyu onun hərəkətlərini, yaratdığı vəziyyətləri izlədikcə sənə elə gəlir siman işıqlanıb, üz dərin zərifləşib, hamar olub. Ürəyin də pilə kimi yumşalıb.

Şakir - Rəmiş, Qədir səviyyəsində musiqiçi-qarmonçalan, eyni zamanda ifrat dərəcədə baməzə bir şəxsdir. O, Abdal Qasım, Bəhlul Danəndə, Molla Nəsrəddin məktəbinin yetirməsidir. Söz götürməz, söz altında qalmaz, həqiqəti deməsə, bağrı çatlar. Şakir lavarsax, boşboğaz, lağlağı deyil, lətifə ustasıdır. O, lətifə qoşmur, lətifə bir qəzavü-qədər kimi onun başına gəlir.

Görk üçün bəzi detalları yada salaq:

"... Bu gün onunku gətirməmişdi. Genbalaq gədələrdən biri havanı yarımçıq saxlayıb demişdi:

- Qaqa, pis çalmırsan, amma qarmonun hərdən keçi kimi mələyir.

Şakirə belə söz?! Özünü saxlaya bilməmişdi:

- Qaqa, yazıq qarmon neynəsin? O oturan yerdə səni oturtsam, öküz kimi böyürərsən".

"... Atasını nemeslər öldürmüşdü deyin xoşu gəlmədiyi adama nemes deyirdi..."

"- Ara, sən musulmansan? Araq içirsən? İçirsən! Donuz əti yeyirsən? Yeyirsən...

- Kababını.

- Olsun kababını".

"Katib hal-əhval tutdu. Ordan-burdan danışdı, Şakir haqqında xeyli söhbət elədi. Sonra qonaqlara göz vurub dərədəki yeddi-səkkiz eşşəyi göstərib dedi:

- Ə, Şakir, eşşəklər gülablılıdı?

Qonaqlara baxdı, udqundu. Dillənmədi.

Katib:

- Nədi, ə, Şakir, deyəsən, söz tapa bilmədin?

Şakirin üzündə bir təbəssüm yarandı və dedi:

- Yox, yoldaş Katib, onlar da sizin kimi gəlmədi".

"... Doktor  Şakirin  əyri-üyrü  sifətinə   baxıb dedi:

- Şakir, Leninqradda  Gözəllik İnstitutu  var, dostlarımdı, istəyirsən səni  göndərim  ora, sir-sifətinə bir  əl  gəzdirsinlər, lap olasan  Alen Delon.

- Ay doktor, mənim sir-sifətimi nemesler  də yığıb düzəldə  bilməz.  Mənə  zbor  baş lazımdı".

"... Hara getdi, dedilər, qardaş, iş nə gəzir.

- Ə, bu boyda diplomum var, bir mantyor işi tapılmır?

- Qardaş, indi heç politexniki qurtaranlara iş tapılmır.

- Ə, mən Məhərrəm məllimin mexanizasiyasını qurtarmışam ey. Politexnik iki min olanda, Məhərrəm məllimin mexanizasiyası üç miniydi. O da adam tapsan.

Amma hara getdisə, Məhərrəm müəllimin mexanizasiyasının diplomu heç bir işə yaramadı. Diplomu gətirdi verdi arvada:

- Az, ala. Hayıf bu diploma verdiyim pula".

"- Dayı, hara sürüm?

- Talış məhəlləsinə.

- Ora haradı?

- Deyəsən, təzəsən? Hardan gəlmisən?

- Ağdamnan.

- O cür şəhəri qoyub qaçarlar?

- Bağışla dana, dayı, bir qələt

di eləmişiy. Sallah qoy maşınımı sürüm. Öz dərdim özümə bəsdi. Neyniyəy, sizin kimi kişi olmadıx dana.

Arvad arxadan zəhmli səslə dedi:

- Ay kişi, sənin dədələrin İrəvandan nətəhər qaçıbsa, onlar da elə. Camaatın zəhləsini tökmə, yolu göstər."

"Kişi çıxarıb iki "məmməd" verdi və dedi:

- Ay oğul, maşından it iyi gəlir, bunu bir təmizlət.

- İt iyi döyül, dayı, erməni iyidi.

- Tula itdən betər".

"Sədr bir az ordan-burdan danışandan sonra yataqxanaların yuxarısındakı boş düzəngahı göstərib dedi:

- Bax, orda sizin üçün çoxmərtəbəli binalar tikiləcək, məktəbi, bağçası olan qəsəbə salınacaq. Siz də ağac əkərsiz, cənnətə dönər.

