525.Az

"Tağ ev" - bu, bir simvoldur - Loğman Rəşidzadə yazır


 

"Tağ ev" - bu, bir simvoldur - <b style="color:red"> Loğman Rəşidzadə yazır</b>

(Rəhim Əliyevin "Tağ ev" romanına retrospektiv yanaşma. Yaxud məntiqsiz tarixin məntiqi şərhi barədə)

 

Tarix paradokslarla doludur. Bəzən bir-birini izləyən hadisələr biri digərini təkzib edir, nizam pozulur, xaos, qarmaqarışıqlıq baş alıb gedir, illərin o tayından boylanan sürprizlər tam laqeyidlik və məyusluq doğurur. Bu mənada tarix boyu baş verən hadisələrdə məntiqi ardıcıllıq pozulur, gerçək gözləntilər illuziyaya bürünür, real nəticələr tül pərdə arxasında qalır, duman ötrtüyündə görünməz olur. Gözləntilər çaşqınlıq yaradır, arzu-istəklər korlaşır, xalqın gerçək həyatı dözümsüz bir heçliyə yuvarlanır. Tarix isə öz iri addımları ilə irəliləyir, hər şeyi tapdayıb keçir, var olmuşları yox edir, yoxdan var yaradır, insan oğlunun arzularına rəğmən, öz istəklərini göyərdir. Bu mənada Rəhim Əliyevin tarixin gərdişinin bəzi məqamlarını məntiqsiz adlandırması ilə müəyyən mənada barışmaq olar: "Kənd camaatı iki hissəyə bölünmüşdü: səhmanlılar və çöllülər. Birincilər kəndin qalasını tikən qədim əhali, Nadir şahdan qabaq orada yaşayanlar sayılırdı. Kənd camaatı ikidilli idi - İran dilinə aid bir ləhcədə və türkcə - danışırdılar. Amma sözlərin yarıdan çoxu hər iki ləhcədə işlənirdi. Bütün Şirvan ikidilli idi. Hansı şahın adından olur olsun, qoşuna məxsus adamlar türkcə danışırdılar. Türkcə bir növ hakimiyyət dili idi. Amma yazılı olan hər şey farsca gəlirdi. Tarix həmişə belə məntiqsizliknən doludur".

F.Hegel yazırdı: "Tarix Allahın yer üzündən keçdiyi təntənəli zəfər marşıdır". Başqa sözlə, zamanın gərdişi, tarix Allah iradəsinin təzahrüdür. İnsanlar, sadəcə, icraçılardır. Allahın yaratdığı da daim daxili nizama, harmoniyaya, ritmə, məntiqi ardıcıllığa, söykənir. Bizim tarixdə axtardığımız məntiqsizlik başqa bir uca calanır - qeyri-səlis məntiq müstəvisində qərarlaşır. Tarixi hadisələrə qeyri-səlis məntiq nöqteyi-nəzərindən yanaşdıqda hər şeyin məntiqə uyğun baş verdiyini dərk edərik. Tarix heç kimə fərq qoymamış, birini ucaldanda digərini yerlə-yeksan etmiş, bir xalqı hakim seçəndə zərrəcə heyifsilənmədən başqa qövmləri qula çevirmişdir. Bu, tarixin məntiqsizliyindən daha çox amansızlığıdır. Qaldi qoşunun və dövlət xanədanının danışdığı dilin türk dili olmasına, yazılı fərman və göstərişlərin fars dilində (daha doğrusu, fars əlifbası ilə) yazılmasına, bu tarixin ironiyasına dəlalət edir. Şərqdə Səlcuqilərdən, Osmanlılardan, Teymurilərdən, Səfəvilərdən Nadirə qədər həmişə dövlətin və imperiyaların başında türklər dayanmış, təbii ki, bu da hakim ordu və dövlət dili kimi türk dilinin möhkəmlənməsinə rəvac vermişdir. Yazı vərdişləri isə ərəb və fars əlifbası vasitəsilə aparılmışdır. Türklərin əski dövrdən əlifbaları olmamış və nədənsə buna ehtiyac da duyulmamışdır. Bəli, bu tarixin gerçək məntiqsizliyidir.

