525.Az

Yolun nə fərqi var ki...


 

BAKININ ERMƏNİLƏRƏ TƏKLİF ETDİYİ AĞDAM-XANKƏNDİ MARŞRUTU QƏBUL EDİLMƏLİDİR

Yolun nə fərqi var ki...<b style="color:red"></b>

Ermənistan "humanitar yardım" şousunu davam etdirir və yeni təxribatlar hazırlayır. Bölgədə yaranmış reallıqları qəbul etmək, sülh üçün əməli addımlar atmaq əvəzinə, İrəvan davamlı təxribatlar törədir, vəziyyətin gərginləşməsi üçün bacardığını edir. Eyni zamanda öz oyunlarına xarici gücləri də ortaq etmək məqsədilə beynəlxalq müstəvidə Azərbaycan əleyhinə kampaniya aparır. Baş nazir Nikol Paşinyan özündən əvvəlki cinayətkar-xunta rejimlərə rəhbərlik edənlərin yolu ilə gedir, gah sülhdən danışır, gah da ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Avqustun 3-də hökumətin iclasında da Paşinyan vəziyyətin gərginləşməsinə hesablanmış açıqlamalar verib. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında isə bir daha vurğulanıb ki, Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsası yoxdur. Ermənistan həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Bakının təklif etdiyi "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməli, erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.

İllərdir Qarabağ ermənilərini girovluqda saxlayan separatçılara dəstək verən İrəvan, indi də eyni ssenari üzrə hərəkət edir. Separatçıların təhriki ilə Xankəndidə "mülki ermənilərin" Laçın postuna doğru yürüşünü təşkil edilməsinə dair xəbərlər də növbəti təxribatın planını göstərir. Məlumata görə, Xankəndində erməniləri Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Məqsəd bəllidir, gərginlik yaratmaq, sülhə mane olmaq, beynəlxalq müstəvidə Azərbaycana qarşı qınaqlara nail olmaqdır. Amma bütün səyləri əbəs yerədir. Çünki Azərbaycan öz suverenliyinə təhdid yaradacaq, qəsd edəcək hər hansı addıma yol verməyəcək. Əgər söhbət həqiqətən də yardımın çatdırılmasından gedirsə, onda yolun nə fərqi?! Məntiqlə, təklif olunan, Ağdam-Xankəndi marşrutunu qəbul etməlidirlər.

Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına son müsahibəsində bu mövzuda Qarabağ ermənilərinə mesajını aydın şəkildə çatdırıb.

Sitat: "Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu saxta liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm".

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı "525"ə şərhində bildirib ki, Ermənistanın hərbi-siyasi təxribatları hazırda davam edir. Xüsusilə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutu üzrə yüklərin daşınması beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildikdən sonra kifayət qədər aqressiv hərəkətləri müşahidə edirik. Onun sözlərinə görə, humanitar yüklərin göndərilməsi ilə bağlı şou yekunlaşmamış, artıq avtobuslar vasitəsilə insanların da buraya gətirilməsi, nümayişlərin keçirilməsi haqqında da ehtimallar mövcuddur: "Hətta mən istisna etmirəm ki, bu aksiyalar zamanı da ermənilər qəsdən hansısa təxribatlar törədə bilər. Məqsəd Azərbaycanı mənfi məcrada təqdim etməkdir. Azərbaycan bütün bu çirkin və məkrli addımlara hazır olmalıdır. Bu gün bizim atdığımız addımlar beynəlxalq hüquqa söykənir. İkincisi, Azərbaycan legitim addımlar atır. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar, Konstitusiyamız, qanunvericilik və yurisdiksiyamız çərçivəsində bütün müvafiq addımlar regionun təhlükəsizliyi, sülhün qorunması və sabitliyin bərqərar olunması yönündədir. Laçın sərhəd-buraxılış məntəqəsinə yürüşlərin planlaşdırılması  yalnız burada ermənilər saxta "blokada",  "etnik təmizləmə" və "soyqırımı" kimi qələmə vermək istədikləri yalanların tərkib hissəsidir. Düşünürəm ki, bunun qarşısını Azərbaycan sərhədçiləri, ordumuz uğurla alacaqdır. Lakin bu mövzuda Ermənistanın çirkin əməllərinə şərik olan Avropa İttifaqının mülki missiyası, ölkədə akkreditasiyadan keçmiş diplomatik korpus nümayəndələrinin də iştirak edəcəyini gözləmək olar ki, təcili şəkildə Azərbaycanın da diplomatik korpusu bu fəaliyyəti izləmək üçün səfərbər olmalıdır. Çünki erməni təbliğatının qurbanına çevrilmək olmaz və Azərbaycan da preventiv tədbirlər həyata keçirərək, bu təxribatın qarşısını almalıdır".

Siyasi təhlilçi Elxan Şahinoğlu isə hesab edir ki, separatçıların lideri Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra "vəzifəsindən" istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistandakı və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona "izah" etdilər ki, indi "istefa" verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək. Üstündən 3 ilə yaxın müddət keçib, Araik Arutunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu mümkün də deyil, halqa onun üçün daralmaqdadır. Araik Arutunyan qaçmaq istəsə, Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər.

Ekspertə görə, Araik Arutunyanın Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi son "güllələridir". Ermənistandan əli üzülən Arutunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır.

 

 





07.08.2023    çap et  çap et