525.Az

Təşkilatlanmaq - Səyyad Ağbabalı yazır


 

Təşkilatlanmaq - <b style="color:red"> Səyyad Ağbabalı yazır</b>

Bir neçə gün əvvəl Qərbi Azərbaycan İcmasının Amasiya-Ağbaba icma-bölməsinin geniş tərkibdə yığıncağı keçirildi. Yığıncaqda çıxış edən Amasiya-Ağbaba icma-bölməsinin rəhbəri, akademik Abel Məhərrəmov və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin taleyüklü bu məsələ ilə bağlı müəyyənləşdirdikləri strateji xətt, icmanın qarşısında duran vəzifələr barədə ətraflı məruzələr etdilər. Həm məruzəçilər, həm də çıxış edənlər Qərbi Azərbaycan torpaqlarına onun əsl sahiblərinin qayıdacaqlarına böyük inamlarını dilə gətirdilər. Amasiya-Ağbaba üzrə kənd icmalarının və idarə heyətinin tərkibi seçildi. Bütün təşkilati işlər başa çatdırıldı və sonda toplantı iştirakçıları belə bir yekdil fikir ifadə etdilər: təşkilatlanmaq və bir daha təşkilatlanmaq lazımdır. Mən də bu qeydlərimdə məhz həmin çağırışdan irəli gələn vəzifələrin icrası ilə bağlı bəzi mülahizələrimi bölüşmək istəyirəm.

 

Biz dövri-qədimdən Qərbi Azərbaycan t

ürk-oğuz yurdunun necə və kimlərin köməyi ilə erməniləşdirildiyinin tarixini lazımınca öyrənmədən əcdadlarımızın miras qoyub getdiyi həmin torpaqları hansı yollarla əsl sahiblərinə qaytarılmağın pozulan dünya nizamının indiki zamanında hansı prinsip və şərtlər daxilində mümkünlüyünü müəyyənləşdirməkdə çətinlik çəkərik. Acı həqiqət ondan ibarətdir ki, zaman-zaman nəsillərin gözləri önündə Qərbi Azərbaycanda mədəni-dini-tarixi abidələriminz erməni vandalizmi tərəfindən dağıdılıb, Azərbaycan torpaqları hesabına yaradılan Ermənistanda qədim yurd yerlərimizin adları dəyişdirilib, murdar daşnak ayaqları evimizin içinə qədər uzanıb, Çar və Sovet Rusiyasının, habelə Sovet Hökumətinin bilavasitə dəstəyi ilə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı dəfələrlə soyqırım siyasəti həyata keçirilib, biz isə susmuşuq və ya susdurulmuşuq. Ya zəlzələdən, ya vəlvələdən. Repressiya maşınına və türk qanına susamış erməni terroruna qarşı lazımınca dirəniş göstərməmişik. Sanki qondarma "sovet beynəlmiləlçiliyi" havası elə bizim üçün bəstələnibmiş. Tam tərsi - Qərbi azərbaycanlılar tarixi torpaqlarında erməni despotizmi tərəfindən əzildikcə elə həmin ermənilərin qohum-əqrəbaları, doğmaları, daşnak tör-töküntüləri Azərbaycanda çox yaxşı rahatlıq tapıb, daha çox irəli gedib, daha çox kürsüyə yiyələnib və məqamı gələndə Qarabağla bağlı qanunsuz ərazi iddiaları üçün daha çox zəmin yaratmışlar. Bəs bütün bunlar niyə baş verib?

