525.Az

Şuşada dirilt


 

Şuşada dirilt<b style="color:red"></b>

Bismillah-ir-rəhman-ir rəhim! Uca və mərhəmətli Allahın adıyla!        

GÜRCÜ BALI. Saat yeddinin yarısıdır. Buludlar ətəyini sallayıb. Yağır. Buludlardan betər dolmuşam. Sunami kimi üstümə hücum çəkən fikirlərdən yaxa qurtarmaq istəyirəm. Noutbuku açdım. Üzü işıqlanıb gülənə qədər çay içdim. Stolun üstünü tələsik yığışdırıram. Fövri tərpənənəm.  Qabları yuyanda bıçaq əlimi dərindən kəsir. Qanım suya qarışır. "Nəsə fərqli bir şey var. Dərmandan daha faydalı. Aha, yadıma düşdü: bal". Svanetidən gətirtdiyim baldan qaşığın ucunda azca götürürəm. Qanı üzüaşağı süzülən kəsiyin üstünə yaxmaq istəyəndə ağlıma başqa şey gəlir: "Gürcü balı bizim yaramızı sağaldarmı?" Gülməyim tutur. Yadıma keçən il Göygöldə pay qoyulmuş qaya balı düşür. Yemədim, saxladım. Bilirəm xasiyyətimi, cəld tərpənişliyəm. Nə qədər ehtiyatlı olmağa çalışsam da, əl-ayağımı ara-sıra kəsirəm və bal məlhəmi ilə bircə günlükdür. Öz doğma balımızı yarama yaxıram.  Azca yandırır. Əhəmiyyətsiz şeydir. Bilirəm, axşama tamam bitişib sağalacaq. Tələsik noutbukun arxasına keçirəm. Bu düşüncələrdən qurtulum təki. Ürəyim Kirs dağı boyda şişib...

...Sevincimə səbəb olan dəvət gözlənilməz oldu. Şuşaya gedənlərə həsəd aparsam da, paxıllığım tutmurdu. Bilirəm, hər kəsin bir qisməti var. Şuşaya getməyi də çox arzulamış, Kirs ətəyi meşələri, Laçında dağları atla gəzməyi də çox istəmişəm. Sonuncu hələ ki reallaşması mümkün olmayan bir arzudur. "Vaqif Poeziya Günləri"nə  dəvət Şuşaya getmək arzumu reallaşdırdı. Çoxdan görmədiyim yoldaşlarla bir neçə gün vaxt keçirmək də gözəl olardı. Şuşada keçmiş tələbələrim işləyir. Həmişə  yazırdılar: müəllimə, portal açdırın, gəlin. Bütün Şuşanı addım-addım gəzdirəcəyik.

YOLDA. Heydər Əliyev Mərkəzinin yanında yığışan dəvətlilər siyahı üzrə 1, 2 və 3-cü avtobuslarda yerlərini tutdular. İkinci avtobusda ikinci sırada əyləşdim. Uzaq yola təkcə çıxanda narahatlığım bu olur: yol yoldaşım qadın olsun, arıq olsun, ətir vurmasın, çox danışan olmasın, daha çox qorxduğum isə pinti, iyli olmasın. Yenə konservativliyimə həm gülməyim, həm acığım tutur: "Sənin üçün bu görüşün qarşıda gözlənilən gözləmədiyin təəssüratlarının fonunda nələri düşünürsən gör bir!" Maraqlıdır ki, avtobusda yerlərin çoxu tutulsa da, yanımdan keçənlərin heç biri əyləşməyə cəsarət etmir. Mısmırıqlı adamla kim yol yoldaşı olar ki?! Toppuş, xoş üzlü, gözündən gülən bir xanım içəri daxil olur. Arxa cərgələrdə tək-tük boş yer qalıb.

- Olar, sizinlə əyləşim? - deyə soruşur.

Pəncərəyə tərəf çəkilib yer verirəm. Yola düşürük. Qarşımızdakı ilk oturacaqda "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təsisçisi Elçin İsgəndərzadə və şair Seyran Səxavət əyləşib. Sağdakı ilk oturacaqda isə müasir, bər-bəzəyi yerində gənc bir xanım ayaqlarını  böyründəki oturacağın üstünə uzadaraq yuxuya gedir: o deməkdir ki, bu iki yer mənimdir, yanımda ikinci adamı istəmirəm.

