525.Az

Epos qəhrəmanlarında qeyri-səlislik - Muxtar Kazımoğlunun yeddinci yazısı


 

Epos qəhrəmanlarında qeyri-səlislik - <b style="color:red"> Muxtar Kazımoğlunun yeddinci yazısı</b>

"Dədə Qorqud" dastanında ən qorxunc məxluq Təpəgözdür. Təpəgöz nəhəng vücuduna, alnındakı tək gözünə görə qorxunc olsa, dərd yarıdır. Təpəgöz atdığı addımlara, törətdiyi əməllərə görə qorxuncdur, daha doğrusu, qorxuncların qorxuncudur. Qonur Qoca Sarı çobanın bağışlanmaz günahı ucbatından pəri qızın Oğuz elinə bir bəla kimi göndərdiyi Təpəgöz nə qədər şər daşıyıcısı olduğunu lap körpə vaxtından göstərir: onu əmizdirməyə gələn dayələrin döşünü elə sorur ki, onların yerindəcə canı çıxır. Bir az böyüyüb bir yerdə oynadığı oğlan uşaqlarından kiminin burnunu, kiminin qulağını yeməyə başlayır. Evdən qovulan Təpəgöz uca bir dağda məskən salıb yol kəsir, çoban-çoluq qalmır ki, tutub yeməmiş olsun. Oğuz eli ilə vuruşmada Təpəgöz köklü-köməcli bir ağacı yerindən qoparıb elə atır ki, əlli-altmış adam birdən ölür. Oğuz elinin Dözən oğlu Alp Rüstəm kimi, Uşun Qoca oğlu kimi, Dəmir donlu Mumaq, Aruz oğlu Qıyan Səlcuq kimi adlı-sanlı bahadırları Təpəgözlə vuruşmada şəhid olurlar. Nəhayət, Dədə Qorqudun işə qarışması ilə Təpəgöz fəlakətindən qismən az zərərlə yaxa qurtarmağın yolu belə tapılır: hər gün Oğuz elindən Təpəgözə yeməyə iki adam, beş yüz də qoyun verilir. Əməllərini yığcam şəkildə xatırlatdığım Təpəgöz kimi mənfilik mücəssəməsində az-çox müsbətlik əlaməti axtarmaq mümkündürmü? Mümkünmüdür ki, Təpəgöz kimi şər dağarcığının hansısa bir addımı onu mütləq mənada şər təmsilçisi olmaqdan az-çox uzaqlaşdırsın? Bu suala qorqudşünaslıq tarixində ilk dəfə Kamal Abdulla cavab verib. İlk dəfə Kamal Abdulla heç bir qorqudşünasın fikir vermədiyi incə bir nöqtəni - Təpəgözün öz günahını etiraf etməsi və intihar fikrinə düşməsini diqqət mərkəzinə çəkib. Kamal Abdullanın fikrincə, Təpəgöz günahını bu şəkildə etiraf edir:

 

Ağ saqqallı qocaları çoq ağlatmışam.

Ağ saqqalı, qarışı tutdu ola, gözüm, səni?

Ağbirçəkli qarıcıqları çoq ağlatmışam.

Gözü yaşı tutdu ola, gözüm, səni?

 

Kamal Abdulla Təpəgözün bu etirafına əsaslanıb belə hesab edir ki, "ədəbiyyatımızda günah hissindən, onun daşıyıcısından danışası olsaq, heç şübhəsiz, ilk personaj kimi Təpəgöz haqqında danışmalı olacağıq". İntihar məsələsində isə Kamal Abdulla Təpəgözün bu sözlərinə istinad edir:

 

Qalqıbanı yerimdən duram, derdim.

Qalın Oğuz bəglərindən əhdim bozam, derdim.

Yenidən toğanın qıram, derdim.

Bir gəz adam ətinə doyam, derdim.

Qalın Oğuz bəgləri üzərimə

yığılıb gələ, derdim.

Qaçıbanı Salaxana qayasına girəm, derdim.

Ağır mancılaq daşla atam, derdim.

Enib daş başıma düşübən öləm, derdim.

