Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi ölkənin ilk muzeylərindən biridir. Bu muzeyin yaradılması haqqında ideya 1922-ci ildə meydana gəlib. 1922-ci il dekabrın 27-də xalq komissarı H.Sultanov muzeyin təşkilinə rəhbərlik etmək üçün təşkilat komitəsinin yaradılması haqqında əmr imzalayıb. Bundan sonra təşkilati işlərə başlanıb. 1923-cü ilin oktyabr ayında isə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı Fəhlə-Kəndli Deputatları Sovetinin qurultayının açılışı münasibətilə Bakı şəhərində müvəqqəti kənd təsərrüfatı sərgisi təşkil edilib. Sərgidə ölkənin kənd təsərrüfatının vəziyyətini əks etdirən müxtəlif eksponatlar, dioqram və fotoşəkillər, ölkənin fiziki-coğrafi, torpaq, iqlim, demoqrafik xüsusiyyətləri və s. nümayiş olunub. Sərgini qısa müddət ərzində 8 min nəfər ziyarət edib. Bu böyük marağı nəzərə alaraq dövlət Azərbaycan SSR Xalq Torpaq və Xalq Ticarət Komissarlıqlarının təşəbbüsü ilə respublika əhəmiyyətli Kənd Təsərrüfatı və Ticarət-Sənaye Muzeyinin yaradılması haqqında qərar verib.
Muzeyin direktoru Natiq Qurbanovun sözlərinə görə, 1925-ci ildən fəaliyyətinə artıq elmi təmayüllü idarə kimi davam edən muzeydə kənd təsərrüfatı fakültəsinin tələbələri, müəllimlər, təbiətşünaslar, coğrafiyaçılar üçün Azərbaycanşünaslığa aid silsilə mühazirələr təşkil olunurdu. Bundan əlavə, muzeyin laboratoriyasında istehsal tullantılarının mümkün utilizasiyası və qiymətli kənd təsərrüfatı bitki sortlarının öyrənilməsi məqsədilə tədqiqat işləri aparılırdı. 1925-ci ildə keçirilən beynəlxalq Paris sərgisində Azərbaycan pavilyonunun muzey tərəfindən hazırlanması və respublikanı təmsil etməsi də bu faktı təsdiq edir. 1930-cu ildən muzey artıq bayramlar, qurultaylar, müxtəlif kənd təsərrüfatı tədbirləri munasibətilə səyyar sərgilər təşkil etməyə başlayıb. 1936-1938-ci illərdə isə öz fəaliyyətini genişləndirmək, bölgələrdə təbliğat və maarifləndirmə işini gücləndirmək məqsədilə Kirovabad (indiki Gəncə), Nuxa (Şəki), Naxçıvan, Quba və Lənkəranda muzey öz filiallarını yaratdı. Hazırda əmək qəhrəmanı Sevil Qazıyevanın Beyləqan rayonunda yerləşən xatirə muzeyi filial kimi fəaliyyət göstərir".
Direktor deyir ki, yarandığı gündən maarifləndirmə və təbliğat işinə xüsusi fikir verən muzey bu məqsədlə tez-tez sərgilər və mühazirələr təşkil edir. Muzeyin ekspozisiyası həmişə kənd təsərrüfatının təbliğində ən təsirli silah olub. O, daim yenilənir və ölkədə kənd təsərrüfatının müasir vəziyyətini əks etdirən yeni materiallarla zənginləşir. Muzeyin fəaliyyət sahəsi çox genişdir. Burada ölkədə yaşayan xalqların tarixini, əkinçilik mədəniyyəti ilə bağlı adət və ənənələrini geniş kütləyə tanıtmaq məqsədilə sərgilər, görüşlər, televiziya kanalları ilə birlikdə verilişlər təşkil olunur. Milli və dövlət bayramlarımız, xüsusi anım günləri müxtəlif tədbirlərlə qeyd edilir. Həm də elmi idarə olan muzeydə ölkənin kənd təsərrüfatının bütün sahələri haqqında geniş məlumatlar toplanıb və ikicildlik Azərbaycan Kənd Təsərrüfatı Ensiklopediyası hazırlanıb.
