525.Az

Hər günü naxış kimi toxunan ömür - Aydın Tağıyev yazır


 

QƏLƏM DOSTUM ZAKİR BAYRAMLININ 75 YAŞINA

Hər günü naxış kimi toxunan ömür - <b style="color:red"> Aydın Tağıyev yazır</b>

1964-cü ildə o zaman bir neçə rayonda yayılan "Abşeron" qəzetində yeni bir imza göründü: Zakir Bayramlı. Bundan il qabaq səkkizinci sinfi bitirən Zakir, Bakı Plan-Uçot Texnikumunun tələbəsi idi artıq. Bir vaxt Xalq şairi Səməd Vurğunun tələbə yoldaşlarından olan və Zakirgilə ədəbiyyatdan dərs deyən Məmmədiyyə müəllim tələbəsinin şeirə-sənətə məhəbbətini görüb onun ədəbi yaradıcılığa həvəsini daha da artırmışdı. Texnikumda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə şeir demək növbəsi çatanda söz Zakir Bayramlıya verilərdi. Oxuduğu texnikumun sayılıb-seçilən tələbələrindən idi, tanınmış sənətkarların rəhbərlik etdikləri ədəbi dərnəklərə üzv yazılmışdı. İmzası nüfuzlu mətbuat orqanlarında - "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" və digər qəzetlərdə müntəzəm görünürdü. Təbiətində şairanəlik olan Zakirin yaşadığı əlvan duyğular, zehnində doğulan poetik düşüncələr onun qəlbindən izsiz ötüşmür,  misralara, şeirlərə dönürdü. Əlbəttə, ən  əvvəl də doğulub-böyüdüyü yurdu, vətəni vəsf edirdi:

Şabran qədim bir şəhər,

Bağlarında bar-bəhər.

Boylan Çıraqqaladan,

Gör Şabranı hər səhər.

 

Yaxud:

 

"Ana" dedim, "Vətən" dedim,

İlk kəlməmdə, sözümdə mən,

Göz açarkən bu dünyaya,

İlk addımda, izimdə mən.

Bu kimi misralar Z.Bayramlının həyat və yaradıcılıq qayəsinə çevrilib. O, doğulduğu torpaqdan - Şabrandan böyük Vətənə - Azərbaycana məhəbbətlə boylanır. Onun şeirlərində doğma yurdun, el-obanın, ulu tarixə malik Şabranın vəsfi, tərənnümü aparıcı mövzulardandır.

 

Şərqdən Qərbə doğru açılıb yolu,

Qərbdən Şərqə tərəf uzanıb qolu.

Qaytarıb özünə adını Şabran,

Yandırıb ocaqda odunu Şabran.

Əbədi yanacaq bu od, bu ocaq,

Bu dünya durduqca o da qalacaq.

 

Təkcə Şabranın deyil, bütövlükdə doğma Azərbaycanımızın daş yaddaşı, misilsiz abidəsi olan tarixlər şahidi Çıraqqalanı Z.Bayramlı belə vəsf edir:

Elin keşikçisi, xəbər qalası,

Düşməni qorxudan xətər qalası,

Savaşlar meydanı, zəfər qalası...

Z.Bayramlı dünyaya, cəmiyyətə baxışını, yurd, vətən sevgisini, təbiətə vurğunluğunu, insana sonsuz məhəbbətini özünəməxsus bədii boyalarla, maraqlı formalarla ifadə edir, bunun üçün əruz vəzninin imkanlarından da bacarıqla bəhrələnir. "Vətən" rədifli qəzəlində o, doğma Azərbaycana coşqun məhəbbətini qələmə alaraq yazır:

Borcluyuq biz hamımız verməyə

bir can Vətənə,

Edərik, istəsə, hər an canı qurban

Vətənə.

Onun vətənə, doğma torpağa həsr olunmuş rübailəri də ritorikadan uzaq, ürəkdən, saf məhəbbətdən gələn səmimi poetik parçalardır:

Dünyanı vətənim bilməliyəm mən,

Doğuldum, yaşayıb-ölməliyəm mən.

Vətəni əbədi yaşatmaq üçün

Dünyaya təzədən gəlməliyəm mən.

Yaş irəlilədikcə ömrün də, yaradıcılığın da müdriklik çağına qədəm qoyan Z.Bayramlının yazdıqları yeni forma və məzmun keyfiyyətləri qazanır. Yaradıcılığının indiki dönəmində o, həm  həyat təcrübəsindən qaynaqlanan şeirlər, həm də insana, vətənə sevgi dolu poetik parçalar qələmə almaqdadır. Təsadüfi deyil ki, son illərdə istər Şabranda, istərsə də respublikada imzası oxuculara tez-tez təqdim olunan, şeirləri, kitabları vaxtaşırı işıq üzü görən müəlliflərdən biri də məhz odur. Yaşı yetmiş beşi haqlamış Z.Bayramlının son 15 ildə 13 kitabı çapdan çıxıb. Ölkənin tanınmış ədəbiyyat adamları, alimlər, ziyalılar Z.Bayramlının yaradıcılığı, ayrı-ayrı kitabları barədə məqalələr yazıb, düşüncələrini bölüşüblər. Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin fikrincə, "Zakir Bayramlı yaradıcılığında Sözə hörmətlə yanaşır, ona səmimi duyğularını etibar və etiraf edir, bədii sözlə xalqına xidmət etmək istəyir". Z.Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" adlı kitabına yazdığı önsözdə isə professor N.Şəmsizadə bu fikirlərə yer verib: "Zəngin faktlara əsaslanan, xoş niyyətlə qələmə alınan bu kitab öz canının qədrini bilən, özünə dəyər verən, qocalıqdan qorxmayan bütün insanlar üçün nəzərdə tutulub. Zakir Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" əsəri həyat haqqında kitab - həyat kitabıdır".

Tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifliyə görə, "çox sadə və anlaşıqlı yazan Z.Bayramlının şeir dili lap əvvəldən xalq dilindən, folklor şeirindən qidalanıb, o, doğulduğu torpağa, el-obaya, Şabrana çoxlu şeirlər həsr edib və bu mövzuda yazdığı şeirlərində vəsf, tərənnüm aparıcıdır".

...Bir vaxt, mərhum anası Həlimə xanım oğlu Zakirin beşiyi başında ona layla deyə-deyə xana arxasında oturub rəngbərəng saplarla incə ilmələr vurur, əlvan xalça toxuyardı. Artıq özü də ömrün ahıllıq, müdriklik mərhələsinə keçən, 75 yaşını tamamlayan Zakir Bayramlı isə sevimli yazı masası arxasında qələmə sarılıb ağ varaqlara sözlə ilmə vurur, naxış salır. Bununla da ömrünün hər anına, hər gününə fərqli məna qazandırır. Bu yolda ona - əziz qələm dostuma möhkən cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram! Maksim Qorkinin təbirincə desək, poeziya əks-sədadır, odur ki, qoy yaşadığı hisslər, duyğular bundan sonra da Zakir Bayramlının şeirlərində xoş tərzdə və səmimi notlarla əks-səda versin!

 





28.07.2023    çap et  çap et