Yola düşürük. Bir neçə saatdır, hamı susqun, yuxuludur. Həzindən səslənən klassik musiqi salondakıları oyadır, xoş ortam yaradır. Oyananlar yalnız yanındakı ilə pıçıldaşır. Seyran Səxavət dözmür, mikrofonu götürüb canlı, şirin söhbətinə başlayır:

- Bu oxuyan Yaqub əmiydi. "Mənsuriyyə"nin axırında ki bir "ax segah" eliyir e, üç-dörd saniyə çəkir, bax onu heç kim bacarmır. O böyüklükdə sənətkar lap uşaq kimiydi. Bir gün soruşdum ki, Yaqub əmi, niyə gedib "Leyli və Məcnun"da oxumursan? Qayıtdı ki, ə, bajoğlu, gedərdim e, - bilirsiz də, Yaqub Məmmədov Ağcabədidəndir - amma qorxdum, bizim uşaqların işini korlayaram. Heç dəxli var? Soruşdum ki, Yaqub əmi, bizim uşaqlar kimdi? Qayıtdı ki, ə, o Füzulini deyirəm dana, o, Ağcabədinin Bayat kəndinnəndi axı. Bir də Üzeyir bəy. Onların işini korlamaqdan qorxdum. Soruşdum, Yaqub əmi, hansı işdən danışırsan? Dedi, ə bajoğlu, canın haqqı, elə oxuyajeydim, Leylinin dədəsi deyəjeydi, ə Məcnun, qızı verdim, götür, get. Buna oxşar bir şey də deyim, mən elə bir aristokrat ailədə böyüməmişəm, zır kəndçiyəm. Elə kəndçiliyimnən də fəxr eliyirəm. Atamın bir ferma müdiri qohumu vardı - Fəmil əmi, qardaş, sezon vaxtı ayda bir arvadı da vururdu qoltuğuna, gedirdi "Leyli və Məcnun"a baxmağa. Atam baş mühasibiydi. Bir gün buna dedi, ə, nədi e, Fəmil, iki günün biri gedib "Leyli Məcnun"a baxırsız? Dedi, sən öl, Əsgər, Nisə maa yalvarır ki, Fəmil, sən müharibədə itkin düşmüş qardaşının goru, bu dəfə də gedək, bəlkə elə, Leylinin dədəsi verəjək qızı. Gör ha nə qədər pak olasan, dələduzluqdan milyard kilometr uzaq olasan ki, belə şeyə inanıb deyəsən.

Salondakılar şeir oxumasını xahiş edirlər. Şair söhbəti poeziyanın üzərinə gətirir:

- Qoja kişiyəm, yetmiş səkkiz min kilometrdir, yol gəlirəm. Hə, istəyirəm, məndən nümunə götürəsiz. Biz indikilər kimi sevmirdik e, bütün nəsli, tayfanı sevirdik. İndi iki nəfər bir-birini sevə bilmir, - gülümsəməyimi güclə saxlayıram, - Ə, bir durun, şeir oxuyun, burda Xəyal Rza kimi nəhəng oxuyan var, onu oxudun. Oxuda bilmirsizsə, deyin, mən oxudum. Burda hamımız qohum-əqrəbayıq e, bizi oxuyan yoxdu, heç olmasa, bir-birimizi oxuyaq, dinləyək də. Şuşaya gedirik, Şuşa məhəbbət şəhəridir, mən də məhəbbət şeiri oxuyajam.

Seyran Səxavət "Sevirəm" şeirini əzbərdən, ifadəli deməyə başlayır:

 

...Qəlbində qərar tutan o gözəl dil

əkləri,

Tellərini yalayan o həzin küləkləri,

Səninlə birgə gəzən, deyib-gülən qızları,

Evinizin tuşundan sonsuz göylərdə yanan

                                     o parlaq ulduzları,

Xəzan vaxtı baxçanda yerə bir-bir tökülən

                                       yarpaqları sevirəm.

Sənin könül verdiyin, can dərman yetirən

                                      torpaqları sevirəm.

Qəlbinə həmdəm olan sirdaşını sevirəm.

O dədəni, nənəni, qardaşını sevirəm.

