525.Az

Lazer internetin hansı üstünlükləri var?


 

Lazer internetin hansı üstünlükləri var?<b style="color:red"></b>

Müasir dövrdə sosial şəbəkələr və internet həyatımızın bir parçasına çevrilib. Müxtəlif funksiyaları yerinə yetirən çoxlu sayda şəbəkələr mövcuddur ki, biz onlar vasitəsilə bir çox problemlərimizi həll edirik. Bunların içində gələcəkdə ən çox istifadə edəcəyimiz şəbəkələrdən biri də lazer internetdir. Bəşəriyyət vahid informasiya məkanının yaradılacağı yeni dünyanın astanasındadır. Get-gedə yaranan sıxlıq səbəbindən köhnə kommunikasiyalar artıq informasiya axınının öhdəsindən gələ bilmir. Buna görə də kommunikasiya sıxlığının gur olduğu şəhərlərdə, eləcə də qazıntı işləri aparıla bilməyən yerlərdə lazer internetdən istifadə daha məqsədəuyğundur.

İşıq şüasından istifadə edərək məlumatların ötürülməsi üsulu hələ XX əsrin əvvəllərində təklif olunub. Bu sahədə ilk kommersiya məhsulları on il əvvəl ortaya çıxıb. Mütəxəssislərin fikrincə, lazer gücü nə qədər böyükdürsə, bir o qədər çox məsafəni qət etmək imkanına malikdir. Elə buna görə də, hazırda  güclü kommersiya lazerlərdən istifadə olunur. 

İT mütəxəssisi, ABB Təhlükəsizlik Arxitekturasının direktoru Abid Əsgərzadə "525"ə açıqlamasında lazer internetin son dövrlər daha çox aktuallaşan bir texnologiya olduğunu bildirir: "Lazer internet və ya başqa dillə desək, "naqilsiz optik şəbəkə" işıq yolu ilə məlumat mübadiləsini həyata keçirən texnologiyadır. İşıq dalğaları ilə kommunikasiyanı həyata keçirən fiberoptik texnologiyadan fərqli olaraq burada heç bir kabelləşmədən istifadə olunmur. Məhz bu faktor da, sözügedən  texnologiyanın gələcəkdə çox böyük faydalarını ola biləcəyindən xəbər verir. Buna bənzər "Li-fi" texnologiyası da var ki, bu, daha çox daxili məkanlarda istifadə üçün nəzərdə tutulub. Lazerdən fərqli olaraq "Li-fi" lazer işıqlarını deyil, işıq spektrumunu istifadə edərək prosesləri həyata keçirə bilir. Dünyada lazer internet tətbiqinin yeni başlanılması və araşdırılması faktorlarını nəzərə alaraq ölkəmizdə yaxın zamanlarda bu şəbəkənin tətbiqi gözlənilmir. Onu da qeyd edim ki, bir çox ölkələrlə müqayisədə ölkəmizdə internet kabelləşmə infrastrukturunun məhdud olduğu ərazilər elə də çox deyil. Lakin aran bölgələri kimi daha düz landşafta malik bəzi ərazilərdə lazer internetdən istifadə məqsədəuyğun sayıla bilər".

Qeyd edək ki, lazer internet daha çox əhalinin sıx məskunlaşdığı, kabelləşmə infrastrukturunun quraşdırılmasında çətinliklər yarandığı ərazilərdə tətbiq olunur.  Araşdırmalar göstərir ki, peyk interneti ilə müqayisədə lazer internet daha ucuz başa gəlir. Eyni zamanda bir çox faktorlar var ki, bunlar lazer internetin gələcəkdə daha da geniş yayılacağından xəbər verir. Bunların sırasına yüksək sürət, daha geniş əhatə dairəsi və əlçatanlılıq, inteqrasiya imkanları və s. aiddir.

Onu da qeyd edək ki, naqilsiz internet texnologiyası hələ geniş formada tətbiq olunmur, çünki bunu dəstəkləyən cihazlar və infrastruktur hələ geniş yayılmayıb. Mütəxəssislərin sözlərinə görə ABŞ, İngiltərə, Almaniya, İspaniya, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə bununla bağlı müəyyən işlər görülür.

Havar ŞƏFİYEVA

 





19.07.2023    çap et  çap et