Tarix ədəbi əsərlərin səhifələrində daha canlı, diri və işlək şəkildə yaşayır. Tarixi hadisələr və faktlar bədii sənət nümunələrinin mündəricatında ilkin paklığını, bəsirətini və daxili dinamizmini invariant şəkildə qoruyub saxlayır. Uzun illər Azərbaycan ədibləri - Nizami Gəncəvidən üzbəri, demək olar ki, hamısı əsərlərini tarix adına ümumşərq hadisələri üzərində qurmuş, mövzularını şərq əfsanə və rəvayətlərindən almışlar. Azərbaycan tarixinə aid əsərlərin yazılması son yüzilliklərin məhsuludur. XIX əsrin sonları XX əsrin əvvəllərində buna ilkin cəhdlər göstərilmişdir. Lakin bu təşəbbüslər geniş hərəkata çevrilməmişdir. Sovet dövrü Azərbaycan ədəbiyyatında bu sahədə müəyyən  cəhdlər çoxalmış, silsilə tarixi əsərlər və romanlar ərsəyə gəlmişdir. Məsələn, M.S.Ordubadinin Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə həsr olunmuş silsilə romanlarını misal göstərmək olar. Azərbaycanda tarixi roman yaradıcılığı hərəkatı sovet hakimiyyətinin son illərinə və müstəqillik dövrünə daha çox təsadüf edir. Bu illərdə tarixi keçmişimizə kütləvi maraq formalaşmış, Azərbaycan tarixinin ayrı-ayrı mərhələləri ədəbiyyatımızın baş mövzusuna çevrilmişdir. Görünür, bu da milli özünüdərkin oyanışı ilə birbaşa bağlı olmuşdur. İnsanlar öz keçmişinə ekskurs etdikcə özünü bir daha yaxından tanıyır, milli qürur hissini təzələyir, ata-baba təcrübəsini bugünə transfer etməklə milli ideologiyanı yeni çalarlarla zənginləşdirirlər. Rəhim Əliyevin "Tağ ev" romanı bu sahədə göstərilmiş təqdirəlayiq təşəbbüs, atılmış uğurlu addımdır.

