525.Az

Naxçıvan mətbuatı: Tarixdən bu günə və müasir tendensiyalar


 

Naxçıvan mətbuatı: Tarixdən bu günə və müasir tendensiyalar<b style="color:red"></b>

Qədim Naxçıvan diyarı xalqımızın xilaskarı, mətbuatımızın böyük himayədarı və qayğıkeşi Ümummilli lider Heydər Əliyevlə yanaşı, həm də milli mətbuat tariximizin dayaqlarını yaradan görkəmli şəxsiyyətlər, böyük ziyalı nəsli yetişdirmişdir. Təsadüfi deyil ki, Azərbaycan dilində ilk milli mətbuat orqanı olan "Şərqi - rus" qəzeti məhz 1903-cü ildə ulu Naxçıvan torpağının yetirməsi olan, görkəmli maarifçi və publisist Məhəmməd ağa Şahtaxtlının rəhbərliyi ilə nəşr olunmuşdur. O, 1902-ci ildə Tiflisdə sonralar "Qeyrət" adı verilən xüsusi mətbəəni də yaratmışdır.

1846-cı ildə Şahtaxtı kəndində anadan olan Məhəmmədağa Şahtaxtlı ilk təhsilini Naxçıvan şəhər məktəbində aldıqdan sonra Avropada dünyəvi təhsilə yiyələnmişdir. Görkəmli publisistin yaratdığı "Şərqi-rus" Qərb standartları ilə nəşr edilən ilk Şərq qəzeti idi. Bu qəzet öz ətrafında Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar kimi naxçıvanlı söz və fikir adamlarını toplamışdı. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə "Şərqi-rus"un ənənələri əsasında sonradan formalaşan "Molla Nəsrəddin" jurnalı isə bütün Şərqə səs salmışdı. Bu mətbu ənənələr milli mətbuatımıza həm də Naxçıvan məktəbinin yetirmələri olan Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Əli Səbri Qasımov, Behbud ağa Şahtaxtlı və xalqın maariflənməsi yolunda şam kimi əriyən başqa onlarla naxçıvanlı jurnalist və yazıçı qazandırmışdır. Bu gün - milli mətbuatımızın 148-ci ildönümündə, yeni mətbu reallıqlar müstəvisində bir daha bu böyük şəxsiyyətlərin ruhu qarşısında baş əyir, əziz xatirələrini minnətdarlıq hissi ilə yad edirəm.

Xatırlatmaq istəyirəm ki, Naxçıvanda ilk mətbu orqan 1921-ci ilin noyabrında "Cavanlar həyatı" adı ilə nəşr olunmağa başlamış, ardınca "Füqəra səsi" və "Şərq qapısı" adlanmışdır. 1930-cu ildə Naxçıvanda ilk dəfə radio yayımına başlanılmış, 1932-ci ildə isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə isə Naxçıvanda televiziya fəaliyyətə başlamışdır.

İkinci Dünya müharibəsi illərində "Şərq qapısı" qəzeti xüsusilə faşizmə qarşı ciddi ideoloji mübarizə aparmış, öz oxucularını qələbəyə inama səsləmiş, cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə vəsilə olmuşdur. Ötən əsrin 70-ci illərində Ümummilli lider Heydər Əliyevin  Azərbaycanın rəhbəri seçilməsindən sonra ölkəmizin bütün bölgələri kimi Naxçıvan da inkişaf yoluna çıxmış, böyük quruculuq proqramlarının gerçəkləşdirildiyi bir diyara çevrilmişdir. Yeni qəsəbələrin, mikrorayonların, zavod və fabriklərin, elm, məktəb və mədəniyyət ocaqlarının açılışı, kənd təsərrüfatının inkişafı həmin dövrdə qəzetlərin səhifələrini bəzəmişdir. Ulu öndər "Şərq qapısı"nın nəşrinin 50 illiyi münasibətilə qəzeti "Şərəf nişanı" ordeni ilə təltif etmişdir. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar azalmış, həmin dövrdə "Şərq qapısı" qəzeti də azərbaycançılıq ideologiyasını təbliğ edən yazılarla çıxış etmişdir.

Naxçıvan mediası ötən əsrin 90-cı illərinin ən çətin dönəmlərində də tarixi sınaqlardan alnıaçıq çıxmış, Ümummilli liderin Naxçıvandan başlatdığı tarixi xilaskarlıq və müstəqillik missiyasının əsas ideoloji dayağı olmuşdur. Ulu öndər 1990-cı ilin 22 iyununda Moskvadan Naxçıvana qayıtdıqdan sonra ilk müsahibəsini də məhz "Şərq qapısı" qəzetinə vermişdir. "Daha susa bilməzdim" sərlövhəli müsahibədə Ümummilli lider deyirdi: "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb".

