525.Az

Kəskin iqlim dəyişmələri: səbəblər və fəsadlar


 

TƏHLÜKƏLİ ATMOSFER HADİSƏLƏRİ SON ZAMANLAR DAHA TEZ-TEZ MÜŞAHİDƏ EDİLİR

Kəskin iqlim dəyişmələri: səbəblər və fəsadlar<b style="color:red"></b>

Çoxillik statistik məlumatlara görə, Azərbaycanda son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın sözlərinə əsasən, son zamanlar hava şəraiti ilə bağlı narahatedici xəbərlər əhalidə suallar yaradır, səbəblər müzakirə olunur: "İqlim sistemini hərəkətə gətirən müxtəlif amillər arasında El-Nunyo və La-Ninya hadisələrinin xüsusi rolu mövcuddur. Baş verən təbii proseslər iqlim dəyişmələri fonunda keçir, buna görə də qlobal temperatur artdıqca yağıntıların fəsillik rejiminə təsir göstərir, hava şəraitinin ekstremallığı artır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən deyə bilərik ki, təbiət hadisəsi olan El-Nunyo bu yay geri dönməyə hazırlaşır. Bu, ekvatorial Sakit okeanda okean səthinin temperaturunun, onun üzərindəki atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqələndirilir ki, bu da dünyanın bir sıra regionlarında hava və iqlim rejimlərinə əhəmiyyətli təsir göstərir. Bu hadisə Cənubi Amerika sahillərindən Avstraliyaya qədər Sakit Okeanın tropik hissəsində yerüstü su qatının temperaturunun qısamüddətli artması deməkdir. Bu ilin iyun ayını Azərbaycanda dəyişən iqlimlə bağlı fəsadların artması modeli kimi qiymətləndirmək olar. Bunun üçün əsas var. Çoxillik statistik məlumatlara görə, son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Belə ki, bu il artıq 45 sel hadisəsi baş verib, bu da keçən ilin rekordunu üstələyib (2022-ci ildə 43 hadisə müşahidə olunub). Son 10 ildə isə iyun ayında orta hesabla 3-9 arası del-daşqın hadisəsi qeydə alınırdısa, keçən il 18, bu ilin iyun ayının 15 günü ərzində 26 belə hadisə olub".

Nazir müavini bildirib ki, bu cür mənzərə həm də qonşu ölkələrdə, o cümlədən, Türkiyədə, Rusiyanın cənubunda müşahidə olunur: "Ərazimizdən keçən soyuq atmosfer cəbhələri kəskinləşərək yağıntıların qeyri-bərabər paylanması ilə müşayiət olunur, hətta Qax rayonunda olduğu kimi, bir gündə aylıq normanın 120 faizi qədər yağıntı düşür. Ümumilikdə isə yarım ay ərzində Böyük Qafqazın bəzi ərazilərində qeydə alınan yağıntının miqdarı aylıq norma göstəricilərini 2,4 dəfə aşıb. Daşkəsən-Gədəbəy zonasında 110 mm miqdarında olub. Hətta Mərkəzi Aran zonasında Sabirabadda aylıq normanın 122, Tərtərdə 65, Yevlaxda isə 75 faizi müşahidə edilib. Dolu hadisəsi bu ilin iyun ayında keçən illə müqayisədə daha çox təkrarlanmış, belə ki, 01-15 iyun tarixlərində 31 dəfə dolu hadisəsi qeydə alınıb, ötən il isə 18 belə hadisə olub. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 mm qeydə alınıb. Qeyd edim ki, gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıqlar qabaqcadan müvafiq plan-sxemlər əsasında təqdim edilir, "meteo.az" saytında hava şəraiti ilə bağlı proqnoz və xəbərdarlıqlar daim yenilənir".

U.Tağıyeva vurğulayıb ki, təhlükəli atmosfer hadisələrinin artmasını biz gündəlik həyatımızda son zamanlar daha çox müşahidə edirik. İqlim dəyişikliyi artıq Yer kürəsinin hər bir bölgəsinə təsir edir: "Ekstremal hava, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə təsir göstərir".

O əlavə edib ki, ölkədə hidrometeoroloji xidmətin potensialının artırılmasına, müasir yanaşmaların tətbiqinə xüsusi önəm verilir, dövlət investisiya layihələri çərçivəsində yeni texnoloji həllər tətbiq olunur. Bütün bunlar iqlim dəyişmələri fəsadlarına uyğunlaşma strategiyasının əsaslarını təşkil edir.