Təpəgözün bu sözləri müqabilində Kamal Abdullanın gəldiyi qənaət məhz intiharla bağlı qənaətdir: "Son cümlə Təpəgözün intihar arzusunu açıq-aşkar şəkildə üzə çıxarır... Hər halda bu parçanın timsalında bizim təsəvvürümüzdəki şər qüvvəsi Təpəgözlə əsl Təpəgöz - günahını anlayan Təpəgöz arasında semantik boşluğu görməmək olmur". Şər qüvvəsi Təpəgözlə günahını anlayan Təpəgöz arasında "semantik boşluğu" qeyri-səlis çoxluqlar nəzəriyyəsinin verdiyi imkanlardan istifadə edib mətndən kənarda qalan və ya mətnin alt qatlarında gizlənən motivləri üzə çıxarmaq yolu ilə az-çox doldurmaq olar.

Məlumdur ki, Lütfi Zadə XIX əsr alman riyaziyyatçısı Georq Kantorun adı ilə bağlı çoxluqlar nəzəriyyəsinə universum anlayışını gətirib. Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsini məntiqi-qnoseoloji baxımdan təhlil edən tədqiqatçılardan Əziz Məmmədov və Fuad Qurbanovun fikirlərinə əsaslanıb deyə bilərik ki, universum problemin həlli üçün istifadə olunan elementlərin ümumi çoxluğudur. Çoxluqlar nəzəriyyəsinə Lütfi Zadənin gətirdiyi başqa bir anlayış mənsubiyyət funksiyasıdır. Mənsubiyyət funksiyası bölünməz elementlərin (Lütfi Zadə bu elementləri "sinqlton" adlandırır) ümumi çoxluğa daxil olma dərəcəsidir. "Dədə Qorqud" dastanında bütün personajları ən ümumi çoxluq kimi götürsək, universumdaxili belə bir bölgü apara bilərik: a) Oğuz elinə mənsub olan personajlar; b) Oğuz elinə qismən mənsub olan personajlar; c) Oğuz elinə mənsub olmayan personajlar. Oğuz elinə mənsub olan personajları 1, Oğuz elinə mənsub olmayan personajları 0 (sıfır) ədədləri ilə işarə etsək, Oğuz elinə qismən mənsub olan personajları 1-lə 0 (sıfır) arasındakı ədədlərlə işarə etməliyik. Oğuz elinə qismən mənsub olan personajlardan biri Selcan xatın, digəri Dəli Domrulun xatını, başqa biri isə haqqında daha geniş danışmaq istədiyim Təpəgözdür. Selcan xatın kafir qoşununa qarşı vuruşması ilə, Dəli Domrulun xatını ömür-gün yoldaşından yana candan keçməyə hazır olması ilə Oğuz elinə mənsub bahadırlara yaxın bir nöqtədə mövqe tuturlar və hər iki xatının mövqeyini 0,9 ədədi ilə işarə etmək mümkün olur. Pəri qızı və Alp Aruzun Qonur Qoca adlı çobanından törəmiş Təpəgözə gəldikdə isə bu qorxunc məxluqun sıfır qütbündə yox, vahidlə sıfır arasında mövqe tutduğunu mifoloji düşüncənin bəzi qanunauyğunluqlarını nəzərə almaqla əsaslandırmaq lazım gəlir. Belə qanunauyunluqlardan biri tabunun pozulmasıdır. Pəri ilə cinsi əlaqə məhz tabunun pozulması nümunəsidir. Mif və folklordan bəllidir ki, pəri qızla insan övladının izdivacı heç də xoşbəxtliklə qurtarmır. Pəri qızla zorakılıq zəminində cinsi əlaqə baş verdikdə isə ağır cəza və fəlakət qaçılmaz olur. Qonur Qoca oğlu Sarı çoban yasağı qeyri-insani bir şəkildə pozduğuna görə ağır cəzaya tək o özü yox, bütövlükdə Oğuz eli məhkum olur. Tək bir adamın yol verdiyi səhv, işlətdiyi günah ucbatından el-obanın cavabdehlik daşımasının dastanda məntiqi əsası varmı? Əlbəttə, var. Məsələ burasındadır ki, Qonur Qoca epik sosiumun Oğuz eli adlı aparıcı hissəsinin ayrılmaz bir üzvüdür və Daş Oğuzun başçısı Alp Aruzun çobanı olmaq bu üzvlüyün məsuliyyətini qat-qat artırır. Odur ki, Qonur Qocanın işlətdiyi günah Oğuz elinin ayağına yazılır və pəri qız: "Çoban, yıl tamam olcaq məndə əmanətin var, gəl, al! Amma Oğuzun başına zaval gətirdin!" - deyib Oğuz elini qisas hədəfi seçir. Barmağına sehrli üzük taxılıb oxbatmaz, qılınckəsməz varlığa çevrilən Təpəgöz fövqəltəbii qüvvə tərəfindən Oğuz elinə məhz qisas missiyası ilə göndərilir. Bir tərəfdən Qonur Qoca Sarı çoban timsalında Oğuz elinin günah işlətməsi, digər tərəfdən isə fövqəltəbii qüvvənin iradəsinə məhəl qoymamağın qeyri-mümkünlüyü Təpəgözün mütləq mənfilik nöqtəsindən uzaq tutulmasına zəmin yaradır. Təpəgöz fövqəltəbii qüvvənin qarşıya qoyduğu missiyanı yerinə yetirməyə məhkumdursa, Qonur Qoca Sarı çobanın (Oğuz elinin ayrılmaz üzvü olan bir adamın) işlətdiyi günah müqabilində cəza vermək yolunu tutmalı olursa, onda qisasa səbəb olan amillər üzərində düşünmək lazım gəlir və qorxunc məxluqa qarşı qəzəb hissimiz azalır.

