525.Az

Şəhidlik əbədi gənclik deməkdir...


 

Şəhidlik əbədi gənclik deməkdir...<b style="color:red"></b>

"Vətəni sevmək azdır,

Onu qorumaq gərək!

"Vətənim" demək azdır,

Vətənin olmaq gərək!"

- deyirdi ölməz şairimiz Cabir Novruz. Cavid də Vətəni sevməklə yetinməyib onu qorumağı, onun olmağı özünün namus borcu, şərəf məsələsi bilən örnək gənclərdən, müqəddəs şəhidlərimizdən biridir. O, Vətənin hər daşını, hər torpağını canının bir parçası, qürurunun yenilməz bayrağı bilirdi. Elə buna görədir ki, Vətənin dar günlərində bir an belə düşünmədən o bayrağa sarılıb Vətəninin müdafiəsinə tələsdi, bu uğurda canını, qanını, həyatını belə əsirgəmədi.

20 iyul tarixini təqvimdə özəlləşdirən, gözəlləşdirən şəhidlərimiz var artıq. Bu tarixdə dünyaya göz açan şəhidlərimiz Natiq Məmmədov, Nicat Orucov, Qismət Heydərov, Fərid İlyasov, Rəşad Eyvazov Tahir Əliyev, İbrahim Abdullayev, İmaməddin Yusifov, Mais Səfərov, Cavid Yüzbaşiyev öz igidlik salnamələri ilə təkcə xalqın yaddaşında, qəlbində əbədi iz salmaqla qalmadı, həm də 20 iyul tarixini müqəddəsləşdirdilər.

Bu qəhrəmanlarımızdan biri də Cavid Yüzbaşiyevdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi Cavid Cavanşir oğlu Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub.

2002-2013-cü illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb və 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən Cavid Yüzbaşiyev 2016-cı ilin 2-5 aprelində baş verən və tariximizə "Aprel döyüşləri" kimi həkk olan hərbi əməliyyatların iştirakçısı olub, öz qəhrəmanlığı, şücaəti ilə seçilib.

O, "Aprel döyüşləri"ndə başlayan Vətən mübarizəsini 2020-ci il müharibəsində şərəflə davam  etdirib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Cavid qorxmadan, çəkinmədən özünü odun, alovun içərisinə ataraq yağı düşmənin Vətən torpaqlarından qovulmasında şücaət göstərib, neçə-neçə yaralı silah yoldaşlarının döyüş meydanından çıxarılmasına kömək edib.

 "Aprel döyüşləri"ndən sağ-salamat keçib ailəsinin, sevənlərinin yanına qayıdan Cavidə, heyif ki, Vətən müharibəsində özünün də imzası olan qələbəmizi görmək, qalib əsgər kimi evinə qayıtmaq qismət olmadı. Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhadətə yüksələn Cavid evinə uğrunda canını fəda etdiyi üçrəngli bayrağımıza sarılmış qayıtdı və Balakən rayonunun Hənifə kəndində torpağa tapşırıldı.

Cavid Yüzbaşiyev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bəli, düz iki dəfə Vətənin dar məqamından yanında olan, həyatdakı hər şeydən şirin canını bu uğurda qurban etməkdən çəkinməyən Cavid, düz üç ildir ki, 25 yaşında qalıb. İllər keçəcək, qərinələr ötəcək, hamı, hər kəs qocalacaq. Təkcə Cavid və onun kimi ömrü Vətən yolunda, Qarabağ uğrunda qırılan şəhidlərimiz əbədi gənc və ölməz qalacaqlar!

 





20.07.2023    çap et  çap et