525.Az

Rusiya parçalanarsa... - Anar Qasımov yazır


 

DÜNYA BU PARÇALANMAYA HAZIRDIRMI?

Rusiya parçalanarsa... - <b style="color:red"> Anar Qasımov yazır</b>

Yaranan (yaradılan) hər bir nəsnənin başlanğıcı olduğu kimi, sonu da var. Bu təbiət qanunu dövlətlər üçün də keçərlidir. Hanı böyük Roma imperiyası, bu gün də böyük bir coğrafiyada silinməz mədəniyyət yaratmış Bizans, dünyanı lərzəyə salan Çingiz xanın dövləti, yaxud Avropanı qorxu içində saxlayan Osmanlılar?! Yaxın keçmişə qayıdaq: dünyanın iki super gücündən biri olan SSRİ?! 70 ildən bir az artıq yaşamadımı, uzun tarix səhnəsində bir andaca saman çöpü kimi yanıb sönmədimi?

İndi qayıdaq Rusiyanın parçalanması məsələsinə. Çar Rusiyasının və SSRİ-nin varisi olan bu federativ respublika heç də sələflərindən güclü deyil. Zəngin enerji ehtiyatları və güclü silah sənayesi bu ölkənin yaşamasında heç zaman sığorta ola bilməz. Elə götürək sovetləri. Bu imperiyanı silah gücü ilə yıxmaq olardımı?! Məncə, yox. SSRİ-ni tarix səhnəsinə göndərənlər də bunu bilirdilər və buna görə də bir mərmi belə atmadan onu parçalamaq yolundan getdilər və istəklərinə də çox asanca nail oldular. Dövlət ağlı, uzun illər planlaşdırılmış ssenarilər SSRİ-nin sonunu gətirdi. Yəni Rusiyanı parçalamaq, onu sələfləri kimi tarixin tozlu səhifələrinə göndərmək heç də çətin məsələ deyil, amma burada incə və olduqca mühüm məqamlar var. Açar suallar da elə bunlardır: Əgər Rusiya parçalansa, dünyada hansı geosiyasi nəticələr meydana çıxacaq? Və yaxud Rusiyanın parçalanmasından sonrakı geosiyasi vəziyyət kimin və yaxud kimlərin faydasına olacaq?..

Dünyada bütün siyasi proseslərin, əslində, vahid cərəyan forması var və bu qənaətin ən yaxşı izahı son vaxtlar Türkiyə Müdafiə Sənayesi İdarəsi sədrinə jurnalistin ünvanladığı "Türkiyə Rusiyadan Su-35 qırıcılarını alacaqmı?!" sualına İdarə rəisinin verdiyi cavabda gizlindir. Cavaba diqqət: "Mən bunun cavabını verə bilmərəm. Biz hər hansı bir alış üzərində iş aparırıq, onun bizə gətirəcəyi üstünlükləri və eyni zamanda yarada biləcəyi çətinlikləri - bunların hamısını dəyərləndirib dövlət rəhbərliyinə təqdim edirik və bundan sonra bu alışın mənfəəti və ziyanları götür-qoy edilərək qərar qəbul olunur". Yəni Albert Eynşteynin "Nisbilik nəzəriyyəsi" burada da keçərlidir. Həyatda hər bir şey tamamilə pozitiv və yaxud da tamamilə neqativ nəticələr vermir, hər bir nəsnənin müsbət və mənfi tərəfləri var. Dövlətlər də özlərinə aid məsələlərdə bu tərəfləri tərəzinin gözlərinə qoyub qərar qəbul edirlər. Bütün bu proseslər işığında bu sualın da cavabı aydınlaşır: Rusiya parçalanarmı?! Dünya dövlətləri (güc mərkəzləri) bunu istəyərlərmi və yaxud da buna hazırlarmı?! Rusiya parçalansa, bundan hansı dövlətlər daha çox qazanclı çıxa bilərlər?! Suallar çoxdur, elə cavablandırılmalı məsələlər də.