Şakir sədrin üzünə baxıb dedi:

- Ağsaqqal, burda yalnız uşax əkməy olar.

Sədri də gülmək tutdu, camaatı da".

"Bu vaxt musiqi məktəbinin direktoru girdi kafeyə. Hal-əhval tutdu. Vəliş bir stəkan çay da ona süzdü. Direktor çaydan bir qurtum alıb üzünü tutdu Şakirə:

- Şaka, bizdə qarmon sinfi açılıb, amma müəllim yoxdu. Bəlkə gəlib uşaqlara dərs keçəsən? Maaşı da pis deyil.

- Ə, nemes, məndən məllim olar?

- Ə, niyə olmur? Sən kimin qızından əskiksən? Fizika deyil, riyaziyyat deyil, sən çalırsan, uşaqlar da baxıb öyrənir.

- Baxmaxla öyrənmək olsaydı, Qəssaf Qulamın dükanının qabağındakı itlər hamısı qəssaf olardı".

"Market Vəliş söhbətə qoşuldu:

- Şaka, Rəmişin dostu deyilsən? Rə

mişə de bir qarmon alıb bağışlasın.

- Rəmişi Əzrayıl tapa bilmir canını alsın, mən hardan tapım?

- Aqil Abbasın dostudu.

- Aqil Abbas kimdi, ə? O mənim eşşəyimi vuran?

- Hə".

"Durdular çıxdılar. Yendilər aşağı, yenə də pilləkanlarla piyada. Nəşriyyatdan çıxdılar, oturdular bir xarici maşına.

- Ə, bə sənin qaziyirmidördün yoxuydu?

- Onu sənin eşşəyini vurandan sonra satdım. Nədi, bu maşını bəyənmirsən? Nemes maşınıdı.

Maşın yerindən tərpəndi. Çox rahat idi, xoşhallandı, sonra dedi:

- Dədə, Allah sənə rəhmət eləsin, belə maşın düzəldənə güllə atallar?"

"Şakir bir az da vurandan sonra kefi açıldı. Başladı Rəmişlə, yanında oturanlarla da məzələnməyə, dedi:

- Rəmişin meymunu yadınızdadı? Qızıl diş də saldırmışdı? Ağdamda meymun çiynində, Fazil məllimin kinosunun qarşısında maşından düşür, bir uşaq da görür gəlir evə, papasına deyir ki, papa, Rəmişi gördüm çiynində də meymun. Papası da qayıdır ki, ə, köpəyoğlu, day denən iki meymun görmüsən də.

Hamını gülmək tutdu".

Misalların çoxluğuna görə məni qınamayın... Amma özaramızdı, ləzzət eləyir! Əlacım olsaydı, sözün bu yerində bütün povesti köçürərdim bura.

Sıralanan detallar reallıqda olubmu, ağız ədəbiyyatıdırmı, yoxsa müəllif özü düzüb-qoşub? Sualların hər birinə verilən hər hansı cavab əlahiddə önəm daşımır. İş burasındadır ki, bu epizodların hər biri bacarıqlı əllərlə toxunmuş xalçaya vurulan naxış ilməsi effekti yaradır, bu ilmələr yerinə düşən ilmələrdi. Məhz bu artırmaların sayəsində yazıçı həyatı faciədən yoğrulan, kişi xarakterli və nikbin  bir şəxsi ölümün,  qan-qadanın içindən gülə-gülə keçirdib erməni iyinin kökü kəsilən finala aparır. Ola bilsin ki, həyatda Şakirə bənzər baməzə adamlar çoxdur. Lakin Aqil Abbasın müəllif yozumunda obraz kifayət qədər mükəmməldir, demək olar təkrarsızdır.

Povestin iki epizodunu, gizlətmirəm, göz yaşına boğularaq oxudum, Şakirin qəlbi və Aqil Abbasın qələminə minnətdarlıq hiss etdim.

Bir oxucu kimi mənə görə Şakirin Quzanlıya yola çıxdığı ərəfədə Rəmişin baha qiymətə alıb bağışladığı qarmonu Turac arvadın (Adamla məzələnməkdə Turac arvad  da heç Şakirdən geri qalmaz) nəvəsinə verməsi və yenə də Şakirin Quzanlıda Surenin erməni iyisi verən "Moskviç"inə (məhz "MOSKVİÇ"!) od vurması səhnələri ədəbi tapıntı nümunələridir və ümumən çağdaş milli nəsrimizi zənginləşdirir.