"Əmdi qardaşız, qıyma mana!" Təpəgözü mütləq şər təmsilçisi saymamaqda bu insani yalvarışın da təsiri varmı? Yəqin ki, var. Unutmaq olmaz ki, Təpəgöz, doğrudan da, Basatın süd qardaşıdır və iki qardaş motivi "Təpəgöz" boyunda aparıcı xətlərdən biridir. Əvvəl doğma qardaşları xatırlayaq. Kimdir onlar? Qazan xan və Qaragünə, Basat və Qıyan Səlcuq. "Təpəgöz" boyunda, eləcə də "Salur Qazanın evinin yağmalanması", "Səgrək" kimi bəzi başqa boylarda iki və ya üç qardaş motivinin qabarıq yer tutması daha çox nə ilə bağlıdır? Oğuz elinin daxili birliyi və bu birlik sayəsində mümkün olan sarsılmaz nizam-intizamı ilə. Nizam-intizam sarsılmasın deyə, Qaragünə Qazan xanla, Dəmirgüc və Qabangüc adlı qardaşları Qaraca çobanla birlikdə kafirə qarşı vuruşurlar, Səgrək qardaşı Əgrəyi əsirlikdən qurtarmaq üçün düşmən üzərinə təkbaşına getməkdən çəkinmir. İki qardaş motivinin dastanda başqa bir nümunəsi də var: bir qarının iki oğlundan biri Oğuz elini Təpəgöz fəlakətindən qurtarmaq üçün özünü qurban verir. Oğuz elinin dəmir nizamını qorumaq o qədər ali məqsəddir ki, bu nizamın pozulmasına səbəb olan ən yaxın adama da qətiyyən güzəşt edilmir. Salur Qazan qiyam qaldıran və İç Oğuzla Daş Oğuz arasında nifaq salan doğmaca dayısı Alp Aruzu qətlə yetirir. Salur Qazanın düzənlədiyi şölənə çağrılmamaqdan başlayan həmin qiyama qədər Alp Aruzu Oğuz elini göz bəbəyi kimi qoruyan igidlərin ön cərgəsində görürük. Alp Aruzun Təpəgözü oğlu Basatla bir yerdə böyütmək fikrinə düşməsi də başqa bir şeylə yox, Oğuz elinin döyüş gücünü artırmaq niyyəti ilə bağlıdır. Alp Aruzun arzusu budur ki, qeyri-adi varlıq olan Təpəgöz aslanın bəslədiyi Basatla süd qardaşı olub birlikdə şanlı bahadırlıq nümunələri göstərsinlər. Bu arzunun baş tutmamasının səbəbini Təpəgözün şəxsi keyfiyyətlərində, onun yırtıcılıq təbiətində axtarmaqdan daha çox pəri qızın mənsub olduğu sakral aləmin mifoloji qaydalarında axtarmalı oluruq. Bu qaydalardan biri yasağın pozulmasıdırsa, başqa biri yasağın pozulması müqabilində qisasın alınmasıdır. Oğuz eli dəmir nizam yolunda çarpışdığı kimi, sakral aləmin də bu yolda özünəməxsus və amansız addımları var. Pəri qızına qarşı zorakılıq sakral aləmin dəmir nizamının Oğuz eli tərəfindən pozulması mahiyyəti daşıdığına görə amansız qisas addımı atılır. Təpəgözün