525.Az

Tet-a-tet...


 

Tet-a-tet...<b style="color:red"></b>

Bu dəfə yazının girişi yoxdur. Çünki bu dəfə daxilimdəki ikinci mənlə üz-üzə qalmaq istədim. Eyni ölçü-biçimdə, eyni düşüncədə, eyni xasiyyətdə olsaq da, dedim bəlkə bir fərqlilik görə bildim onda. Bunu sonda anlayacam. Bu gün sual vermək istəmirəm, sadəcə dinləmək istəyirəm. Özümə bir hədiyyə kimi...

Sabah Milli Mətbuat günüdür. Yəni ikimizin də günüdür - onun da, mənim də.  Əslində məni bu cameəyə o gətirib. Düşündüklərim, söyləmək istədiklərim ondan süzülərək əvvəl kəlmələrə sonra isə cümlələrə çevrilib. Sonda ard-arda düzülən cümlələri əvvəli və sonu olan bir yazı kimi ərsəyə gətirib. Bu, mənim qələmimdir! İllər öncə onunla bir yola çıxmağa qərar verdik. Və bu il həmin vaxtdan düz 35 il ötür. Bu illər ərzində həm əlimdə olub, həm də yanımda. Ən sadiq dostum, ən etibarlı sirdaşım, məsləkdaşım, yol yoldaşım o, olub. Sevincimə şərik, kədərimə ortaq qələmim. Əl-ələ verib yürüdüyümüz bu yolda bir çətinliyimiz olmadı, çünki işimizi həmişə mükəmməl görməyə çalışdıq. Və görünən odur ki, deyəsən, bunu bacarmışıq da. Harda olduqsa, bizdən razı qaldılar və buna görə ona borcluyam, yəni qələmimə.

Onunla ilk tanışlığım 7 yaşımda olub. Hamı kimi əlimə çanta alıb məktəb astanasından daxil olanda. Amma o zaman məktəbə yazıb-oxumağı öyrənmək üçün gəldiyim kimi bir anlayışım vardı, vəssalam. Onun sayəsində yazmağı, hərfləri tanıyıb oxumağı öyrəndim. Əlifbanı bitirər-bitirməz nitqimizin inkişafı üçün atam yaşımıza uyğun kitablar alardı. Bir göz qırpımında onları oxuyub başa vurardım. Beləcə, mütaliə ilə dostluğum yarandı. Bunu görən atam mütəmadi olaraq mənə kitablar almağa başladı. Yadımdadır, növbəti kitab alınana qədər əlimdəkini dönə-dönə oxuyardım. Hətta kitab oxuduğum üçün cəzalanmağımı hələ də unutmamışam. Nahar fasiləsinə əlində yeni kitabla gələn atam mənə tapşırdı ki, bu gün işdən qayıdandan sonra dərslərini mənim nəzarətim altında edəcəksən. Sonra isə kitabı oxuyarsan. Mən o kitabı oxumaq üçün atamın gəlməyini heç cürə gözləyə bilməyəcəyimi görüb dərslərimi hazırladım və kitabı oxuyub qoydum kənara. Atam gəlib deyəndə ki, gəl, dərslərini oxuyaq, həmin anda özümü qəhrəman sanaraq dedim ki, dərslərimi də etmişəm, kitabı da oxumuşam. Əsl fəlakət isə bundan sonra başladı. Əlindən çantası alınan mənə atam dedi ki, sabahdan məktəbə getməyəcəksən, sözə qulaq asmadığın üçün səni internata verəcəyəm. Bu, onun cəza üsulu idi. Müəyyən yaş həddinə qədər bu qorxu hissi mənimlə olub. Sinifdən sinfə keçdikcə mütaliə dairəm həm genişlənir, həm də fərqli olurdu. Yazdığım inşa yazıları mənə ədəbiyyatı sevdirən mərhum müəlliməm Ramizə İsmayılovanın həmişə diqqətini çəkirdi. Sərbəst mövzuda yazmağı daha çox sevirdim və indi düşünürəm ki, bu, artıq qələmlə dostluğun başlanğıcı olub. Desəm ki, məktəb illərindən jurnalist olmaq istəmişəm, bu, ağ yalan olar. Anam məni həkim görmək istəyib həmişə, özüm isə rejissor olmaq arzumu gizləmişəm. Nəticədə atamın məsləhəti ilə filologiya fakültəsinə daxil oldum. Təhsil ala-ala çalışdığım dövlət televiziyası isə mənim üzümə juralistikanın qapısını açdı və buna görə hər zaman ehtiramla andığım Elşad Quliyevə borcluyam.