Turac arvadın qarmon sinfinə gedən nəvəsinin sonrakı taleyindən bizim xəbərimiz yoxdur. Rəmiş, Qədir Rüstəmov, lap elə Şakir kimi insanların yaratdıqları mədəni sərvətin, eləcə da istedad enerjisinin heç zaman itib-batmadığı, mənəvi yadigarın sonra gələnlərə ötürüldüyü isə gün kimi aydındır. Aqil Abbas bunu deyir, həm də istedadla, əsl nasirə yaraşan tərzdə deyir.

Aqil Abbas onu da deyir ki, nə qədər zülm, zümkar, ədalətsizlik var, nə qədər ki, neqativlərin kökü kəsilməyib, şər oda qalanmayıb... həyatımızı məşəqqətə çevirən pis qoxu, üfunət çevrəmizdən çəkilib getməyəcək!

Bir halda ki, Aqil Abbasın ədəbi yaradıcılığına bir qədər geniş planda, əhatəli yanaşma imkanından yararlanmağa cəhd göstəririk, o zaman yazıçının kitablarında yer almayan, "525-ci qəzet", "Ədalət" qəzetlərində, ədəbiyyat saytlarında işıq üzü görən dörd hekayəsinə nəzər yetirməyi də gərəkli bilirik. Bir az irəlidə adları "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" povesti ilə yanaşı çəkilən, hər biri mükəmməl süjet xəttinə, müvafiq bədii-estetik qayəyə malik "Camış bağa girdi, gəl", "Eynəyin itməkliyi", "Əzrayılın erkək-dişiliyi", eləcə də "Futbol bir bəladır ki, mübtəla olmayan bilməz" əsərlərində müəllifin irəliki yazılarına xas sərt realizmi yumşaq maarifçilik məziyyəti, tipik milli kolorit əvəzləyir. Novella, vedovil çalarları təhkiyədə axar su rəvanlığı yaradır. Heç çəkinmədən deyə bilərəm ki, xüsusən "Camış bağa girdi, gəl" və "Əzrayılın erkək-dişiliyi" Azərbaycan nəsrinin maksimum qüsursuz, uzunömürlü hekayələri sırasında yer almağa layiqdir.

"Camış bağa girdi, gəl"in aparıcı obrazı - əliaçıq, dostcanlı, malının-pulunun qənimi Dayının həqiqətən də gülməli əhvalatı qonşu kolxozun sədrinin acığına öz oğlunun toyuna ağdamlı çalğıçıları vertalyotla gətirmək inadından qaynaqlanır.

"Əzrayılın erkək-dişiliyi"nin baş obrazı Molla Rəşidin yola verdiyi sahibi imkanli adam olan bu dəfəki yas məclisi bir  çox cəhətlərlə yanaşı, əvvəlki məclislərdən həm də onunla fərqlənir ki, Molla Rəşid on min para toplayıb və elə indilərdə uşağı "Narxoz"a yerləşdirmək imkanına malik Prorektorun Bakıdan bu məclisə təşrif buyuracağını gözləyir.

Birinci hekayədə Qarabağ müharibəsinin izi-tozu yoxdu. Qarabağ ötən əsrin 70 - 80-ci illərinin bəxtəvər, toy-busatlı günlərini yaşayır. Əsərin özündə də hadisələrin fonu toydur. Qəribə də olsa orada baş verən hadisələr kənardan izləyən oxucu üçün gülməli, iştirakçıların, obrazların üzləşdikləri gərginlik baxımından əzab, təşviş və qorxudur.

İkinci hekayənin fonu yas çadırı olsa da Molla Rəşidin hazırcavablığı bir növ bilikli, müdrik olmağı yas yerində toy havası yaradır.

"Eynəyin itməkliyi" hekayəsi çağdaş dövrdə media siqmentində milli mədəni irsin təhrif olunmasına şiddətli ironiya, acı bir qınaqdır. Adi oxucuya dahi Üzeyir bəyin "O olmasın, bu olsun" musiqili komediyasından bəlli olan Rza nəmənəcik indi qəzet sahibidir. Bu harasıdır, Mirzə Cəlil, Üzeyir Hacıbıyov, Əli bəy Hüseynzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı bərkgedən bir redaksiyada Rza nəmənəciyin əlinin altında müxbir qısmində çalışırlar. Yekəxana, kobud, hap-gopçu və ən əsası peşəsindən xəbərsiz baş redaktor müqtədir ədiblərə indiki vaxtda oxucuları necə cəlb etməyin "yollarını" öyrədir. "İtən" eynək, belə bir enək zatən yoxdur, guya Əbdürrəhim bəyə məxsus olsa da gözü tor görən, heç görməyən bir başqası deyil, cəmiyyəti zülmətə itələmək istəyən Rza müəllimin özüdür. Heç cəmiyyət də aydan arı sudan duru deyil. Bütün bu mükəlləfiyyət milli mətbuatın keçid dövründəki rüsvayçı gününü, reanimasiyaya sürüklənən cismini ifşa edir.

