525.Az

Qalmışam gözləyə-gözləyə


 

Qalmışam gözləyə-gözləyə<b style="color:red"></b>

Müxəmməd HAQVERDİ

 

Bulud kimi dolanda

yağmağa yerin ola.

Yağasan, yağasan,

boşalanacan.

Sonra da uçmağa

göylərin ola.

Uçasan, uçasan,

quş olanacan.

Nəfəs dərməyə

otağın ola,

Şeir yazmağa

hücrən.

Çiçək açmağa

budağın ola,

Xoşbəxt olmağa

gecən.

Yaşantı

 

Bir az saçımın

ağlığına da,

Bir az alnımdakı

qırışların sıxlığına da,

Atamın yoxluğuna da

Alışdım.

Hərdən

Məndən kiçiklər

Qoca deyəndə

Acığım qaynardı,

Yavaş-yavaş

Daha acığım soyuq,

Alışdım,

Dözə-dözə

Ümidimə dirsəklənə-dirsəklənə,

Ömür yaşayıram

Üzü sabaha.

lll

Gecənin ulduz naxışlı

köynəyi,

Didilər, süzülər

Anların axarında.

Çılpaqlaşan gecə,

Mürgülü səma

Sübhü eynək kimi

Gözünə taxar...

Bu gözəlliyə,

Bu ilahi ana,

Mən baxaram,

Bir də

göydən Allah baxar.

Qalmışam gözləyə-gözləyə,

Bəxtimin,

Həsrətimin

Səhəri açılsın deyə.

lll

Həbsdən çıxan

İnsan kimi

Həqiqət sısqa,

Üzgün.

Yalan isə

Şişmiş

Qabaritini

İtirmiş birisi.

Tərəfdaşı çox,

Gileyi yox...

Təpgisi az...

Yaşayır kefli-kefli,

Həqiqətin təzyiqini,

Şəkərini

Artıra-artıra.

lll

Bir yaz günü

Nəhəng qara buludlar

Səmanın şəlləyində

Sıxıldı, sıxıldı...

Sonucda üzüldü

Qara buludlar,

Süzüldü damla, damla...

Bürküdən yorğun-arğın

Ana torpağın

Cadarlanmış sinəsinə

Sərinlik, təmizlik ələndi...

lll

Günəş günün sahilində

Qərib çağı,

Qürub çağı...

Üfüqə boylanan

Nəhəng

Al - qırmızı kürənin

Qırmızı təbəssüm

ələyən şüaları

közərdib əridəcək,

itəcək üfüq,

Sozalacaq işıq...

Tünd qara səma

Sakit-sakit

Göyün nur çiçəklərini -

Ulduzları bitirəcək.

lll

Səmada buludların

Naxışı

Təzələnir hər gün,

Bir-birinə bənzəmir,

Göylərin təbii ekranı.

İnsana sevgidir

İlahinin rənglədiyi

Göylərin hər anı.

Tanrı düşündürür bizi,

Özünün 

Üfüqdən-üfüqə uzanan,

Azman tablosuyla.

 





21.07.2023    çap et  çap et