öz istəyi ilə yox, sakral aləmin mübhəm qərarı və hökmü ilə addım atıldığını nəzərə aldıqda bu qorxunc məxluq təsəvvürümüzdə məhz məhkum obrazında canlanmağa başlayır. Bəli, Təpəgöz adam yeməyə, fəlakət törətməyə məhkum edilir və bu məhkumluqdan qaçmaq mümkün deyil. Əgər belədirsə, bu məntiq özünü doğruldursa, onda Təpəgözü büsbütün mənfilik və şər mücəssəməsi saymağa tələsməməliyik, düşünməliyik ki, bu bədheybət məxluqun təbiətində nə isə müsbət bir cəhət də gizlənə bilər. Günahını anlamaq və intihar fikrinə düşmək əlamətini - Kamal Abdullanın tapıb üzə çıxardığı ştrixi obrazda müsbətlik göstəricisi kimi qiymətləndirməli oluruq. Və qeyd etməli oluruq ki, Kamal Abdullanı qeyri-səlis məntiq nəzəriyyəsinə və bu nəzəriyyənin görkəmli nümayəndəsi Rafiq Əliyevlə elmi əməkdaşlığa gətirib çıxaran da predmetin fərqli yanaşma bucağından araşdırılması, predmetdə kəmiyyət dərəcələrinin aşkar edilməsidir. Aydınlıq naminə Aristotel məntiqi ilə qeyri-səlis məntiqin tədqiqatçılar tərəfindən necə müqayisə edilməsinə diqqət yetirək. Ə.Məmmədov və F.Qurbanov yazırlar: "Aristotelin binar məntiqi öz məzmununa görə xətti, formal xarakter daşımış və məntiq anlayışlarının kəmiyyət dərəcələrinə toxunmadan onların yalnız keyfiyyət halını qəbul etmişdir. Dünyanı iki rəngdə görən Aristotel məntiqinin bu xüsusiyyəti öz qabarıq ifadəsini onun ali prinsiplərindən olan "qeyri-ziddiyyətlilik" ideyasında tapmışdır. Məsələn, binar məntiqə görə, cisim eyni zamanda həm böyük, həm də kiçik ola bilməz, o, ya böyük, ya da kiçik olmalıdır. Bu o deməkdir ki, biz cismi əksliklərin vəhdəti halında deyil, yalnız bir halda - ya böyük, ya da kiçik halında qəbul etməliyik. Gətirdiyimiz misaldan aydın görünür ki, cismin böyük və yaxud kiçik kimi keyfiyyət hallarının kəmiyyət xarakteristikası, başqa sözlə desək, şiddətləndirmə dərəcələri Aristotelin klassik məntiqində öz ifadəsini tapmamışdır". Aristotel məntiqinə görə, Təpəgöz büsbütün mənfi obrazdır və şər mücəssəməsidir. Qeyri-səlis məntiqə əsaslanıb Təpəgözün öz günahını anlamaq və intihar fikrinə düşmək kimi cəhətlərini şiddətləndirmə dərəcəsi baxımından dəyərləndirsək, onda K.Abdullanın bu qorxunc obraz haqqındakı fərqli fikri ilə razılaşmalıyıq: "Günahını dərk edib intihar arzusuna düşən... bununla da gözəlləşən Təpəgöz!"

