525.Az

Təlim zamanı azyaşlıların diqqətini necə cəmləməli?


 

QRUPUN DİQQƏTİNİ ÇƏKMƏK VƏ NİZAMLI ÖYRƏNMƏ MÜHİTİ YARATMAQ ÜÇÜN MÜTƏXƏSSİSLƏR BİR NEÇƏ EFFEKTLİ ÜSUL TƏKLİF EDİRLƏR

Təlim zamanı azyaşlıların diqqətini necə cəmləməli?<b style="color:red"></b>

Təlim zamanı kiçikyaşlı uşaqlarda diqqət yayınmalarının öhdəsindən gəlməkdə və bütün qrupun diqqətini toplayaraq sakitlik yaratmaqda çətinliklə üzləşmək tez-tez baş verən haldır. Ancaq tədricən qrupdakı uşaqları daha çox tanımaqla, həm onların fərdi xüsusiyyətlərinə, həm də ümumi qrupun dinamikasına uyğun olan üsullardan istifadə etməklə bu çətinliklərin öhdəsindən gəlmək mümkündür. Məşğələ zamanı uşaqların diqqətinin yayındığı və qrupda qarışıqlıq yarandığı halda nizamlı öyrənmə mühiti yaratmaq üçün nə etməli?

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin mütəxəssisi Cəmilə Həsənova deyir ki, bəzən qrupun diqqətini yenidən cəmləşdirməyin ən yaxşı yolu danışmağı dayandıraraq susmaqdır. Bunun üçün təxmini 10 saniyəyə qədər gözləmək kifayətdir. Bu müddət ərzində uşaqlara maraqlı gələcək: görəsən, nə baş verir? Görəsən, müəllim niyə dayandı? "Səssizlik" jestlərindən istifadə edilməlidir. Bu jestlər barmağınızı burnunuza, əlinizi başınıza və ya çənənizin altına qoymaq kimi sadə hərəkətlər ola bilər. Asanlıqla təkrar edilən və yadda saxlanılan istənilən jestlərdən istifadə edilməlidir. Uşaqlar yavaş-yavaş etdiyiniz hərəkəti təqlid etməyə başlayacaqlar. Təqlid etməyənlər belə digər uşaqların sizi təqlid etdiyini görüb sakitləşəcək və sizə diqqət etməyə başlayacaqlar. Nəzərə alın ki, yenidən danışmağa başlayanda jestdən istifadə dayandırılmalıdır. Uşaqlar danışdıqları, əyləndikləri zaman "Səssiz olun!" siqnalını görüb narahat ola bilərlər. Çünki heç kim "Sakit olun!" deyilməsini və əyləncənin bölünməsini xoşlamaz. Əgər uşaqlardan sadəcə sakit qalıb müəllimin qaydalarına əməl etmək istənilirsə, bu vəziyyət tezliklə onları bezdirə bilər. Ancaq uşaqlar bu siqnalın əyləncəli bir şeyin başlanğıcı olduğunu düşünsələr, daha çox qoşulacaq və  daha tez dinləməyə başlayacaqlar".

