525.Az

İkidilli təlimin tədris standartları - Telman Cəfərov yazır


 

TƏLİMİ QEYRİ-DÖVLƏT DİLLƏRİNDƏ APARAN TƏDRİS MÜƏSSİSƏLƏRİNDƏ BU DƏRS İLİNDƏN AZƏRBAYCAN DİLİNİN TƏDRİS DİLİ KİMİ TƏTBİQİNDƏ PROBLEM GÖRMÜRÜK

İkidilli təlimin tədris standartları - <b style="color:red"> Telman Cəfərov yazır</b>

Məqalənin başlığına çıxarılan mövzu azı son on ildə Azərbaycan cəmiyyətini narahat edən çox ciddi bir tədris-təlim probleminin həlli istiqamətində bu gün tərəfimizdən asanlıqla verilən reseptin mahiyyəti ilə bağlıdır. Təlimi qeyri-dövlət dillərində təşkil edən məktəbəqədər və ümumi təhsil müəssisələrində tədris dili kimi dövlət dilinin tətbiqinin reallaşması ilə əlaqədar təhsil sistemimizin qarşısında qoyulan vəzifələrin həlli yolları bir neçə vacib qanunvericilik aktı ilə təsdiqləndiyindən ("Təhsil haqqında", "Ümumi təhsil haqqında" qanunlar, "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (MKÇ), bu yönümdə Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılıb, layihələr təklif edildiyindən artıq cəmiyyətdə müvafiq təsəvvürlərin və ictimai rəyin formalaşdığına əminik. Elə düşünürük ki, Qarabağa Zəfər yürüşümüzdən sonra Şərqi Zəngəzurda başlanan dirçəliş və quruculuq işlərinin, Türk dünyasının mədəniyyət paytaxtı, maarif və musiqi tariximizin qürur yeri Şuşamızdakı möhtəşəm tədbirlərin, ölkədəki ictimai-siyasi və regionumuz ətrafında diplomatik münasibətlərin fonunda təhsilimiz yeni milli məzmun, yeni nəfəsin intizarındadır. Digər tərəfdən, elmi konfranslarda, respublika mətbuatında, o cümlədən, "525-ci qəzet"in səhifələrində, sosial şəbəkələrdə göstərilən mövzuda çıxışlarımız, təhsilə aidiyyəti olan instansiyalara müraciətlərimiz gəldiyimiz qənaətin oxucularda şübhə doğurmayacağına əminlik yaradır.

Gəlin, bir anlığa düşünək və özümüzə sual verək: əgər bu gün təlim qeyri-dövlət dillərində aparılan tədris müəssisələrimizdə Azərbaycan dilini tədris dili kimi istifadə etməklə azərbaycanşünaslıq materiallarının tədrisdə geniş şəkildə tətbiqi mümkündürsə, bu, gənc nəsillərin milli ruhda tərbiyə olunması arzumuza uyğundursa, ciddi maliyyə sərf etmədən burada müvafiq tədris standartları və planları təklif edə biliriksə, ən əsası, uşaqların əcnəbi dilləri mənimsəmə, sonrakı təhsil pillələrində və karyera inkişafında uğur qazanma arzusunu reallaşdıra biliriksə, niyə dünyanın qabaqcıl təhsil sistemləri üçün xarakterik olan ikidilli və çoxdilli təhsil modellərinə keçməkdən çəkinirik?

Təhsilalanın, təhsil verənin, əmək bazarına, həyata vəsiqə alanın, təhsilini növbəti mərhələdə davam etdirmək arzusunda olan məzunun, tədris prosesini təşkil edən istənilən tipdən olan tədris müəssisəsinin Azərbaycanda tədris standartını (bütövlükdə, tədris fəaliyyətini, məzmununu, onun təlim nəticələrini) müəyyən edən qanunvericilik aktı hansıdır?

Hazırda ölkədə sentyabrın 15-dən iyunun 15-dək təşkil olunan tədris prosesində hər bir təlim-tərbiyə müəssisəsinin il ərzində təşkil etdiyi qrup, sinif, auditoriya məşğələlərində təhsilalanların qazandıqları və təhsilverənlərin təklif etdikləri bilik, bacarıq, səriştə və kompetensiyalar hansı məzmuna əsaslanır?