Görürsənmi, gözəl qız, neçənizi sevirəm...

 

Şair mikrofonu kiməsə təhvil vermək istəyir, amma avtobusdakılar danışmaq həvəsində deyildilər. Yol uzandıqca mənzərələr dəyişir. Füzuli rayonuna çatırıq. Mənfur düşmən əlinə keçən yerlərəcən kəndlər abaddır. Sonra xarabalıqlar və xarabalıqlar üzərində ucalan, ucalmaqda davam edən abadlıqların təzadlı mənzərələri bizi gah sevindirir, gah kədərləndirir. Yollar kənarında şəhid şəkillərini gördükcə yenə ürəyimin tüstüsü gözümü acışdırır. Kəndlərin adlarını oxuduqca gözlərim, ürəyim sevinir: hamısı qədim türk sözləri. Bu adlardan ölkənin Azərbaycan olduğu bilinir. Ta Bakıdakı kimi yox. Lap az müddət sonra masonlar sevincdən çırtıq çalıb oynayacaqlar, Bakı onlar deyəndir. İngilislərə sübut edə bilməyəcəyik ki, Bakı bizimdir, paytaxtımızdır. Doğma dilə bu qədər buxov vurmaq, onu yadın ayağına vermək nanəciblikdir, nankorluqdur. Bu qədər rəzilliyə nə üçün dözülür axı, bilmirəm.

Yol kənarında qazılmış yeni kanalın torpaq qalaqlarını görən Seyran Səxavət Elçin İsgəndərzadəyə:

- Ə, sən Allah, torpağa bax, torpağın rənginə bax, nejə də qapqaradır, münbitdir. Adam torpağı yemək istiyir, - deyir.

ŞUŞADA. Avtobus Zəfər yolu boyunca sürətlə şütüyür. Şuşaya az qalıb. Bir azdan Cıdır düzünün altındakı o məşhur, ecazkar, sıldırımlı qayalıqlar görünür.  Hamımız həyəcanlıyıq, mütəəssirik. Hamı uşaqlaşıb, saflaşıb, hamı Şuşalaşıb. Hamımızın üzündə heyranlıq, sevinc, heyrət dolu qarışıq ifadələr görünür, şəhidlərin xatirəsinə ehtiram, hörmət pıçıltıları eşidilir. Bəlkə də, bəziləri Şuada bir neçə dəfə olublar, amma yenə də ilk dəfə imiş kimi eyni hissləri keçiririlər. Şəhərə daxil olanda dörd gözlə ətrafa baxıram. İlk dəfə 1981-ci ilin qışında gəlmişdim. Qırx il əvvəlki yaddaşımı oyatmağa, nələrisə xatırlamağa çalışıram, amma heyhat. O zaman dünyanı elə Şuşa boyda və Şuşa kimi göyçək görürdüm.

Otellərdə yerləşdikdən sonra ilk tədbir M.P.Vaqifin məqbərəsi önündə musiqili proqram oldu. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məsid açdı. Konsert proqramı əsasən klassik musiqi, xalq mahnılarından ibarət idi. Açıq səma altında, Şuşanın sərin havasında bunları dinləmək dünyaya dəyərdi.

Şuşanın məscidlərini - Gövhər ağa və Sədli məscidlərini gəzdik, xalça muzeyinə baş çəkdik. M.P.Vaqifin heykəli önünə çiçək dəstələri qoyduq. Şəhəri gəzəndə  rastlaşdığım əsgərləri görərkən xəcalətdən öldüm: onlara heç nə gətirməmişdim, bu, ağlıma gəlməmişdi. Əsgərlərin üz-gözündən korluq, aclıq çəkənə oxşamırdılar, rəng-rufları üstlərindəydi. Amma yenə də paysız-ürüşsüz gəlməyim mənə çox pis təsir etdi. Çantamda xeyli bahalı şokoladlarım vardı. Gördüyüm hər əsgərə iki-iki verdim. Yaxın durmaq istəmir, çəkinirdilər, amma xəlvəti ovuclarına qoya bildim.  

Axşam açıq havada Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin təşkil etdiyi şeir dinləmələri oldu. Gənclərin şeirləri, ifaları xüsusən fərqli, gözəl idi.