Jurnalistikadan bixəbər olan mən, bu yolun cığırına düşəndə qeyri-təvazökarlıq kimi səslənməsin güvəndiyim təkcə qələmim idi və inanırdım ki, o, məni utandırmayacaq. Radio və qəzet ilə müqayisədə televiziya jurnalistikası tamam fərqli və çətindi. Və mən də bu çətinlə üz-üzə qalmışdım.  Bilmədiyimi soruşmağı heç vaxt xoşlamamışam, baxmayaraq ki, bu, heç də eyib deyil. Di gəl, bunu edə bilməmişəm, əvəzində bilmədiyimi izləyərək öyrənməyə nail olmuşam və pis də nəticə verməyib. Televiziyanın "Uşaqlar üçün proqram" baş redaksiyası yaradıcılığımın ilk ünvanı olub. Ondan əvvəl isə radionun "Gənclik" redaksiyasında ilk və son reportajımı hazırlamışdım. Adı indiyə kimi yadımdadı - "Məzun və iş yeri". 35 illik jurnalist fəaliyyətimdə o reportaj mənim üçün ən əzizdi. Televiziyada ilk süjetim məktəblilər üçün hazırlanan "Yelkən" adlı verilişdə getdi. Hiss edəndə ki, məndən razı qalıblar, özümə inamım artdı. Beləcə, süjetlərin sayı çoxaldı, yavaş-yavaş böyüdü. Onlar artdıqca yaradıcı təxəyyülüm genişləndi və ünvanım dəyişərək "Gənclər üçün proqram" baş redaksiyası oldu. Televiziyada çalışdığım ən məhsuldar illər bu redaksiya ilə bağlıdır. Müəllif proqramı yaratdım, aparıcılığını da özümə həvalə etdilər. Hər başlanğıcın bir sonu olduğu kimi, mənə bu gün də doğma olan televiziyadan ayrıldım. Və 1996-cı ildən bu günə kimi mətbuatda necə deyərlər külüng vururam. Hələ ki yorulmamışam, illərdir yürüdüyüm bu yolun hansı nöqtəsindəyəm, onu da bilmirəm. O zaman jurnalistikaya gəldiyimi atama deyəndə onun mənə bir tövsiyəsi oldu: "Elə işlə ki, sabah biri ilə üz-üzə gələndə, gözlərini belə, aşağı salmayasan". Bu tövsiyə hələ də qulağımda səslənir. Jurnalist üçün ən kiçik yazıda belə, yeni bir tanışlıq var. Və çox məmnunam ki, bu gün dostluq səviyyəsində olan müsahiblərimlə hələ də ünsiyyətdəyəm.

Kimliyindən asılı olmayaraq, müsahiblərlə söhbətdə mediaya aid sualın mütləq olur, bunu bilirəm. İndi də mən o sualla üz-üzə qalmışam. Uzun illər öncə respublikanın baş psixiatoru olmuş mərhum Ağabəy Sultanovdan müsahibə götürmüşdüm. Necə oldusa, söhbət şəhərimizdən düşdü və o, belə bir fikir söylədi: "Mənim Bakıya yazığım gəlir". Ona görə belə demişdi ki, həmin zamanlarda Bakı şəhər simasını demək olar ki, itirmişdi. Rəhmətliyin sözünə qüvvət, bu gün mənim mediaya yazığım gəlir. Çünki yerində olmayanlar, qələm nədir bilməyənlər, yazdığı sözün məsuliyyətini dərk etməyənlər, tənqidlə təhqirin yerini dəyişik salanlar o qədər artıb ki, bəzən özünün jurnalist adından utanırsan. Təbii ki, istisnalar var. Bizim peşəkarların yetişdirdiyi yeni gənc yazarlar arasında dərin köklərə söykənən milli mətbuatın üzünü ağ edən qələm sahiblərinin dəyərini bilmək lazımdır. Əsl jurnalist kimdən yazırsa, yazsın, ilk növbədə  onun mənafeyini qorumalıdır. Bir kəlmə ya ehtiyatsızlıq, ya ürək qızdıraraq söylənən sözü manşetə çıxarmaqla reytinq qazanmaq yox, sənin imzanı axtaran oxucunu qazanmaq əsl jurnalistin uğurudur. Belə uğuru layiq olan həmkarlara arzu edirəm.

