525.Az

Alim, yazıçı, vətəndaş Vaqif Sultanlı: yaddaşımdakı portret cizgiləri


 

Alim, yazıçı, vətəndaş Vaqif Sultanlı: yaddaşımdakı portret cizgiləri<b style="color:red"></b>

Sosial şəbəkədə mart ayının 26-da Bakı Dövlət Universitetinin professoru, yazıçı, tərcüməçi Vaqif Sultanlının 65 yaşının tamam olduğu göstərilir. Bilmirəm, bu nə dərəcədə doğrudur. Çünki mənim və mənim kimi yüzlərlə insanın doğulduğu gün, ay, bəzi hallarda il doğru yazılmadığını bilirəm. Bunun da səbəbləri müxtəlifdir. Kimi tənbəllikdən, kimi analıq məzuniyyətinə görə, kimi əlamətdar günlərə düşsün deyə, övladının doğum tarixini dəqiq yazdırmayıb.

Vaqif Sultanlının ad günündə mənimki qədər yanlışlıq olduğuna inanmıram. Ucqar dağ kəndində doğulmuşam, valideynlərim də tənbəllikdənmi, ya ehtiyac duymadıqlarından mənə vaxtında yaş kağızı almayıblar. Qardaş-bacılarım doğulandan, anam uşaqpulu almalı olduqdan sonra yaş kağızına ehtiyac olub. 13 yaşında rayon mərkəzinə bir neçə dəfə get-gəldən, müxtəlif təşkilatlara ərizə yazdıqdan sonra aldığım yaş kağızında doğulduğum gün və ay göstərilməyib. Məncə, Vaqif Sultanlının başına belə bir iş gəlməyib. O, mərkəzə yaxın bir bölgədə - Kürdəmir rayonunun Şahsevən kəndində doğulub. Musiqiyə həvəs göstərdiyini görən valideynləri hətta ona tar alıblar və Kürdəmirdəki musiqi məktəbinə yazdırıblar. Daha mənim kimi kiçik yaşlarından əkin-biçinə, mal-qara otarmağa, ot toplamağa və daşımağa göndərilməyib. Vaqif Sultanlı musiqiçi olmasa da, valideynlərinin ümidini doğruldub, yaxşı oxuyub, ali məktəbə qəbul olunub, alim olub, yazıçı kimi məşhurlaşıb.

Anadan olmasının 65 illiyi münasibətilə yazdığım məqaləni oxucularla paylaşmağı qərara aldım. Bu il Vaqif Sultanlının doğumunun 65-ci ilidir. Onun bədii  və elmi əsərləri haqqında fikir söyləməyəcəm. Oxucuya vətəndaş Vaqif Sultanlıdan söz açmağa çalışacağam. Bacaracağammı? Onu oxucu biləcək.

lll

Vaqif Sultanlı ilə ilk tanışlığımız Rövşən Əliyevin toyunda oldu. Bəylə hər ikimiz eyni bölgədə - keçmiş Göyçə mahalında doğulmuşuq. Mən İnəkdağ, Rövşən bəy isə Sədənəxaç kəndində. "Azadlıq" qəzetində işləyənədək bir-birimizi tanımırdıq. 1993-cü ilin əvvəllərində "Azadlıq" qəzetində işdən ayrılıb Azərbaycan Ensiklopediyasında işə başlasam da, qəzetlə əlaqəmi kəsməmişdim. Toy məclisi keçiriləcək salonda bir neçə masa "Azadlıq" qəzetinin köhnə və yeni əməkdaşları üçün ayrılmışdı. Bizim əyləşdiyimiz masada bir yer boş idi. Gecikmiş qonağa yanımdakı stulda oturmağı təklif etdilər. O, hamı ilə  salamlaşdı.  Sonra mənə tərəf dönərək: "Sizi haradan tanıdığımı xatırlaya bilmədim?" - dedi.

Gülərüz, yaraşıqlı gəncin sualına: "Hardasa görüşmüşük ki?" - sualı ilə cavab verdim. O, dediyimi eşitməmiş kimi: "Mən Vaqif Sultanlıyam..." deyəndə, sözünü bitirməyə imkan vermədən: "Hə, indi tanıdım. Öncələr görüşdüyümüzə görə deyil, yazılarınıza, "Azadlıq" radiosundakı verilişlərinizə görə tanıdım"- deyəndə gülümsədi.

Cavabım bir müəllif kimi onu qürurlandırdı. "Radionu daimi dinləyirsiniz?"- deyə xəbər aldı. "Hər gün dinləməyə imkanım olmasa da, sizin beş-on verilişinizin adını çəkərəm. İmtahan etsəniz, yəqin üç qiymət verərsiniz" - dedim. Cavabıma  qəribə bir baxışla cavab verdi. Onun baxışında yüngül bir incikliklə yanaşı, tanınmasından doğan bir məmnunluq da vardı. Adımı, soyadımı dedim. Yaddaş "arxivini" nə qədər "qurdaladı"sa, bir şey tapa bilmədiyindən gülümsəməklə vəziyyətdən çıxmağa çalışdı. Məndən başqa süfrədəkilərin hamısını tanıdığı davranışından aydın sezilirdi.