Bəri başdan deyək ki, bu iri həcmli roman, həm də fundamental tədqiqat işinin yekunu kimi də səciyyələndirilə bilər. Müəllifin uzun illər boyunca apardığı tədqiqat işinin nəticəsi kimi ərsəyə gələn bu roman bədii nəsr nümunəsi kimi qiymətli olmasıyla yanaşı, zəngin faktlara, şərhlərə, nəticələrə əsaslanmış qiymətli tarixi-elmi əsərdir. Doğrudan da müəllif hadisləri, insan münasibətlərini, siyasi prosesləri, mədəni-tarixi faktları şərh və təqdim etmək üçün son dərəcə ciddi tədqiqat işi aparmış, topladığı tarixi faktları insanların həyat tərzi və məişəti fonunda araşdırmış, təhlil etmiş, tarixi qiymətini vermişdir. Onu da deyək ki, hadisə və faktlara özəl yanaşan nasir heç kimi, heç bir alimi, yazıçı və ədibi təkrarlamamış, təcrübə və fikirlərə orijinal münasibət bəsləmiş, tarixə öz baxışları ilə zəngin bir ədəbi-elmi nümunə ərsəyə gətirmişdir. Hadisə və faktlara müəllif münasibəti orijinallığı və təzəliyi ilə seçilir, mülahizələri çox vaxt Azərbaycan tarixinin bu dövrü üçün daşlaşmış, qərarlaşmış elmi fikir və hipotezlərlə bəlli polemika yaradır, bu mülahizələri məntiqi baxış və orijinal ideyalarla yeniləyir. Məsələn, bu dövr üçün vacib tarixi atribut sayılan, şəxsiyyəti və tarixi fəaliyyəti başdan-başa mübahisələrlə izlənən Nəriman Nərimanova münasibətdə, onun fəaliyyətinə verdiyi qiymətdə Rəhim Əliyev özüməxsus mövqe sərgiləyir. O, N.Nərimanovu olduğu kimi təqdim edir, geniş ictimaiyyətə məlum olmayan tərəflərini üzə çıxarır və həm mənfi, həm də müsbət cəhətləri ilə tarixi həqiqəti özündə yaşadan bədii obraz yaradır. Başqa inqilabçılara, ümumiyyətlə dövrün ictimai-siyasi aparıcı simalarına münasibətdə, onların siyasi hərəkatda roluna verdiyi qiymətdə, bədii təsvirlərdə, elmi qənaətlərdə bu qızıl orta hədd həmişə gözlənilir. Düzdür, bəzi məqamlarda yazıçının bədii hiddəti şiddətlənir, odur ki, ictimai-siyasi qınaqları sərt ittiham səviyyəsinə qalxır. Lakin sonrakı sətirlərdə bu çılğın insani ehtirasları müdrik yazıçı təhlilləri əvəzləyir, obyektiv müəllif münasibətləri hadisələrə münsiflik edir. O, N.Nərimanov haqqında yazır: "On min müsəlmanın qanını tökən orqanda Nərimanovun yer alması, məxfi üçlüyə üzv olması onun həyatında yuyulmaz qara ləkədir. N.Nərimanov üçlüyə gözdən pərdə asmaq üçün salınmışdı və onu saya salan yox idi". Fikrin birinci hissəsi N.Nərimanovun feilən, milli xəyanətinə işarədirsə, ikinci mənası isə onun tarixi faciəsinin, rus-erməni bolşevik guruhuna aldanmasının təsdiqidir. Müəllif bu fikirləri ürək ağrısı ilə bəyan edir, irəli getmiş, ictimai-siyasi həyatın qaynarında olan müsəlman ziyalılarının rus-erməni bolşevik qrupunun əlində milli hərəkata və dirçəlişə qarşı bir alətə çevrildiyini yanıqlı bir ahənglə bildirir.

"Tağ ev" romanının ictimai siqlətini artıran cəhətlərdən biri də, qeyd etdiyimiz kimi, onun yaxın keçmişimiz olmasına baxmayaraq, hələ də dərindən, hərtərəfli, yerli-yataqlı araşdırılmamış bir dövrünü, XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edən Azərbaycan tarixinin ən dramatik zaman kəsiyini obyektiv əks etdirməsidir. Qədim və orta dövr tariximiz pis-yaxşı, müəyyən mənada araşdırılıb. On doqquzuncu yüzilliyin sonu, xüsusən, XX əsrin iyirmi-otuzuncu illərinə qədərki dövr həmişə tabularla, qadağalarla qaranlıqda qalıb. Uzun müddət sovet basqısı altında toxunulmaz elan edilmiş bu illər, az müddətdə, müstəqillik dönəmində müəyyən mənada, tədqiqata cəlb edilmişdir. Lakin bu da parakəndə və spontan xarakter daşımışdır. Sözügedən roman öz dərin tədqiqlərilə, mülahizə və qənaətlərilə, hadisə və faktların doğru-düzgün çatdırılmasıyla, şərhiylə bu boşluqları dolduran əsər kimi qəbul edilməməlidir.