Bu məzmunu mənimsəyən azyaşlı və məktəbyaşlı uşaqlar, tələbələr, onlara onu aşılayan tərbiyəçi və müəllimlər hansı təhsil qanunvericilik aktı ilə attestasiyadan və ya sertifikasiyadan keçirilir? Sadə şəkildə anlatsaq, birinci sinfə gələn uşaqlar (təlimi qeyri-dövlət dilində almaq istəyənlər nəzərdə tutulur), liseylərə daxil olanlar, kollec və universitetlərə qəbul imtahanları verən abituriyentlər, dövlət attestasiyasından keçən orta ixtisas və ali məktəb məzunları, magistrant, doktorant, dövlət qulluğu, müəllimlərin işə qəbulu imtahanlarında özünü sınayanların bilik və bacarıqları hansı məzmun komponentləri əsasında müəyyən olunmuş meyarlarla ölçülür? Müvafiq qanunvericilik aktları bazasında hazırlanan göstənilən sənədlərin mövcudluğundan, məzmunun adekvatlığından asılı olmadan bu sual hər beş ildənbir ("Təhsil haqqında qanun"da beş ildən az olmayaraq müddət göstərilir) ortaya qoyulmalıdır. Xüsusən də cəmiyyətin və texnologiyaların sürətli inkişafı, ictimai-siyasi münasibətlərin, təsəvvürlərin yenidən dəyərləndirilməsi və transformasiyası dövrü bunu tələb edir. Təhsil proqramı özünün struktur və məzmunu ilə bu inkişafla ayaqlaşmalı, onu qabaqlamalıdır. Bu sənədin hansısa maddəsi, bəndi dəyişdirilməklə, ondan törəmə tədris planlarına zaman-zaman hansısa fənn və kurs əlavə etməklə zamanla ayaqlaşmaq və prosesi qabaqlamaq mümkün deyil. 

Fikrimizcə, yuxarıda təsvir olunan vəziyyət, sadalanan hallar və verilən suallar bu gün təhsil strukturlarının optimallaşdırılması, elm və təhsildə hədəflərin müəyyənləşdirilməsi, Azərbaycan cəmiyyətində elm və təhsilin prioritet istiqamət hesab edilməsi yönümündə dəyişiklik və islahatların tərkib hissəsi olaraq, ölkənin qanunvericilik və icra orqanlarını, universitetlərini və Milli Elmlər Akademiyasının nəzdindəki institutları düşündürməlidir. Görünür, göstərdiyimiz islahatlar prosesi davamlı xarakter daşıdığından və hələ ki tunelin sonunda işıq görünmədiyindən artıq məzmun məsələsi də ön plana çəkilməlidir. Təhsilverənlər, idarəedicilər nəsli dəyişdikcə, yeni nəsil tədris standartları, resursları, bilik və bacarıqların ölçülmə meyar və mexanizmləri, deskriptorlar müəyyən edilməlidir.

Yuxarıda vurğulanan suallar qarşısında bu gün əsaslandığımız əsas sənəd Nazirlər Kabineti tərəfindən 2018-ci ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi"dir.

Təhsilin təşkilinə cavabdeh olan bütün instansiyalar icra etdiyi tədris proqramının (standartının), işlədiyi tədris planının, təhsilalana təklif elədiyi tədris resurslarının onlara aid olan tədris pilləsi və səviyyəsi üçün müəyyən olunan bilik, bacarıq, səriştə və kompetensiyalara uyğunluğunu araşdırmalı və müəyyən edilmiş qaydada müvafiq tədbir görməlidir.

Əsas hədəfimiz bütün təhsil pillə və səviyyələrində istifadə edilən mövcud tədris standartlarının (proqramlarının) uyğunsuzluğu səbəbindən dillərin tədrisində və təlim dillərinin tətbiqində yaranan problemlərə bir daha diqqəti yönəltməkdir. Bu məqsədlə  cavabdeh strukturlara növbəti suallarla müraciət edirik:

1) 2018-ci ildə Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ) sənədi qəbul olunubsa, niyə biz bütün təhsil pillə və səviyyələri üçün tədris standartlarını kökündən dəyişib MKÇ-nın tələblərinə uyğunlaşdırmırıq?

2) 2008-ci ildə qəbul olunmuş Milli kurikulum, fənn kurikulumları artıq üçüncü beşillik müddəti başa vurmaqda olduğundan onların kompleks şəklində, sənədlər toplusu kimi dəyişdirilməsi, ümumi və tam orta təhsilin tədris planlarının köklü şəkildə yenilənməsi nə vaxta nəzərdə tutulur? Ölkənin Elm və Təhsil Nazirliyində (ETN) hansı qurum, elmi-tədqiqat mərkəzi və ya institutu bu işlə məşğul olur ki, tədris müəssisələrinin, ayrı-ayrı müstəqil ekspert və mütəxəssislərin rəyləri bura ünvanlansın. Təəssüf ki, bu işdə təcrübəsi olan Təhsil İnstitutu daha çox ETN-nin xüsusi layihələrinə, inzibati işlərə cəlb olunduğundan hazırda elmi-metodiki rəy, tövsiyə, dəstək, təkmilləşdirilmə kimi anlayışlar ortadan qalxıb. Görünür, əlavə təhsilin təşkili ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə də artıq öz aktuallığını itirib. Yeni yaranmış təhsil reallıqları "əlavə təhsil" anlayışının özünə də aydınlıq gətirməyi tələb edir.  

