525.Az

Naxçıvanda məhkəmə orqanlarının tarixi: XIII-XV əsrlərin mənzərəsi - Yunis Xəlilov yazır


 

Naxçıvanda məhkəmə orqanlarının tarixi: XIII-XV əsrlərin mənzərəsi - <b style="color:red"> Yunis Xəlilov yazır</b>

XIII-XV əsrlərdə Naxçıvanda məhkəmə orqanlarının strukturu və fəaliyyəti barədə təfərrüatlı məlumatlar olmadığından, hələ ki bu haqda geniş şəkildə söhbət açmaq mümkün deyil. Lakin əldə edilən müəyyən fakt və məlumatlar mövzu barədə bəzi mülahizələr yürütməyə əsas verir.

Həmin dövrdə Azərbaycanda, eləcə də Naxçıvanda islam dini hakim mövqeyə malik olduğundan müsəlman hüququ və bütün qanunvericilik sistemini əhatə edən şəriət qaydaları ali hüquqi qüvvəyə malik idi. Başqa sözlə, ərəb işğalı dövründən etibarən hüququn əsas mənbəyi qismində məhz müsəlman hüququ çıxış edirdi. Müsəlman hüququ isə Quran, sünnə, icma, qiyas, fetva, ictihad, təfsir, qanun və adətdən qaynaqlanırdı.

Bu baxımdan müxtəlif mənbələrdə rast gəldiyimiz məlumatlara əsasən deyə bilərik ki, XIII-XV əsrlərdə bütövlükdə Azərbaycanda, o cümlədən, Naxçıvanda ədalət mühakiməsi, demək olar ki, müsəlman hüququ və şəriət qaydaları əsasında həyata keçirilib.

Həmin dövrdə Azərbaycanda qazılar əsas hakimlər kimi şəriət məhkəmə aparatına başçılıq edirdilər. Bunu bir sıra tarixi faktlar sübut edir. Məsələn, 1225-ci ildə Naxçıvan Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin (Cəlaləddin Manqburnı) hücumlarına məruz qalmışdı. Cəlaləddinin Təbrizə yaxınlaşdığını eşidən Atabəy Özbək əvvəl Gəncəyə, sonra isə bacısının idarə etdiyi Naxçıvana gəlmiş və oradan Əlincə qalasına çəkilib qalada sığınacaq tapmışdı. O, bu təhlükəsiz qalada gizlənmək və buradan düşmən əleyhinə mübarizə aparmaq niyyətində idi. Bu vaxt Naxçıvanın idarəsi Özbəyin arvadı Məleykə xatının əlində idi. Öz mülklərini qorumaq xatirinə Məleykə xatın yalançı şahidlərin köməyilə sultan Cəlaləddinlə nikah kəsdirir. Tarixi mənbələrdən məlumdur ki, həmin dövrdə Özbək Məleykəni boşamadığı üçün şəhər qazısı Qəvaməddin əl-Cidari buna etiraz etmişdi. Buradan aydın olur ki, həmin dövrdə Naxçıvanda qazılar fəaliyyət göstərirdi.

1258-ci ildə Naxçıvan yeni yaradılan Hülakilər dövlətinə tabe edildi. 1295-ci ildə isə o, Elxani hökmdarı Qazan xanın hakimiyyəti altında olan şəhərlər sırasına daxil edildi və Qazan xanın həyata keçirdiyi iqtisadi və siyasi-hüquqi islahatlar Azərbaycanın başqa şəhərləri kimi Naxçıvanın da yenidən bərpa olunub dirçəlməsinə şərait yaratdı.

Qazan xanın dövründə dövlət işlərinə bilikli və bacarıqlı adamlar cəlb edilirdi. Bunların içərisində Azərbaycandan, həmçinin, Naxçıvandan olan məşhur vəkil Qəvaməddin Naxçıvani, Bədrəddin Məhəmməd Dizbəyi Naxçıvani, Nəsrəddin Tusi və başqaları da var idi.

Maraqlı məlumatlardan biri də odur ki, XIII əsrdə yaşamış alim Nəcməddin Naxçıvani məşhur Əbu Əli ibn Sinanın "Qanun" əsərini şərh və təhlil etmişdi. Nəcməddin Naxçıvani bu kitabında ibn Sinanın "Qanun" əsərinin müsbət və qüsurlu cəhətlərini göstərmiş, ibn Sinanın bir sıra nəzəri mühakimələrilə razılaşmadığını yazmışdı.

XIII yüzillikdə Naxçıvanda görkəmli hüquqşünaslar da fəaliyyət göstərib. Məsələn, bu dövrün tanınmış hüquqşünaslarından biri Abdulla ibn Əhməd ət-Tusi ən-Naxçıvani olub.