Ayın 15-də, yəni səhəri gün tədbirlərin planı daha zəngindi: "Vətənim Qarabağ" - poeziya saatı, gənc şairlərin iştirakı ilə "Gənc şairlərin yaradıcılığında yaradıcılıq mövzusu" adlı panel-müzakirə, sonra "Vətənim Qarabağ" poeziya saatının II hissəsi və axşam saat 9-da M.P.Vaqifin məqbərəsi önündə "Vaqif dünyası" poetik-musiqili tamaşa. Şeir yaradıcılığım çox da zəngin deyildi və yarışmada iştirak etmək həvəsim yoxdu. Bir şey diqqətimi cəlb etdi: M.P.Vaqifdən bir şeir də oxunmadı. Yadıma Bernard Şou haqqında bir əhvalat düşdü: müəllifi olduğu tamaşanın çox uğurlu premyerası olur. Tamaşadan sonra aktyor heyəti benefis verir. Məclisdə hamı rejissoru, musiqiçiləri, aktyorları bir ucdan tərifləyir, şərəfinə badələr qaldırırlar. Əsərin müəllifini kimsə yada salmır. Sonda B.Şou özü icazə alıb ayağa qalxaraq deyir: "Cənablar, müəllifi əsəri çox gözəl yazıb. Tamaşa bunun üçün uğurlu alındı. İcazə verin badəni müəllifin şərəfinə qaldırım. Müəllif mənəm". Tədbiri İbrahim İlyaslı aparırdı. Yanaşıb M.P.Vaqifdən bir şeir söyləmək istədiyimi dedim. Dərhal razılaşdı. Özümlə şairin şeir kitabını götürmüşdüm, ən çox sevdiyim qoşmalarından birini oxudum.

Onu da deyim ki, İbrahim İlyaslı çox "ağır" missiyanı üzərinə götürmüşdü. Şeir deyənlərin bəziləri bir şeirlə kifayətlənmir, ikinci, üçüncünü də ard-arda qoşub deyir, reqlamentə əməl etmirdilər (İlahi, şeir də şeir ola). Çox səbirli adammış İbrahim İlyaslı. Vallah, mən olsaydım, bu qədər səbr etməzdim. Kişinin sifəti, gözləri əsəbdən qıpqırmızı qızarmışdı. Amma elə təmkinlə, sakit dindirirdi ki bəzi "şairləri"... Nə isə, Allah sağlıq, səbr versin şairimizə. 

CIDIR DÜZÜ. Hər tədbir arası iki saat fasilə verilir, qonaqlara yemək, gəzmək üçün zaman ayrılırdı.  Tezdən ilk tədbirdən dərhal sonra maşın tapıb qala qapısına, sonra Cıdır düzünə getdik. Torpağa ayaq basmağa çəkinirəm elə bil. "Görən, addım basdığım yerə bizim oğulların qanı tökülməyib ki?" - deyə. 

Lap əvvəllər şəhərdə bir neçə dəfə olsam da, bura gəlməmişdim. Bu hissləri qələmə almaq olmur. O möhtəşəm qayalıqlar, dərənin dibindən axan Daşaltı çayı, uzaqdan görünən dağlar... Bu möhtəşəmliyi öz gözünlə görməlisən. Adi sevinc yox, heyranlıq, pərəstiş, ürəyim yerindən çıxacaqmış kimi çox dərin, müqəddəs kədər qatılmış coşqun bir sevgi hissiylə oraları dolaşdım.  Düzün ortasında dairəvi düzülmüş iri daşlar vardı. Dedilər, orda bizim uşaqlardan şəhid olanlar olub. Yaxındakı gülxətmi çiçəklərindən dərib daşların üzərinə qoydum.  Şəhidlərin xatirəsinə fatihə oxuduq, onları bir an da olsun, yaddan çıxarmadıq.

Yuxarıda yazmışdım, Şuşada keçmiş tələbələrimdən dörd nəfər işləyir. Məsul işdə işləyən tələbəmin biri (adını çəkməyi istəmədi) oteldə tez-tez baş çəkir: "Müəllimə, bir şey lazım olsa, deyin" - deyirdi. Qürur duydum və fəxr elədim ki, bu cür vətəndaşımızın müəllimi, altı il sinif rəhbəri olmuşam.