"Futbol bir bəladır ki, mübtəla olmayan bilməz" hekayəsi barədə qısaca onu deyə bilərik ki, yazıçı özünün şakərini, futbol fanatının psixoloji durumunu ədəbiyyat faktına çevirə bilib.

7. İmzalar içində

Aqil Abbasın "Ədalət" mücadiləsi ayrıca, daha geniş bir söhbətin mövzusudur, inamım var ki, məsələnin digər araşdırmaçıları da tapılacaq. Onlar ustad publisistin bu sıradan olan əsərlərinə ən müxtəlif prizmalardan yanaşacaqlar - məsələn, obyektivlik, operativlik, qaynarlıq, cəsarətlilik.

İlk qurucusu tanınmış ziyalı Adil Minbaşı olsa da "Ədalət" qəzeti Aqil Abbasın simasıdır və əziz bacım, "Ədalət"in hazırkı  baş redaktoru İradə Tuncay istəsə (istəmir)  Aqil Abbasın simasını biraz da çox yaxşıya dəyişə bilər, "Ədalət"in Aqil Abbasla eyni olan simasını isə bir kimsə dəyişə bilməz (istəməz dəyişmək). "Ədalət" elə bir xəlqi mizan, maarifpərvər tamaşadır ki, onun banisi, rejissoru, ən əsası baş rolun ifaçısı Aqil Abbasdır. Qəzetin qeyri-səlıs bədii-publisistik varidatı çoxdan elmi araşdırmaların mövzusu ola bilərdi. Düzü, bilmirəm bu istiqamətdə heç olmasa elmlər namizədi dərəcəsini müdafiə edən alım varmı? Halbuki, əldə olan materiallar (32 il ərzində, uzun müddət böyük formatda, hər gün çıxmaq şərtiylə), aradırmaya imkan verən zəngin mənbə akadamik nəticələr dəyərində və həcmindədir.

Arzumuz öz yerində, "Ədalət" qəzetinə, əziz dostumun "Ədalət" mücadiləsinə bütün yanaşmaları eyni hasil birləşdirir: Aqil Abbasın "Ədalət" dünyası Azad söz haqqında balladadır. Bu qəzetin səsi xalqın səsi, haqqın səsidir! Aqil Abbasın bədii publisistikası təməlində Nəsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Əli bəy Huseynzadə dayanan, milli mətbuat ənənələrini qoruyan, onu bir az da irəli aparan tarixi hadisədir!

8. Dəsti-xətt içində

Ədəbiyyat tənqidçiləri elmi araşdırmanın tələblərinə əsasən bir sənətkardan bəhs edib onun yaratdığının ədəbi siqləti barədə düşüncələri yekunlaşdırarkən haqlı olaraq ümumiləşdirmə aparır və əhəmiyyətli, qabarıq  estetik məqamları ayrıca qeyd edirlər. Aqil Abbasın yaradıcılığı ideya-məzmun və sənətkarlıq baxımından elmi ümumiləşdirmə aparmağa imkan verir. Bunun özü dəyərlı bir nəticədir!

Biz də cəhd edək; bəlkə cəhdimiz, qısaca sıraladığımız mülahizələr yazıçı Aqil Abbasın nəsrini (ümumən yaradıcılığını) oxucuya, ədəbi mühitə sevdirən səbəblərin bir qismini də hardasa sistem şəklində mənimsəmək işində faydalı ola bildi:

bir - Aqil Abbas ədəbiyyata həyatdan gələn, həyatı ədəbiyyata gətirməyə qadirolan yazıçıdır. Cümlə kifayət qədər tutumlu və məsuliyyətlidir, bunu nəzərə alıb nöqtə qoymuram, cünki məntiqi nəticə izahla anlaşılır. Dostumun biri-birindən siqlətli, bəzən sarsıdıcı əsərləri gözümün önündə sıralanır, qəribədir, o barədə düşünmürəm ki, bax gör müəllif necə ciddi, çətin, ağır mövzuya girişib və bədii ifadənin, ədəbi estetik vəzifənin öhtəsindən gəlib. Xeyir, ağlıma gələn ilk fikir ondan ibarətdir ki, İlahi, bu yazıçı nə qədər çətin, ağır, hissiyatlı bir həyat yaşayıb?! Bu mürəkkəb suala cavabın alt yapisinda zəngin həyat materialı, reallığın panoramı, maraqlı tərcümeyi-halla bahəm möhkəm yaddaş, istedad, milli-mənəvi kolorit və Aqil Abbasın bütün bunların vəhdətindən yaranan sənətkarlığı dayanır.

iki -  onun əsərlərində hadisələr, həyat lövhələri sanki müəllifin öz içindən baş qaldırıb, orada davam edir, orada başa çatır, oradan üzə çıxir, amma bu proses necə gedirsə, olayları izləmək oxucu üçün həmişə əlçatan, görünən, eşidilən və duyulandır. Bu, göydəndüşmə məziyyət deyil, fitrətə bağlı yazı tərzidir. Yazıçının əsərlərini şərti olaraq simvollaşdısaq və onun yaradıcılığının cəminə rəmzi ad qoymaq istəsək, çox güman ki, göz önünə məchul bir məkanda, bəlkə də bizim dünyanın hələ xəbər tutmadığı səmavi kitab hüzurunda quruyub qalan, fəqət bütün varlığı sehrkar sözlər saçan bir kahinin surəti gələcək. Bunu əminliklə deyirəm, o, bizim ədəbiyyatın azsaylı sehrkar söz kahinlərindən biridir.

üç - akademik Nizami Cəfərov "Dolu" romanına yazdığı ön sözdə deyir ki, "Aqil Abbas Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, cöğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri var." Hizami müəllimin  bu mülahizəsini dərhal və şərh vermədən yekun bəndlər sırasına daxil etməkdə fayda olduğuna əminəm.

dörd - yazıçı yaratdığı bədii mühitdə, əsərin obazları arasında sərbəst şəkildə, şəxsən hərəkət edir, kimsə hansısa bir bir iş üçün onun qapısını döyür, ya o hansısa səbəbdən kiminsə yanına gedir. Başqa sözlə, müəllif həm də əsərin iştirakçısıdır.

beş - yazıçı bəzən əsərə ilk baxışda sadəlöh görünən emosional nitqlər daxil etməkdən çəkinmir. Belə bəlağət etiraz doğurmur, çünki oxuçu həmin mətlərin müəllif qəlbinin çırpıntılarından yarandığına inanır.

altı - başqa yazıçılarda az təsdüf olunan, prototip qismində deyil, pasport göstəriciləri ilə gerçək adların və adamların paradı (keçidi) A. Abbasın əsərlərində  ideyanı, yazıçı məqsədini, reallığı və tarixi bağları çatdırmaq tərzidir. Tutalım b.e.ə yaşamış Homerdən tutmuş, bizim günlərdə yaşayan Qulu Ağsəsə qədər yad edilən adlar və adamlar publisistik deyil, sırf bədii əsərlərə aid detallardır. Gərək ki, öncə də qeyd etmişdim, onun roman, povest, pyes və hekayələrində adı keçən real şəxsiyyətlərin sayı 300-dən çoxdur. Yeri gəlmişkən, məncə, nəsr və poetik əsərlərdə bədii sənədlilik məsələsinə nəzər salmaq pis olmaz. Fikrimi izah edim; götürək yenidövr - son yüz ilin Türk ədəbiyyatını. Burada müəllif özünün başlıca ideyasını bədii sözə çevirərkən, yəni yaradıcılıq məqamında bədii "mən"i məkanla, çevrəylə birlikdə təqdim edir. Yer, yurd, təbiət poetikanın tərkibinə keçir, bədii informasiyanı canlı və unudulmaz edir. Nazim Hikmətin "İnsan mənzərələri" poetik epopeyesında və şeirlərində oxucu nəniki Nazimin üzünə həsrət qaldığı Türkiyə, Anadolu, İstanbul və Bursanı, bütün Yer kürəsini cazibəli sözün sehriylə oymaq-oymaq gəzib dolaşır. Bəli, Nazim dahidir, onun bütün yer kürəsini vətən coğrafiyası olaraq təsvir etməyə ixtiyarı çatır. Bütün hallarda hər bir əsərin coğrafi, doğal mənsubiyyəti, məri-məhləsi olmalıdır, sətrlərdən insanın duyğu və düşüncələriylə bərabər məkanın ab-havası, çevrınin dadı-tamı gəlməlidir. Yeri gəlsə məkanın adı, koordinatlar dəyizdirilə bilər - məsələn, Mirzə Cəlilin Danabaş kəndi, Uilyam Folknerin Yoknapatofa, Qabriel Qarsiya Markesin Makondo, Əkrəm Əylislinin Buzbulaq ( hər üç yer adı, hadisələrin cərəyan etdiyi məkan müəlliflərin uydurmasıdır), Elçin obrazlarının Abşeron  arealı, Cems Coysun Dublini bəlli, real məkandır... Aqil Abbasın bəhs etdiyi, məhz bu yazıçıya məxsus  Qarabağ, xüsusən Ağdam real coğrafi, eyni zamanda ədəbi toponim enerjisiylə yüz minlərlə insanın Vətən sevgisinin, yurd yaddaşının daim diri qalması üçün az iş görməyib. Hərdən mənə elə gəlir ki, yerlə yeksan olan Ağdam şəhərinin müharibədən öncəki tarixi memarlıq planını bərpa etmək istəyən mühəndis üçün Aqil Abbasın bədii-publisistik əsərləri mötəbər  xəritə, kameral dəftər ola bilərdi...

