525.Az

Vətənə xidmət və elmə həsr olunmuş ömür...


 

Vətənə xidmət və elmə həsr olunmuş ömür...<b style="color:red"></b>

Bu il onun anadan olmasının 65 illiyi tamam olur. Məsələ heç də uzun illər yaşamaqda deyil, yaşadığın ömrü mənalı yaşamaqda, istədiyin kimi yaşamaqdadı. Siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov bir ömürdə bir neçə ömür yaşayır; özü də bu ömrü kifayət qədər dolğun, ləyaqətli, xalqına, vətəninə xeyir verərək yaşayır.

Gənclik illərindən hərbiyə marağı onu 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi məktəbinə aparıb. Buranı bitirən kimi SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini işləyib. Daha sonra isə Pamir Sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsini daşıyıb. Sovetlər dönəmində hər bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan müharibəsi hesab olunurdu. Onun da tərcümeyi-halına Əfqanıstan müharibəsinin qanlı səhifəsi yazılıb. Xalq arasında ən qorxunc müharibə imici qazanan Əfqanıstanda qulluq etmək, ən çətin vəziyyətlərdən ağıl və bacarıqla çıxmaq lazım gəlirdi. C.Xəlilov Əfqanıstan müharibəsindən də uğurla çıxır. Müharibəyə gedəndə o, baş leytenant rütbəsi daşıyırdı. Cəlil Xəlilov 1990-cı ildə Tacikistan Dövlət Universitetinin hüquq fakültəsini qiyabi yolla bitirib. Milli ordu yaranarkən Azərbaycanda baş verən hadisələrdən narahat olaraq vətənə qayıdıb, milli ordu quruculuğunda iştirak edib və 2012-ci ilədək Sərhəd Qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələr daşıyıb. Burada o, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə qədər yüksəlib.

C.Xəlilovun da ordu quruculuğundakı həy

at yolu onun belə bir istedada malik olduğunu göstərir. O, harada, hansı vəzifədə xidmət etməyindən asılı olmayaraq hərbçi bacarığı, intuisiyası, biliyi, əmri vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmışdır. Bütün bunlar onun hərb olimpində addım-addım irəliləməsində zəmin olmuşdur. 

Gərək ki, filosof, esseist Ralf Uoldo Emersonun sözləridir: "Zəif adamlar uğura inanırlar, güclülərsə səbəb və nəticəyə". Bu baxımdan C.Xəlilovun hərbçi taleyində səbəb-nəticə komponentləri həmişə paralel olaraq çıxış edir. Əfqanıstandakı şücaəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı Rusiya xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü. Ona görə də sovetlərin dağılması ərəfəsində dərhal vətənə dönərək ən çətin vaxtda ordu quruculuğu, Silahlı Qüvvələrin xüsusi növü olan Sərhəd Qoşunlarının yaradılması prosesinə qoşulur və keçmiş Əfqanıstan döyüşçüsü kimi təcrübəsini yeni yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi Qarabağ döyüşlərində də onun köməyinə gəlir. Gənc zabitin həyatında çox qısa bir müddətdə iki fərqli müharibədə iştirak etməsi həyatının qürur səhifələrini təşkil edir. Taleyindəki sonuncu müharibə əvvəlkindən yerlə göy qədər fərqlənirdi: o, doğma vətənini müdafiə edir, qoruyur, təşkilatçılığı, siyasi işə bələdliyi ilə əsgərləri də buna ruhlandırırdı. Həmin illərdə C.Xəlilovu Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunları sıralarında görürük. Sərhəd Qoşunlarının yaradılması prosesində bir zabit kimi təşkilatçılıq və rəhbərlik işində qüvvə və bacarığını əsirgəmir. 2013-cü ilə qədər Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edir. Deyim ki, istənilən silahlı qüvvələrdə şəxsi heyətlə iş, hərbi və milli vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən biri olub. Bu mənada C.Xəlilovun yeni ordu quruculuğunda bu sahədə gördüyü işləri yalnız təqdir etmək olar. Polkovnikin Silahlı Qüvvələrdəki bu xidməti daim diqqət mərkəzində olmuş, dəfələrlə dövlətçiliyə göstərdiyi dəyərli və əvəzsiz xidməti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var; belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə müharibə və əmək veteranının həyatı, güzaranı onu düşündürdüyündəndir ki, ömrünü Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına bağladı və bu gün də burada əzmlə çalışır. Vətən uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, İkinci Dünya Müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsinin veteranlarına diqqət və qayğı ilə yanaşır və çox az bir müddətdə veteranların hörmətini qazanır. Erməni işğalçılarına qarşı müharibə veteranlarının bu birliyinin səmərəli fəaliyyəti yeni gənc nəsil üçün də bir örnək olur. C.Xəlilov 2014-cü ildən Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavinidir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında böyük işlər görür. Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında əməyi çoxdur. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veteranlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. Müharibə veteranlarının cəmiyyətə inteqrasiyası prosesinə qoşulmasını, vətəndaş cəmiyyətinin formalaşmasını uğurla təmin edir. Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində, ölkədə veteran hərəkatının genişlənməsində və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında fəal rol oynayır. Erməni seperatizminə qarşı mübarizə yalnız cəbhədə deyil, hər yerdə, eləcə də beynəlxalq arenada davam edir.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsində Azərbaycan Respublikası Veteranlar Təşkilatının da özünəməxsus rolu oldu. Təşkilatın gənclər arasında apardığı hərbi vətənpərvərlik tərbiyəsi, əsgər və zabitlərimizin xalqımızın döyüş ənənələri ruhunda yetişdirilməsi sahəsində müvafiq dövlət orqanları ilə birgə həyata keçirilən tədbirlər onları torpaqlarımızın azad edilməsinə ruhlandırmışdı. Bütün bu işlərin uğurla aparılmasında Cəlil Xəlilovun təcrübəli hərbçi, yüksək peşəkar kimi xüsusi əməyi olmuşdur.