Günortadan sonra Laçında dərs dediyim başqa bir keçmiş tələbəmlə - İlqarla Şuşanın maraqlı yerlərini gəzməyə çıxdım. Budur, Kirs dağı ilə üzbəüz dayanmışam. Dağın o üzü Laçındır, orda bölgənin ən hündür kəndi, dərs dediyim kənd - Qışlaqdır. Mənim on iki illik katorqa həyatımın, cənnətə səfərlərimin məskəni. Sərin meh əsir, Kirsdən gələn havanı hərisliklə ciyərlərimə çəkirəm. Niyə adam quş ola bilmir, külək, meh ola bilmir?!  Pənahi Makulunun "Qorxulu Tehran" əsərinin sonluğu düşür yadıma. Ona həyatın zülmünün son həddini yaşatmış adamlardan intiqam almaq istəyən qəhrəman geri dönəndə intiqam almaq istədiyi adamı tapır. Ancaq adam qocalmış və ağlını ititrərək dəli olmuşdur. Əsərin qəhrəmanının qisasını həyat özü almışdır. Bax belə.

Sonra qayınanamın dayısı Mirzə Məhəmmədin bir zamanlar rəis olduğu Şuşa həbsxanasına baş çəkdik. Postda dayanan əsgər şəkil çəkməyə, yaxına getməyə qoymadı, dedi, icazə yoxdur. Ordan Qayabaşına, müxtəlif yüksəkliklərə sancılmış bayraqlarımıza baxanda fərəhdən gözlərim doldu. Hər dəfə açığa - qarşıya çıxanda İlqar deyirdi, müəllimə, burda dayanmaq olmaz, snayperlər ata bilər.

HACI AXUND MOLLA ŞÜKÜR. Şuşaya getməzdən əvvəl şəhəri daha yaxından tanıyan yaşlı bir adamın axtarışına çıxmışdım. Bu işdə mənə köməklik göstərən Rəşad Məcidə, Vasif Quliyevə dərin minnətdarlığımı bildirirəm.  Məqsədim qayınanamın babası məşhur din xadimi Hacı Axund Molla Şükürün evini və qəbrini tapmaq idi. İlqara evi görmək istədiyimi dedim, lakin bu, o qədər də asan deyilmiş. Polis və MM üzvü Ofelya Qasımova işə qarışdıqdan sonra həmin məkana baş çəkməyə icazə ala bildim. Hacı Axund Molla Şükür haqda Mir Möhsün Nəvvabın əsərlərində, İ.Əfəndiyevin "Geriyə baxma qoca" romanında oxumuşdum. Ən zəngin məlumatı qayınanam vermişdi. Rəhmətlik qayınanam deyirdi, lap balaca uşaqdım, babam həmişə ciddi-cəhdlə qoruduğu, "Bunlarda dünyanın sirləri yatır" - dediyi kitabları sovet hökuməti gələndən sonra evin divarlarındakı taxçalara hördürdü. Deyirdi, bu kitabları təzə hökumət başa düşməz, itirib-batıracaq, yandıracaqlar. Qayınanamın sözlərinə görə, Hacı Axund kitablarla birgə dəri torbalarda bir neçə kisə qızılı da taxçalara hördürmüşdü.