yeddi - bədii kolorit yazıçının yaradıcılığının özəlliyini təmin edən əsas şərtlərdən biridir. Elə bir şərt ki, orada dərd gülür, bəxtəvərlik göz yaşı tökür, söyüş, qınaq, məzəmmət, zarafat... adamın canına yağ kimi yayılır. Natural ləhcə, hətta jarqonlar üslubi səlahiyyət qazanır. Elə çıxmasın ki, onun əsərlərinin ruhunu bir sürü ləhcə, şıvə, ara sözü, bazar danışığının qarışığı yaradır, qətiyyən. Əvvələn, əksər halda obrazların dilindən qopan bu ibarələr həmişə yerinə düşür, oxucu diqqətini çəkmək xatirinə əsərə qəstən daxil edilmir. Əgər müəllifin mətnlərini dil və ifadə imkanı baxımından incələyəsi olsaq yüzlərcə dəyərli el-oba sözü, yaddaqalan ifadələr, deyimlər izləyə bilərik. Hansı ki, həmin etnokəlmələrin bəziləri ya unudulub, ya da unudulmaq üzrədir. Mənalı yumor, maksimum səmimiyyət, təsvirlərin rəvan, təbii poetikası yazıçının bədii təhkiyyə və bədii kolorit imkanını xeyli dərəcədə artırır.

səkkiz - Aqil Abbasın, ümumən nəsrində bədii dil duru axıcıdır, sanki bu mətnlər qələmə alınmayıb, söylənib, bədahətən deyilib: eynən dastanlarda, nağıllarda olduğu tərzdə. Burada təfəkkürlə, niyyətlə bədii ifadə, yazıçı dili arasında araməsafəsi sanki yoxdur. O, əli qələmli xronoqraf, mirzə deyil, səlnamə yazmır... dastan qurur. Başqa halda dərd, qeyrət, humanizm, ümid, nikbbin ovqat, döyüş səhnələri, xəyanət, qəhrəmanlıq, o dünyanın yuxuları, cazibədar sevgi hissləri belə rahatlıqla yazıya, sözə gələ bilməz.

doqquz - yazıçının əksər əsərləri - "Günah", "Batmanqılınc", "Dolu", "Allahı qatil edənlər"... süjet xəttinin kəskin dinamikası, təhkiyə çevikliyi, üslubi emosionallığı ilə seçilir. İsdedadlı yazıçının yaradıcılığının indiki yetkin mərhələsində səslənən bu postulatın sübuta yox, izahata ehtiyacı var.

O da bircə cümlədən ibarətdir: bütün hallarda yaradıcılıq ehtirasının doğrulmasına, yazarın bədii-estetik məqsədə qovuşmasına səbəb yüksək sənətkarlıqdır.

Bəs bizim  dediyimiz nədı, yaratmaqdan yorulmayan Aqil Abbasa həsr olunmuş bu yazı  məhz sənətkarlıq sayəsində hasilə gələn dəyərli, elit əyarlı milli ədəbi sərvət barədə deyilmi? 

İyun-iyul, 2023, Mərdəkan.

 

 

 

 

 

 





17.07.2023    çap et  çap et