Erməni işğalçılarının yalanlarını ifşa etmək, Azərbaycanın sülh siyasətinin mahiyyətini dünyaya çatdırmaq üçün səylə çalışır. Rusiyada, Ukraynada, Belarusiyada və bir çox beynəlxalq tədbirlərdə erməni separatçılarına qarşı çəkinmədən etdiyi çıxışlar, gətirdiyi tarixi faktlarla Qarabağ həqiqətlərini dünya ictimayyətinə çatdırır.

C.Xəlilov peşəkar hərbçi olmaqla yanaşı, həm də bir alim ömrü yaşayır; bu iki amili uzlaşdırmaq və həyatında onun qovuşuğunu yaratmaq hər bir hərbçiyə müyəssər olmur. O, hərb sahəsindəki praktik bacarığını elmi sahəyə də gətirmiş "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə yazdığı məqalələr ölkənin nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Onun 50-dən çox elmi məqaləsi və dörd kitabı bu sahədəki uğurunun əsas göstəricisi hesab etmək olar.

Məlumdur ki, dünya siyasətinin əsas prinsiplərindən birini təşkil edən milli mənafe və təhlükəsizlik məsələləri Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən biri olmuşdur. Çünki dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb geosiyasi bir coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın bu istiqamətdə hazırladığı davamlı və dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa yönəldilmişdir. Lakin milli təhlükəsizlik və mənafelərin qorunması həm də bir vətəndaşlıq borcudur, peşədir. Çünki milli təhlükəsizlik fərdlərin bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə bağlı biliklər sistemində, dünyagörüşündə bu problem başlıca yer tutmalıdır.

C.Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti kimi bu sahədəki elmi və praktik biliklərinin gənc nəslə çatdırılması yolunda səylərini heç zaman əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını davam etdirir. Praktik və nəzəri biliklərini ali məktəblərdə biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının ən önəmli səhifələrindən birini təşkil edir. Ali məktəblərin, universitet və akademiyaların uyğun bölümlərində bu vəzifə həyata keçirilsə də, əsas məsələ bu istiqamətdə yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin yazılmasıdır. Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti  C.Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. Əslində, bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın da tələblərinə tamamilə cavab verir və ona görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq mümkündür. Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəsil ayırması problemin aktuallığından irəli gəlmişdir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin  təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir.

Cəlil Xəlilov həmişə olduğu kimi, altmış beşində də eyni əzm və işgüzarlıqla, hərbçi nizam-intizamı ilə Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edir. O, həm də hərbi ekspertdir; demək olar, hər həftə regionada və dünyada baş verən siyasi, hərbi proseslərlə bağlı fikirlər söyləyir, siyasi və hərbi maarifçilik işləri aparır. Veteranlar təşkilatında zəngin təcrübəsini nəsillərlə paylaşır, cəmiyyətdə və gənclər arasında apardığı maarifçilik işləri gənclərin təlim və tərbiyəsi, vətəndaş kimi formalaşmasında yaşıl işıqdır. Cəlil Xəlilov bütün varlığı ilə xalqına, vətəninə xidmət edir, onunla yaşayır və nəfəs alır.

Polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən, MDB məkanında layiqincə təmsil edir, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür. Həmişə dövlətə, millətə xidmət edən, onun atributlarına hörmət edən və bu yolda çalışan Cəlil Xəlilova uğurlar diləyir və ondan yeni araşdırmalar gözləyirik...

 

 





20.07.2023    çap et  çap et