525.Az

Yaddaşıma köçən səs - Vasif Quliyev yazır


 

Yaddaşıma köçən səs - <b style="color:red"> Vasif Quliyev yazır</b>

Kəndimizdə ilk televizor alanlardan biri də qonşumuz Əsgər əmigil idi. Maraqlı verilişlər olanda onlara toplaşıb, televiziyaya tamaşa edərdik. Günlərin bir günü yenə yığışıb, konsertə baxırdıq. Xanəndə və çalğıçılar ekranda görünəndə Əsgər əmi kamançaçalanı göstərib dedi: "Bu, bizim kəndçimizdir. Rəhmətlik Kərim kişinin oğludur. Uzun illər qonşu olmuşuq..." O vaxtdan da bu sözlər mənim uşaqlıq yaddaşıma əbədi həkk olundu və hər dəfə televiziyada və konsert salonlarında onun çıxışını görəndə öyünə-öyünə tay-tuşlarıma deyirdim: "Bax, bu kamançaçı bizim kəndçimizdir. Qonşumuz olub..."

Aylar, illər ötdü. İş elə gətirdi ki, Bakıda onunla qonşuluqda yaşayası oldum. Hərdən rastlaşanda uşaqlıqda olduğu kimi yenə də öz-özümə öyünürdüm. Ona görə ki, o, həmkəndlim idi və respublikamızın tanınmış kaman ustalarından biri kimi kəndimizin musiqi şöhrətini yaşadırdı.

Neçə vaxt idi ki, Elman Bədəlov haqqında yazmaq istəyirdim. Amma hər dəfə fikrimi bildirəndə nədənsə boyun qaçırır, "sağlıq olsun, niyə tələsirsən, yazarsan da!" - deyə söhbətin mövzusunu dəyişərdi. Bilmirəm bunu təvazökarlıqdan, utancaqlıqdan eləyirdi, yoxsa... Bu sözləri ondan nə az, nə çox düz on beş il eşitdim. Nəhayət, bir gün Elman müəllim altmış yaşın astanasında olanda şeytanın qıçını sındırıb, evlərinə getdim, görüşüb söhbət elədim...

Məni bu evə kamançanın sehri gətirmişdi. Ancaq elə söhbətimizin ilk dəqiqələrindən onun istedadının mənə və demək olar ki, bütün tamaşaçılara məlum olmayan yeni bir cəhəti ilə də tanış oldum. Elman müəllimdən bir hava çalmağı xahiş eləyəndə soruşdu ki, nədə çalım, kamançada, yoxsa tarda? Onun sözlərini təəccüblə qarşıladım və fikirləşdim ki, yəqin elə-belə, çoxları kimi həvəskar tarçalandır. Lakin o, tarı götürüb sinəsinə sıxanda hər şey mənə bəlli oldu. Sən demə, kamançaçı Elman Bədəlovun çox tarzənlərin həsəd apara biləcəyi əla tar çalmağı da varmış! Bunu təkcə mən demirəm. Respublikanın Xalq artisti, ustad sənətkarımız, rəhmətlik Hacı Məmmədovun sözüdür... Bir gün bir məclisdə Elman tar çalır. Onu kamançaçalan kimi tanıyanlar təəccüblənir. Hacı müəllim Elmanın çalğısına diqqətlə qulaq asandan sonra tam ciddiyyətlə və ürəkdən gələn sözlərlə deyir ki, Elman, sən, doğrudan da, əla tarzənsənmiş! Bəzi tarzənlər səndən öyrənə bilərlər. Mən Hacı müəllimin sözlərinin bir daha şahidi oldum. Nə isə... Elman müəllim tarı dilləndirməyə başladı. "Zabul-Segah"ın kövrək və lirik sədaları pəncərələrdən süzülüb, bayırdakı yaz havasına qarışırdı. Elə canü-dildən çalırdı ki, sanki ürəyi tarın pərdələrindən boylanırdı. Daha doğrusu, mən onu özü demişkən, yaşamaq anında görürdüm. Şirin barmaqları tarın pərdələrində gəzişdikcə gözlərim önündə musiqili bir həyatın səhifələri açılırdı.

...Onda Elmangilin ailəsi Ağdamda yaşayırdı. Atası Kərim və əmisi Rəhim Malıbəyli kəndinin şöhrətli ziyalılarından idilər. Əmisi gözəl tar çalır, Ağdam rayon pionerlər evinin musiqi dərnəyinə rəhbərlik edirdi. Tez-tez Elmanı da özü ilə pionerlər evinə aparır, onun musiqiyə olan həvəs və məhəbbətini daha da artırırdı. Çox keçmədi ki, Elman musiqi dərnəyinin tar şöbəsinə üzv yazıldı. Dərnəkdə tanınmış tarzən Nəriman Mehralıyevdən və əmisi Rəhimdən, evdə isə yaxın qohumu Ağalar Ələkbərovdan tar çalmağın sirlərini öyrəndi. Bir gün isə anası Rəxşəndə xanımın oğluna tar alıb gətirməsi balaca Elmanın sevincini birə-min artırdı. Həmin gündə o, bir an da olsun, tarı sinəsindən yerə qoymurdu. Hər gün radionun yanını kəsdirər, səslənən melodiyaları beyninə köçürər, sonra saatlarla oturub çalar, qavradıqlarını təkrar edərdi. O vaxta qədər çalardı ki, biləkləri qançır-qançır olardı.