U.Folkner deyirdi ki, yazıçı əgər məlum olan şeylərdən yazırsa, bu ədəbiyyatın krizisidir. Əvvəla, hər bir yazıçı istənilən eyni mövzuda, istənilən janrda əsər yarada bilər. Burda, əsas şərt orijinallıq və hadislərə yeni yazıçı münasibəti, yazıçı mövqeyidir. Hadisələrə novator yanaşmaq, yeni bədii intonasiyalar, vurğular tapmaq, insan talelərinə obrazlı rakursdan münasibət sərgiləmək anında krizis ötüb keçir. Tarixi romanların hamısında baş qəhrəman tarixdir, zamanın gərdişi və illərin, epoxaların bir-birini əvəz edən ritmik dəyişmələridir. Bunları insan taleləri, onların həyat tərzi, yaşam rəngarənglikləri ətə-qana doldurur. Bu təqdimatda yazıçı özünəməxsus sənətkarlıq nümayiş elətdirdikdə udur, qələbə çalır. Rəhim Əliyevin ən böyük uğuru tarixi hadisələri insan taleləri fonunda təqdim etməsi, insanların həyat tərzi ilə tarixi dəyişmələrin assosiasiyasını əyani detallarla göstərməsidir. İlk növbədə yazıçı, bizə Şirvan əhlini, tərəkəmə camaatını təqdim edir, onların həyat tərzini, yaşam anlarını çatdırır. Yazıçı uyğun bədii-obrazlı vasitələrlə bu insanların yaşayışını, məişətini o dövrün azərbaycanlı həyatının reallığı qismində çox yerli-yataqlı təqdim edir. Onun yaratdığı "Səhmanlı Odisseyası" bu təqdimatın məntiqi özəlliyi kimi əsər boyu oxucunu öz cazibə dairəsində saxlayır. Dünyaya pəncərə bu "Səhmanlı Odisseyası"ndan açılır, rəngarəng, hadisələrlə zəngin geniş aləmə ilk cığırlar bu aləmdən başlayır. Bu, insanların böyük dünya ilə üz-üzə ilk sınaq ünvanı kimi yadda qalır. Tərəkəmə psixologiyasını açan bu ifadələr səciyyəvidir: "Amma qəribə idi, qoyunçu camaat qoyunu kəsib yeməzdi. Onda nəyə görə heyvana dövlət deyirdilər, üstündə əsirdilər?  İndi başa düşürdü: tərəkəmə camaatı üçün mal-heyvan güvənc, ümid yeri idi, başqa heç nə".

Doğrudan da, təkcə tərəkəmə camaatında deyil istənilən kəndçi üçün keçəri psixologiyadır. Kənddə hamı heyvana ailə üzvi kimi baxır və onları da ədədlə deyil, başla sayırlar: neçə baş inək, qoyun, camış və s. Dəfələrlə şahidi olmuşuq: kəndçi öz heyvanını satıb əvəzinə kəsimlik başqa heyvan alıb kəsib, amma öz heyvanına qıymayıb. Bu psixologiya kənd əhlinin ilik-qan məsələsidir. Yazıçı bu cəhəti çox ustalıqla tutub.

"Səhmanlı Odisseyası"nın ilk təmsilçisi, ictimai fiqur kimi cəmiyyətə qovuşan ilk nümayəndəsi Atamoğlandır. Hadisələr də, geniş ictimai rezonans doğuran olaylar da bu ailənin simasında cərəyan eləyir. Atamoğlanın da gəncliyi tərəkəməlikdə keçib, Şirvanda qoyun-quzu qovalıyıb. Lakin sonralar, taleyi üzünə gülüb Səhmanlıdakı torpağında neft fontan vurub və sahibi Atamoğlanı da hörmət-izzətə çatdırıb, "xozeyin" mərtəbəsinə qaldırıb. Onun yeganə təhsilli övladı olan Abtalıbın həyatı hadisələrin birbaşa girdabında təsvir edilib. Abtalıb müəllif qələmində bütün çalarlarıyla canlanır, bütün müsbət və çatışmayan cəhətləri ilə oxucu yaddaşında iz salır. Atamoğlanın ehtiyatkarlığı, hər şeyi dərindən təhlil etmək xasiyyəti, götür-qoy keyfiyyətləri eynilə Abtalıba da sirayət edib. O da siyasi hadisələrdən daha çox öz ailə mülkünü qorumaq haqqında düşünür, bacardıqca, siyasətdən kənar gəzməyə çalışır. Amma bütün bunlara baxmayaraq, özündən də asılı olmadan, daim siyasi burulğanların mərkəzində qərarlaşır.