İlqarla gəlib Axund Molla Şükürün bağını tapırıq. Çox böyük bir bağdır. Qayınanamın həsrətini çəkdiyi, uşaqlığının keçdiyi bağı görəndə mütəəssir oluram. Bağın ətrafına hasar çəkilib. Beton dayaqlar üzərinə bərkidilmiş tor hasar çox köhnəlib. Ağacların çoxu baxımsızlıqdan quruyub, qocalıb. Hər tərəfi kol-kos basıb. İlk olaraq qəbri tapırıq. Qayınanam danışırdı ki, babam qəbrini özü qazdırıb və vəsiyyət edib ki, bir neçə günə bu dünyadan gedəcəm. Mən öləndə bir  ağ yağış yağacaq, məni o yağışın altında yuyun, qazdırdığım qəbirdə dəfn edin. Həqiqətən də, Hacı Axund rəhmətə gedəndə qəfildən gur yağış başlayır. Axundun qəbrinin başdaşını lənətliklər sındırıblar, qəbrin yeri isə çaladır, qazılıb. Bu, mənə çox pis təsir etdi. Qəbri ermənilər qazmışdı. Çünki M.M.Nəvvabın əsərində Hacı Axundun Şuşada 1905-1906-cı illərdə erməni-müsəlman davası vaxtı azərbaycanlı döyüşçü-dəstələrin birinə rəhbərlik etdiyini oxumuşdum. Hacı Axundun qəbrinin yanında daha iki qəbir vardı. Bunların kim olduğunu bilmədim. Salamat qalmış qəbirlərin üzərində bizimkilərin vurduğu lövhədə yazılmışdı: "Əbədi qalan Allahdır. Hər bir can ölümü dadacaq. Bu, Axund Hacı Molla Şükürün və ailəsinin qəbridir. Allah onun məqamını uca, mülkündə məkanını yüksək eləsin. 1341-ci ilin ramazan (1824-1923-cü il aprel) ayında vəfat etdi". Axundun öz qəbri üzərindəki sınmış başdaşının şəklini bilənlərə göndərdim, oxuyan olmadı. Görünür, düşündüyüm qədər bilən deyilmişlər. Məncə, elə yeni lövhədə yazılanlardır. Axundun nəslindən olan-qalan adamlar çoxdur. Kimsə onun qəbrinə, bağına, evinə baş çəkib, lövhəni yazdırıb, başdaşı əvəzi qoyub. Kimdirsə, çox sağ olsun. Axundun qəbri üzərində fatihə oxuyub evə sarı gedirik. Ev tamam uçub. Birinci mərtəbənin uçulmuş divarları qalıb. Qalın kol-kosu yarıb irəli getmək mümkün olmadı. Ürəyim sakitləşmişdisə də, fikrim o kitabların yanında qaldı: "Görən, orda hansı sirlər varmış? Onları kim tapıb, hara aparıblar?" Bir az dolaşıb geri qayıtdıq. Tədbirə çatmalıydım.

"VAQİF DÜNYASI". Sonuncu gecə saat 9-da M.P.Vaqifin  məqbərəsi önündə İlqar Fəhminin müəllifi olduğu çox möhtəşəm poetik-musiqili tamaşaya baxdıq. Tamaşada S.Vurğunun "Vaqif" dramından və müəllifin özünün bədii yaradıcılığının məhsulu olan müxtəlif tarixi hadisələrin bədii şəkildə sintezindən ibarət, rəqslərlə müşayiət olunan çox möhtəşəm səhnələr vardı. Tamaşaya baxdıqca düşünürəm: bəlkə, Qacar Şuşada ölməsəydi, Qarabağı da birləşdirib bütöv Azərbaycan yarada biləcəkdi. Bəlkə, o zaman İbrahim xan və ailəsi 1804-cü ildə Cıdır düzündə Sisianov tərəfindən vəhşicəsinə güllələnməyəcəkdi. Bəlkə, İbrahim xanın soyundan olan nəsillər varisliklə Qarabağda hakimiyyəti daha da möhkəmləndirəcək, erməni mənfurları birdəfəlik siləcəkdi! Bəlkələr... Bəlkələr... Kaş kilərin sinonimləri... Sınmış arzuların göz yaşları... Biz torpağı, vətəni sevirik. Amma bu dərin, böyük sevginin qarşısında Vətən niyə belədir, yarımçıqdır?! Düşünürəm, ən gözəl sevgi əsərlərinin sonu ayrılıqdır, sonu qovuşmadan ölməkdir. Allah sevdiklərini belə öldürür: tərtəmiz, ləkələnmədən. Elə şəhidlər kimi.  Ah, şəhidlər!.. Gül üzlü, gözəl-göyçək, qədd-qamətli, qeyrəti ruhuna sığmayan canım şəhidlər! Analarının tüstüsünü təpəsindən çıxaran, atalarının belini bükən, övladlarının gözünü yolda qoyan, xanımlarının ciyərini yandıran, "Vətən" deyib döyüşə atılan şəhidlər! Ah, bu Vətən sizə həyatınızdan necə də qiymətli göründü, əzizlərim. Vətən də sizin kimi xatiri əziz, yarımçıq, əzizlərinin-sevənlərinin gözü yaşlıdır!..