Tarix üçün çox da uzun olmayan bir zaman kəsiyi ərzində (1918-1969-cu illər) Azərbaycana rəhbərlik edənlərin yürütdükləri qeyri-milli, həm də antiazərbaycan siyasətinin, hakimiyyət strukturlarına əsasən qeyri-azərbaycanlıların, həm də Azərbaycan xalqına düşmən kəsilənlərin (xüsusi ilə də ermənilərin - S.A.) daraşması, erməni şovinizmini əlindən tutub Kremlin otaqlarını gəzdirənlərin bütün tapşırıqlarına "bəçeşm" - deyə riayət edənlərin prinsipsizliyi nəticəsində, yəni Azərbaycan xalqına, onun dövlətinə canı-qanı ilə bağlı olan, respublikanın ərazi bütövlüyünü qorumaq üçün nəinki  canın qurban verməyə hazır olan, heç kreslosunu belə itirməyə razı olan lider olmayıb. Ulu öndər hakimiyyətə gələnə qədər ayrı-ayrı vaxtlarda ermənilər Azərbaycan torpaqlarının müəyyən hissəsini bu və ya digər yollarla qopararaq erməniləşdiriblər. Ümummilli liderin Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında dedikləri: "1968-1969-cu illərdə Ermənistan Azərbaycana qarşı yenə də torpaq iddiaları ilə çıxış etdi. Onlar Naxçıvanın Ermənistanla sərhədində, Sədərək rayonunun ərazisindən bir qisim torpaqlara, sonra Ordubad tərəfdən Mehri ilə sərhəddə olan torpaqlara, Gədəbəy rayonundakı Tağlar kəndinə, Qazax, Qubadlı və Laçın rayonlarından bir qisim torpaqlara iddia edirdilər. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtki rəhbərləri də  bununla razılaşmışdılar. Hətta Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti, onun sədri İskəndərov fərman imzalamışdı ki, o torpaqlar verilsin. 1969-cu ilin iyul ayında mən o vaxtkı Mərkəzi Komitənin birinci katibi seçildim. Həmin məsələni mənim qarşıma çıxardılar. Moskvadan da çox böyük təzyiqlər edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim ki, imkan verin mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırdıqdan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi. 1985-ci ildə (artıq Ulu öndər Azərbaycanın rəhbəri deyildi - S.A.) Ermənistan tərəfi bu qərarın həyata keçirilməsinə nail oldu". 

Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Onun yürütdüyü siyasət milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlməsinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsinə istiqamətlənmişdi. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların mütləq əksəriyyətinin azərbaycanlı olmasına xüsusi diqqət yetirilmişdir. Ulu öndər Heydər Əliyevin xalqımızın önündə, Azərbaycan tarixi qarşısındakı xidmətlərindən biri də torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu zamanlar xalqa, vətənə, dövlətə sədaqət nümunəsi kimi, sözün əsl mənasında çarpışmasıdır.

Tarixi Qərbi Azərbaycan torpaqlarının, o cümlədən də, Azərbaycan SSR-in ərazisindən nə vaxt, nə qədər, hansı ərazilərdən ermənilərə verilməsi (və ya ermənilərin zəbt etməsi - S.A.) bu yazının mövzusu deyil. Bu faktlar həm Azərbaycanda, həm Ermənistanda, həm də Moskva arxivlərində mövcuddur. Bu reallıqları nəinki Azərbaycanda, həm də dünyanın dörd bir köşəsində yaşayan azərbaycanlılar dərindən öyrənməli və gələcək nəsillərə ötürməlidir.

Hər kəs aydın dərk etməlidir ki, indi söhbət tarixi faktları və reallıqları öyrənməkdən və ötürməkdən getmir. Söhbət bu və ya digər səbəblərdən itirilmiş torpaqların geri qaytarılması uğrunda aparılmalı olan mübarizədən, Qərbi Azərbaycana qayıdış arzularının reallığa çevrilməsindən gedir. Ulu öndər deyirdi: "Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır. Azərbaycanın tarixi torpaqları qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər onları qaytarmalıdır".

Bir daha vurğulamaq istəyirəm ki, vətən, torpaq namusu çəkən hər kəs bu fikirdədir ki, Qərbi Azərbaycana qayıdış da indi baş verməlidir, itirmiş torpaqların davası da indi çəkilməlidir. Niyə? Çünki Ulu öndərin bu məsələ ilə bağlı müəyyənləşdirdiyi strateji siyasi xətti müasir dövrün çağırışlarına uyğun və onu çox qətiyyətlə yerinə yetirən cənab İlham Əliyev kimi prezidentimiz, Müzəffət Ali Baş Komandamız var. O, aydın yol xəritəsi hazırlayıb. Məqsədə çatmağın yollarını göstərib. Bütün təzyiqlərə baxmayaraq (olsun böyük dövlətlər və ya nüfuzlu beynəlxalq təşkilatlar - S.A.), yenilməz sərkərdəlik qabiliyyəti nümayiş etdirir. Dəmir məntiqi ilə ən qatı daşnağı da, o daşnağın havadarlarını da yerdən-yerə vurur. Azərbaycan liderinin yumruğunu sıxaraq Avropanın göbəyində erməni baş nazirinin sərsəm bəyanatına qarşı "Qarabağ Azərbaycandır və nida!" fikrini səsləndirməsi zamanı ortalığa sanki "su ələndiyi" səhnəsini xatırlayırsınız?