"Vətən" sözünün ərəb dilindəki qədim mənalarından biri heyvanın, bitkinin (başqa sözlə, canlının) daimi yaşadığı yuvanı, yerləşdiyi yeri bildirir. Sonralar bu məna insana da aid edilməyə başladı. İnsanla bağlı "vətən"  sözü, həm də özünün qədim təzahürlərində insanın çöl həyatından daimi yaşayış yerinə köçünü də ifadə etdi. Bu mənada Bakı uzun müddət onlarla millətin nümayəndələrinə öz qoynunda yer vermiş, lakin bu, çoxları üçün vətən statusu daşımamışdır. Uzun müddət neft və sənaye şəhəri kimi inkişaf eləyən Bakı çoxları üçün qazanc mənbəyi və varlanmaq vasitəsinə çevrilmişdir. Uzun müddət yadellilərin idarəçiliyində olan Bakı, onlar üçün vətən kimi formalaşa bilməmiş konqolomerat yaşayış yerinə çevrilmişdir. Əksər millətlər, yadlar ona müvəqqəti qazanc mənbəyi kimi baxmış, tez- tələsik onu çapıb-talayıb aradan çıxmışlar. Bakının əsl faciəsi də burdan qaynaqlanmışdır. "Tağ ev" romanı həyatın bu tarixi ironiyasını özündə əks etdirən reallıqların bədii mənzərəsini yaradır. Yadellilərin qanlı pəncəsində inildəyən Bakı oxucunu da dərin düşüncələrə salır, millətin tarixi taleyi barədə həlli vacib suallar yaradır. Rəhim Əliyev bu hadisələri yüksək həssaslıqla, tarixçi dəqiqliyi və bədii yazıçı vüsətiylə təsvir etmiş, millətin keçdiyi tarixi keşməkeşləri, həyat yolunu ibrət dərsliyi kimi qabartmışdır. Çoxları üçün vətən funksiyası daşımayan Bakı uzun müddət Şaumyanların, Orconikidzelərin, Çaparidzelərin, Pankratovların talan mərkəzinə çevrimiş, ən ağır zərbə isə yerli müsəlman əhaliyə dəymişdir. Bu mənada, Bakıda gedən proseslərə yazıçı münasibəti aydın, şəffaf və təsiredicidir.

Romanın əsas süjet xəttindən birini 18 mart 1918-ci ildə Bakıda törədilmiş misli görünməmiş qırğınların təsviri təşkil edir. Bu qırğınların törədilmə səbəbləri, vasitələri, aparıcı qüvvələri əsərdə geniş planda əksini tapır, siyasi nəticələri məntiqi dəlillərlə ümumiləşdirilir. Qarabağda, İrəvanda erməni-müsəlman qırğınlarının ilk qığılcımlarının məhz, Bakıda parladığı orijinal hadisə və faktlarla süjet xəttində müəyyən qollara ayrılaraq təsvir edilir. Ermənilərin bolşevik qüvvələri ilə birləşərək əliyalın müsəlman əhalini qətlə yetirməsi tarixin qara səhifəsi kimi vərəqlənir. Müəllifə görə, bu qırğınların əsas səbəbkarı siyasi hakimiyyətini bərpa edib qorumağa çalışan rus bolşevikləri idi. Ermənilər bu hadisələrdə öz maraqlarını təmin etməyə çalışan sadəcə iştirakçılar kimi çıxış edirdilər. "Mart qırğınları da bunu təsdiq etdi: müsəlmanlar rus-erməni ittifaqı qabağında əliyalın qurbanlar kimi qaldılar: xristianlar nə qədər müsəlman öldürmək istədilər, o qədər öldürdülər". Sonra böyük talan başladı. Bu talanandan ən çox qazanan da, ermənilər oldu. Bu proseslərin gedişatı inkişafı, erməni Saranın, Karlenin, rus molakanı Tanyanın fəaliyyətində aydın şərhini tapır. Qırğından sonra başlanan böyük talan dövründə Şaumyanın əlaltısı olan bu ermənilərin fəallaşması, Abtalıbla iş birliyi qurması hadisələrin tipik inkişafını əks etdirən səhnələrdir.