Sözügedən dövrdə Qazan xan tərəfindən aparılan Azərbaycanın bütün ərazisini əhatə edən məhkəmə islahatları məhkəmələrin müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə baxılarkən ədalət prinsipinə riayət olunmasına yönəlmişdi. "Məhkəmə haqqında", "Qazı rütbəsinin verilməsi haqqında", "Dələduzluğun və əsassız iddiaların qarşısının alınması, habelə girovsuz borc alanlar, digər borcluların əhdi pozma hallarının aradan qaldırılması haqqında", "İslam hökmdarının qazılara, şeyxlərə, zahidlərə, alimlərə və mömin şəxslərə təlimatları haqqında" verilən fərmanlar bu islahatın necə geniş bir dairəni əhatə etdiyini göstərir. İslahatların nəticəsində yarğu məhkəmələri ləğv edildi. Məhkəmə fəaliyyəti yenə də dövlətin baş qazısı və onun tabeliyində olan qazılar tərəfindən həyata keçirilirdi. Hökmdar  fərmanlarına əsasən, şəriətə aid bütün məsələləri hakimlər, əmirlər, feodallar qazıya bildirməli, qazı isə həmin məsələləri öz hökmü ilə həll etməli idi. Başqa heç kimin bu işə qarışa bilməməsi, qazının həbs etdiyi şəxsi heç kəsin azad etməsinin yolverilməz olması da bu fərmanlarda öz əksini tapmışdı.

İslahatlarda nəzərdə tutulduğu kimi məhkəmə hakimləri mükəlləfiyyətlərdən azad edilir və vergi ödəmirdilər. Qazıların ləyaqətini alçaldacaq istənilən hərəkət sərt şəkildə cəzalandırılırdı. Yeni fərmana görə, qazı çəkişən tərəflərin işinə onların tərəfini saxlayan adamlar olmadan baxırdı. Monqol və müsəlmanlar arasında olan mübahisələrə isə məsciddə ayda iki dəfə bitikçi, məliklərin iştirakı ilə qazılar tərəfindən baxılır, hökm onların hamısı tərəfindən imzalanırdı. İddia obyekti olan əmlak özgəninkiləşdirilə bilməzdi. Vilayət qazısı yerli qazıları təyin edir, hər ay onların işini yoxlayırdı. Təyin olunmuş qazılardan ədalətli olacaqları barədə iltizam alınır, hər ay qərarların surəti vilayət qazısına göndərilirdi.

Yerli qazılar yalnız borc öhdəlikləri barədə işlərə baxa bilirdi, daşınmaz əmlak barədə və digər mürəkkəb işlərə isə onlar şəhər məhkəmələri ilə birlikdə baxmalı idilər. Qazının məhkəmə qərarlarını yazması, qeydiyyat aparması üçün katibi olmalı idi. Katib öz işinə xəyanət etdiyi halda edam edilirdi. Qazılardan alınmış iltizam xüsusi formada tərtib edilir, 30 ildən artıq müddəti olan iddialara baxılacağı təqdirdə cəza veriləcəyi qeyd olunurdu.

Hakimlər həll etdikləri iddialar üçün dövlətin müəyyənləşdirdiyi rüsum alırdılar. Katiblər 110 dinarlıq sənəd üçün bir dirhəm, 111 dinardan artıq sənəd üçün bir dinar, müdəbbir-məhkəmə fərraşı icrası təsdiq olunmuş sənəd üçün yarım dinar almalı idi. Artıq haqq alan katib və ya müdəbbir saqqalı qırxdırılaraq vəzifəsindən azad edilirdi.

Qanunun tələbinə görə, qazılar şahid ifadələrini diqqətlə yoxlayır, hökmdə həmin ifadələrə əsaslanmaqla bütün halları şərh edirdilər.

İslahatlardan sonra əvvəllər mövcud olan iki şahidin ifadəsinə əsaslanaraq hökm çıxarmaq hallarına yol verilməsi aradan qaldırılırdı. Qazılara bir vəzifə olaraq tapşırıldı ki, şahidlərin şəxsiyyətini, işdə maraqlı olub-olmamasını, iddiaçı və cavabdeh ilə əlaqəsini aydınlaşdırsınlar və bu baxımdan da ifadəyə qiymət versinlər. İfadələrdə zahiri təmtərağa yox, doğruluğa fikir verilməli, ədalətli və qanuna müvafiq hökm çıxarılmalı, heç kimin hüququ tapdalanmamalı idi. Şahid ifadələrində fikir fərqinə, kəmiyyət, keyfiyyət, məkan, zaman fərqlərinə rast gəlindikdə bu ziddiyyətli məqamlar diqqətlə yoxlanılmalı, hər bir şahid ayrı-ayrılıqda dindirilməli idi. Məhkəmə hakimlərindən işə baxarkən aidiyyət prinsipinə əməl etmələri tələb edilir, səlahiyyətləri dairəsində olmayan işlərə baxmaları, onların səlahiyyətlərindən kənar ərazilərə aid sənədləri yoxlamadan təsdiqləmələri qadağan edilirdi. Hökmlərin müvafiq nümunələr əsasında tərtib olunması üçün əyalətlərə məhkəmə hökmlərinin nümunələri göndərilirdi.

Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin mövcud olduğu zamanlarda, yəni XV əsrdə Azərbaycanda dövlət qazıları ilə yanaşı, şəriət qazıları da fəaliyyət göstərirdi ki, birincilər ikincilər üzərində güclü təsirə malik idilər. Qazıların başçılıq etdikləri məhkəmələr qəza məhkəmələri adlanırdı. Dövlət məhkəmə qazılarının özləri də əsasən cinayət işlərinə baxan ehdas qazısı və orduda dini təbliğat aparmaq və təqsirkar hərbçiləri mühakimə etməklə məşğul olan qazeyi-əsgər olmaqla iki qrupa bölünürdü. Görkəmli tarixçi Həsən bəy Rumlu "Əhsənüt-təvarix" əsərində qoşun qazısı (qazeyi əsgər) və şəri qazı haqqında bir qədər məlumat verir.

Bu dövrdə şəriət məhkəmələrinə ümumi rəhbərliyi sədrlər həyata keçirirdilər. Bir sıra ağır cinayət işlərinə və bəzi mühüm şikayətlərə sədrlər baxırdılar. Şəriət qazıları isə yerlərdə dinlə, ibadətlə bağlı olan, eləcə də nikah-boşanma, ailə və mirasla bağlı məsələləri həll edirdilər.

Darül-qəza (məhkəmə evi) və ya divani-qəza adlanan məhkəmə təsisatına sədr özü və ya hökmdarın fərmanı ilə təyin edilən baş qazı başçılıq edirdi. Sözügedən dövrlərdə baş qazı şəriət qaydaları əsasında mühakimələr aparır, dini izahatların verilməsi və yerli məhkəmələrin baxdığı işlərə məhkəmə nəzarətini həyata keçirirdi.

Qeyd edək ki, sözügedən dövrlərdə Naxçıvan ərazisindən çıxmış görkəmli ruhani alimlər, din xadimləri içərisində feodal dövlət aparatında yüksək vəzifə tutan və şəriət qanunları əsasında məhkəmə icraatını həyata keçirən hakimlər - qazılar da olub. Bu fikri təsdiq edən ən sanballı qaynaq Həvva Bədr Bikə xatına məxsus məzar kitabəsidir. Hörmətli tədqiqatçı-alim H.Səfərli "Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər" adlı kitabında (Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poloqrafiya Birliyi, 2016, s. 41) yazır: "Kitabədən aydın olur ki, o, Məcd əd-Din adlı şəriət hakiminin - qazının qızı olmuşdur". Tarixi mənbələrə əsasən isə deyə bilərik ki, Məcd əd-Din XV yüzillikdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakimiyyəti dövründə yaşayıb fəaliyyət göstərmiş, həmin dövlətlərdə qazılıq vəzifəsini icra etmişdi.

Bundan başqa, bu dövrdə Naxçıvanda doğulan görkəmli qazı, qanunşünas, islam şeyxlərinin şeyxi hesab olunan Əlaəddin Əbu Abdulla Məhəmməd ibn Əli ən-Naxçıvaninin adını xüsusilə qeyd etmək lazımdır.

Ağqoyunlular dövləti dövrünə aid qismən də olsa mühakimə icraatı və qazılarla bağlı məsələləri tənzimləyən maraqlı hüquqi qanunvericilik aktlarından biri Uzun Həsənin "Qanunnamə"si olmuşdur. Ağqoyunlular dövlətinin banisi Uzun Həsənin  hakimiyyəti dövründə (1453-1478) onun tərəfindən 1470-1477-ci illərdə tərtib edilmiş "Qanunnamə" dövrümüzədək gəlib çatmasa da, onun haqqında məlumatlar müxtəlif mənbələrdən əldə edilmişdir. Mənbələrdəki məlumatlar onu deməyə əsas verir ki, təxminən 85 il ərzində qüvvədə olmuş "Qanunnamə" əsasən ticarətlə bağlı, eləcə də vergi haqqında olan yasalar idi, lakin o, başlıca olaraq aqrar səciyyə daşıyırdı və kəndlilərin müəyyən torpaq sahələrinə təhkim edilməsinə, vergi sisteminin tənzimlənməsinə və qanunların pozulmasına görə məsuliyyətin gücləndirilməsinə yönəlmişdi. "Qanunnamə"də qismən mühakimə icraatı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər. Məhkəmədə iddia qaldırmaq müddəti isə xeyli qısaldılmışdı.

"Tarix əl-Qiyasi"də deyilənlərdən aydın olur ki, "Uzun Həsən günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan əhali arasındakı mübahisə və şikayətlərə aid "Qanunnamə"ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi".

Naxçıvan məhz Uzun Həsənin dövründə, daha dəqiq desək, 1468-ci ildə Ağqoyunlular dövlətinin tərkibinə daxil olduğundan və sözügedən "Qanunnamə" dövlətin bütün vilayətlərinə göndərildiyindən, o nəticəyə gələ bilərik ki, böyük ehtimal həmin "Qanunnamə" Naxçıvana da göndərilmiş və burada da tətbiq olunmuşdu.

 

 

 

 





28.07.2023    çap et  çap et