3) Dillərin (dövlət dili, əcnəbi dillər) tədrisi, məktəbəqədər, ümumi orta və tam orta təhsildə təlim dilləri problemi bizi düşündürürmü, düşündürürsə, bu, yeni tədris standartları və planlarında hansı formada əksini tapacaq? Bu sahədə ən müasir linqvodidaktik, linqvokulturoloji tədqiqatların, uşaqların yaş və psixi inkişaf xüsusiyyətlərinin, eləcə də xarici dillərin mənimsədilməsi metodologiyasının nəzərə alınması ilə bağlı verilən reseptlərə münasibət dəyişəcəkmi? Daha dəqiq desək, göstərilən aspektdə üç dərs ili ərzində ETN-nə ünvanladığımız konkret təklif və reseptlərin nəzərə alınmamasına səbəb nədir?

Problemi dəfələrlə mətbuatda işıqlandırsaq da, burada oxuculara qısa arayış təqdim etməyə ehtiyac duyuruq: bu gün xüsusilə Bakı şəhərində 1-ci sinfə gedən uşaqlar üçün təlim dilini seçmək problemi var. Müxtəlif səbəblər gətirilsə də, əhalinin təlim dili kimi əcnəbi dillərdən birini (əsasən rus dilini) seçməsinin əsas səbəbi ibtidai təhsil pilləsində Azərbaycan dilində təlimin qənaətbəxş səviyyədə olmamasıdır. Sosial vəziyyətindən asılı olaraq, insanlar rus və ya ingilis dilində məktəbə uşaq vermək üçün artıq 2-3 yaşından müvafiq məktəbəqədər hazırlıq müəssisələri, tədris mərkəzləri, kursları, fərdi müəllim axtarırlar. Necə deyərlər, "yanlış da bir naxışdı". Bu, ana dili (dövlət dili) ilə yanaşı, 2-3 yaşından ikinci bir dili eşidib anlamağa, bu dildə danışıq və ünsiyyət vərdişləri qurmağa şərait yaradır. Artıq digər şəhərlərimizdə, regionlarda da buna meyl var. Fikrimizcə, təhsil xidməti sosial sifarişə əsaslandığından dillərin mənimsənilməsi üçün münbit mərhələlər hesab olunan məktəbəqədər hazırlıq və ibtidai təhsil pillələrinin tədris standartları (proqramları), planları ölkə üzrə buna hesablanmalı, ən azı ikidilli (bilinqval) təlim modeli reallaşdırılmalıdır. Bu tədbirin həyata keçirilməsi üçün lazımi kadr potensialına malik olmağımızla yanaşı, ciddi izafi büdcə xərclərinə, tədris resursları yaradılmasına ehtiyacın duyulmadığı qənaətindəyik. 

Göstərilən yanaşma bizə nə verər: a) hər il yüzlərlə uşaq hər hansı təlim dilinə köklənərək, istəyinə nail ola bilmir ("Ümumu təhsil haqqında qanun" qeyri-dövlət dilində orta təhsil almaq istəyən uşaqların müvafiq müsahibədən keçməsini tələb edir) ki, bu da elə ilk qədəmlərindən uşaqda və onun valideynində məktəbə qarşı neqativ münasibət formalaşdırır; b) bağça və məktəblərdə ikidilli mühitin yaradılması təlim dili seçimindən asılı olmayaraq, bütün ümumi orta təhsil müəssisələrində dövlət dilinin müvafiq standartlar üzrə öyrədilməsinə, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və sair üzrə tədris materiallarının aşılanmasına və gənc nəslin milli ruhda tərbiyəsinə yol açar, azı son on il ərzində cəmiyyətdə kəskin müzakirə predmetinə çevrilmiş qeyri-dövlət dillərində təlim, onun gətirdiyi kadr təminatı, tədris resurslarının məzmunu və s. problemləri həll edər; c) dillərin mənimsənilməsi istiqamətində nisbi də olsa, bütün ölkə uşaqları üçün eyni tədris şəraitinin yaradılmasına vəsilə olar (yəni qeyri-dövlət dillərində təhsil alan şagirdlər bütün ölkə məktəblilərinin 10%-ə qədərini təşkil etsə də, onlar sonrakı təhsil pillələrində və karyera inkişafında daha uğurlu olmaq fürsətinə malikdirlər); d) erkən və məktəbəhazırlıq yaş dövrlərində dövlət dili ilə bərabər, azyaşlılar tərəfindən əcnəbi dillərin mənimsənilməsi həm də faydalı insan resurslarına malik ölkəmizdə əhalinin beynəlxalq əmək bazarlarına çıxışını motivasiya edən məqam kimi qiymətləndirilməlidir. 