Natiq Qurbanovun sözlərinə görə, təşkil olunduğu dövrdən dəfələrlə ünvan dəyişən bu elm və mədəniyyət ocağı 2015-ci ilin dekabr ayından 8-ci mikrorayon S.S.Axundov küç. 31/23 ünvanında fəaliyyət göstərir. Muzey 600 kvadratmetr sahəni əhatə edir və müasir standartlara uyğun səviyyədə tərtib olunub. Muzey yeni ünvandakı açılışında Prezident cənab İlham Əliyev və digər fəxri qonaqlar iştirak ediblər. Yeni ünvanda fəaliyyətə başladığı dövrdən böyük marağa səbəb olan muzeyi qısa müddət ərzində sadə vətəndaşlarla yanaşı, dövlət nümayəndələri, deputatlar, alimlər və xarici qonaqlar ziyarət ediblər: "Yeni bədii tərtibata uyğun olaraq muzeydə kənd təsərrüfatının tarixi və bu günü ilə yanaşı, bütün sahələri də öz əksini tapıb. Tərtibatın daha da zəngin, əhatəli və diqqətə layiq olması üçün ölkənin ayrı-ayrı bölgələrindən 600-ə yaxın yeni eksponat alınıb. Ekskursiya və ekspozisiya işi dövrün tələblərinə uyğun olaraq texniki vasitələrdən istifadə etməklə qurulub. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin informasiya sistemi hazırlanıb. Ekspozisiya zalında "info-kiosklar" quraşdırılıb və muzeyin informasiya sisteminin proqram təminatı yaradılıb. Bu interaktiv informasiya sistemi muzeyin veb portalı vasitəsilə geniş ölkə ictimaiyyətinə və xarici istifadəçilərə əlçatan olacaq. Muzeyi ziyarət edən qonaqlar buradakı "info-kiosklar" vasitəsilə Azərbaycanın kənd təsərrüfatı potensialı, onun tarixi və ayrı-ayrı sahələri ilə yaxından tanış ola biləcəklər. Muzeyin informasiya sistemi ən müasir dizayn interfeysinə malikdir, mütərəqqi texnoloji platformalarda hazırlanıb və 4 əsas moduldan ibarətdir: "Heydər Əliyev və Azərbaycanın Kənd Təsərrüfatı", "Dövlət Kənd Təsərrüfatı Muzeyi", "Kənd Təsərrüfatı Göstəriciləri", "Kənd Təsərrüfatı Sahələri". Hər bir modulda əhatə etdiyi sahə üzrə geniş məlumat toplanıb. "Heydər Əliyev və Azərbaycanın Kənd Təsərrüfatı" modulunda Ulu öndərin respublikanın kənd təsərrüfatına verdiyi töhfələr vizual olaraq fotoşəkillər, video çarxlar, onun kənd təsərrüfatı ilə bağlı fikirləri vasitəsilə ziyarətçilərə təqdim olunur. Burada Ümummilli lider Heydər Əliyevin aqrar sahə üzrə fəaliyyəti və uğur tarixçəsi barədə vizual görüntülər verilib".

Direktor bildirib ki, "Dövlət Kənd Təsərrüfatı Muzeyi" modulunda ziyarətçilərə muzeyin xəritəsi təqdim olunur. Sol tərəfdə dinamik xəritə, sağ tərəfdə isə keçidlər göstərilib. Hər bir keçid muzeyin bir bölməsini əhatə edir. Bu keçidlər vasitəsilə ziyarətçilər seçdikləri bölmə ilə bağlı ətraflı məlumat ala bilərlər. Modulda hər eksponat barədə həm vizual, həm də mətn məlumatlar var: "Kənd Təsərrüfatı Sahələri" modulunda aqrar sahənin müxtəlif istiqamətləri, ayrı-ayrı sahələrin inkişaf tarixi haqqında şəkil və mətn məlumatlar yerləşdirilib. Geniş məlumat almaq istəyənlər üçün "Ətraflı" bölməsi mövcuddur. Misal üçün, tərəvəzçilik sahəsi ilə maraqlanan ziyarətçi tərəvəzlər haqqında, heyvandarlıq sahəsində isə maldarlıq, qoyunçuluq, quşçuluq və digər bölmələrin inkişafı, tarixi barədə ətraflı məlumat ala bilər. "Kənd Təsərrüfatı Göstəriciləri" modulunda isə aqrar sahənin göstəriciləri öz əksini tapıb. Burada