Demonik obraz olan Təpəgözün mütləq mənfilik və şər mücəssəməsi olub-olmadığını aydınlaşdırmaq üçün demonizm motivinin mif və folklordakı yerini nəzərə almağa da ciddi ehtiyac var.

Yeraltı dünya ilə bağlı müxtəlif obrazları əhatə edən demonizmin həmin obrazlardan birinin (demonun - iblisin) adı ilə adlandırılmasına təbii hal kimi baxmaq lazımdır. Çünki demonik obrazlar arasında daha populyar olanı, şifahi və yazılı ədəbiyyatda daha geniş yer tutanı məhz İblisdir. Xalq arasında ən çox şeytan adı ilə tanınan bu obrazın folklordakı səciyyəvi funksiyasının nədən ibarət olmasını aydınlaşdırmaqda nağılların beynəlxalq süjet sistemi mühüm əhəmiyyət daşıyır. Aarne-Tomson beynəlxalq nağıl sisteminə, eləcə də folklorşünas İlkin Rüstəmzadə tərəfindən işlənib hazırlanmış "Azərbaycan nağıllarının süjet göstəricisi"nə əsaslanıb deyə bilərik ki, dünya xalqlarının nağıllarında şeytan daha çox öz axmaqlığı ilə seçilən, baş qəhrəmanın ağıl-dərrakəsi müqabilində məğlubiyyətə uğrayan bir obraz kimi təqdim olunur. Təsadüfi deyil ki, İ.Rüstəmzadə "Azərbaycan nağıllarının süjet göstəricisi"ndə "Axmaq div (şeytan) haqqında nağıllar"ı ayrıca bir bölmə olaraq qeyd edir. Bu bölmədə şeytan və div obrazlarını eyni funksiyalı obrazlar kimi götürməkdə İ.Rüstəmzadə, əlbəttə, haqlıdır. Doğrudan da, demonik obrazlar içərisində məzmun və mahiyyətcə şeytana yaxın olan obrazlardan biri məhz divdir. Belə yaxınlığın hesabınadır ki, şeytanla bağlı məlum və məşhur nağıl süjetlərinin bir çoxunda div - şeytan əvəzlənməsinin şahidi oluruq. İnsan və şeytan münasibətindən bəhs edən hər hansı nağıl süjetinin başqa bir variantında insan və div münasibətindən bəhs edilməsinə və həmin variantlarda həm div, həm də şeytan axmaqlığının aparıcı yer tutmasına məntiqəuyğun folklor faktı kimi baxırıq.

Şeytan və div süjetlərindəki kimi, Təpəgöz süjetində də demonik obrazın aldadılması, müəyyən qədər axmaq yerinə qoyulması vəziyyəti ilə qarşılaşırıq. Basatı görəndən sonra yıxılıb şirin-şirin yatanda Təpəgöz öz aldanmağına və axmaq yerinə qoyulmağına sadəlövhcəsinə imkan və şərait yaratmış olur. Yatdığı yerdə bədheybət məxluqun yeganə gözünü qızmar şiş soxub çıxarmaq, dünya işığından məhrum olmuş bədheybətin paçası arasından erkəc dərisinə bürünmüş halda sivişib çıxmaq Basat üçün o qədər də çətin olmur. Doğrudur, yeganə gözünü itirib hədsiz hiddətlənən Təpəgöz də bir neçə dəfə Basata qarşı hiylə işlədir və onu tora salıb öldürməyə çalışır. Amma hədsiz hiddətlənmək və qana susamaq yeganə gözü çıxarılandan sonra Təpəgözün körpə uşaq kimi naçar vəziyyətə düşməsini ört-basdır edə bilmir:

 

Gözüm, gözüm, ay gözüm!

Yalnız gözüm!

 

Görmək çətin deyil ki, günahını anlamaq və intihar fikrinə düşməklə "Yalnız gözüm", - deyib uşaq kimi zarımaq arasında məna bağlılığı var. Fövqəltəbii qüvvənin iradəsi ilə yenilməz güc-qüvvət sahibinə çevrilib insan qanı içməyə məhkum edilən Təpəgözdə körpə uşaq naçarlığını göstərmək qeyri-insani məxluqda insanlıq zərrəsini göstərmək əlamətidir. Gözü çıxarılan Təpəgözün soylamasında insani duyğuların ifadəsi baxımından başqasının halına yanmaq notu da diqqətdən yayınmır:

 

Eylə kim çəkərəm mən göz bunını,

Heç yigidə verməsin

Qadir Tanrı göz yükünü!

 

Demonizmin bədii ifadəsi kontekstində Təpəgözün şərə yox, xeyirə bağlı başqa bir cəhətindən də danışmaq olar. Bu, Təpəgözdə demonik obrazlara xas insanları hərəkətə gətirmək cəhətidir.