ETN təlimi dövlət dilində aparan təxminən 90 faiz ölkə məktəblərində ikidilli təlim modelinin tətbiqi standartlarını qəbul etmirsə, bu halda alternativ variant kimi xarici dilin 1-ci sinifdən başlayaraq və həftədə 3 dəfədən az olmayaraq, yarımqruplara bölünməklə tədrisini məqbul hesab edirik. Bu zaman təlim dili və riyaziyyat fənlərinin hər birindən həftədə bir saat götürməklə, eləcə də fakültativlərə ayrılmış saatları ora yönəltməklə, ibtidai siniflərdə həftəlik dərs saatlarının sayı saxlanılar və əlavə büdcə vəsaiti cəlb edilməz.                      

4) Növbəti sualımız 3-cü bənddə təsvir olunan məsələ ilə bağlıdır: əgər yeni tədris ilinədək orta məktəblərin tədris planları köklü şəkildə dəyişdirilmirsə, təlim Azərbaycan dilində aparılan tədris müəssisələrinin I-IV və V-VI siniflərində əcnəbi dillərin tədrisinə ayrılan dərs saatlarının miqdarı, onların təşkili necə planlaşdırılıb?

5) Təlim qeyri-dövlət dilində təşkil olunan məktəblərin I-IV və V-IX siniflərində dövlət dili kimi Azərbaycan dilinin tədrisində, dövlət dilində tədris fənlərinin daxil olunmasında hansı yeniliklər gözlənilir (keçən dərs ilində 20 məktəbdə tətbiq olunan pilot layihəyə uyğun)? Qeyd edilən layihənin tətbiqi üzrə ilkin müşahidə və nəticələr hansısa rəy bildirməyə əsas verirmi?

6) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən özəl təhsil müəssisələrində, o cümlədən, beynəlxalq təhsil proqramları ilə işləyən ingilisdilli orta məktəblərdə dövlət dilinin tədrisi, dövlət dilində təlim, azərbaycanşünaslıq materiallarının təmsil olunması üçün hansısa standartlar müəyyən olunubmu, yəni onların tədris planlarının təsdiqi üçün mərkəzi icra orqanının konkret meyarları varmı? Yaxşı məlumdur ki, təlimi rus dilində təşkil edən məktəblərin böyük tədris ənənəsi var. Onların fəaliyyəti, buradakı tədrisin və təlim resurslarının məzmunu daim nəzarətdədir. Eyni fikri təlimi ingilis dilində aparan ümumi orta təhsil müəssisələri haqqında söyləmək mümkün deyil.

2019-cu ildə təsdiq olunmuş "Ümumi təhsil haqqında qanun"un bütün oxunuşlardan keçmiş layihəsindən dil, ədəbiyyat, mədəniyyət və tariximizlə əlaqədar azərbaycanşünaslıq tədris materiallarının dövlət dilində təqdim edilməsi tələbi çıxarıldığından bu gün bu istiqamətdə bizi qane edən müvafiq tədris resurslarının yaradılması problemi ilə üz-üzə qalmışıq. İkidilli təlimə keçidin göstərilən qanuna dəyişikliyi gündəmə gətirəcəyinə əminik. 

7) Respublikamızın pedaqoji təmayüllü ali məktəblərində mütəxəssis hazırlığı aparılan ixtisaslarda yuxarıda sadalanan suallarla müəyyən edilən tədris standartları (proqramları), tədris planları, tədris texnologiyaları, yanaşmaları və resursları təhsil pillələri və səviyyələri üzrə təlim məqsədlərimizi reallaşdıra bilən kadrlar hazırlamaq iqtidarındadırmı?

