525.Az

Ermənistanın Azərbaycana qarşı ekoloji terror cəhdləri qlobal səciyyə daşıyır


 

Ermənistanın Azərbaycana qarşı ekoloji terror cəhdləri qlobal səciyyə daşıyır<b style="color:red"></b>

Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən imzalanan bəyanata qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır. Müxtəlif ölkələrin 32 qeyri-hökumət təşkilatı tərəfindən imzalanan bəyanatı dəstəkləyənlərin sayı artıq 70-ə yaxınlaşır. Bu, bir daha onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın qlobal ekoloji fəlakət törədə biləcəyindən narahatdır.

Qeyd edək ki, bəyanatda Arazdəyəndə tikintisi aparılacaq Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun yeni ekoloji fəlakətə səbəb olacağından narahatlıq ifadə olunur. Vurğulanır ki, bu irimiqyaslı metallurgiya zavodunun yaradılması ilə Ermənistan beynəlxalq səviyyədə qəbul edilən standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirir.

Diqqətə çatdırılır ki, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir. Belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər. Onun geniş təsirlərini, insan sağlamlığı, ətraf mühit və həqiqi dayanıqlılıq üçün yaratdığı təhlükəni nəzərə alsaq, bu, vətəndaş cəmiyyəti üçün "qırmızı xətt" deməkdir. Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına və həyat təhlükəsizliyinə, fauna və floraya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcəkdir. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır. Bütün bunlar nəzərə alınaraq, QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi və BMT-nin Zərərli Maddələr və İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi kimi müvafiq beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə və müvafiq tədbirlər görməyə çağırırırlar. Bildirilir ki, Ermənistanın davam edən ekoloji pozuntularına son qoyulmalıdır.

"Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyevanın sözlərinə görə, Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur: "Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq Ermənistan Baş naziri Nikol Paşinyana ünvanladığımız məktubla məqsədimiz Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması, ekoloji böhranla əlaqədar narahatlığımızı bildirməkdir. Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının da ölkələrində baş verən ekoloji problemlərlə bağlı narahatlıqlarını bölüşürük. Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur. Bu da region əhalisinin hüquqlarının pozulmasına gətirib çıxarır".

QHT sədri bildirib ki, Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayəsi həm Cənubi Qafqaz dağlarına mənfi təsir göstərir, aşınmalara səbəb olur, həm də buradan keçən içməli su ehtiyatına, göllərə, çaylara böyük təhlükə yaradır: "Dağ-mədən sənayəsi nəticəsində kombinatlardan daxil olan ağır metal tullantılar çayları çirkləndirir. Həmin çaylar ki, transsərhəddir - Azərbaycandan, İrandan və digər qonşu ölkələrdən keçərək Xəzər dənizinə tökülür. Bununla da Xəzər hövzəsi və eyni zamanda Xəzərsahili ölkələr üçün ciddi təhlükə törədir".

Onun dediyinə görə, məktubda qeyd olunan 12 fakt ictimaiyyətə məlum olan faktlardır və dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən Ermənistana etirazlar edilib: "Belə ki, Şınıx və Tuğut kəndlərinin sakinlərinin təsərrüfata yararlı torpaq sahələrində qanunsuz mədən işləri həyata keçirilib. Nəticədə onların torpaqları yararsız hala düşüb. Həmin kəndlilər Avropa İnsan Hüquqları məhkəməsinə müraciət ediblər və Avropa İnsan Hüquqları məhkəməsi tərəfindən 2019-cu ildə Ermənistana qarşı 6 qərar qəbul edilib. Qərara əsasən Ermənistan hökuməti zərərçəkmiş kəndlilərə 69400 avro məbləğində vəsait ödəməlidir. O cümlədən, Avropa İnsan Hüquqları məhkəməsi Kəlbəcərin Zod qızıl yatağında ətraf mühitə, o cümlədən, Kür çayına zərər verən kombinatın fəaliyyətinə icazə verdiyə görə Ermənistana qarşı Ekoloji Tarazlıq Hüquqlarının pozulmasına dair qərar çıxarıb. Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Nikol Paşinyana ünvanladığı 60-dan çox məktubun cavabsız qaldığını müşahidə edirik. Ekofəallar qanunsuz şəkildə fəaliyyət göstərən Amuldağ qızıl yatağının işinin dayandırılması barədə prezident administrasiyasının qarşısında piket keçiriblər. Mədən bir neçə dəfə bağlansa da, sonradan onun fəaliyyəti bərpa edilib. Həmin ekofəalların cəzalandırılması ilə bağlı xarici mətbuatda da dəfələrlə xəbərlər dərc olunub. Transsərhəd kontekstdə ətraf mühitin qiymətləndirilməsi üzrə BMT-nin Espoo konvensiyasının və Transsərhəd Çaylar Konvensiyasının tələbləri Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulduğunu vurğulamaq istəyirik. Adları qeyd olunan mədənlərə əsasən Qərb dövlətləri investisiya qoyur. Biz həmin dövlətləri və şirkətləri də məsuliyyətli olmağa çağırırıq və öz fəaliyyətlərini beynəlxalq norma və prinsiplərə uyğun şəkildə təşkil etməyi tövsiyə və tələb edirik".

