525.Az

İşıq - Təranə Arifqızı yazır


 

İşıq - <b style="color:red"> Təranə Arifqızı yazır</b>

Bilirsinizmi, işığı çəkisindən qat-qat artıq nə qədər insan var bu dünyada?

Həyatın dəyişməz möcüzələrindən biridir işıq. Gecəni gündüzdən, ağı qaradan, pisi yaxşıdan ayırd edən, təbiətin yaranış sindromu. Olmasaydı, yəqin ki, həyat da olmazdı. Bir-birimizin gözündəki işığı görməzdik.

İnsanların səbirsizliklə gözlədiyi, görmək istədiyi günəş işığı olub həmişə... Çünki o, təbiidir, heç bir insan əməli o işığı söndürə bilməz. Əgər özü sönməsə... Hər qaranlıq gecənin mütləq ki, işıqlı gündüzü var. Günəş doğacaqsa, doğacaq. Yer üzü dağılsa belə, o, öz işığını əsirgəməyəcək. Toyun-yasın, sevincin-kədərin, qurulan-dağılan dünyanın üzünə doğur hər gün.

Günəş insandan çox-çox əvvəl dünyaya gəlib. Maraqlıdır ki, günəş böyük molekulyar buludun çökməsi nəticəsində, dörd tam onda altı milyard il əvvəl yaranıb və diametri Yerdən yüz doqquz dəfə böyükdür. Bizə ən yaxın ulduzdur. Bəli, maraqlı və möcüzə dolu təbiətin parçasıyıq biz insanlar. Günəşin işığından,  istisindən yaranmışıq yoxsa? Bəlkə də...

Bu yaxınlarda sosial şəbəkələrdə paylaşılan, cəmiyyət arasında narazılıqla qarşılanan status yadıma düşdü. Birinci sinifə imtahan verən altı yaşlı uşağa test tapşırığı olaraq belə bir sual ünvanlanmışdı: "İnsanlar işıq saçsaydılar, nə baş verərdi?" Jurnalist həmkarımız Vüsal Məmmədov uşağın valideyni kimi haqlı olaraq narazılığını bildirdi. Sözün düzü, paylaşımı oxuyan andan o suala cavabım hazırdı. Amma verilən ünvan düzgün deyildi. Həm yaş, həm də düşüncə sarıdan sözsüz ki, uşaq o sual qarşısında çaşıb qalacaqdı. Yazımın mövzusu bu olmadığı üçün qoy məsuliyyəti birinci sinif üçün test sualları hazırlayanlar daşısın. Sualın sətiraltı, məntiqi mənası məni düşündürdü...

İnsanlar işıq saçsaydılar... Məgər bizim ətrafımızda, bizdən uzaqlarda, dünyanın hər yerində ətrafını işıqla dolduran, pozitiv enerji mənbəyi olan insanlar azdırmı? Belələri olmasaydı, həyatımız günəşsiz, gecə qaranlığı kimi sıxıcı olmazdımı? Alim tanıyıram, ömrü boyu işıqlı əməlləri ilə insanları yaxşılığa, həyatı, insanı, insanlığı sevməyə çağırdı. Öləndə, dünyadan işıqlı bir insan köçdü dedilər. İnsanlıqla elmin ziyası üst-üstə düşəndə onun ətrafına bəxş etdiyi müsbət enerji daha gözəl olur. Nəticədə, o, hamı tərəfindən sevilir və insanlara əsl sevgini tanımağı, sevməyi öyrədir.

İşıqlı insanlar Tanrı tərəfindən seçilmişlərdi. Nə ona bir xətər gəlməsini istəyirsən, nə də ki, ölümü ona yaraşdıra bilirsən. Hər sözü, hər fikri ilə insanı motivasiya edə bilənlər tanıyıram. Mən Naxçıvan radiosunda ədəbi yönümlü verilişlərin ünvanındayam. Hər istirahət günü axşam saat səkkizdə "Poeziya çələngi" efirə gedəndən sonra bir dinləyicim veriliş haqqında fikirlərini bölüşür. Gözləri dünya, günəş işığına həsrət qalsa da, könül gözü ilə həyata tutunan, qəlbinin işığı ilə onu tanıyanları nura qərq edən bir insan. Ən önəmlisi sənətə, ədəbiyyata qiymət verən, dinləyib mənəviyyatını zənginləşdirən və öz qazandıqlarını, işıqlı fikirlərini hamı ilə bölüşüb, "paylaşmaq gözəldir" fikrinin qiymətini verən biridir Cəmşid müəllim.

Bir otaq yoldaşım var. Təbəssümü  işıq saçır insanın içinə. Başqa birinin ürək saflığının işığında yaxşı əməllərə şahidlik edirik.

Son illərdə tanıdığım işıqlı insanlardan biri iş yoldaşım olub. İndi də könül dostumdur. Otaqda sol tərəfimdə oturduğu üçünmü, ya nədənsə, sanki ürəyimin ondan güc aldığını hiss edirdim həmişə. Ən ağır zamanlarımda, işıqlı göz yaşları ilə dayaq olub.  Ən yaxşı mətnlərimin yazılmasına işıq olub. Mənə sanki Tanrıdan hədiyyə olub, şəfa olub. Siz bilirsinizmi, işığı çəkisindən artıq olan insanlar var bu dünyada? Tükənməz enerji dediyimiz həyat mənbəyidir bu tanıdığımız və tanımadığımız adamlar. Ətrafımızda işıq insanlar çoxdu. Əksəriyyətinin varlığını öləndən sonra daha çox hiss edirik. Çünki hər zaman ondan aldığımız müsbət enerjini almayanda onun yeri daha çox görünür.

İşıqlı insanların adları da sanki onların daxilindəki nura, mərhəmətə təmizliyə işarədir. Bəzən deyirlər, mükəmməl insan yoxdur, mükəmməlliyini hiss etdirən insanlar var. Özünü çox cəhətdən mükəmməl biri edə bilərsən. Amma günəşdən aldığın enerji, işıq, torpaqdan aldığın güc yaradılışdan səninlə birgə doğulmalıdır. Hər kəs içindəki işıqla doğulur. Günəş parlaqdı, amma içində milyonlarla rəng var. Hər insana öz rəngini, daşıya biləcəyi işıq yükü verib Tanrı. Bəzən özümüzdən asılı olmasa da, çalışın, ətrafınızda işıqlı insanlar çox olsun.

Yaşadığımız zaman insanın yaratdığı süni kəşflərin zamanıdır. Təbiiliyi öldürən süni kəşflər. Bu başqa bir mövzudur...

 

 





07.08.2023    çap et  çap et