525.Az

Azərbaycanda peşə təhsilinin əhatə dairəsi genişləndirilir


 

Azərbaycanda peşə təhsilinin əhatə dairəsi genişləndirilir<b style="color:red"></b>

Hazırda peşə təhsili pilləsində dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrini öyrənir, onlardan bəhrələnir və bu istiqamətdə ardıcıl işlər görülür. Artıq informasiya əsri, rəqəmsal texnologiyaların yaratdığı iqtisadiyyat platformaları, süni intellekt və "Dördüncü Sənaye İnqilabı" dövrüdür. Bu çağırışın öhdəsindən gəlmək üçün işəgötürənlərlə sıx əməkdaşlıq, əmək bazarının gələcək tələblərinə uyğun müasir və qabaqcıl təhsil modelləri əsasında məzmun tələb olunur. Türkiyə, Koreya, Almaniya kimi beynəlxalq tərəfdaşlarımız ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq həyata keçirilir və pedaqoji heyətin bacarıqlarının təkmilləşdirilməsinə dəstək verilir.

Peşə təhsilinin bu gün üçün prioriteti bəllidir. Ölkədə həyata keçirilən təhsil siyasətində peşə təhsilinin rolunun və statusunun artırılması mühüm yer tutur. Burada dövlət-özəl əməkdaşlığı və işəgötürənlərin peşə təhsilinin təşkilinə inteqrasiyası, eləcə də peşəyönümü işi və peşə təhsilinin imicinin yüksəldilməsi əsas istiqamətdir.

Ölkədə XXI əsrin dəyişən əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurulur. Təhsil müəssisələrimizdəki tədrisin beynəlxalq standartlara uyğunluğu təmin edilir. Məqsədimiz iqtisadiyyatın prioritet sahələri üçün kadr yetişdirməkdir. Bunun üçün dövlət-biznes əməkdaşlığı ilə irəliləyir, əlverişli tədris şəraiti yaradırıq. Əvvəllər  də mövcud olmuş, hazırda təkmil şəkildə bərpa olunan bir çox təşəbbüslər var. Məsələn, Almaniyanın dual təhsil modelinə əsaslanan iş yerində öyrənmənin əhatə dairəsi artırılır. 2015-ci ildən etibarən müxtəlif işəgötürənlərin iştirakı ilə turizm, kənd təsərrüfatı, xidmət, emal, sənətkarlıq, İKT və sair sahələrdə tətbiq edilən bu modelin uğurlu nəticələri  var. Sonuncu, 2022-2023-cü tədris ilində 9 region üzrə 756 tələbə dual təhsil modelinə əsaslanan proqramda peşə təhsili alır. Burada 60-dan çox işəgötürən tərəfdaş təcrübə keçməyə dəstək verir. Paralel olaraq, məzmun və təhsildə keyfiyyət baxımından əsaslı tədbirlər həyata keçiririk. Yeni sosial-iqtisadi inkişaf mərhələsində peşə təhsili müəssisələri optimallaşdırılır və rasionallaşdırılır, onlara publik-hüquqi şəxs statusu verilir. Tələbələrimiz "WorldSkills International" və "Technofest" kimi beynəlxalq festivallarda yarışır və iri şirkətlərdə təcrübə keçərək gələcəyin tələbinə uyğun mütəxəssis kimi formalaşırlar.

Peşə təhsili ilə bağlı hədəflər ölkənin ümumi iqtisadi inkişaf strategiyasının tərkibində vacib kriteriyadır. Peşə təhsilinin əhatə dairəsi genişləndiriləcək. Mütəxəssislərin fikrincə, bu hədəf həm də bir çağırışdır, yeni resurslar, maddi-texniki baza, mühəndis-pedaqoji heyət və həmçinin, işəgötürənlər, ümumilikdə bir növ kompleks şəkildə həcmin artırılması və yeni islahatlar, innovativ baxış deməkdir.

Peşə təhsili artıq ölkə təhsilinin ayrılmaz tərkib hissəsidir. Peşə təhsili və təlimi sisteminin inkişafının tarixini dövrlərlə şərh edən mütəxəssislər hesab edir ki, indiyədək iqtisadi canlanma və peşə təhsili siyasətinin paralel şəkildə həyata keçirildiyi bir yol izlənilib. Bu yol da peşə təhsilini üzüyuxarı aparır. Hədəf bəlli, yol doğrudur.

İyulun 28-dən etibarən peşə təhsili müəssisələrinə 2023-2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2023-2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq.

Qeydiyyatdan keçənlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir.

Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın "Şəxsi kabinetim" bölümündə yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar. Elektron qeydiyyatdan keçən zaman şəxsiyyəti təsdiq edən sənəd, təhsil haqqında sənəd (attestat), əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd tələb olunur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmovun sözlərinə görə,  2023-2024-cü tədris ili üzrə dual peşə təhsili proqramına 1000 tələbənin cəlb olunması nəzərdə tutulub. Dual peşə təhsili proqramında müxtəlif istiqamətlər üzrə 20 şirkətlə əməkdaşlıq aparılacaq: "Yeni tədris ilində dual peşə təhsili proqramı Sumqayıt, Bakı, Qax, Şəki, Gəncə, Göygöl, Qəbələ, İsmayıllı, Kürdəmir, Neftçala, Cəlilabad, Lənkəran olmaqla 12 regionda tətbiq olunacaq".

Yeni tədris ilindən yüksək texniki peşə sahəsi üzrə iki yeni ixtisas - kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının istismarı, texniki peşə sahəsi üzrə isə üç yeni ixtisas - rabitə quraşdırıcısı kabeli, kombi və kondisioner ustası, eləcə də unüyütmə istehsalının aparatçısı tədris olunacaq. 2023-2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrində ən çox plan yeri tələbata uyğun olaraq aşpazlıq və dərzi ixtisaslarına ayrılıb: "2023-2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə 25 min 420 plan yeri ayrılıb. Bunlardan 18 min 290-ı dövlət sifarişli, 7130-u ödənişli plan yerləridir. Yüksək texniki peşə üzrə 1260 yer, texniki peşə üzrə 22 min 20 yer, ilk peşə üzrə 2140 yer ayrılıb".

Ceyhun Kərəmov bildirib ki, aşpazlıq 1360, dərzi 1160, elektrik qaz qaynaqçısı 1140, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru 960, əməliyyatçı mühasib 940, bərbər, vizajist, manikürçü 820, kompüterlərin təmiri və xidməti üzrə texnik 820, qrafik dizayner üzrə isə 740 plan yeri ayrılıb: "Qeyd edim ki, ölkə üzrə peşə təhsili müəssisələrinin sayı artırılır. Bakı, İsmayıllı, Gəncə və Bərdədə peşə təhsili müəssisələri fəaliyyət göstərir. Cari ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi və Lənkəran Peşə Liseyinin açılışı nəzərdə tutulur. Həmçinin, Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə Kəlbəcər, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda ümumilikdə 8 peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulub. 2026-cı ilədək isə Tovuz Peşə Liseyi, Qax Peşə Liseyi, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi, Quba Peşə Liseyi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzinin açılışı nəzərdə tutulur".

O əlavə edib ki, avqustun ikinci yarısında peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat ustalarının işə qəbulu imtahanları keçiriləcək. Qarşıdakı günlərdə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Ceyhun Kərəmovun söylədiyinə görə, peşə təhsilinin rolu, nüfuzu Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi son illər daha da artıb. İlk dəfə olaraq, peşə təhsilinin məzmununun fəhlə kadrları hazırlamağa deyil, sahibkar ola biləcək müasir bacarıq və səriştələrə malik mütəxəssis yetişdirməyə doğru təkmilləşdirilməsinə başlanılıb. Təhsilin strateji sahə kimi tərəqqisi üçün hər il büdcədən artımlı maliyyə ayırmalarının verilməsi və müvafiq addımların atılması təhsilin keyfiyyətini günü-gündən yüksəldib: "1993-cü ildən 2003-cü ilə qədər bu sahədə ciddi irəliləyişlər baş versə də, həlli zəruri olan bəzi problemlər qalırdı. 2003-cü ildən başlayaraq, həyata keçirilən modernləşmə siyasəti təhsil sektorunun da inkişafına təkan verdi. Əsasən 2015-ci ildən etibarən, peşə təhsili sisteminin inkişaf etdirildiyini görürük. Müasir tələblər səviyyəsində qurulan peşə təhsili müəssisələrində təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi və tədris metodiki şəraiti yaradılır. Bu zəmində peşə təhsili sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunur, eləcə də, bu sahədə infrastruktur işlərinin başa çatdırılması və güclü maddi-hüquqi baza formalaşdırılması üçün strateji əhəmiyyətli dövlət proqramları həyata keçirilir. Azərbaycan Prezidentinin  2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" növbəti mərhələyə işıq saldı. Sənədə əsasən, dünyada artan rəqabətə hazır olmaq üçün ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Müasir təhsil, innovasiyaları təşviq edən şərait yaratmaq qarşımızdakı əsas şərtdir".

Sevinc QARAYEVA

 

 





01.08.2023    çap et  çap et