525.Az

Yüksəliş": inkişafa və aydın gələcəyə xidmət edən müsabiqə


 

Yüksəliş": inkişafa və aydın gələcəyə xidmət edən müsabiqə<b style="color:red"></b>

"Yüksəliş" müsabiqəsi ölkədə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsi hesab edilir. İstedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqə olan "Yüksəliş" iştirakçılara kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazandırır. Bu müsabiqə peşəkar təlimlər üçün qrant qazanmaq, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirmək, əvəzolunmaz əlaqələr qurmaq, vahid komandanın üzvü olmaq üçün qaçırılmayacaq fürsətdir. "Yüksəliş" ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

Bu yaxınlarda 3-cü "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşib və mükafatlandırılıb. İyulun 14-16-da "Baku Ekspo Mərkəzi"ndə keçirilən müsabiqənin finalında iştirak edən 109 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. Qaliblərdən 4-ü qadındır. 12 qalib öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc 2 qalibin 26, ən yaşlı 2 qalibin isə 35 yaşı var. Qeyd edək ki, final mərhələsində göstərilən ən yüksək nəticə 24 bal olub.

Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələləri "qiymətləndirmə konfransı" (assessment conference) formatında keçirilib. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Sözügedən mərhələlərdə strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.

Finalda, həmçinin iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə "Azərbaycan arzusu" keysi üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təhkim edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib.

Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 7 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib və 22 nəfər qalib adını qazanıb.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva bildirib ki, bu günədək "Yüksəliş" müsabiqəsində neqativ halların olması ilə bağlı heç bir müraciət daxil olmayıb: "İlk "Yüksəliş" müsabiqəsindən sonra təşkilatçılar sırasına biz də qoşulduq. İkinci "Yüksəliş" müsabiqəsindən sonra gördük ki, cəmiyyətdə belə insanlara ehtiyac var. Üçüncü "Yüksəliş" müsabiqəsindən sonra düşünürük ki, növbəti illərdə müsabiqədə yenilik etmək lazımdır".

İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediyinə görə, auditoriyanın müsabiqəyə inanması bu müsabiqənin gələcəyin istedadlı idarəçisini seçməsinin göstəricisidir. Ölkədə idarəçilərin seçiminə aid meyarlar aydındır: "Yüksəliş" müsabiqəsi uzun illər ərzində bu baxımdan rol oynayacaq, öz töhfəsini verəcək. Bu müsabiqə peşəkar müsabiqədir. İdarəçiliyi peşə kimi qəbul etməliyik. İdarəçilikdə olan peşə riskləri şəxsi inkişaf, şəxsi balansın qorunmasıdır. Digərlərindən daha çox çalışıb, daha çox töhfə vermək liderliyin təməl faktorlarından biridir".

Nazir qeyd edib ki, "Yüksəliş" müsabiqəsi ölkədə peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edir: "Layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına mühüm töhfə verir".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə əsasən, hazırda ölkədə gənclərə olan diqqət, münasibət, onların potensialını açmaq üçün müxtəlif layihələr və imkanlar mövcuddur: "İnsanın həyatını müəyyənləşdirən iki məqam var. Bunlardan biri istəmək, digəri isə bacarmaqdır. Həmin feilləri də birləşdirən düstur var. Düsturun arxasında da əmək və bilik dayanır. Hər ikisi insanda varsa, o, istədiyini bacaracaq. Çünki yalnız istəmək insanı yandırıb məhv edə bilər. Yalnız bacarmaq da insanı məhv edə bilər. Bacarıb nəyisə dağıtmaq da olar. Lakin istəmək və bacarmaq, lazımi düsturu hər kəs özü üçün müəyyən edir, əlaqələrini qurur. Düsturu düzgün tapmaq isə bilik və elmlə bağlıdır".

Məleykə Abbaszadə vurğulayıb ki, "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edir. "Yüksəliş" müsabiqəsi karyera pilləsində yüksəlmək istəyən, istedadlı, özünə güvənən gənclər üçün bir şansdır.

