525.Az

Məişət zorakılığı qlobal problem kimi: adekvat münasibət ciddi zərurətə çevrilib


 

Məişət zorakılığı qlobal problem kimi: adekvat münasibət ciddi zərurətə çevrilib<b style="color:red"></b>

Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 - Dəstək Xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib. Dəstək Xəttinə müraciət edən qadınların sayı isə 112-dir. Daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3 faizi kişilər, 76,7 faizi isə qadınlar tərəfindən edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10 faiz artıb. Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-i məişət zorakılığı, 129-u işlə təmin olunma, 123-ü müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət olub: "Hələlik məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq yoxdur. Qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib. Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görüləcək".

Komitə sədrinin sözlərinə görə, məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün ailə qurarkən psixoloji test vacibdir: "Biz nikahın xitamı ilə bağlı mövcud dövrdə təhlillər apardıq. Kifayət qədər məsələlər ortaya çıxdı. Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalovanın sözlərinə görə, məişət zorakılığı kifayət qədər geniş yayılmış, çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan zərərli həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq mürəkkəb proses olub istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Adətən məişət zorakılığına daha çox müdafiəsiz vətəndaşlar kateqoriyası məruz qalır: qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslər. Müvafiq sahədə çalışan tədqiqatçı və ekspertlərin əksəriyyətinin fikrincə, ailə zorakılıq zəncirini yaradır. Belə ki, məişət zorakılığının adi hala çevrildiyi ailələrdə böyüyən uşaqlar, bunu müəyyən mənada mənimsəyir və gələcəkdə quracaqları ailədə tətbiq edirlər.

Məişət zorakılığının əsas obyekti əksər hallarda qadınlar olur. Ailədə qadınlara qarşı müxtəlif nəzəriyyələr çərçivəsində problemin bir sıra səbəbləri göstərilir: "Fikrimcə, ən əsas səbəb xarakter uyğunsuzluğudur. Digər səbəblər kimi qısqanclıq, ailənin maddi çətinliklərlə üzləşməsindən törəyən psixoloji gərginlik, nikah bağlayan cütlüklər arasında yaş fərqi - bu, daha çox özünü erkən nikahlarda göstərir, zərərli vərdişlərə - spirtli içkilər, narkotika, qumar və sair - aludəçilik göstərilə bilər. Əsas problemlərdən biri də zorakılığa məruz qalan şəxslərin cəmiyyətdə ittiham olunmasıdır. Cəmiyyətdə bu cür qərəzli münasibət aradan qaldırılmalıdır. Həmçinin qurbanların adlarının çəkilməsi məsələsi aradan qaldırılmalıdır. Tövsiyəm odur ki, insanların taleyi barədə danışarkən ehtiyatlı davranmaq lazımdır. Gələcəkdə baş verən hadisələrin qarşısını alan zaman bu məsələlərə diqqət etmək vacibdir".

M.Zeynalova qeyd edib ki, zorakılıqla bağlı qanunların çevik şəkildə dəyişməsinə ehtiyac var. ABŞ-da bununla bağlı institutlar fəaliyyət göstərir. Onlar tədqiqatlar aparır, nəticəyə uyğun qanunvericilik də çevik şəkildə dəyişir. Çox təəssüf ki, bizdə bu proses ləng baş verir. 2010-cu ildə qanun qəbul olunsa da, onun təkmilləşdirilməsi ləngiyir. Bizdə bu tədqiqatlar, qiymətləndirmə, qadınların təhlükəsizliyi məsələsində çevik addımların atılması məsələsi zəifdir: "Bu gün ölkədə və dünyada baş verən hadisələr, müharibə və pandemiya, insanların bir-birinə münasibətindəki əvvəlki dəyərlər sisteminin pozulması, sosial iqtisadi vəziyyətin gərginliyi insanların psixikasına təsir edir. Bu da məişət zorakılığlna gətirib çıxarır. Məişət zorakılığı ilə bağlı ciddi işlər görülməlidir. Bu məsələdə kişilərin fəal iştirakına dəstək verilməlidir. Bundan əlavə, zorakılıq törədən şəxslərin təkcə həbs yox, eyni zamanda, məcburi psixoloji reabilitasiyadan keçmələri üçün tədbirlər planı olmalıdır".