Bəs "Armenia", "Armenia", "Yerevan", "Yerevan" - deyib saxta tarix düzəldənlərə necə cavab verdi? O dedi: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. İrəvan bizim tarixi şəhərimizdir. Göstərin görək İrəvanının tarixi mərkəzi haradır? Haradır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir, haradadır bunun tarixi mərkəzi? Bəs necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi. Hansını ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən, İrəvan qalası, Sərdar sarayı dağıdılıb".

Gəlin açıq etiraf edək ki, elə Qərbi azərbaycanlıların böyük əksəriyyəti belə Prezident İlham Əliyevin "Tarixi torpaqlarımızı, yurd yerlərimizi öz doğma adları ilə çağırın" səslənişinə qədər "Masis", "Yerevan", "Vardenis", "Krasnoselsk", "Kalinino" və sair kimi qondarma adları dilə gətirirdilər. Məhz Azərbaycan Lideri, az qala böyüklərin əlindən tutub barmaqlarını tarixi adların üzərinə qoydu. Bizi silkələdi, ayıltdı. İndi silkələnib ayılmış başların hədəfə doğru yorulmadan, qorxub-çəkinmədən qətiyyətlə mübarizəyə başlaması vaxtıdır. Bunun üçün isə təşkilatlanmaq lazımdır, bəli təşkilatlanmaq. Təbii ki, tarixi təxminən 300 (üç yüz) ilə dayanan erməni-daşnak diasporu ilə mübarizə aparmaq asan olmayacaq. Ancaq onu həqiqətin və inamın, vətən sevgisinin, vətənə qayıdışın gücü ilə yerində oturtmaq mümkündür və mümkün olacaq. Bəzən biz "kaftar bir ifritə divi" həddindən çox şişirdir və məğlubedilməz hesab edirik. Amma "çaqqalların ağalığı qurd ayağa qalxana qədərdir" zərb-misalı 44 (qırx dörd) günlük vətən müharibəsində öz təsdiqini bir daha tapdı.  

Biz təşkilatlanıb nə edə bilərik? Amasiya-Ağbaba icmasının timsalında bir neçə mülahizəyə diqqət çəkmək istəyirəm. Təbii ki, mətbuat üçün məqbul hesab edilənlərə. 1988-1989-cu illərdə Ağbabadan deportasiya edilənlərin sayı, aşağı yuxarı, 20.000 (iyirmi min) nəfər olub. Ötən 35 ildə təbii artımı nəzərə alsaq, hazırda Azərbaycanda və xarici ölkələrdə kökü Ağbabaya gedib çıxan 80-100 min insan var. Onların arasında akademiklər, sanballı tədqiqatçı alimlər, etnoqraflar, tarixçilar, beynəlxalq aləmdə tanınan həkimlər və hüquqşünaslar, iş adamları və digər peşə sahibləri var. İcmanın fəaliyyət nüvəsini məhz onlar təşkil etməlidirlər. Məncə, təxminən bu istiqamətlərdə:

* İcmanın bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə "Ağbaba dərsləri" təşkil etmək olar. Bu dərslərə bütövlükdə Ağbabanın, həm də ayrı-ayrı kəndlərin tarixi, dini-mədəni-tarixi abidələri, flora və faunası, yetirmələri və s. barədə sanballı materiallar hazırlanmalıdır. Onlar ümumiləşdirilərək, ən azından, ingilis, rus, fransız dillərinə tərcümə olunaraq lazımi ünvanlara göndərilməlidir.

* Ölkənin hüdudlarından kənarda yaşayan ağbabalılarla əlaqə qurula, onların hansı sahədə və istiqamətdə fayda verə biləcəkləri öyrənilə və konkret fəaliyyətə cəlb oluna bilərlər.

* Qərbi Azərbaycan İcmasının xətti ilə keçiriləcək beynəlxalq konfrans və simpoziumlarda digər icmalarla sıx, yalnız və yalnız kordinasiyalı şəkildə fəaliyyət göstərilmək, panel yığıncaqlar təşkil etmək olar.

