525.Az

İgidliyi ilə tarix yazan "Murov aslanı"... - Şahanə Müşfiq yazır


 

İgidliyi ilə tarix yazan "Murov aslanı"... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Vətən müharibəsindəki qəhrəmanlığı, igidliyi, cəsarəti ilə adını tarixə əbədi həkk etmiş şəhidlərimizdən biri də mayor İlkin Rzayevdir. Bu gün İlkin Rzayevin doğulduğu gündür. Ailəsi, onu sevənlər və bütün Azərbaycan xalqı bu qəhrəman Vətən oğlunun dünyaya göz açdığı günü indi onsuz qeyd edirlər. Böyük qürur, fəxr və hüznlə...

Mayor İlkin Cəfər oğlu Rzayev 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alıb.

Onun hərb sənətini seçməsi heç də təsadüfi deyildi. Çünki İlkin gözünü hərbçi ailəsində açmışdı. Atası Rzayev Cəfər Qəhrəman oğlu Birinci Qarabağ müharibəsi iştirakçısı olub, Füzulidə döyüşüb. İlkin hələ orta məktəbdə oxuyarkən atası qızğın döyüşlərdə olub. Elə o vaxtdan da İlkin hərbçi olacağını deyərmiş.

2006-2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayan İlkin 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlib. Nümunəvi xidmətinə görə müxtəlif illərdə medallarla təltif edilib.

Aprel döyüşlərində də cəsarətlə iştirak edən İlkin Rzayevin hərbçi həyatının ən önəmli və ən məsuliyyətli anları 2020-ci ilin 27 sentyabrından başlayıb. Həmin gündən Vətən Müharibəsində iştirak edən qəhrəman zabitimiz döyüşlərdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. Mayor Rzayev həmin döyüşlər əsnasında özünə tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, bacarıq və mətinlik nümayiş etdirib.

İlkin Rzayevə silah yoldaşları, əsgərləri "Murov aslanı" deyirmişlər. Çünki o, Murov yüksəkliyinin azad edilməsində aslanlara xas şücaətlə, cəsarətlə vuruşub, özü kimi fədakar döyüş yoldaşları ilə bərabər xalqımıza qələbə sevincini bəxş edənlərdən olub. İrəli getməyə çalışan digər dəstənin mühasirəyə düşdüyünü görən mayor Rzayev dərhal köməyə can atıb və oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. 60 gün itkin sayılan şəhidimizin nəşi 2 ay qar altında qalıb və nəhayət, tapılaraq ailəsinə təhvil verilib. Əsgərləri onun haqqında deyirlər: "Murovdağ istiqamətində mühasirəyə düşdük. Mayorla aramızda 2-3 km məsafə olardı. O, bizim mühasirədə olduğumuzu müşahidə məntəqəsindən görüb, silahını götürərək köməyə gəlib. Ora yetişəndə, zabit heyətindən sağ qalan olmadığını görüb. Mühasirədə olan 30-40 əsgəri xilas edib".

Təkbaşına düşmənlə mübarizə aparan mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən onun olduğu mövqeyi atəşə tutub və igid zabitimiz orada şəhadət şərbətini içib.

Mayor İlkin Rzayev dekabrın 18-də İkinci Fəxri xiyabanda dəfn edilib.

Şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Nur və Əli adlı iki gözəl balasını uğrunda can verdiyi Vətəninə, xalqına əmanət qoyan İlkin Rzayev tarix yazan qəhrəmanımız kimi Azərbaycan xalqı var olduqca könüllərdə yaşayacaq, qanında zərrəcə vətənpərvərlik duyğusu olan hər kəs tərəfindən böyük sevgi və minnət duyğusu ilə anılacaq!

Ruhu şad olsun!

 

 





28.07.2023    çap et  çap et