525.Az

Müəllimlərin sertifikasiyası: prosesdəki yenilik müsbət qiymətləndirilir


 

Müəllimlərin sertifikasiyası: prosesdəki yenilik müsbət qiymətləndirilir<b style="color:red"></b>

Azərbaycanda yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Təhsil haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Edilən dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü əsasda həyata keçiriləcək. Qeyd edək ki, qanunda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yox idi.

Eyni zamanda "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilib. Qanuna dəyişikliklər təsdiqlənməzdən əvvəl ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirdilər.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, hazırda Azərbaycan elminin və təhsilinin qarşısında, Prezidentin, hələ ötən il iyulun 28-də imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmandan irəli gələn və özündə qarşılıqlı inteqrasiya prosesini də ehtiva edən bir sıra mühüm vəzifələr durur. Dövlət başçısının imzaladığı sənədlərin bu vəzifələrin həyata keçirilməsi üçün əsaslı hüquqi-normatativ baza yaratmaqla yanaşı, elm və təhsil sahəsində həyata keçirilən islahatların intensivləşməsinə töhfə verəcəyi şübhə doğurmur: "Bu xüsusda "Təhsil haqqında" Qanunda edilən dəyişikliklərin də mühüm əhəmiyyət daşıdığı qənaətindəyəm".

Günel Səfərovanın fikrincə, ən əhəmiyyətli və önəmli layihələrdən biri müəllimlərin sertifikatlaşdırılmasıdır: "Bu proses başladığı andan etibarən şəffaflığa xüsusi önəm verilib. Hətta sertifikasiyaya start verildiyi tarixdən, yəni ötən il prosesi tam anlamadan müəyyən narahatlığı olan insanlar belə sonradan bu mexanizmi dəstəklədilər. "Təhsil haqqında" Qanunda öz əksini tapan dəyişikliklər sertifikatlaşdırma prosesinin daha da təkmilləşdirilməsini də nəzərdə tutur. Artıq yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Yəni əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o, heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu müəllimlər yalnız öz istəyinə uyğun olaraq özünüqiymətləndirmə və əmək haqqı artımından yararlanmaq üçün prosesə qatıla bilərlər. Uzun illər pedaqoji təcrübəsi olan müəllimlərə belə bir hüququn verilməsi alqışlanmalıdır. Qeyd edim ki, qanuna edilən dəyişikliklərə görə, məktəbəqədər təhsil müəssisələrində işləyənlər ilk dəfə olaraq sertifikatlaşdırmadan keçəcəklər. Bu dəyişik təhsilin bütün pillələrində təhsilverənlərlə bağlı vahid strategiyanın tətbiqinə imkan yaradacaq, rəqabət mühitini gücləndirəcək, sözügedən sahədə müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına stimul yaradacaq".

Mühüm yeniliklərdən biri isə, müəllim kimi fəaliyyətə başlayanların 3 il sonra sertifikatlaşdırmadan keçmək imkanının olduğunu vurğulayan QHT sədri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına nəzarət etmək səlahiyyətinə malik olması da yeniliklərdən biridir: "Bu yenilik aparılan təhsil siyasəti ilə yanaşı, təhsilalanların da həyatında öz müsbət təsirini göstərəcək. Tətbiq olunacaq yeniliklər elm və təhsil sahəsində strateji hədəflərə çatmağa geniş imkan yaradacaq".

Təhsil sahəsi üzrə ekspertlərin fikrincə, sözgedən qanuna dəyişiklikdə sertifikasiya ilə bağlı bir sıra məqamlar öz əksini tapıb. Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır. Müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur. Başqa bir dəyişikliyə görə, dövlət ümumi təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Bu baxımdan, sertifikasiyanın tətbiqi qaçılmazdır və ona görə də "Təhsil haqqında" qanunda öz əksini tapması hüquqi normaların müəyyənləşdirilməsi baxımından vacibdir. İlk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiya müddətinin 5 ildən 3 ilə endirilməsi doğru qərardır. Özünə inanan, savadlı, bilikli müəllim üçün bu dəyişiklik heç bir problem yaratmır. Yəni imtahanda ikinci dəfə də uğursuz nəticə əldə edən müəllimin işdən uzaqlaşdırılması ədalətli qərar sayıla bilər. Təhsilin keyfiyyətini təmin edəcək vacib faktorlardan biri keyfiyyətli təhsil verə biləcək müəllimlərin olmasıdır. Sirr deyil ki, əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu zamanı buraxılmış səhvlər təhsilin keyfiyyətinə birbaşa təsir göstərib. Keyfiyyətli pedaqoji heyət formalaşdırılmasa, əlbəttə ki, təhsilin keyfiyyətindən danışmaq mümkün deyil. Birinci dəfə sertifikasiyadan keçməyənlərə ikinci şansın verilməsi humanist addımdır. Amma ikinci imtahanın da uğursuz olması göstərir ki, müəllimin savadı yerində deyil. Təbii ki, belə müəllimin tədrisi keyfiyyətli ola bilməz. Hər birimiz bu və ya digər formada təhsillə bağlıyıq. Heç kim razı olmaz ki, övladı savadsız müəllimin yanında təhsil alsın. Odur ki, insanlara müəllim seçimində də sərbəstlik vermək lazımdır. Belə olarsa, savadsız müəllimin sinfinə uşaq yığılmayacaq. O cür müəllimləri məktəbdən uzaqlaşdırmağın başqa bir yolu da budur. Amma bütövlükdə müəllim əgər ştatdadırsa, dövlətdən əməkhaqqı alırsa, biliyi müqabilində və verdiyi təhsilə müvafiq olaraq əməkhaqqı almalıdır. Öz ixtisası üzrə sertifikasiyada elementar suallara cavab verə bilməyən müəllimin məktəbdə saxlanması heç də faydalı deyil.

Təhsilin bütün pillələrində sertifikasiya tətbiq olunmasının tərəfdarı kimi çıxış edən mütəxəssislər də var. Çünki ali təhsil sahəsində keyfiyyətsiz kadrlar var. Pedaqoji kadr hazırlığını həyata keçirən, müəllim hazırlayan şəxslər lazımi səviyyədə, öz yerində deyilsə, təbii ki, keyfiyyətli müəllim hazırlamaq çox çətindir. Ona görə də sertifikasiya bütöv təhsil sistemini əhatə etməlidir. Sertifikasiyanın kökündə duran məsələ savadlı, bilikli müəllim kadrların seçilməsi və onların işlə təmin olunmasıdır. Bu prosesə yeni başlanılıb, ola bilsin, gələcəkdə heç iki dəfə şans verilməsin. Lakin sertifikasiya üçün ikinci şansın verilməsi ədalətli hesab edilə bilər.

60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakının könüllü olmasını əslində mübahisə yaradacaq məqam sayanlar da var. Amma bu məsələdə dövlət öz humanizmini nümayiş etdirir. 60 yaşlı müəllimin təxminən 40 ili məktəblərlə bağlıdır. Həm də onların təqaüd vaxtına az qalıb. Bu baxımdan 60 yaşdan yuxarı müəllimlərə güzəştlərin verilməsi anlaşılandır. Ancaq bunu 30-40 yaşında müəllimlərə tətbiq etmək düzgün olmaz. Çünki yerində olmayan müəllim təkcə bir uşağı, bir sinfi deyil, illər boyu nə qədər uşağı "şikəst" edə bilər.

Xatırladaq ki, ötən ildən etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və sair daxil ola bilər.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə, buraya fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən edilir. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılır. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılır.

Sevinc QARAYEVA

 

 





03.08.2023    çap et  çap et