Onunla toydakı görüşümüz keçici olmadı. Sonralar toplantılarda rastlaşanda söhbətləşdik. Deyəsən, sözümüz tutdu. Yolu İçərişəhərə düşəndə hərdən mənim yanıma, Azərbaycan Ensiklopediyasına da gəlməyə başladı. Ədəbiyyata, yaxın keçmişimizə, günümüzün reallıqlarına baxışımız bizi daha da mehribanlaşdırdı.

Vaqif Sultanlı Tanyukuk abidəsi önündə  (Bayın Çokto yaylası, Töv aymağı, Monqolustan)

Elmi yazılarını ləzzətlə oxuyur, fikir mübadiləsi edirdik. O dövrdə mühacirətdə olmuş soydaşlarımızın həyat və yaradıcılığı haqqında yazılar çox az idi. Vaqif Sultanlı da əsasən mühacirətdə yaşayanları öyrənən araşdırıcılardan idi. Bədii yaradıcılığından isə xəbərsiz idim. Bir dəfə hekayə, miniatür, sərgüzəşt və esselərdən ibarət "Qul bazarı" kitabını bağışladı. Oxudum, ancaq oxuduğuma peşman oldum. Necə ağır, bədbin,  üzücü idi, oxucuya nikbin bir hiss aşılamırdı. Toplumda bir qığılcım qədər də olsa, işıq görmürdü. Satiriklər çevrələrindəki insanları, lap yaxınlarını da kəskin lağa qoyur, onları gülə-gülə islah etməyə çalışırlar. Elə bil Azərbaycanın ağrısı-acısı onun çiyinlərinə yüklənmişdi. Buna görə də nəsrində nə açıq satira vardı, nə də islahedici gülüş. Oxucunu cümlələrinin arxasındakı ağır və üzücü fikirləri ilə bədbinlik girdabına çəkirdi.

Yaxından tanış olduqda daxili aləminin ağrı-acısını bədii yazılarına yüklədiyini gördüm. Üzügülər, zarafatcıl, dost-tanışı lağa qoymağı sevən, yaltaqları, ikiüzlüləri, millətə xeyir verməyib qanını soranları üzünəcə kəskin tənqid edən bir adam yazıçıya çevriləndə ağrı-acısı daha da böyüyür. Onun ağrı-acısı həyatından, özünün problemlərindən deyil, millətinin düşdüyü vəziyyətdən doğur. Xalqını dünyanın inkişaf etmiş xalqları arasında, vətənini dünyanın gəlişmiş dövlətləri sırasında görmək istəyir. Görmədikdə bədbinləşir, içindən qara qanlar axır. Qara qanla yazılmış hekayə və povestlər də adamı burulğan kimi özünə çəkir. Oxuduqca içində bir sual yaranır: "Mənim xalqım budurmu, vətənim buradırmı? Vətəni, xalqı qarnı üçün, şöhrət üçün bataqlığa çəkənlərin qarşısını niyə ala bilmirik?"

Belələrinə qarşı Vaqif Sultanlı həyatda çox sərtdir. Dedikləri, söylədikləri ona ağır zərbə olacağını bilsə də, qarşısındakının nöqsanlarını bir güzgü kimi özünə göstərməklə kifayətlənmir, həm də ətrafımızdakılara göstərir. Bəzən qarşısındakına elə sözlər deyir, anlamayan elə bilər, tərifləyir. Onun dediyi sözün arxasını görənlər isə adamların Vaqif Sultanlının kinayəsinə dözmələrinə heyrət etməyə bilmir. Daxili aləminə nüfuz edəndə dəymədüşər, tez inciyən birisi olduğunu görürsən. Elə bilirsən qarşındakı beş-altı yaşlı məsum bir uşaqdır, qəlbini qırmamaq üçün gərək hər sözü seçə-seçə, ehtiyatla deyəsən. Toplumun sağlamlaşması, millətin inkişafı üçün minlərlə insanın qəlbini qırmağa qadir, necə deyərlər, atasına od qoyan, yıxıb-sürüyən Vaqif Sultanlı özünə güldən ağır bir söz deyilməsini istəmir.

Onun mühacirətlə bağlı yazdığı məqalələr və kitablar faktların zənginliyinə, sənədlərə diqqətlə yanaşılmasına görə stolüstü kitablarıma çevrilib. Bədii əsərlərini görəndə oxumamağa çalışıram. Amma özümü saxlaya bilmirəm, oxuyuram. Oxuduqdan sonra istəyirəm elə yerə qoyum, bir daha qarşıma çıxmasın, gözümə dəyməsin.

Sovet dövründə partiya mətbuatında işlədiyimdən özümü, ailəmi dolandırmaq üçün redaksiyanın tapşırığı ilə o qədər ürəyimdən olmayan məqalələr yazmışam, gəl görəsən. Sovetlərin çöküşü başlayanda tapşırıqla, göstərişlə məqalə yazacağıma son qoyulduğunu düşündüm. Beş-on il də bu əhval-ruhiyyə ilə yaşadım.

