525.Az

Şəhid əsgərin təltif olunduğu medal Biləsuvarda ailəsinə təqdim edilib


 

Şəhid əsgərin təltif olunduğu medal Biləsuvarda ailəsinə təqdim edilib<b style="color:red"></b>

Müdafiə nazirinin əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunan şəhid, 19 yaşlı əsgər Anar Vidadi oğlu Qarazadənin medalı bu gün doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində ailə üzvlərinə təqdim edilib.

APA-nın cənub bürosunun məlumatına görə, medalın təqdim edilmə  mərasimində şəhidin doğmaları ilə yanaşı,  rayon ictimaiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin rəsmiləri, əlaqədar qurumların səlahiyyətli şəxsləri iştirak ediblər.

Üç ay öncə hərbi xidmətə çağırılan, cəbhənin Ağdam bölgəsində şəhid olan Anar Qarazadənin şərəfli ölümündən söz açan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova və digərləri   torpaq uğrunda şəhid olmağı ən ali zirvə hesab etdiklərini, şəhidlərin daim xatırlanacağını deyiblər. Bildirilib ki, Nərimankəndin 3 şəhid verməsi ağrılı olduğu qədər də şərəf gətiricidir, vətənə məhəbbətin ali təzahürüdür.
 
Şəhid anası  Şəfəqqət Qarazadə vətən təəssübkeşliyinin oğul itkisindən üstün olduğunu dilə gətirib.
 
Qeyd edək ki, 19 yaşlı əsgər Anar Vidadi oğlu Qarazadə  iyulun 31-dən avqustun 1-nə keçən gecə düşmən hücumunu dəf edərkən yaralanıb. O, üç gün sonra hərbi hospitalda dünyasını dəyişib.

 





06.08.2014    çap et  çap et