Faktdır ki, həmin dövrdə Ulu öndərin əsas söz tribunası "Şərq qapısı" qəzeti və Naxçıvan teleradiosu olmuşdur. Xüsusi vurğulamalıyıq ki, tariximizə "Əsrə bərabər illər" kimi düşən 1990-93-cü illərdə Naxçıvan teleradiosu Ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı və müstəqil Azərbaycan uğrunda mübarizəsində mühüm bir missiyanı öz üzərinə götürmüş və bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirmişdir. AXC-Müsavat hakimiyyəti Ümummillli liderə çox ciddi senzuralar tətbiq etdiyi bir zamanda, Heydər Əliyevin xalqa canlı yayımla müraciətləri, çıxışları, rəsmi qəbulları, görkəmli ziyalılarla görüşləri, xarici səfərləri, Yeni Azərbaycan Partiyasını yaratmaq uğrunda ciddi mübarizəsi ilkin olaraq Naxçıvan televiziyasında yayımlanmış və çox çətin bir məqamda birbaşa olaraq xalqa çatdırılmışdır. Təsadüfi deyil ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyəti Naxçıvanda dövlət çevrilişinə cəhd edərkən Naxçıvan Televiziyasına silahlı basqın etmiş, Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışının əsas ideoloji dayağı olan teleradionu nəzarətə götürərək dağıtmışdır. Həmin vaxt Heydər Əliyev Naxçıvan televiziyası ilə xalqa mürəciətində deyirdi: "Başqa məlumatlara uymaq lazım deyil. Naxçıvan televiziyası, Naxçıvan radiosu mütəmadi olaraq məlumatlar verəcək. Bu məlumatlar Dövlət Müdafiə Komitəsinin məlumatları olacaq. Xahiş edirəm, bu məlumatları siz əsaslı məlumatlar kimi qəbul edəsiniz, başqalarına inanmayasınız".

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Onun rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz, məlumat toplamaq, ifadə və yaradıcılıq azadlıqları ətraflı şəkildə təsbit olunub.

Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində senzuranın tamamilə ləğvidir. Senzuranın mövcudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bir şəraitdə Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu.

Qürur hissi ilə deyə bilərik ki, Ulu öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir.

Bu gün Naxçıvan Muxtar Respublikasında da media qurumlarının sərbəst və səmərəli fəaliyyəti üçün münbit zəmin formalaşdırılmışdır. Hazırda Naxçıvanda Naxçıvan Televiziyası və radiosu, "Kanal 35" internet  televiziyası, "Şərq qapısı" qəzeti, "Nuhçıxan" İnformasiya Agentliyi, "Naxçıvan xəbərləri.com" informasiya saytı, Teleradio şurası, Mətbuat şurası, Azərbaycan televiziyasının, İctimai televiziyanın, BakuTV-nin, "APA" və "Report" İnformasiya agentliklərinin müxbir postları, ən müasir çap avadanlıqları ilə işləyən "Əcəmi" mətbəəsi fəaliyyət göstərir. 

Müstəqillik illərində Naxçıvan teleradiosunun maddi-texniki bazası gücləndirilib. Bu gün Naxçıvan televiziyası və radiosu 17 saatlıq efir yayımına malikdir. 200 nəfərdən artıq heyətə malik teleradio Xəbərlər departamenti və 9 redaksiya ilə gündəlik olaraq ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni hadisələri işıqlandırır, tariximizi, ədəbiyyatımızı, milli adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi təbliğ edir. Rus və ingilis dillərində həftəlik xəbər buraxılışları yayımlayır. Televiziyanın efirinin orta hesabla 70%-ə yaxınını öz istehsalı olan telemateriallar təşkil edir. Teleradioda mütəmadi ixtisasartırma kursları və təlimlər keçirilərək əməkdaşların peşəkarlığının artırılması istiqamətində işlər aparılır. Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsil alan onlarla gənc jurnalistə televiziyada çalışmaq üçün davamlı imkanlar yaradılır. Yaxın vaxtlarda Naxçıvan televiziyasının və radiosunun peyk yayımı da planlaşdırılır.

Naxçıvanda fəaliyyət göstərən jurnalistlər ölkəmizin işıqlı gələcəyi, xalqımızın rifahı naminə Ulu öndərin irsinin təbliğinə xüsusi əhəmiyyət verir. Çünki Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə addımlayan Azərbaycanın 30 il sonra İkinci Qarabağ müharibəsində qazandığı parlaq Qələbə xalqımızın çoxəsirlik tarixinə qızıl hərflərlə yazılmışdır. Müharibə günlərində və müharibədən sonrakı dövrdə Naxçıvan mediası informasiya cəbhəsində ardıcıl və qətiyyətli mübarizəsi ilə seçilmişdir. Qalib ölkənin qalib jurnalistləri kimi, fəxrlə deməliyik ki, regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.  Müzəffər Ali Baş Komadan cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə beynəlxalq aləmdə böyük nüfuza malik olan müstəqil Azərbaycan bu gün öz regionunda əsas söz sahibi və güc mərkəzidir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır.

Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir.

Bütün bu yeni reallıqlar işığında üç ölkə ilə sərhəddə işləyən Naxçıvan mediası da öz tarixi missiyasını müasir çağırışlar fonunda qurmağa çalışır, yüksələn Azərbaycanın yüksələn səsi olmaqda davam edir. Təbii ki, müasir tendensiyalar mətbuatı zamanın tələbi ruhunda formalaşmağa sövq edərək biz media nümayəndələrini yeni çağrışlarla üz-üzə qoyur. Dəqiqlik, operativlik, milli maraqların qorunması, maarifçilik və novatorluq bu gün də mediamızda ana xətt kimi saxlanılmalıdır. Ənənələr və dəyərlər qorunmalı, müasir çağırışlara isə lazımi və çevik reaksiya verilməlidir. Deyə bilərik ki, bu gün Naxçıvan mətbuatında ənənəvilik daha çox nəzərə çarpır. Bununla yanaşı, ənənəvi yanaşmalar müasir tələblər və çağırışlarla davamlı olaraq uzlaşdırılır. Hesab edirəm ki, yalnız bu təqdirdə mətbu orqanları auditoriya üçün doğmalaşa, cəmiyyətin mədəni inkişafına, mənəvi dəyərlərin, milli məfkurənin qorunmasına töhfə verə bilər.

 

 

 





21.07.2023    çap et  çap et