Vaqif Sultanlı ilə tanışlıqdan sonra vəziyyət dəyişdi. Mənə tapşırıqla məqalələr yazdırmağa başladı. Onun araşdırıcı, nasir olmaqla yanaşı yüksək zövqlü bir naşir olduğunu gördüm. İmkansızlıqdan milli yönlü kitabların, jurnalların uzunömürlü nəşrinə nail ola bilmədi. Müəlliflərə sifariş verdiyi məqalələri gah xarici ölkələrdə, gah da Azərbaycanda nəşr etdiyi jurnallarda, məqalə toplularında çap etdi. Güclü bir duyma qabiliyyəti var - kimə hansı mövzunu yazdırmaq mümkün olduğunu yaxşı bilir. Müəlliflər işlərinin çox olduğuna görə sifarişdən qaçmağa çalışsalar da mümkün olmur. Dəfələrlə zəng vurur, onları saatlarla dilə tutur, məsləhətlər verir.

Dönüb ömrümün ötən illərinə baxıram. Vaqif Sultanlının sifarişi ilə yazdığım məqalə və kitablarla qürur duyuram.

lll

2000-ci il noyabrın 13-17-də Qazimağusada keçiriləcək Üçüncü Uluslararası Kıbrıs Araşdırmaları Konqresinə getmişdık. Konqresdə mən Vaqif Sultanlını Polşadan gəlmiş türkoloq Qrazina Zayaçla tanış etdim. Hətta onların Kıbrısın prezidenti Rauf Denkdaşla tanış olmalarına şərait də yaratdım. Birlikdə şəkillərini də çəkdim. Vaqif Sultanlı Bakıya qayıdanda "Yeni Müsavat" qəzetinə görüş haqqında kiçik bir məqalə yazdı, Rauf Denkdaşın, Qrazina Zayaçın və özünün birgə çəkilmiş şəklini də yazıya əlavə etdi.

Qrazina Zayaçı Vaqif Sultanlı ilə tanış etməkdə məqsədim onun vasitəsilə Polşadakı mühacirlərimizlə bağlı sənədləri Azərbaycana gətirmək idi. Qrazina Zayaçla o danışsın deyə xeyli dilə tutdum, xahiş etdim. Necə deyərlər, saatlarla yalvardım, axır ki, razı sala bildim. Mənim arzuladıqlarımı Vaqif Sultanlı asanlıqla reallaşdırdı. Aradan baş-altı ay keçəndən sonra Azərbaycan mətbuatında Qrazina Zayaçın Məhəmməd Əmin Rəsulzadə və digər Azərbaycan mühacirlərinin Polşa dövrü haqqında məqalələrini oxumağa başladım. Həmin məqalələri yazdıran, dilimizə çevirən və nəşr etdirən Vaqif Sultanlı idi. Ünsiyyət yaratmaqda, əlaqələr qurmaqda, dünyanın ən ucqar guşəsinə belə getməkdə az-az insana məxsus bir bacarığı var. Nə şirkəti var, nə də işlədiyi yerdən yüksək maaş alır. Qənaətcilliklə türk dünyasını gəzir, türk xalqlarının arasında körpü qurur.

lll

2004-cü ilin yanvarında yenə də ensiklopediyaya gəldi. Yanında təxminən özü boyda, özündən beş-altı yaş böyük, qıyıqgözlü birisi vardı. Bizi tanış etdi. İslam Jemeneyin Qazaxıstandan gəldiyini, işlədiyi Taraz Universitetinin  "Türk xalqlarının ədəbiyyatı" adlı bir layihələri olduğunu söylədi. Alqışladım, xoş arzular dilədim.

Çayxanaya getməyi təklif etdi. Razılaşdım. Azərbaycan araşdırıcılarının arxasınca danışmağa başladı. Onun belə bir xasiyyəti olmadığını bildiyimdən sözünü kəsdim: "Vaqif bəy, mıs-mıs deyincə Mustafasını de, görüm nə istəyirsən".  Mənim sərt davranmağımdan incimədi. Əksinə gözləri güldü. Taraz Universitetinin İslam Jemeneyi nəşr edəcəkləri kitabın Azərbaycan ədəbiyyatı və Quzey Qafqaz türklərinin ədəbiyyatı bölmələrini yazdıracaq araşdırıcılarla danışıq aparmaq üçün Bakıya ezam etdiyini dedi. "Azərbaycan ədəbiyyatı bölməsinin yazılması məsələsini həll etdik. Qalır Quzey Qafqaz türklərinin ədəbiyyatı haqqında məqalə yazacaq müəllif".

Mən türkoloq araşdırıcıların adını sadaladım. Vaqif bəy səbirlə dinləyərək dedi: "Onlarla görüşdük. Etiraz etmirlər, ancaq üç-dörd il vaxt, bu işdə onlara yardımçı olacaq dörd-beş də assistentin maaşının ödənməsini istəyirlər. Birincisi, assistentə verməyə universitetin pulu yoxdur, ikincisi kitabı tez nəşr etmək istəyirlər. O qədər gözləməyə vaxtları yoxdur".

(Ardı var)

 





26.07.2023    çap et  çap et