Hindistanın Qərbi Benqal əyalətinin hökumətinin Səhiyyə və Ailə Rifahı Departamentinin nümayəndəsi Hasim Abdul Halim bildirib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdayan kəndində yerləşən metallurgiya zavodunun tullantılarının atmosferə atılan yüksək konsentrasiyalı çirkləndirici maddələri sərhəd zonasının sakinlərinin sağlamlığı üçün təhlükə törədir. Onun fikrincə, tullantıların səbəb olduğu çirklənmə qocaların, uşaqların və tənəffüs yolları xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərə bilər: "Çirkləndirici maddələrə uzun müddət məruz qalma tənəffüs yollarında problemlərə, ürək-damar sistemi xəstəliklərinin və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Yerli sakinlərə təsiri minimuma endirmək üçün ətraf mühitə təsirlər hərtərəfli qiymətləndirilməli, hava və suyun keyfiyyətinə daim nəzarət edilməlidir".

Keniyanın ətraf mühitin mühafizəsi üzrə "Consortium of Grassroots" qeyri-hökumət təşkilatının (QHT) prezidenti Eliud Emerinin dediyinə görə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Ermənistanın Arazdayan kəndində iri metallurgiya zavodunun tikintisi bütün regionun ekologiyasına mənfi təsir göstərəcək: "İllik istehsal gücü 180 min ton olan metallurgiya zavodunun tikintisi ekoloji standartlara və beynəlxalq konvensiyalara zidd olaraq həyata keçirilir. Arazdayan metallurgiya zavodunun tikintisi qəbul edilmiş beynəlxalq standartlara zidd olan sərmayə qoyuluşudur. Buna misal olaraq Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) səkkiz fəaliyyət standartını göstərmək olar ki, bu da investisiyaların ekoloji və sosial dayanıqlığına dair tələbləri aydın şəkildə müəyyən edir. Hər bir sərmayə layihə müddətində ekoloji tələblərə riayət olunmasını təmin etməlidir".

O, həmçinin vurğulayıb ki, zavoddan tullantıların axıdılması bütün regionun bitki və canlı aləmi üçün bərpa olunmaz fəsadlara səbəb ola bilər: "Bizim narahatlığımız ondan ibarətdir ki, Azərbaycan və Ermənistan xalqları bu prosesə tam cəlb olunmayıb və bu, əhəmiyyətli qarşılıqlı fəaliyyətin olmaması ilə nəticələnib. Bu o deməkdir ki, əvvəlcədən razılıq alınmayıb, bu isə IFC-nin oxşar investisiyalar həyata keçirən bütün transmilli şirkətlərdən tələb olunan birinci standartıdır. Bu layihə regionun flora və faunasına ciddi zərər vuracaq. Belə ki, karbon emissiyalarının havanı çirkləndirməsi sözügedən ölkələrin biomüxtəlifliyinə birbaşa təsir göstərəcək. Buna görə də biz BMT-yə bu layihənin dayandırılması və bütün müvafiq standartlara tam əməl olunması tələbi ilə petisiya təqdim etmək niyyətindəyik".

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, torpaqlarımızı 30 il işğalda saxlamış, Azərbaycana qarşı urbisid, kultursid və geniş miqyasda ekosid törətmiş Ermənistan düşmənçilik siyasətini hələ də davam etdirir. Onun sözlərinə görə, Ermənistanla sərhəd ərazilərimiz, bu ölkədən axan transsərhəd çaylarımız ciddi ekoloji təhdidlə üz-üzə qalıb: "Ermənistan öz ərazisində ətraf mühiti korlayan dağ-mədən sənayesi müəssisələrinin fəaliyyətini davam etdirir. Düşmən ölkə bütün bunları imza atdığı beynəlxalq konvensiyaları pozaraq həyata keçirir. Çoxu sovet zamanında tikilmiş, köhnə texlonogiyalarla işləyən sənaye müəssisələri tullantıları təmizləmədən transərhəd çaylarına axıdır. Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün ciddi ekoloji təhdid halına gəlib. Azərbaycanın vətəndaş cəmiyyəti olaraq dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışıq. Bu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət etdik. Bu müraciət əslində həyəcan təbilidir".

Sevinc QARAYEVA

 

 





18.07.2023    çap et  çap et