8) Əgər dövlət qulluğu, müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarında, xaricdə təhsil üçün seçimlərimizdə tətbiq olunan sual və tapşırıqlar, seçim meyarları uyğun və uğurludursa, etibar olunan gənc mütəxəssislər nəslinin fəaliyyəti niyə cəmiyyətdə müsbət rezonans doğurmur? Ümumiyyətlə, yuxarıda sadalanan imtahanlarda təklif olunan sual və tapşırıqların ali təhsilin səviyyələri üzrə attestasiya zamanı istifadə olunan sual, tapşırıq və sair alətlərlə bağlılıq dərəcəsi nə qədərdir? (Fikrimizcə, ölkənin əmək bazarında işə qəbulla bağlı bütün meyarlar MKÇ-nin tələbləri, orta və ali təhsil proqramlarının məzmunu, məzunlarının dövlət attestasiyasında təklif edilən sual və tapşırıqlarla əlaqələndirilməlidir. Xatırladaq ki, bütün təhsil pillə və səviyyələri üçün MKÇ-nin müəyyən etdiyi başlıca tələblərdən biri peşə təlim nəticələrinin dövlət dilində və xarici dillərdən birində təqdim olunmasıdır.

9) Bakalavriat səviyyəsində bir sıra pedaqoji və humanitar ixtisaslarda ("Tərcümə (dillər üzrə)", "Xarici dil müəllimliyi (dillər üzrə)", "Regionşünaslıq (ölkələr üzrə)") ikidilli (bilinqval) təhsil proqramının yerinə yetirilməsi müddətində tədris situasiyasının təmin olunmasının labüdlüyünü əvvəlki yazılarımızda dəfələrlə vurğulamışıq. Məsələnin həlli universitetlər tərəfindən tələbə sifarişi zamanı tədris dili seçimində, sonra isə ETN və NK-də tələbə qəbulu planının təsdiqində və Dövlət İmtahan Mərkəzinin verdiyi elanlarda öz əksini tapmalıdır. Qəbul sifarişində abituriyentin orta məktəbi bitirdiyi dil ilə yanaşı, alacağı ixtisasın dili tədris dili kimi qeyd edilmirsə, göstərilən ixtisasların tədris standartları, tədris planları konkret peşə üzrə mütəxəssis hazırlığı proqramını əhatə edə, peşə təlim nəticələrini müəyyənləşdirə, təbii ki, MKÇ-nin məzunlar üçün təsdiqlədiyi kompetensiyalara cavab verə bilməz. Bu isə adekvat tədris resurslarının yaradılmasını da istisna edir. Bu problemi ETN, DİM və NK qarşısında qaldırmağımıza, rəsmi müraciətlərimizə baxmayaraq, məsələnin açıq qalması narahatçılıq doğurur. Sadalanan ixtisasların tədris proqramlarının dil problemi həll olunduğu təqdirdə ali məktəblərin elmi və tədris-metodiki şuralarını, xüsusilə ixtisas kafedralarını yeni tədris ilinin başlanğıcında hansı gərgin əməyin gözlədiyi aydındırmı?

10) Axırıncı sualımız növbəti tədris ilində buraxılış ili tələbələrinin istehsalat və pedaqoji təcrübəsinin, dövlət attestasiyasının təşkili mexanizminin təklif olunması ilə bağlıdır: növbəti tədris ilində universitetlərin buraxılış ili tələbələrinin son tədris ili istehsalat (pedaqoji) təcrübəsini əhatə edəcəksə, buna müvafiq olaraq, bakalavriat səviyyəsində ixtisasların tədris standartlarındakı dəyişikliklər məsələsi gündəmdədirmi? Prosesin ağırlığını və çoxcəhətliliyini nəzərə alaraq, paralel olaraq təcrübənin təşkili üçün yeni əsasnamə hazırlanıbmı? (Təcrübənin səmərəli təşkili, ölkə üzrə baza-istehsalat müəssisələri bankının yaradılması, maliyyə və s. təşkilati məsələlərinin həlli üçün əsasnamənin Nazirlər Kabineti səviyyəsində təsdiqi məqsədəuyğundur.)    

Bu dərs ilindən təlim qeyri-dövlət dillərində aparılan məktəbəqədər və ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədris dili kimi istifadəsi təklifimizlə bağlı müvafiq tədris standartları (proqramları) üzərində dayanmaqda məqsədimiz 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra regionumuzda və dünyada yaranmış reallıqlara uyğun ölkəmizin gənc nəsilləri üçün yeni məzmun yaratmağın vacibliyini vurğulamaqdır. Təhsilimizin məzmunun nüvəsinə dilimiz, mənəviyyat və mədəniyyətimizlə bağlı təsəvvürləri yerləşdirmək, onu Məmməd Arazın  "Mənim könlüm bu torpağı vəsf eləyərək, / Azərbaycan dünyasından baxar dünyaya" misralarında ifadə olunan müstəqillik ideyalarımızın, milli ideologiyamızın və maraqlarımızın xidmətinə yönəltmək hamımızın ən ümdə vəzifəsidir.  

 





20.07.2023    çap et  çap et