Demonik obrazları, o cümlədən, bu obrazlardan ən məşhuru olan İblisi şərin rəmzi saymaq elmi düşüncədə adi bir haldr. Qeyri-səlis məntiq bu düşüncə tərzini dəyişməyə kömək edir. Rafiq Əliyev yazır: "...gəlin insanları ikili məntiqlə Allahın yanında, ya da İblisin yanında olanlara bölməyək. İnsanların böyük əksəriyyəti bu aralıqdadır, onlarda bu və ya digər pozitivlər var. Məqsədimiz bu pozitivləri tapmaq olmalıdır". Əlbəttə, İblisin yanında olmaq büsbütün şərə qulluq etmək mənasındadır. Bu o deməkdir ki, biz İblisi, o cümlədən, hər hansı başqa demonik obrazı şər rəmzi saydığımıza görə mənfi əməl sahibi olan adamlara da istər-istəməz həmin rəmz baxımından qiymət veririk. Qeyri-səlis məntiq nəinki insanlara, eləcə də demonik obrazlara məna çoxluqları kontekstində yanaşmaq imkanlarını genişləndirir. Və mifoloji düşüncə ilə bağlı belə bir faktı yada salırıq ki, xronik obrazlar ikili səciyyə daşıyır. Yeraltı dünyanı təmsil edən, mif və folklor qəhrəmanını hər addımda qaralayan xronik obraz bəzən yardımçı qüvvə kimi qarşımıza çıxır. Mifdən və folklordan gələn bu qanunauyğunluq, təbii ki, yazılı ədəbiyyatda da özünəməxsus şəkildə davam və inkişaf etdirilir. Belə olmasaydı, demonik obrazlar yalnız şərin rəmzi kimi götürülüb qələmə alınsaydı, onda demonizm məsələsi əsrlər boyu dünya ədəbiyyatını, bütövlükdə dünya mədəniyətini bu qədər məşğul etməz, həmin məsələ ilə bağlı saysız-hesabsız sənət inciləri yaranmazdı. Belə sənət incilərindən biri Hüseyn Cavidin "İblis" faciəsidir. Demonik obrazın baş qəhrəman kimi götürüldüyü bu əsər haqqında yazılan çoxsaylı ədəbiyyatşünaslıq nümunələrindən diqqəti cəlb edən daha çox o nümunələrdir ki, onlarda müəllif demonik obrazı birtərəfli olaraq şərin təmsilçisi elan etməklə işini bitmiş saymır və məsələ ilə bağlı dərin qatlara varmağa çalışır. Yaşar Qarayev demonizmlə, demonik obraz olan İblislə bağlı dərin qatlara varmağa çalışan ədəbiyyatşünaslardandır. Y.Qarayev Babilistandan yəhudi mifologiyasına, ordan isə "İncil"ə keçən Adəm və Həvva əhvalatındakı idrak ağacı, idrak meyvəsi məsələsini, həmin meyvədən dadmağın İblis vasitəsilə mümkünlüyü məsələsini xüsusi olaraq diqqət mərkəzinə çəkir, dünya ədəbi-estetik fikrinə əsaslanıb İblis - Allah toqquşmasında Prometey - Zevs qarşıdurmasından gələn bir məna və mahiyyət görür: "İblis ilk dəfə olaraq bilik nemətini insana daddıran və Allaha, şəxsiyyət mütləqiyyətinə üsyan etməyin birinci nümunəsini göstərən narahat bir ruh, şübhə və çağırış ruhu kimi çıxış edir. Niyyətindən asılı olmayaraq, dünyada ilk dəfə ən müqəddəs kulta, hakimi-mütləqə - Allaha qarşı çıxmaq cazibədar idi. Bu, İblis məfhumunda Prometey ünsürü idi: o, biliyi (dərk etməyi - M.K.) və üsyan etməyi insana öyrədirdi!.. Təsadüfi deyil ki, bu motiv sonralar üsyançı bədii-fəlsəfi fikrin diqqətini cəlb edir. Xüsusən narahat Qərb İblis motivindəki qabarıq ideya-estetik imkandan istifadə edir". Ətrafdakı ictimai-siyasi hadisələrdən sarsılan, narahatlıq, narazılıq hissləri keçirən, özünü və dünyanı dərk etməyə can atan ədəbi qəhrəmanı bütün daxili mürəkkəbliyi ilə qələmə almaqda İblis kimi obrazlar mühüm rol oynayır.