Tez bir zamanda Elman tarın incəliklərinə yiyələndi, rayonun musiqi ictimaiyyəti arasında tanındı. 1947-ci ildə Ağdam Dövlət Dram Teatrına musiqi hissə rəhbəri kimi işləməyə dəvət olundu. Az vaxtda onun şöhrəti, az qala, bütün Qarabağa yayılmışdı. Hətta 1957-ci ildə gənc tarzən Azərbaycan gənclərinin Bakıda keçirilən ikinci festivalının laureatı adını qazandı. Bu, onun həyatında ən xoşbəxt günlərindən biri idi. Elman Bədəlovun ifasında lentə yazılan və hazırda respublika radiosunun musiqi fondunda saxlanılan "Şur" və "Segah-Zabul" muğamlarını dinləsək, onun mahir bir tarzən də olduğuna əmin ola bilərik.

...Qonşuluqda Əli adlı bir kamançaçalan vardı. Hər axşam o, kamançasını səsləndirəndə Elman bu ecazkar alətin səsinə diqqət kəsilər, qulaq asmaqdan doymazdı. Bu zərif səsə o qədər vurulmuşdu ki,.. Əli müəllim qonşu oğlanın bu alətə ürəkdən vurğunluğunu hiss edərək bir kamança bağlatdırıb, ona bağışladı. Elman indi də bütün mehrini kamançaya saldı, sonsuz həvəs və istəklə onun sirlərinə vaqif olmağa çalışdı. Kamançanı çaldıqca təkmilləşdi, təkmilləşdikcə ustalaşdı. Səsi-sorağı konsert salonlarından, musiqi festivallarından eşidildi. Bir neçə dəfə pioner və məktəblilərin Bakıda keçirilən respublika olimpiadalarının laureatı adını qazandı.

Bir gün Ağdam Musiqi Məktəbinin direktoru Əlipaşa Daşdəmirov Elmanı kamança dərsi deməyə dəvət elədi. Gənc kamançaçı həm dərs deyir, həm də rayon pionerlər evinin özfəaliyyət dərnəyinə rəhbərlik edirdi. Eyni zamanda o, pedaqoji texnikumu, sonra isə Ağdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat şöbəsini bitirib, bir müddət Çəmənli və Əhmədavar kənd məktəblərində müəllimlik elədi. Elman pedaqoji fəaliyyətlə məşğul olduğu vaxtlarda da kamançasından ayrılmırdı.

1947-ci il idi. Elman Bakıda keçirilən pioner və məktəblilərin yeddinci respublika olimpiadasında iştirak edirdi. Onun çaldığı "Çahargah" muğamı münsiflər heyətinin üzvü, tanınmış pedaqoq-musiqiçi Səid Rüstəmovun ürəyinə yatdı. Səid müəllimin tövsiyəsi ilə "Çahargah" Elmanın ifasında lentə alındı...

Elman Bədəlov artıq böyük musiqi sənətinə yol açmışdı. Yaradıcılığının püxtələşmə dövrünü keçirirdi. Ancaq professional musiqi təhsili yox idi, ona görə də 1957-ci ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə daxil oldu, respublikanın Əməkdar artisti Hafiz Mirzəliyevin sinfində təhsil almağa başladı. İkinci kursda oxuyarkən Səid Rüstəmov Elmanın ifaçılıq qabiliyyətini nəzərə alaraq Azərbaycan Televiziyası və Radiosu Xalq Çalğı Alətləri Orkestrinə işə götürdü. O, həm də şəhər 6 nömrəli musiqi məktəbində və Ə.Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında işləyirdi.

Elman təhsil illərində musiqi nəzəriyyəsinin əsaslarını öyrəndi, professional ifaçılıq texnikasının sirlərinə yiyələndi, sənət üslubunu daha da təkmilləşdirdi, get-gedə fərdi yaradıcılıq qabiliyyəti inkişaf etməyə başladı. Altmışıncı illərin əvvəllərində o, artıq ifaçılıq aləmində, respublikanın musiqi ictimaiyyəti arasında tanınan, özünün yüksək professionallığı və ifaçılıq fərdiliyi ilə seçilən sənətkarlardan sayılırdı.