ŞUŞADA DİRİLT. Sonuncu gündür. Obaşdan otağın qapısını açıb balkona çıxıram. Alatoranda seyrək buludlar başım üzərindən keçir. Günəş hələ görünmür.  Tərtəmiz hava ciyərlərimi sevindirir, ruhum pərvazlanıb. Sonuncu saatlardır. Saçımı açıb səliqəyə salıram. Saçımdan ayrılan, gözümdən yayınan iki uzun tel balkondan aşağı uçur. Əl atıb tuta bilmirəm Pərt olmuşam. Yenə düşünürəm, genetik kodumu daşıyan saçlarım burda qaldı. Bu, mənim burda dirilməyim üçün bir əsas olar. "Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!" ("Qurani-kərim", "Əl-həcc" surəsi, 5-ci, 6-cı ayələr). Qiyamət günü bizi dirildəcək Allah, görən, bizim istəklərimizlə hesablaşırmı? Gözəl Allahım, bəlkə, məni elə burada - Şuşada dirildəsən. Olmazmı? Ovlaq sahəsinin sərhədlərini ağac və kollarda nişana qoyaraq bildirən heyvanlar kimi mən də nişanamı burda qoydum, deyəsən. Yadıma nağıllar düşür. Divlər qızlara bir ovsun oxuyub almaya çevirir, cibinə qoyub gəzdirir kimi, məni də bir ovsunla  daşa, quşa, bu çiçəklərə çevirib burda saxlasaydılar. Yenə düşüncələrimə gülməyim tutur.  Şuşa, deyəsən, məni filosof edəcək (filosofluqdan, filosof sözündən də heç xoşum gəlmir). Bu yaşımda mənə dərs verməyə çalışan adamları da sevmirəm. Kimsəyə də dərs vermərəm. Özü "oxuyub öyrənsin".  Həyat müəllim canını alıb elə "oxudacaq" ki.

ŞUŞADAN GETMƏK İSTƏMİRƏM. Otağın qapısını açıb həyətə düşür, kiçik xiyaban boyu sürətlə addımlamağa başlayıram. Tək-tənha. Mən və Şuşa. Otelin böyründə cərgə ilə əkilmiş akasiyalar çiçəkləyib. Çoxdan - uzun illər əvvəldən tanıdığım nektar ətri ilə qarışmış spesifik akasiya ətri yadıma nələri salır. Laçındakı həyətimizdə bol-bol çiçək açan akasiyalar necə gözəl ətir saçardı. Bir-iki nəfər orta yaşlı kişi də "razminka" edir. Kiminsə mənə qoşulmağını istəmirəm. Bir qıça akasiya çiçəyi dərib üzü dağlara baxıram. Yenə gözlərim dolur. Allah sənin "bəlanı" verməsin, Şuşa!.. Bu şəhər zorla ərə verilmiş, bakirəliyini qoruyub saxlayan Leylimizdir, bakirəlik rəmzimizdir.  Şuşa əvvəlki deyil. O, susqun və kimsəsiz görünür. Burda nəsə hələ tam anlamadığım başqa şeylər var. İntuisiyam çox güclüdür və bu "başqa şeylər" məni heç vaxt aldatmayıb. Laçındakı kimi gur canlanma yoxdur burda.   

QAYITDIQ. Avtobuslara doluşub bu gözəlliklərdən ayrılaraq geriyə - səs-küylü, tozlu, təzadlarla dolu  Bakıya qayıdırıq. Yol uzunu aktyor Şamil Süleymanov Şuşa mühiti, musiqiçilər haqqında Şəhla xanıma (N.Kəsəmənlinin bacısı) pıçıltı ilə maraqlı əhvalatlar danışır. Bu əhvalatları Firidun Şuşinskinin kitabından oxumuşdum. Şuşadan götürdüyüm suyun sonuncu qurtumlarını içirəm. Son Şuşa suyu... Avtobuslara mindiyimiz yerə çatıb düşürük. Taksi çağırıram, cəmi üç manata. Bu qədər xərclə Şuşaya get, qayıt. Ailə üzvləri ilə, kollektivlə hara getsək, bütün  səfərlərdə xərcləri özüm çəkmişəm. Bu üç manat mənə o qədər təəccüblü, heyrətamiz görünür ki.

Təşəkkür edirəm, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyi!

16-18 iyul 2023-cü il.

 





21.07.2023    çap et  çap et