Müəllif ermənilərin etnogenizi barədə də mükəmməl məlumat verməyi vacib bilir. Pers-yunan, erməni mənşələrinin araşdırılması, perslərin, iranlıların yunanlar-barbar slavyan və norman tayfalarıyla qaynayıb-qarışması müəllifin tədqiqat obyektinə çevrilir. Sonra ermənilər barədə qənaətlərini bəyan edir: "Ermənilər də indiyəcən pers adını daşıyan yunan kökənli tayfalardan birinin varisləridir. Ermənilərin dili də İran ləhcələrindən biridir, qrabar dedikləri isə Sasanilər dövlətinin yazılı yunan köklü dilinin xristianlığa uyğunlaşdırılmış ləhcəsidir...

 Onlar tarixən dövlətçi yox, xidmətçi bir tayfa və kilsə olublar. Yalnız bolşeviklərin sağlam düşüncədən uzaq, avantürist və insana qarşı cinayətlərlə dolu olan layihələrində iştirak sayəsində əvvəllər İran, sonralar isə türk padşahlarına məxsus torpaqlarda Lenin və Stalin onlar üçün dövlət yaratdı". Müəllif gələcəyə nikbin baxışlarını da izhar etməyi unutmur. "Yer üzündə müsəlman qılıncı kəsərli olanda, Avropa çürüyüb dağılanda erməni problemi də öz-özünə həllini tapacaqdır".

Romanda Nuru Paşanın rəhbərliyi ilə türk-müsəlman ordusunun Bakıya gəlişinin təsviri, mart qırğınlarının fəsadlarının aradan qaldırılmasında göstərilən milli mücadilələr də geniş şaxəli əksini tapır. Siyasi hadisələr dolanbacından bu yürüşün yarıda qırılmasının Azərbaycan xalqının taleyində oynadığı mənfi rol da tarixin ironiyası kimi qiymətləndirilir.

Əsərin baş obrazlarından biri kimi Abtalıbın taleyi romanın sonunadək müəllif tərəfindən obyektiv şəkildə izlənilir və real ştrixlərlə təsvir edilir. Abtalıb sənaye məktəbini bitirsə də, dövrün qabaqcıl ziyalılları ilə oturub-dursa da, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, İsa bəy Aşurbəyov, Şıxbabayev kimi siyasi həyata qoşulmur, orta sahibkar olaraq qalır. Həyata bir qədər laqeyd münasibəti, şəkkaklığı, bəzi hallarda gözləmə mövqeyi tutması da son anda onun həyatını xilas edə bilmir. Ümumi axın onu da ağzına alıb aparır.

Dünyanı ağıl, şüur, ideyalar deyil, hökm, terror əməllər top-tüfəng idarə edəndə ayrı-ayrı xalqların varlığı da təpki altında olur, azad milli iradə zorlanır, ictimai həyat xaosa bürünür, hökmranlıq edən təhdid və zor xalqı kütləyə çevirir. 1918-20-ci illərdə Bakı məhz, belə bir xaosla üz-üzəydi. Azərbaycan xaqlı belə bir başıpozuq təhdidlə qarşılaşmışdı. Siyasi hakimiyyət bir yana qalsın, ümumiyyətlə siyasətə yaxın buraxılmayan azərbaycanlılar bu zaman Bakının ögey övladı, hüquqsuz vətəndaşı, hadisələrin seyrçi izləyicisi vəziyyətinə salınmış, son anda qurbanlığa çevrilmişdilər. Rus-erməni bolşevizmi Azərbaycan xalqının quruca varlığı ilə barışa bilmirdilər. Onların fiziki cəhətdən kökünü kəsmək üçün hər cür hərbi-siyasi avantüralara əl atırdılar. Xalq isə öz varlığını hər vəchlə sübut etmək üçün iradə nümayiş etdirir, kütləvi güc sərgiləməyə çalışırdı. Müəllif bu məsələnin məntiqi əsaslarını belə təqdim edir: "İnsan toplumları yəqin tarixi hadisələrlə öz taleyi arasında əlaqə görəndə və tapanda xalqa çevrilir. Bundan əvvəl isə görünür, əhali olurlar". Bakıda yerli müsəlman camaatın xalqa çevrilmə prosesi də məhz, bu burulğanlardan keçirdi. Milli şüur formalaşır, xalq özünü tanıyır və tarixi missiyasını dərk etməyə başlayırdı. "O zamankı Bakı ziyalı mühitində əsas dəyər müsəlman təəssübkeşliyi idi. Rusiya müsəlmanlarına da 1905-ci ildə verilən mətbuat yaratmaq imkanından sonra bizim tapdığımız ən əsas ideya bu idi: biz müsəlmanıq... Qəzetlər bu şüuru yaratdı bizdə. Öz dilimizdə qəzetlər sayəsində dedik: biz müsəlmanıq və dinimiz də o birilərindən üstündü,  onun ətrafında birləşmək lazımdır..."