ziyarətçilər kənd təsərrüfatı sahələrinin inkişaf xəritəsini vizual olaraq görmək imkanına malikdirlər. Modulda hər bir sahə üzrə mətn məlumatlar və dioqramlar yerləşdirilib. Ekspozisiya zalında Qobustan qayalıqlarının maketi hazırlanıb. Qobustan ərazisi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Buradakı qayalıqlarda insan, müxtəlif bitki və heyvan, yel dəyirmanı, əkinçi və kənd təsərrüfatı alətlərinin şəkli təsvir edilib. Bu təsvirlər eramızdan əvvəl III-II minillikdə Qobustan ərazisində yaşamış insanların məişət və peşələrini, adət-ənənələrini özündə əks etdirir. Rəsmlərdən aydın görmək olar ki, hələ o dövrdə insanlar əkinçiliklə, heyvandarlıqla məşğul olublar. Bu qayaüstü rəsmlər Azərbaycanda əkinçilik mədəniyyətinin qədimliyini sübut edən əyani dəlillərdir. Zalda XVIII-XIX əsrlərdə yaşamış kəndli ailəsinin sadə məişətini özündə əks etdirən daxma da tərtib edilib. Daxmanın taxta qapısı xüsusi maraq doğurur. Belə qapı həmin dövrün bütün Azərbaycan kənd evləri üçün xarakterik idi. Qapının üzərindəki böyük rəzə kişilər, kiçik rəzə qadınlar üçün nəzərdə tutulub. Rəzələrin səsinə görə gələn qonağın qadın və ya kişi olduğu müəyyənləşdirilər və qonağı qarşılamağa ev sahibi, yaxud sahibəsi çıxardı. Daxmanın divarları gildən və qamışdan hazırlanıb, üstü qamışla örtülüb. Burada geyim və bəzək əşyaları, gil və taxtadan hazırlanan qablar, nehrə, taxta tərəzi və xurcunlar, yun saplardan toxunmuş palaz, kiçik əl dəyirmanı (kirkirə), həvə, cəhrə və s. ziyarətçilərin diqqətinə təqdim edilib".

Muzeyin taxılçılıq bölməsində Mingəçevirdə aparılan qazıntılar zamanı tapılmış və eramızın I əsrinə aid edilən buğda dənəsinin nümunəsi, əkinçilikdə istifadə edilən qədim kənd təsərrüfatı alətləri - taxıl beli, kətmən, yaba, oraq və s. ilə tanış olmaq mümkündür. Burada Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış Qiymətli-2/7, Əkinçi-84, Qaraqılçıq-2, Şiraslan-23, Azəri, Bərəkətli-95, Tər-tər, Turan, Mirbəşir-50 və digər sortlar taxıl zəmisində əkilmiş formada göstərilir. Zalda ölkənin dağətəyi zonasında yerləşən müasir Azərbaycan kəndi təbii şəkildə göstərilib. Heyvandarlıq bölməsində qaramalın və qoyunçuluğun tarixi ilə bağlı məlumatlar verilib. Zalda arıçılıqda istifadə olunan əşya və avadanlıqlarla da tanış olmaq mümkündür.
Zaldakı ipəkçilik bölməsində isə ziyarətçilər bu qədim təsərrüfat sahəsinin tarixinə və inkişafına aid məlumatlarla tanış ola bilərlər. Bölmədə üzümdən hazırlanan müxtəlif məhsullar - şərab, sirkə, kişmiş, bəhməz və Azərbaycan şərablarının sərgilərdə aldığı diplom və medallar, çaxır çəlləkləri, üzümsıxan press, qədim üzümsıxan daş və s. nümayiş olunur. 2018-ci ildə muzeyin köməyi ilə Ağdam Atçılıq Kompleksində Atçılıq Muzeyi açılıb. Zaldakı atçılıq bölməsində bu sahəyə aid geniş məlumat almaq mümkündür.
Ekspozisiya zalında həm də xalqımızın etnoqrafiyasını, məişətini əks etdirən eksponatlar - qədim və nadir bəzək əşyaları, XIX əsrdə və XX əsrin əvvəllərində kəndlilərin istifadə etdiyi toy-bayram, mərasim, iş geyimləri, misdən, gildən, taxtadan hazırlanan qədim məişət əşyaları, qədim əkinçilik alətləri və s. nümayiş olunur.
Sevinc QARAYEVA
çap et