Cəmilə Həsənovanın sözlərinə görə, uşaqlara hərəkət etmələri üçün təlimat vermək onların diqqətini cəmləməkdə başqa bir təsirli üsuldur. Başlanğıc üçün sadə təlimatlardan istifadə edilməlidir. Sonra təlimatları bir az qəlizləşdirlməli və sonda "Xahiş edirəm, əyləşin" təlimatı ilə bitməlidir: "Təlimatları sakit səslə vermək ən effektiv yoldur. Onda müəllimə yaxın olan uşaqlar səsinizi asanlıqla eşidib oynamağa başlayacaqlar. Yavaş-yavaş digərləri də onlara qoşulacaqlar. Beləcə, bütün qrup heç bir qarışıqlıq olmadan və sakit şəkildə dediklərinizi yerinə yetirə biləcək. Diqqətçəkən, səmərəli üsul maraqoyadıcı, cəlbedici olmalı və fiziki aktivlik nümayiş etdirməlidir. Əgər uşaqların etməli olduğu bir hərəkət varsa, bu hərəkət edildiyi zaman kimin dinləyib və ya dinləmədiyini müşahidə edə bilərsiniz, eyni zamanda, uşaqlar da bu yolla bir-birlərinə diqqət edərlər. Beləliklə, onlar müəllimin çağırışlarını eşitməmiş olsalar belə, dinləmək vaxtının gəldiyini başa düşürlər. Müəllim öz yaradıcılığından istifadə edərək qrupuna uyğun daha fərqli və maraqlı üsullardan istifadə edə bilər. Əsas odur ki, müəllim verilmiş cümlənin birinci hissəsini deyərək uşaqları səsləsin (çağırış), sonra isə uşaqlar ikinci hissəni müəllimə cavab olaraq səsləndirsinlər, ya da dediyinizi etsinlər. Təbii ki, bu üsullardan istifadə etmək üçün əvvəlcə uşaqlara bunu öyrətmək lazımdır. Bu üsullar musiqi ritmi əlavə edildikdə daha səmərəli olur. Səsin tonunda dəyişikliklər etmək uşaqların diqqətini daha çox çəkəcək. Müəllim uşaqlarla oyun qurması mütləqdir. Məsələn, müəllim uşaqlara "dondurma" oynunu oynayacağını və 3-ə qədər sayıb bitirdiyində oyuna başlayacaqlarını, buz kimi donub qalmalı olduqlarını deməlidir. Müəllim 3 deyən kimi əlini yumruq şəklində havaya qaldırmalıdır. Uşaqlar hər danışdıqda və ya hərəkət etdikdə onların rahatlıqla görə biləcəyi şəkildə bir barmağını qaldırmalıdır. Yumruğunu tam açana qədər oyuna davam etməlidir. Burada əsas məqsəd uşaqların ən çox nə qədər sakit qala biləcəklərini görməsidir. Müəllim oyunun sonunda onlara nə qədər müddət sakit qala bildiklərini başa düşəcəkləri dildə bildirməlidir. Növbəti gün uşaqlar bu oyunu oynadıqları zaman daha uzun müddət sakit qalmağa çalışacaqlar. Uşaqları təəccübləndirmək lazımdır. Müəllim onların gözləmədiyi bir şeyi etməklə diqqətlərini çəkə bilər. Nə edəcəyi müəllimin şəxsiyyət tipindən, yaradıcılığından və sinfin xüsusiyyətindən asılıdır. Növbəti fəaliyyətlə bağlı uşaqlarda maraq və şübhə yaradaraq da onların diqqətini cəlb etmək olar. Məsələn, əgər öyrədici kartlardan istifadə edilirsə, kartın kiçik bir hissəsini göstərərək, ya da böyük həyəcan və təəccüblə karta baxaraq onlarda maraq yarada bilmək olar. Məşğələ zamanı istifadə edilən materialı qutu və ya çantanın içərisində gizlətməklə də bunu etmək olar. Qutunun içi uşaqlara maraqlı gələcək və tez bir zamanda onun içində nə olduğunu öyrənmək istəyəcəklər".

