525.Az

Prezidentin ermənilərə mesajları


 

Prezidentin ermənilərə mesajları<b style="color:red"></b>

Rəsmi Bakı növbəti dəfə Azərbaycan dövlətinin Ermənistanla normallaşma prosesi, Qarabağ ermənilərinin reinteqrasiyası, Laçın yolu ilə bağlı manipulyasiyalar, müxtəlif platformalarda aparılan sülh danışıqları və bu istiqamətdə digər mühüm məqamlarla bağlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində həm Ermənistana, həm Qarabağ ermənilərinə, eləcə də dünyaya aydın mesajlarını verib. Bu mesajlar onu göstərir ki, Bakı öz mövqeyində qətiyyətlidir, regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır, öz suverenliyinə, ərazi bütövlüyünə qəsd edəcək heç bir addımın atılmasına yol verməyəcək.

Prezident müsahibəsində Ermənistanla aparılan sülh danışıqlar barədə deyib ki, bu görüşlər çox həssas məsələlərə toxunmaq imkanı verir. Məsələn, sərhədlərin gələcək parametrləri. Çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra Azərbaycan təcavüzlə üzləşdi. İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə Azərbaycanın Naxçıvana çıxışla bağlı öhdəliyi var, amma İrəvan bunu hələ yerinə yetirməyib.

Dövlət başçısı ilin sonunadək sülh variantının tapıla biləcəyini də deyib. Amma bunun üçün Ermənistan tərəfindən konstruktiv yanaşma olmalı və ən vacibi onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoymalıdırlar.

Prezident müxtəlif vasitəçilik səylərinə də toxunub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsünün hazırda çox fəal dialoq formatına çevrildiyini söyləyib.

Rusiyanın və Qərbin vasitəçiliyinə gəlincə, Prezident deyib ki, əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqıdır. Bu, Rusiya olub: "Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunub. Rusiya - Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir".

Laçın yolundakı vəziyyətə dair isə Prezident bildirib ki, hərəkət azadlığı bloklanmayıb. Aprelin 23-dən - sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəliblər: "İyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar... Lakin bu yük maşınlarının üzərində də, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi. Əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır".

Prezident bildirib ki, müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o, uğurla başa çatdı.

Prezident Ermənistandakı ermənilərə də mesaj verib: "Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya "prezidenti", "nazirləri", "parlamentariləri" olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm".

Politoloq İlqar Vəlizadə hesab edir ki, Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır. Ermənistanın isə öhdəsinə düşən vəzifələri icra etməkdən boyun qaçırmaqla vəziyyətin daha da mürəkkəbləşməsinə və əngəllərə yol açır: "Prezident müsahibəsində hazırda regiondakı gərgin vəziyyətin səbəbkarının Ermənistan olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Digər tərəfdən, dövlətimizin başçısı tərəflər arasında sülh sazişinin imzalanacağına ümid etdiyini də bildirdi və bunun üçün Ermənistanın siyasi rəhbərliyini tutduğu destruktiv mövqedən yayınmağa çağırdı. Azərbaycan Prezidenti Ermənistan ictimaiyyətinə üz tutaraq bildirdi ki, rəhbərləri onları 30 il ərzində aldatmağa çalışıb, əsl həqiqəti gizlədiblər. Real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdırlar. İlham Əliyev Azərbaycan dövlətinin onlara normal həyat təklif etdiyini bildirdi. Normal həyat isə o vaxt təmin olunacaq ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar".

Politoloq bildirib ki, sülh sazişinin imzalanması təşəbbüsü məhz Azərbaycan tərəfindən verilib, halbuki məğlub tərəf Ermənistandır: "Ümid edirik ki, Ermənistan rəhbərliyi öz destruktiv mövqeyindən əl çəkəcək və sülh sazişini imzalayacaq".

 

 





03.08.2023    çap et  çap et