525.Az

Lənkəran Dövlət Dram Teatrı son yarımildə


 

Lənkəran Dövlət Dram Teatrı son yarımildə<b style="color:red"></b>

Son il yarım ərzində Lənkəran Dövlət Dram Teatrına edilən uğurlu təyinatlar (direktor vəzifəsini icra edən İntiqam Hacılı, baş rejissor Anar Babalı), eyni zamanda, yeni kadrların teatra cəlb edilməsi bəhrəsini göstərir. Bunun nəticəsində teatrda son altı ay ərzində altı tamaşa hazırlanıb!

Teatrın kollektivi 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyul ayına qədər böyük bir irəliləyişə nail olaraq repertuara altı əsas tamaşa əlavə edib. Yanvar ayının sonlarından aprel ayının 15-nə qədər paralel olaraq “Yaşayan ölü” (müəllif: Könül Məmmədova, rejissor: Anar Babalı), “Yalançı şahzadə” (müəllif və rejissor: Tərlan Abdullayev) və “Gəl, yazım, gəl, baharım” (müəllif və rejissor: Anar Babalı) tamaşaları hazırlanıb. Aprelin 15-dən iyulun 15-nə qədər isə “Müqəssir” (müəllif: Ə. Haqverdiyev, rejissor: Abdulla Elşadlı), “Cəmilə” (müəllif: Çingiz Aytmatov, rejissor: İmran Əli Qurbanlı) və “Bu da axırı” (mono tamaşa; müəllif: Piter Turini, rejissor: Abdulla Elşadlı) tamaşaları səhnələşdirilib və tamaşalara daxili baxış keçirilib. Teatrın repertuarını zəngilinləşdirən tamaşaların hamısı yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək.

Bundan əlavə, teatrda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş üç tədbir baş tutub. Rejissor Emil Əskərovun quruluşunda hazırlanan “20 yanvar” və “26 fevral” kompozisiyaları müvafiq tarixlərdə nümayiş etdirilib. Lənkəran Dövlət Universiteti ilə birgə “Heydər Əliyev və Azərbaycan Teatrı”, Lənkəran Sosial və Aqrar-Texnoloji Kolleci ilə isə “Heydər Əliyev: Azərbaycan mədəniyyəti və təhsili” tədbirləri keçirilib. Hər iki tədbirdən sonra təhsil ocaqlarının kollektivi “Prokuror” tamaşasını izləyib. Lənkəran Dövlət Dram teatrı həmçinin “Heydər Əliyev İli” çərçivəsində Biləsuvar və Lerikdə “Prokuror” tamaşası ilə qastrol səfərində olub. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi ilə birgə keçirilən “Heydər Əliyev və Azərbaycan dramaturgiyası” tədbirində isə mövzu ilə yanaşı “Yerli yazarlarla birgə iş” layihəsi də müzakirə və qəbul edilib.

“Heydər Əliyev İli” çərçivəsində 3 teatr – Azərbaycan Akademik Milli Dram Teatrı, Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Sumqayıt Dövlət Dram Teatrı Lənkəran Dövlət Dram Teatrının qonağı olaraq zövq oxşayan tamaşalar nümayiş etdirib.

“Uçan səhnə” layihəsi ilə Lənkəran rayonunun Bəliton kəndindəki balaca tamaşaçıları sevindirən teatr kollektivi yeni mövsümdə bu layihə ilə digər ucqar kəndlərdə yaşayan balacaların görüşünə gedəcək.

 





24.07.2023    çap et  çap et