Umayra Tağıyevanın söylədiyinə görə, son zamanlar iqlim dəyişmələrinin fəsadları özünü daha qabarıq göstərməkdədir. Daha çox yağıntıların qeyri-bərabər paylanması müşahidə olunur. Belə ki, Azərbaycanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir: "Təəssüflər olsun ki, bəzən sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir. Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır. Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var. Unutmamalıyıq ki, hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Selin istiqamətini öncədən müəyyənləşdirmək olmur. Bununla yanaşı, sel iri gətirmələrlə, daş qaya ilə müşayiət oluna bilir. Bəzən əmlakını xilas etməyə çalışanlar öz həyatlarını təhlükə altına qoyurlar. Əhaliyə bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq şəkildə nəzərə alsınlar. Sel-daşqın hadisələri baş berən ərazilərdən mümkün qədər tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas edə bilər".

O vurğulayıb ki, iqlim dəyişmələrinə uyğunlaşma məsələsi diqqət mərkəzindədir. İqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından belə faydalanmaq olar: "İqlim dəyişmələri Dövlət Komissiyasının Tədbirlər planına iqlim dəyişikliyi ilə bağlı risklər, təsirlərin yumşaldılması və mümkün fəsadlara hazırlıq məsələlərini nəzərdə tutan Milli Adaptasiya Planının hazırlanması daxil edilib. Çoxillik meteoroloji müşahidələrin təhlili göstərir ki, yazda orta sutkalıq temperaturun 10°C-dən yuxarı olan dövrünün davamiyyəti 20 günədək artıb və regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım daha çox dağlıq ərazilərdə müşahidə olunur. Bu da isti qurşaqların sərhədlərinin yuxarıya doğru 150-250 m yüksəlməsinə səbəb olub. Nəticə etibarilə ölkə ərazisində isti və mülayim qurşaqların sahələrinin genişlənməsinə, soyuq qurşağın sahəsinin azalmasına səbəb olaraq, istisevən bitkilərin əkin sahəsinin artması üçün imkan yarana bilər. Yeni iqlim şəraitinə uyğunlaşma tədbirlərinin seçilməsində elmi araşdırmalara əsaslanan qərarların qəbul edilməsi vacibdir".

Umayra Tağıyevanın sözlərinə əsasən, iqlim dəyişmələri fonunda təbii risklər sosial risklərin də artmasına təkan verir. Məsələn, yağıntıların azalması - bu halda kənd təsərrüfatı işləri yalnız suvarma ilə aparıla bilər. Quraqlıqlar qida təhlükəsizliyi məsələsini qabardır. Anomal hidrometeoroloji hadisələrin, o cümlədən, təbii fəlakətlərin sayının artması, anomal istilər, güclü küləklər, daşqınlar, sellər və s. insan sağlamlığı üçün yarana biləcək riskləri artırır. Buna görə iqtisadiyyat üçün gələcək regional iqlim ssenarilərinin işlənilməsi və onların əsasında mümkün uyğunlaşma tədbirlərinin hazırlanması zərurəti ön plana çıxır. Bu baxımdan beynəlxalq təşkilatların metodiki dəstəyinə də ehtiyac var.

Ekoloq Asəf Bayramov deyir ki, dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir: "Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel, daşqınların sayı və gücü artıb: "Azərbaycan iqlim dəyişmələrinin  təsirlərinə yüksək dərəcədə həssas, inkişaf etməkdə olan ölkədir. İstilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız  0.1 faizini təşkil edir".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutundan bildirilib ki, iqlim dəyişikliyinə təbii və antropogen amillər təsir edir. Təbii amillərə vulkan püskürmələri, meşə yanğınları və sair aiddir. Bunlar atmosferə müxtəlif zərərli qazlar buraxır, qaz tərkibini müəyyən qədər dəyişir, bu da Yerin Günəşdən aldığı istiliyi artırır. Antropogen amillərdən isə sənaye müəssisələrinin inkişafı, avtomobillərdən atılan qazlar, təmizləyici qurğuların olmaması, səhralaşma prosesi iqlimin dəyişməsinə təsir edir. Qlobal istiləşmə nəticəsində təbii zonaların, iqlim qurşaqlarının sərhədləri dəyişə, meşələr təbii şəkildə məhv ola, səhralaşma prosesi baş verə, torpaq eroziyası güclənə, güclü tayfunlar, tornadolar müşahidə edilə bilər. Həmçinin, isti hava dalğalarının təkrarlanması müşahidə edilir. Bunlar hamısı həm cəmiyyətə, həm də təbiətə mənfi təsir göstərən amillərdir.

Sevinc QARAYEVA

 

 





19.07.2023    çap et  çap et