Bəli, zaman o zaman idi ki, milli hərəkat  hələ şüurlara hakim kəsilməmişdi. İctimai-siyasi proseslər millət yox, ümmət şüari altında həyata keçirilirdi. Bu zaman Azərbaycan xalqının adı hələ düz-əməlli tapılmamışdı. Bu, sonralar, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Şahtaxtlı və başqalarının simasında ictimai şüurda özünə yer tapmağa başladı.

Əsərə dəyər gətirən əsas məziyyətlərdən biri bədii ölçülərin-təsvir vasitələrinin, obrazlı ifadə tərzlərinin, surətyaratma prosesinin yerli-yerində olması, əndazənin gözlənilməsidir. Xüsusən, insanların təqdimində, obraz yaratma məqamında Rəhim Əliyev bir nasir kimi əvəzsizdir. O, obrazların təqdimində şərhə, bər-bəzəyə, müəllif ricətlərinə ehtiyac duymur. Hər obraz öz biçimində, təbii boyasında, canlı varlığında təsvir olunur. Onların xarakteri bir-birinə münasibətdə, ictimai həyata təsir imkanlarında qabardılır və tam, dolğun, bitkin bir insan kimi təqdim edilir. Məsələn, Sara və Tanya. Onlardan biri erməni, digəri rus olsa da, sona qədər Abtalıba, ümumiyyətlə Atamoğlan ailəsinə sədaqət nümayiş etdirmələri müəllifin insani dəyərlərə verdiyi qiymətdir.

Sonda əsərin adı barədə "Tağ ev" ifadəsi dilimizdə az işlək sözdür. Adətən balaca birmərtəbəli, yer evlərinə deyirlər. Sözün ifadə dairəsi ilə məna tutumu arasında isə çox böyük fərq var. Əsərdə də "Tağ ev" ifadəsi daha çox sözün geniş miqyasında somvolik məna daşıyır. Bu milli özgürlük, milli varolumla daha çox bağlıdır. "Tağ ev" ifadəsi qədim keçmişimizdən bu günümüzə qədər milli adət-ənənəni, mentaliteti, milli şüuru əks etdirən nəsnələri özündə ehtiva edən bir rəmzdir. Milli dəyərlər itəndə fəlakətlər baş verir. Romanda bu keyfiyyətlər əsərin bədii alt şüur qatından sayrışır. "Tağ ev"i söküb yerində yeni ikimərtəbə tikəndən sonra Atamoğlan ailəsinin faciələri də göyərir. Bu, bütövlükdə Azərbaycan xalqına onun keçmişinə, qədim gələnəklərinə laqeydliyin törətdiyi fəsadlara işarədir. Xalqın milli mənliyini, keçmişini, adət-ənənələrini qorumaq, eləcə xalqın özünü qorumaqdır. Əsər bu üstün ideyaların təlqini ilə daha çox yadda qalır.

 

 





18.07.2023    çap et  çap et