Bu gün mənimlə üz-üzə qalıb dinləmək istədiyini bildirdin. Amma düşünmə ki, adət etdiyin qucaq dolusu suallarına cavab verəcəyəm. Ruhuma yaxın olanlarının ətrafında danışmaq mənə daha rahatdı. Üç il əvvəl bütün dünya azərbaycanlılarının ömründən 44 gün keçdi. Kənardan kiçik bir rəqəm kimi görünən bu müddətə Vətən adlı bir nəhəngi sığışdıra bildik. Vətən haqqında yazmağı  parta arxasından sevmişəm, hələ onun mahiyyətini dərk etmədən. Özünü sevdiyimi isə ilk dəfə turist səfərinə gedəndə anladım. 1980-ci ildə komsomol xətti ilə o zamanın ən dəbdə olan ölkəsi Polşaya getdim. Çox həyəcanlı və səbirsiz idim ki, tez çatım, gəzim, tanış olum. Həyəcanımın ömrü isə sərhədi keçənə qədər oldu. Elə ki, yoxlama bitdi, bizim SSRİ adlı yeganə evimizin sərhədi arxada qaldı içim o qədər sıxıldı ki, ağlamağa başladım. Qrup rəhbəri soruşdu ki, niyə ağlayırsan, cavabım bu oldu - evimizə istəyirəm. Əslində isə mən Vətənimi istəmişəm, bunu sonralar dərk etdim. Bu günə qədər cavabını tapa bilmədiyim, fikirlərimi düzgün ifadə edə bilməməkdən çəkindiyim, söz ehtiyatımda dolğun ifadəsini tapa bilmədiyim varlığımdı Vətən. Və bir də 44 gündə bir yumruq olan xalqımı görəndə, anladım ki, Vətən sevgisi hər şeyə qadirdir.

Hə, Tamilla M-zadə, bir az da ordan-burdan danışım səninçün. Düşünmürəm ki, bir də indiki kimi tet-a-tet söhbətləşmək imkanımız olacaq. Bir dəfə alman filosofu Nitsşenin belə bir kəlamını oxudum: "Rəhmdillik insanı zəiflədir, qəddarlıq isə gücləndirir". Bu deyimi bəzən müsahiblərinə də sual kimi verirsən. Bir dəfə ilk baxışdan paradoks kimi görünən bu kəlamın əlindən tutub ömür yoluma nəzər saldım. Həyatda rastlaşdığım haqsızlıqlara, yanlışlara qarşı rəhmdilliyim sayəsində kar, kor və  lal olduğum üçün özümə çox qızdım. Dəyişmək istədim, amma alınmadı, çünki artıq bu təbiətin sahibi idim. Ən ağır acı arxadan zərbə almaqdı və bunu üç dəfə yaşasam da, yenə də susmuşam. Səhvlərimi etiraf etməkdən heç vaxt çəkinməmişəm. Zənnimcə, heç də pis xüsusiyyət deyil. Hər şeyə rəğmən, özümü həyatda şanslı insan hesab edirəm. Çünki məni daima qoruyan Allahım, gözəl valideynlərim və bir də hər məqamda sadiq qalan qələmim olub.

Həyatda qeyri-adilikləri çox sevirəm, yəqin ondandır ki, qəribəliklər məndən yan ötmür. Elə birincisi anamın ad günündə dünyaya gəlmişəm. O üzdən anam həmişə deyərdi ki, ömürlük hədiyyəmsən mənim. Arayıb axtarmağa, araşdırmağa çox meyilliyəm, bu da yəqin peşə fəaliyyətimdən irəli gəlir. Daima öyünüb qürrələndiyim iki şey var - biri məktəbi 9 ilə bitirməyim, o biri doğma şəhərim Bakı. Bir etiraf da edim. Universitetə heç də asan qəbul olmamışam. İmtahan verib müsabiqədən keçməməkdən bezmişdim. Son cəhdimi atamın istəyinə görə etdim. Yaxşı oxumuşam, yalnız partiya tarixi, siyasi iqtisad, elmi kommunizm kimi sevmədiyim fənlərdən imtahanda qiyməti ya əzbərləmək, ya da "şparqalka"dan köçürməklə almışam. Necə deyərlər, tələbəliyə xas bütün mərhələlərdən keçmişəm və buna görə heç də peşman deyiləm. Söhbətimin sonunda bəzən bizi sovet uşaqları adlandıran gəncliyə demək istəyirəm ki, o zaman mənfilərini görə bilmədiyimiz, lakin bu gün müsbətləri ilə əksəriyyətimizin cəmiyyətdə tutduğu layiqli mövqeyə görə yetişdiyimiz dövrə minnətdar olduğumuz kimi, 30 illik işğal yolunu 44 günə zəfərlə başa vuran gənclərimizə varlığımızı borcluyuq. Və ən nəhayət həmkarlarımı, qələm dostlarımı ürəkdən təbrik edərək deyirəm ki, sədaqət yolunu azmadan, gəlin gördüklərimizin dörddə birini yazaq.

SÖZARDI:

- Axır ki, tet-a-tet, üz-üzə dayandıq...

-  Dayandıq...

- Həyəcanlıydın...

- Bir az...

- Mən Tamilla M-zadə...

 - Mən də Tamilla Teymurqızı, bu da görmək istədiyin fərqlilik..

- Və bu günün imzası da sənin olsun...

- Olsun...

- Bəs elə isə...

- Ver əlini...

 

Tamilla TEYMURQIZI

 

 





21.07.2023    çap et  çap et