Ürəkdə şübhə toxumu səpib insanı idraka və etiraza səsləyən demonik obrazı romantik faciədəki kimi, eynilə eposda da axtarmaq, əlbəttə, mümkün deyil. Eposda demonik obrazın qeyri-adi gücündən və bu güc sahibinin epik qəhrəman tərəfindən aldadılıb məğlub edilməsindən danışmaq olar. Demonik varlığın aldadılıb məğlub edilməsinə bir az əvvəl yığcam şəkildə olsa da, toxundum. Bu məqamda toxunacağım əsas məsələ qeyri-adi güc sahibi olan demonik varlığın birbaşa yox, dolayı olaraq oynadığı müsbət rol məsələsidir. Bu müsbət rol baş qəhrəmanın ağır sınaqdan keçib bir bahadır kimi özünü təsdiq etməsi ilə bağlıdır. Məlumdur ki, özünütəsdiq "Dədə Qorqud" boylarının çoxusu üçün səciyyəvi olan bir motivdir. Buğac vəhşiləşmiş buğanı, Qanturalı buğa, aslan və buğranı öldürməklə, Dəli Domrul Əzrayıla meydan oxumaqla, Yegnək atası Qazılıq Qocanı, Uruz atası Salur Qazanı, Səgrək qardaşı Əgrəyi əsirlikdən qurtarmaqla, Beyrək kafirə qarşı döyüşlərdən qalib çıxmaqla və Qazan xan yolunda canını fəda etməklə özlərini əsl igid kimi təqdim edə və tanıda bilirlər. Özünü təqdim və özünü tanıtmağın "Dədə Qorqud" boyları üçün nə qədər səciyyəvi motiv olduğunu final formullarından da açıq-aydın görmək mümkündür. Boyların sonunda "Dədəm Qorqud gəlibən boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdü-qoşdu" cümləsindən sonra ozan bəzən söylənən boyun hansı bahadırın şəninə qoşulduğunu da xüsusi olaraq diqqətə çatdırır: "Bu oğuznamə Beyrəyin olsun", "Bu oğuznamə Yegnəyin olsun", "Bu oğuznamə Bəkil oğlu İmranın olsun". "Təpəgöz" boyu da, söz yox ki, Basatın şəninə qoşulmuş bir boydur. Axından qənimətlərlə qayıtmaq Basatın əsl bahadır kimi özünü tanıtmağında yetərli ola bilməz. Aslan südü ilə bəslənmiş bir cavana başqalarının keçə bilməyəcəyi daha ağır sınaqdan keçmək lazımdır. Belə bir sınaq Təpəgözlə təkbətək döyüşmək, vuruşmaqdır. Təpəgözlə vuruşmaq sadəcə rəşadət nümayiş etdirmək yox, el-oba üçün vuruşmaqdır. Bu cəhətdən Basat "Min bir gecə"dəki Sindibaddan və Homerin Odisseyindən əsaslı şəkildə fərqlənir. Həmin fərqi diqqət mərkəzinə çəkən görkəmli folklorşünas Məmmədhüseyn Təhmasib yazır: "Sindibadın mübarizəsində bir məzlumluq, çarəsizlik, əlacsızlıq, Odisseyin mübarizəsində isə, əgər belə demək olarsa, hətta bir dərəcəyə qədər avantür cizgilər vardır. Basat isə öz elinin, xalqının intiqamını almaq, qalın oğuz ellərini fəlakətdən qurtarmaq üçün düşüncəli olaraq Təpəgözlə vuruşa gedən bir qəhrəmandır. Nə Sindibad azmanı, nə də Odisseygil Polifemi öldürə bilirlər. Ancaq kor edir və bundan istifadə ilə qaçıb canlarını qurtarırlar. Basat isə bir el qəhrəmanı kimi Təpəgözlə vuruşur, onu məğlub edir, öldürür, xalqı onun şərindən qurtarır". Basatın xilasedici el qəhrəmanı kimi tanınması məhz Təpəgözlə qarşılaşması sayəsində baş tutursa, bu o deməkdir ki, Təpəgöz demonik obrazların mif və folklordakı funksiyasına uyğun olaraq hərəkətverici mahiyyət daşıyır. Alp Aruzun oğulluğu, Basatın süd qardaşı kimi tanınan, Oğuz elinə məlum pislikləri fövqəltəbii qüvvənin (pəri qızın) iradəsi ilə etməli olan, öz günahını anlayan və intihar fikrinə düşən Təpəgözdə dolayı hərəkətvericiliyi də az-çox müsbətlik işartıları sırasına daxil etsək, onda eyni obrazda xeyir və şər əksliyinin müəyyən qədər vəhdətindən danışmış olarıq. Eyni varlıqda əksliklərin vəhdəti isə qeyri-səlis məntiqin nəzəri prinsipləri sırasındadır. Demək, daha çox şər rəmzi kimi təqdim olunan Təpəgöz obrazına da həmin prinsip kontekstində yanaşmaq mümkündür. Və biz buna çalışdıq.

 

 





24.07.2023    çap et  çap et