Rusiya dünyanın ərazicə ən nəhəng ölkəsidir, eyni zamanda çoxmillətli nüfuz sisteminə malik olan bir dövlətdir. Bu o deməkdir ki, Rusiya parçalansa, burada çox dövlət və eyni zamanda çoxmillətli bir quruluş ortaya çıxacaq. Başqa bir nöqteyi-nəzərdən baxaq. Rusiyanı nəzarətdə saxlamaq bu qədər ərazini və çoxmillətli əhalini, eyni zamanda zəngin yeraltı və yerüstü qaynaqları idarə etmək deməkdir. Dünyanın dərin gücləri, bəlkə də, Rusiya üzərindən bu imkanlara malik olmaq üçün sovet imperiyasının sonunu hazırladılar. Çünki bugünkü Rusiyanın əksinə olaraq, SSRİ qapalı bir cəmiyyətə və iqtisadi modelə malik idi. Bu da güc mərkəzlərinin bu ölkəyə nüfuz etməsinə, onun zənginliklərindən faydalanmasına böyük əngəl törədirdi. Bütün bunları nəzərə aldıqda Rusiyanın bütöv şəkildə mövcudluğu dərin güclərin daha çox mənfəətinədir. Sadəcə olaraq Rusiya idarəedilə bilən səviyyədə olsun, Qərb öz maraqlarını bu ölkə üzərində həyata keçirə bilsin. Bəs Rusiya parçalansa necə? O zaman bu parçalanmanın Qərbin deyil, onun qarşısındakı ən böyük güc olan Çinin xeyrinə geosiyasi vəziyyət ortaya çıxaracağı aydındır. Böyük insan nüfuzuna, ucuz işçiliyə, bir milyard yarımlıq bazara malik Çinin bir tək ciddi problemi enerjidə xaricdən asılı olmasıdır. Buna görə də Çin Rusiyanın parçalanması halında, zəngin neft, qaz yataqlı Uzaq Sibiri ələ keçirməyə can atacaq. Onsuz da bu gün həmin ərazilərdə Çin öz təsir gücünü xeyli artırmış vəziyyətdədir. Yəni bütün bunları nəzərə aldıqda bu gün Rusiyanın parçalanması Qərbin maraqlarına heç də uyğun gəlmir, əksinə, bu parçalanma Çin üçün daha böyük imkanların meydana çıxmasına rəvac verə bilər. Dünya diplomatiya tarixinin ən nəhəng simalarından olan Henri Kissincer bu yaxınlarda bir müsahibəsində Rusiyanın Çinin Avropadakı ön cəbhə xətti olmaması, yəni Rusiyanın Çinin təsir dairəsinə düşməməsi üçün bu dövlətə dünya siyasi arenasında bir yer verilməsinin vacibliyini vurğulaması da gəlinən qənaətlərin doğruluğunu təsdiqləyir. Deməli, Qərb Rusiyanın mümkün parçalanma təhlükəsindən, hətta həddindən artıq zəifləməsindən xeyli dərəcədə narahatlıq keçirir və mümkün həll yolları axtarır.

Rusiya ətrafında gedən proseslər Qərb dairələrində geosiyasi nəticələri etibarilə yaxından izlənildiyi kimi, Cənubi Qafqaz xalqlarını, konkret desək, Azərbaycanı həm geosiyasi, həm də sosial-mədəni tərəfləri üzərindən olduqca çox düşündürməlidir və şimal qonşumuzdakı mümkün bu və ya digər vəziyyətin meydana çıxmasının ölkəmizə təsirsiz ötüşməyəcəyini də yəqinliklə bilməliyik. İndi bizim üçün stratejik hesablama Rusiyanın parçalanmasını gözləməyimizdən çox bu ölkədəki türk-islam nüfuzunun güclənməsi üçün çalışmaqdan ibarət olmalıdır. Belə olan halda Rusiya ərazisində məskunlaşmış qohum xalqlarla ölkəmiz arasındakı iqtisadi-mədəni əlaqələri yaratmaq və gücləndirmək istiqamətində addımlar atmaq daha faydalı nəticələr ortaya çıxarmış olar. Türk-islam nüfuzu, əlbəttə, hər ötən il Rusiyada get-gedə artır və güclənir. Bir çox analtiklərin fikrincə, zaman gələcək, Rusiyada türk-islam amili daha da güclənməklə hakim mövqeyə yüksələcək. Bu amil də Rusiyanın gələcəkdə siyasi kimliyinin dəyişməsini şərtləndirmiş olacaq.

Göründüyü kimi, Rusiyanı parçalamaq, onun ərazisində bir neçə dövlətin yaradılmasına yol açmaq böyük güclərin - ABŞ və Qərbin maraqları ilə üst-üsdə düşmür. Buna görə də Qərb və burada kök salmış dərin güclər nəzarət edilə bilən bir Rusiya üçün mübarizə aparacaqlar, onlar Rusiyanın parçalanmasını heç də arzu etmirlər. Rusiya, bir növ, Qrəbin dünyanı idarə etməsində balans rolunu oynayır. Amma bütün bunlara rəğmən, ən başda qeyd etdiyimiz mətləbə bir daha qayıdaraq onun da altından xətt çəkək ki, dünyada planlanmış bütün ssenarilərə baxmayaraq, bir təbiət qanunu da var və bu, özünü mütləq göstərəcək: dövlətlər yarandıqları (doğulduqları), gücləndikləri (böyüdükləri) kimi, tənəzzül dövrünə (qocalıq dövrünə) də mütləq qədəm qoyurlar və nəticədə yox olurlar. Bu qanunla, əlbəttə, Rusiya da tez və yaxud gec qarşılaşacaq və bizim də həmin dövr üçün hazırlıqlı olmağımızda böyük yarar var.

 





04.08.2023    çap et  çap et