Bir neçə gün əvvəl Meşəli kəndinin sakinləri ermənilərin 32 il əvvəl törətdikləri soyqırımla bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər. Onların beynəlxalq ictimaiyyətdən tələbi Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət törətmiş şəxsləri cəzalandırmağa və təhvil verməyə məcbur etməkdir.
Meşəlidə dinc insanlara qarşı amansız qətliam törədən Xaçaturyan Vaqif Çerkezoviç bu il iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Xatırladaq ki, Xaçaturyanın həmin cinayəti törətməsi şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilib. 2013-cü ildə Vaqif Xaçaturyan Meşəli soyqırımı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Onun axtarışı istiqamətində həmin vaxtdan beynəlxalq təşkilatlarla danışıqlar aparılıb. Meşəli soyqırımı zamanı Xocalı rayonu Meşəli kəndinin 25 sakini qətlə yetirilib, 14 nəfər yaralanıb, 338 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salınıb.
Meşəli sakinlərinin müraciətində də qeyd olunub ki, 1991-ci ilin dekabrında soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı Vaqif Xaçaturyanı yaxşı tanıyırlar. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb. Otuz iki il ərzində Meşəlidə törədilmiş soyqırıma görə Ermənistana etiraz səsini ucaltmayıb beynəlxalq təşkilatlar müharibə cinayətkarı Xaçaturyan ələ keçən onun azad edilməsinə çağırışlar edirlər. Meşəli sakinləri bunu özlərinə qarşı təhqir, həqarət kimi qəbul etdiklərini, bu cür çağırışların yolverilməz olduğunu bəyan ediblər.
O da vurğulanıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Meşəli sakinlərinin dünya ictimaiyyətinə müraciətini müsbət dəyərləndirib. Onun sözlərinə görə, bir cinayətkarın həbsi ilə bağlı Ermənistan və onu dəstəkləyən xarici lobbilər demək olar ki, bütün beynəlxalq təşkilatları ayağa qaldırır, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər: "Onlar Azərbaycana təzyiq etmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Təbii ki, bu başadüşülən deyil. Əgər insan hüquq və azadlıqlarından danışır, terroru, qanunsuz deportasiyaları pisləyiriksə, onda belə cinayətləri törətmiş şəxsin həbsi ilə bağlı dünyada bu cür yanaşmanın mövcud olması əlbəttə ki, təəssüf doğurur".
Hüquq müdafiəçisi hesab edir ki, yalnız Meşəli sakinləri deyil, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, QHT-lər digər qurumlar birlikdə dünya ictimaiyyətindən bu cür cinayətləri törədənlərin həbs edilib, Azərbaycana təhvil verilməsi istiqamətində addımlar atılmasını tələb etməlidir: "Çünki Xaçaturyan kimilər hələ çoxdur. Onların bir çoxu artıq Qarabağdan çıxıb və müxtəlif ölkələrdə məskunlaşıblar. Lakin Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxslər digər dövlətlərdə saxlanılmalıdır. Azərbaycanla danışıqlar aparılmaqla onların hansı cinayətləri törətdikləri müzakirə edildikdən sonra dövlətimizə təhvil verilməlidir. Hesab edirəm ki, bu istiqamətdə işləri gücləndirməliyik".
"Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib ki, Azərbaycan dövləti hərb meydanında zəfər qazandıqdan sonra diplomatik müstəvidə də qələbəyə addım-addım yaxınlaşır: "Tarixi ədalət öz yerini tutmağa başlayır. 30 il bundan öncə təsəvvür edə bilməsək də, daxilimizdə bir inam hissi var idi ki, Azərbaycan xalqının qisası alınacaq, xalqımıza qarşı vəhşilik törətmiş insanlar nə vaxtsa cəzasını alacaq. Bu cür bəyanatların yalnız Meşəli sakinləri ilə bağlı olduğunu düşünmürəm. Başqa bölgələrimizdə də insanlar erməni qəddarlığına məruz qalıb, öz dədə-baba yurdundan didərgin düşüblər. Təbii ki, bu proses tədricən davam edəcək və vəhşilik törətmiş insanlar layiqli cəzasını alacaqlar. Əminəm ki, Azərbaycan bu canilərin cəzalanması üçün dünya praktikasında tətbiq olunan cəza sistemlərindən yararlanacaq. Məlumdur ki, bununla bağlı Azərbaycanın hüquq mühafizə orqanlarında geniş bir siyahı var. Zamanla siyahıda olanların hər birinin cəzası veriləcək. Əslində, bu, yalnız Azərbaycan xalqının deyil, ümumilikdə insanlığın zəfəridir. Bu, dünyaya bir mesajdır ki, insanları vəhşicəsinə qətlə yetirmək bəşəriyyətə yaraşmayan hərəkətdir. Dünyanın qabaqcıl insanları da bu prosesdə Azərbaycana dəstək olmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti öz xalqına qarşı hərbi cinayət törətmiş insanların cəzalandırılması baxımından dünyaya bir örnək olacaq".
QHT təmsilçisi deyib ki, Meşəli faciəsini törədənlərdən biri Vaqif Xaçaturyanla bağlı istintaq aparılır. Onun cinayətləri ilə bağlı kifayət qədər dəlil, sübutlar var və araşdırmalar hələ də davam edir: "Xaçaturyan layiq olduğu cəzanı alacaq və beynəlxalq ictimaiyyət də buna şahid olacaq. Əminəm ki, bu proses ictimaiyyətə və mətbuata açıq olacaq. Necə ki bu günə qədər onun həbsi və saxlanması prosesi BQXK-nin və bütün mətbuatın nəzarəti altında həyata keçirilib, eyni şəkildə məhkəmə prosesini də beynəlxalq müşahidəçilər izləyəcək. Hər kəs Azərbaycan məhkəməsinin ədalətli qərarının şahidi olacaq".
çap et