525.Az

HƏQİQƏT


 

"Xütbələr" silsiləsindən esse

HƏQİQƏT<b style="color:red"></b>

HƏQİQƏT

"Xütbələr" silsiləsindən

esse
 

Arzu və nifrət insanın baş düşmənləridir – hər ikisində sonsuz əzab var. Rahat yaşamaq üçün arzu və nifrət hissini aşmalısan. Aza qane olan və kidurətsiz insan yaşamağın ipucunu tapmış insandır. Bunlar adətən kasıblardır – xoşbəxt insanpərvərlər. İnsanpərvərlikdən yüksəkdə heç nə yoxdur. İnsanpərvərlərin cəmiyyəti ideal cəmiyyət olmalıdır. Belə cəmiyyətdə xalq küləyə, hökmdar isə zəmiyə bənzər – külək ha yana əssə, zəmi də da o tərəfə əyilər. Burda mütləq tabeçilikdən çox azlığın çoxluğa tabeçiliyi var.

İnsan xeyirxah olaraq doğulmuşdur və cəmiyyətin tərbiyəsilə bu keyfiyyət hər zaman cilalanıb inkişaf etdirilməlidir. İnsan özünə rəva bilmədiyini başqasına da rəva bilməz. Tirana sərf edər ki, xalq az savadlı olsun. İnsan tək özünü düşünən deyil, həm də, cəmiyyət üçün fəaliyyət göstərən varlıqdır. İnsan ilk olaraq ailənin ab-havasını götürür, sonra yerli ürf-adətlərin buruntağını hiss edər, daha sonra isə cəmiyyətin sərt qanunları ilə cidarlanır. Ailə və cəmiyyətdəki mühit safdırsa insan paklığını qoruyacaq. Ürf-adətlər, ənənələr insanı cəngində çeynəyib tərs döndərən sərt sillədir. Bu adətlər insana əzizlərinin meyidini yedirdəcək qədər iyrənc də ola bilər, əlindəkini ehtiyacı olanla bölüşmək kimi dəyərli də. 

Universal əhəmiyyətə malik əxlaq və siyasi ideal tapmaq çətindir, amma mövcud olmalıdır. Hər şey bəlli normalara sığmalıdır. Fərdi, ümumi və ilahi normalar cəmiyyət tərəfindən aramsız izlənməlidir. Dövlətin bütün tip hüquqi normaları ümumi insani normalara yatımlı olmalıdır, ilahi olana zidd getməməli və fərdi anlaşılan dildə yazılmalıdır. Hüquqi nizam öz-özünü tənzimləməlidir. Fərd, ümumən məqbul sayıla bilən çərçivə daxilində azaddır. Fərdin azadlığı digərlərinin azadlığını heç vəchlə məhdudlaşdırmamalıdır. Çoxluğun, şəhərin, ölkənin məqbul sayadığı normalar ümumi norma kimi qəbul edilə bilər. Ümumi qəbul edilən normalarla idarə olunan cəmiyyət azad cəmiyyətdir. Azad cəmiyyət azad insanla olar. Azad cəmiyyət azad dünyanı doğar. 

Ümumi olan ilahi olana yatımlıdır. İlahi olan insani normalara zidd deyil, əksinə yumuşaqdır. İlahi tələbləri sərtləşdirmək cəhtləri tiranlıq meylindəndir, bölücülükdür, cəmiyyətdə çürük boşluğun olmasından xəbər verir. İnsanın tanrıyla işi olmamalıdır. Tanrının da baxanda, insanla çox işi yoxdur. Qisas qiyamətədəkdir. Qiyamətə bel bağlamaq, ölüm üçün yaşamaq zəka darlığındandır. Vicdanla yaşamaq cənnətə düşməkdən gözəldir. Ölə-ölə cənnətə düşməkdənsə, gülə-gülə cəhənnəmə getmək daha məqbuldur. Bütün hallarda insanın öz kölgəsini ötüb keçməsi mümkün olmadığı kimi, bunun üstündə baş sındırmaq da boşuna vaxt itkisidir – insan ömrü çox qısadır.

Aşırı həzzalma istəyi və mühakiməetmə azadlığı cəmiyyətin tənbehiylə nizamlana bilər. Əxlaqi norma və hüquqi normativ insanin fərdi azadlığı baxımından incələnməli və əsaslandırılmış olmalıdır. Ən ideal cəmiyyət arı və qarışqa cəmiyyətidir – cəmiyyətin idarə olunmasında hər bir kəsin az da olsa iştirakı vacibdir. Bu yöndə təhsilin və fərdin təlimatlandırılması zərurəti ortaya çıxır. Hər bir şey haqqında bir-birinə zidd ən azı iki fikir mövcuddur. Hər iki fikir eyni dərəcədə həqiqi və tənqidə yatımlı olmalıdır. İki fikirdən ümumi olan üstündür. Hər bir fərdin qabiliyyəti – istər haqlı, istərsə də haqsız iş olsun – istənilən şey barəsində alternativ fikir yürüdəcək həddədək inkişaf etdirilməlidir. 

Yoxsa... Yoxsa, hüquq ancaq varlılara xidmət edəcək. Qüvvə, güc hüququ yaradacaq. Hüquq, zəiflər və tənbəllərdən ibarət azlığın özünümüdafiə qalasına dönəcək. Qanunu pozan, qanunu yazanlar olacaq. Savadsız xalqa qanunun yalnız müəyən tərəfləri və qəliz təfsirləri göstəriləcək. Başıpozuq xalq öz cəfakeş, ağıllı liderini “uf” demədən linç edəcək. “İnsan hər şeyin ölçüsüdür” – deyən tiranlar hökm edəcək, kütlə isə özünü əzə-əzə, basabasla edam olunan Haqqa tamaşa edəcək.

 

 





24.07.2023    çap et  çap et