DİM Direktorlar Şurasının sədri təhsil, karyera imkanlarına görə ölkədə gender bərabərliyinin mövcud olması, qanunlarımızda da bu məsələ ilə bağlı məhdudiyyətlərin olmadığını bildirib. Bəzən reallıqda bu qaydalara riayət edilmədiyini, qadınlarımızın karyera pillərində çətinliklərlə, qeyri-sağlam rəqabətlə üzləşdiklərini, bu tendensiyanın nəinki ölkədə, demək olar ki, bütün dünyada hökm sürdüyünü vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirir ki, "Yüksəliş" müsabiqəsi insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüsdür. Bu təşəbbüsdə yüksək intellektual zəka və sosial məsuliyyət sahibi olanlar uğur qazanır. Müasir əmək bazarının əsas tələblərindən olan innovativlikləri tətbiq edən, dəyişikliklərə hazır olan və bu yanaşmaları öz fəaliyyət sahəsinə gətirməyi bacaranlar qalib olur. Bu müsabiqənin iştirakçılarında həm də qərar qəbuletmə bacarığı, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi bacarıqlarına diqqət yetirilir: "Strateji düşünənlər, komandada ilə işləməyi bacaranlar, büdcəni idarə edə bilənlər peşəkarlarla görüşmək, şəxsi inkişaf planları əldə etmək, hətta idarəçi rəhbərlərlə çalışmaq imkanı əldə edirlər. Nəticədə yaşından, ixtisasından, fəaliyyət göstərdiyi sahədən, dövlət, ya da özəl strukturda çalışmasından asılı olmayaraq "Yüksəliş"ə qatılan hər şəxs tələb olunan kadr ehtiyatının inkişafı proqramında iştirak edib, ölkənin gələcəyini quracaq şəxslərdən birinə çevrilir".

Nazir vurğulayıb ki, "Yüksəliş"müsabiqəsi istər dövlət qulluğu, istərsə də özəl sektorda çalışan Azərbaycan gəncliyini əhatə edən kompleks və mükəmməl müsabiqədir: "Müasir idarəetmə prinsipləri ənənəvi idarəetmə prinsiplərindən müəyyən qədər fərqlənsə də, məqsəd birdir - ölkənin, vətənin inkişafına töhfə vermək. Bir sözlə, "Yüksəliş" müsabiqəsinin iştirakçılarından gözləntilərimiz onların daim yeniliklərə açıq olması, qloballaşan dünya ilə ayaqlaşa bilən müasir baxışlı liderlər kimi yetişmələridir. Əminəm ki, "Yüksəliş" müsabiqəsinin qalibləri Azərbaycanın gələcək inkişaf mərhələlərində yeni uğurlara nail olacaqlar".

"Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyir ki, "Yüksəliş" işə düzəlmək üçün müsabiqə deyil, çünki namizədlərin hamısının işi var. "Yüksəliş" idarəçi axtarışındadır. Müsabiqə qaliblərinin əksəriyyətinin vəzifəsində müəyyən yüksəliş olub: "Hətta onların arasında bir neçəsi rəhbər vəzifələrə təyinat da alıb".

Onun sözlərinə əsasən, son dövrlərdə fəal öyrənmə, kommunikasiya, stressə davamlılıq və çeviklik kimi özünüidarəetmə bacarıqları müasir cəmiyyətdə mütəxəssis hazırlığı və insan kapitalı məsələlərində daha önəmli yer almağa başlayıb. İdarəçi kimi formalaşmaq əzmində olan şəxslər bu sahədə zəif və güclü tərəflərini öyrənərək bilik və bacarıqlarını təkmilləşdirmək, ictimai tərəqqiyə töhfələrini artırmaq üçün özünüinkişaf yolunu seçirlər, bu yolda püxtələşirlər. "Yüksəliş" müsabiqəsi isə özlərini idarəçi kimi inkişaf etdirmək istəyən şəxslərə yeni imkanlar yaratmaq və dəstək olmaq məqsədilə ölkəmizdə artıq üçüncü dəfə keçirilib: "Azərbaycanda insan kapitalının inkişafına verilən önəmin göstəricilərindən olan "Yüksəliş" müsabiqəsi 2019-cu ildə ölkəmizdə yüksək intellektual səviyyəli və idarəetmə keyfiyyətlərinə malik perspektivli kadrların müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunub. Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Fərmanı ilə təsis edilən müsabiqə şəffaf seçim mexanizmi vasitəsilə yüksək intellekt və idarəetmə qabiliyyətinə malik perspektivli şəxsləri müəyyənləşdirir, onlara dəstək verir, həmçinin müasir idarəetmədə yeni yanaşmaları üzə çıxarır".

Sevinc QARAYEVA

 





02.08.2023    çap et  çap et