Ailəsində anasına qarşı törədilən zorakılığa şahid olmuş qızlar gələcək ailələrində şiddətlə üzləşəndə anaları kimi hərəkət edirlər. Yəni ərindən zorakılıq gördükdə, anaları kimi, şiddətə dözərək səs çıxarmır, vəziyyətdən çıxış və ya xilas yolu axtarmırlar. Xüsusilə də aztəhsilli, dünyagörüşlərinin inkişafına imkan yaradılmamış qadınlar mübarizə aparmağı bacarmır və ya qorxurlar. Bəllidir ki, zorakılıqla təhsilli və dünyagörüşlü qadınlar da üzləşirlər. Buna da səbəb "buxov"lardır. Həmin "buxov"lar mental dəyərləri əsas tutan valideynlərin, qohum-əqrəbanın və ictimaiyyətin qınağını özündə birləşdirir.

M.Zeynalova vurğulayıb ki, məişət zorakılığı ilə bağlı müraciət edən şəxsin inteqrasiyası məsələsi, onun iqtisadi asılılığının aradan qaldırılması vacibdir. Sığınacağa yerləşmək istəyən şəxslərə sosial yardımın verilməsi vacib göstəricidir. İnteqrasiya proqramının olmaması da zorakılıq halının yenidən baş verməsinə gətirib çıxarır. Qadınlar çox vaxt uşaq amili və iqtisadi asılılığa görə şiddətdən xilas ola bilmirlər. İnteqrasiya proqramı hazırlananda mental münasibətlər nəzərə alınmalıdır. Boşluqları tədqiq edərək onları proqrama daxil etmək lazımdır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynovanın dediyinə görə, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur: "Bütövlükdə bu, ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Bildiyiniz kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra hakimiyyətləri yanında monitorinq qrupları yaratmışıq".

Millət vəkili qeyd edib ki, qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır: "Bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcburetmə, qızqaçırma, hansısa milli adət-ənənəni, qısqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin".

H.Hüseynovanın sözlərinə görə, məişət zorakılığı ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir".

Millət vəkili Tamam Cəfərova bildirib ki, müasir zamanda zorakılıqla mübarizə, gender bərabərliyi demokratik institutların inkişaf səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda zorakılığın qarşısının alınması, zorakılıq qurbanlarının sosial reabilitasiyası üzrə dövlət tədbirləri sistemi formalaşıb. Ölkədə ailə və qadın siyasəti sahəsində beynəlxalq hüquqa uyğun qanunvericilik bazası yaradılıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ölkəmiz BMT-nin "Qadınların siyasi hüquqları" üzrə Konvensiyasına, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyasına, onun Əlavə Protokoluna və "Ərdə olan qadının vətəndaşlığı haqqında" Konvensiyaya qoşulub. Azərbaycanın qanunverici orqanında "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul olunub. 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. "Birmənalı şəkildə demək olar ki, zorakılıqla bağlı qanunvericilik aktları müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan bəzi münasibətlərin tənzimlənməsinə böyük təkan verib. Əlbəttə ki, qadın və uşaqlara qarşı məişət zorakılığı kimi sosial hallardan müdafiə yalnız qanunvericiliklə kifayətlənmir. Azərbaycanda, həmçinin bu və ya digər məişət zorakılığı törətmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlarla da müvafiq tərbiyəvi-profilaktik işlər aparılır. Zorakılıq qurbanlarına kömək məqsədilə qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif kömək mərkəzləri yaradılır".

Millət vəkili maarifləndirmə işlərinin də əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu işlərin xüsusilə regionlarda, təhsil müəssisələrində ardıcıl və interaktiv formada aparılması labüddür.

Sevinc QARAYEVA

 

 





24.07.2023    çap et  çap et