Çalğısında Azərbaycan ifaçılıq məktəbinin klassik ənənələrini yaşadan Elman Bədəlov xanəndəni müşayiət edərkən özünəməxsus texniki vasitələrdən bacarıqla istifadə edir. Aydındır ki, muğamların və xalq mahnılarımızın iki əsas klassik ifa üslubu var: oxuyanı müşayiət etmək və solo çalmaq. Ustad kamançaçı hər iki üsulu dərindən mənimsəyib. O, oxuyanı müşayiət edərkən xanəndəni yeni-yeni barmaqlarla, xallarla ilhama gətirir. Yüksək ifaçılıq mədəniyyətinə malik olan kaman ustası xalq musiqisini dərindən bildiyindən çaldığı muğam və melodiyaların ruhunu da tamaşaçı və dinləyiciyə ustalıqla çatdıra bilir. Fərdi ifaçılığı, texniki kamilliyi ilə fərqlənən Elman Bədəlovun ifaçılığında lirizim, nikbinlik duyulur. Yanıqlı çalğısı, məharətlə işlətdiyi guşə və xallar, emosional ifa tərzi onu ustad sənətkarlar sırasına çıxarmışdı.

Elman Bədəlov bir çox tanınmış musiqiçilərlə yaradıcılıq ünsiyyəti saxlayırdı. Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov və başqaları ilə dəfələrlə tərəf-müqabil olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyündə Xan əmini və Şövkət xanımı kamançada müşayiət etdiyi indi də o dövrün tamaşa-çılarının yaxşı yadındadır. O, sənət dostları ilə birlikdə ölkənin bir çox iri şəhərlərində, Türkiyədə və Yaponiyada qastrol səfərlərində olmuşdur.

1980-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsini kamança ixtisası üzrə qiyabi bitirmiş Elman Bədəlov bir pedaqoq-musiqiçi kimi də fəaliyyət göstərirdi. Onun konservatoriyada dərs dediyi tələbələrdən Ədalət Vəzirov, Yaqut Kərimova, Ağacəbrayıl Abbasəliyev indi kamança çalmaqda heç də öz müəllimlərindən geri qalmırlar.

1982-ci ildə ona ifaçılıq sənətinin inkişafında və musiqi mədəniyyətimizin geniş təbliğində xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti Fəxri adı verilmişdi.

Ona verdiyim sonuncu suallardan biri də belə idi: "Elman müəllim, artıq altmış yaşınız var. Sizin tay-tuşlarınızın əksəriyyəti çoxdan xalq artisti adını alıblar. Bəs nə əcəb sizə indiyə qədər bu adı verməyiblər?" Müsahibim bir anlığa fikrə getdi, sonra yarızarafat, yarıgerçək dedi: "Versələr, niyə almıram ki?.." Onun bu məntiqli cavabı məni mütəəssir elədi.

Bu evə Elman Bədəlovun kamançasının sehrinə gəlmişdim. Ancaq mən bu virtuoz kaman ustasını özüm üçün həm gözəl bir tarzən, həm də gözəl bir insan kimi kəşf elədim.

...Bir gecə aldığım acılardan acı xəbər - Elman Bədəlovun ölüm xəbəri məni ildırım kimi vurdu. O gecə gözümə yuxu getmədi. O gözəl, nurani sima gözlərim önündən çəkilmədi. İnana bilmirdim onun yoxluğuna. Ancaq özümə təskinlik verirdim ki, bəlkə, bu bəd xəbər heç doğru deyil. Allah eləyəydi, bu kədərli xəbər yalan çıxaydı! Bir də fikirləşirdim ki, bu dünyaya etibar yoxdur, hər şey ola bilər.

Ertəsi gün bu xəbərin doğru olduğuna inandım. Daha nə deyəydim, nə təsəlli verəydim özümə. Yaxın tanışın, dostun ölümü adama necə də pis təsir edərmiş. Ürəyimdən nələr gəlib-keçdiyini bir özüm bildim, bir də Allah.

Elman müəllimin vaxtsız ölümü bizim hamımızı - musiqisevərləri, onu yaxından tanıyanları, qohumlarını, həmkəndlilərini - malıbəyliləri yandırıb-yaxdı. Onun yasına kimlər gəlməmişdi... Respublikanın adlı-sanlı incəsənət ustaları, sənət dostları, qohum-qonşular, bir də uzaq Almaniyadan gəlmiş gözəl müğənnimiz Yaqub Zurufçu. Yaqub ona öz qəlbinin dərinliklərində "Ayrılıq" mahnısı ilə yas saxladı. Özü demişkən, qınayan olmasaydı, Elman müəllimin qəbrinin üstündə oxuyacaqdı bu mahnını. Sənət dostu, dirijor Nəriman Əzimov isə deyirdi ki, Elmanın ölümüylə sanki mənim qolumun biri kəsildi.

Elman Bədəlov həmişə bizim qəlbimizdə, söhbətlərimizdə, sözümüzdə, musiqimizdə yaşayır. Onun adını biz həmişə hörmətlə yad edir, şirin və kövrək xatirələr danışırıq. Və yəqin ki, ancaq bununla təsəlli tapırıq.

Xalq şairi Məmməd Rahim bu misraları elə bil Elman müəllim kimi insanlar haqqında qoşub.

 

...Yarat, sən köçəndə ellər söyləsin:

Dünyadan nə gözəl bir insan gedir.

 





18.07.2023    çap et  çap et