Mütəxəssis bildirib ki, uşaqlara tanış olan mahnını oxumağa başlamaq onların diqqətini cəlb etmək üçün başqa bir üsuldur. Diqqəti yenidən toplamaq məqsədi ilə istifadə edilən mahnılardan ən effektiv olanı hərəkət bildirən sözlərə malik olandır. Müəllim yaradıcılığından istifadə edərək sinfi üçün yeni bir mahnı yarada bilər: "Mükafat lövhəsi. Bunu çətin qruplarda etmək daha effektiv ola bilər. Bunun üçün 3 fərqli (xoşbəxt, neytral və üzgün) smaylik və uşaqların adlarının yazıldığı müxtəlif rəngli kartlar lazımdır. Oxumağı bacarmayan uşaqlar kartların rəngindən hansının öz adı olduğunu biləcəklər. Məşğələnin əvvəlində davamiyyətin yoxlanılması prosesi kimi uşaqların adlarını çəkib və eyni zamanda onların sakit oturduqlarını, diqqətli olduqlarını sözlərlə və jestlərlə bildirib bir-bir adları olan kartları "xoşbəxt" smaylikin altına yerləşdirmək lazımdır. Məşğələ müddətində kiminsə diqqətinin başqa yerdə olduğunu görəndə və onu fəaliyyətə cəlb etməkdə çətinlik çəkildiyi zaman yavaş-yavaş smayliklərin olduğu lövhəyə yaxınlaşaraq o uşağın adını "neytral" smaylikin altına yerləşdirmək lazımdır. Uşaq dərhal bunu görəcək, ya da yoldaşları görüb ona deyəcəklər. O, buna fikir verərək bir az özünü toplayacaq. Belə olduqda artıq onun adını "üzgün" smaylikə keçirməli olmayacaq. Daha sonra uşağın diqqətli olduğu anı tutmağa çalışın ki, adını yenidən "xoşbəxt" smaylikə keçirmək olar. Bu metod uşaqların özünəhörmətini və özgüvənini zədələyə biləcəyi üçün, xüsusilə, qrupda diqqət problemi olan uşaqlar varsa, çox ehtiyatla istifadə olunmalıdır: "Müəllim prosesin necə olacağını uşaqlara öyrətmədiyi halda hansı texnikadan istifadə etməsindən asılı olmayaraq heç bir uşağın ona diqqət etmədiyini, bunların effektiv olmadığını görə bilər. Bəlkə, bu, bir anlıq uşaqlara maraqlı gələ bilər: görəsən, müəllim nə edir? Ancaq onların diqqətini özünüzdə saxlamaq çətin ki, alınsın. Əgər müəllim "çağırış və cavabdan", "başçılar və işarə edənlərdən", "mükafat lövhəsindən" və sairdən istifadə edirsə, bu prosesin necə olacağını, nə ilə nəticələnəcəyini əvvəlcədən bütün qrupa öyrətdiyinə əmin olmalıdır. Bunu bir oyun təşkil edərək öyrədə bilər. Əvvəlcə uşaqlara nə etmək lazım olduğunu izah edin, daha sonra səs-küylü şəkildə oyun oynamaq, rəqs etmək kimi bir vəziyyət yaradılmalıdır. İzah edilən texnikanı müəllim yaratdığı vəziyyət üzərində tətbiq edərək uşaqlara mümkün qədər tez diqqət yetirməyi məşq etdirməlidir. Texnikaları davamlı və tez-tez istifadə etmək lazımdır. Ola bilsin ki, istifadə etdiyi texnika müəllimin işinə yaradıqdan sonra onu tətbiq etməyi dayandırar. Çünki uşaqlar sakit və daha diqqətli olduqları üçün artıq bunlara ehtiyac olmadığını düşünə bilər. Müəllimin seçdiyi texnikanı məşğələlərdə tez-tez istifadə etmək üçün xüsusi səy göstərməyi çox vacibdir. Uşaqlar növbəti məşğələyə başlamaq və müəllimi dinləmək üçün sakitləşmiş vəziyyətdə olmalıdırlar. Buna görə müəllim onların diqqətini cəlb etmək üçün hansı üsuldan istifadə edirsə, əvvəlcə çox enerji tələb edən hərəkətlərlə başlamalı, daha sonra sakit, yavaş hərəkətlərlə bitirməlidir. Məsələn, uşaqlara təlimat verərkən daha böyük hərəkətlərdən (fırlanmaq, hoppanmaq, qaçmaq) başlayıb daha kiçik hərəkətlərlə (barmağını dodağına qoy, barmaqlarını bir-birinə toxundur, başını ovuşdur və s.) bitirməlidir. Müəllim yüksək səslə danışmağa başlayıbsa, sakit səslə bitirməyə çalışmalıdır. Müəllim qrupdakı bütün uşaqların diqqət etməsini gözləməlidir. Səbirli olmaq və bütün uşaqların  izləməsini gözləmək çox vacibdir. Ancaq ola bilsin ki, qrupda bir-iki uşaq müəllimi dinləməsin. Bu uşaqlar bilirlər ki, müəllim onların qulaq asmasını istəyir. Ancaq bəzi səbəblərə görə müəllimin istədiyini ona verməmək üçün qərarlı ola bilərlər. Bu cür vəziyyətlərdə müəllim diqqətini onu dinləyənlərə, məşğələdə iştirak edənlərə yönəltməlidir. Ancaq eyni zamanda onu dinləməyən, fikri başqa yerdə olan uşaqların təhlükəli bir işlə məşğul olmadığından əmin olmaq lazımdır. Müəllimə qulaq asan uşaqları diqqətli, sakit olduqları üçün mükafatlandırmağı və təqdir etməyi çox vacibdir. Əgər müəllim diqqəti onu dinləməyənlərə yönəltsə, onlarda bu düşüncə yaranacaq: "Müəllimə qulaq asmayaraq, uşaqlara qoşulmayaraq daha çox diqqətə layiq görülürəm". Adətən, məşğələdə diqqətini toplaya bilən və iştirak edən uşaqlar müəllimin təqdiri, onlarda oyatdığı maraq ilə qrupda o qədər həvəslə, fəal iştirak edirlər ki, bunu görən digərləri də (müəllimi dinləməyənlər) tezliklə onlara qoşulurlar. Unutmamaq lazımdır ki, müəllimin qrupdakı hər bir uşağa yaxından bələd olması onları həvəsləndirərək təlimə cəlb etməyinə böyük faydası olacaq".

Sevinc QARAYEVA

 





04.08.2023    çap et  çap et