* Ağbabanın tarixini, keçdiyi keşməkeşli yolu, erməni terrorizmi və faşizmi tərəfindən 1905, 1915, 1918-1920-ci illərdə törədilən qırğınları əks etdirən qısa-metrajlı sənədli filmlər hazırlamaq və yaymaq olar.

* Ağbabada milli kadrların necə repressiya edildiyini, mahalda rəhbər vəzifələrdə çalışan azərbaycanlıların "dəftərdən necə silindiyini" tarixi faktlar əsasında araşdırmaq və video-roliklər vasitəsilə nümayiş etdirmək olar. Bu məsələ ilə bağlı ayrıca kitabçalar da hazırlamaq mümkündür.

* Ağbaba türklərini, layla və bayatıları, Ağbaba folklorunu, saz və söz adamlarının yaradıcılığını tam külliyyat halında toplayıb nəşr etmək məqsədə uyğun olar.

* 1915, 1918-1920-ci illərdə Ağbabada daşnak Andronikin qaniçənlərinə qarşı mübarizənin tarixini, onun gedişini "Ağbaba dirəniş hərəkatı"nın ("Dirəniş hərəkatı" ilə də bağlı tədqiqatçı tarixçi alim Nazim Mustafa çox dəyərli məlumatlara və geniş materiallara sahibdir - C.A.) fəaliyyətini meydana gətirmək.

* Qərbi Azərbaycan İcmasının ümumi fəaliyyəti çərçivəsində ilkin olaraq xarici ölkələrin səfirliklərinə, xüsusi olaraq xaricdə fəaliyyət göstərən Ermənistan səfirliklərinə petisiya-müraciətlər göndərmək, beynəlxalq təşkilatların qapısını eşidiləcək formada döymək yerinə düşər.

Zaman dəyişib. İndi rəqəmsal informasiyalar dövrüdür. Qeyd olunanların həyata vəsiqə alması üçün ancaq və ancaq onun gücündən, sürətindən, təsir vasitələrindən istifadə etmək lazımdır. Sosial media seqmentlərinin həlledici rolunu isə unutmaq olmaz.

Təbii ki, bütün bunlar mənim subyektiv düşüncələrimdir. Təkcə bu qeyd etdiklərim çox gərgin təşkilati iş, canyanğısı, itirilmiş torpaqların geri qaytarılması naminə fədakarcasına çalışmaq, həm də ciddi maliyyə imkanları tələb edir. Onların hamısı da var. Qalır qolları çırmayıb başlanmış işi axıra çatdırmaq - Qərbi Azərbaycan İcması ətrafında bir yumruq kimi birləşərək fəaliyyət göstərmək. Qərbi Azərbaycan naminə, itirilmiş torpaqların namus və şərəfi üçün ciddi surətdə təşkilatlanmalı, bir daha təşkilatlanmalı və yenə də təşkilatlanmalıyıq.

P.S. Yuxarıda qeyd etdim ki,"kaftar divi çox da qorxunc, heybətli, məğlubedilməz hesab etməyin". Niyəsini də dedim. İndi başqa bir məqama toxunmaq istəyirəm. Təsəvvür edir ki, yalnız Ağbabadan deportasiya edilən 10.000 nəfər hər gün bu kaftarın bədəninə ağrını hiss edəcək dərəcədə biz batırır. Nə baş verər? Bəs 1.000.000 Qərbi azərbaycanlı birdən biz batırsa, divin əhvalı necə olar?

P.P.S. Hərdən gözlərimi qapayıb uzaqlara baxıram. Görürəm ki, yüz minlərlə Qərbi azərbaycanlı əllərində "Biz evimizə dönürük!", "Biz doğma torpaqlarımıza qayıdırıq!" şüarları ilə Ermənistan sərhədinə dirəniblər.

P.P.P.S. İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdışı məsələsi də müzakirəyə çıxarılıb. Cənab Prezidentin iradəsilə bu məsələnin Ermənistanla Azərbaycan arasında davamlı sülhün təmiantı üçün zəruri şərtlərdən biri kimi belə bir müstəvidə müzakirəsi mühüm siaysi əhəmiyyət etməklə bərabər, həm də qayıdışa inamı daha da möhkəmləndirir.

 





19.07.2023    çap et  çap et