525.Az

Sənət adam - Günel Mehri yazır


 

Sənət adam - <b style="color:red"> Günel Mehri yazır</b>

"- Gedim, çay gətirim...

- Gətir də. Səhərdən yüz dəfə "preduprejdat" eləmisən".

- Bu, hansı tamaşadan idi?

- Əli Əmirlinin "Bala, başa bəla" tamaşasından İzzət Nəfislinin yoldaşına dediyi replika...

Məkan - Fəxri xiyaban. Heykəllərin arasındayam. Sağım-solum heykəlləşən ömürlərdir, daha doğrusu, Azərbaycan xalqının fəxri olan şəxsiyyətlər. Bəziləri vaxtilə müsahibim olub, bəziləri isə araşdırdığım mövzuların baş qəhrəmanı. Qəribədir, onların arasında dolandıqca pıçıltılarını eşidirəm, real həyatda izlədiyim üz ifadələrini görürəm, əsərlərindən fraqmentləri xatırlayıram.

Bugünkü müsahibim də sənət çəkisi, yaradıcılıq sanbalı ilə bu heykəllərdən fərqlənmir. Xalq artisti, tanınmış teatr və kino aktyoru, rejissor, pedaqoq Cahangir Novruzovu deyirəm.

Yaxşı xatirimdədir, onunla ilk görüşümüz illər öncə evində baş tutmuşdu:

- Cahangir müəllim, "Sələflər və xələflər" layihəsinin müəllifiyəm. Sizi də bu layihədə görmək istərdik.

- Buyurun, gəlin.

Bura qızının evidir. İllər öncə məskunlaşdığı Türkiyədən hər səfər Bakıya gələndə burada yerləşir. Qonaq otağının bir neçə yerindən rəhmətlik aktrisamız Nəsibə Zeynalovanın təbəssümlü fotoları boylanır. Cahangir müəllim fotolara diqqət kəsildiyimi görüb gülümsünür:

- Qızım Nəsibə son illər məndən çox olurdu nənəsinin yanında...

- Cahangir müəllim, sizcə, yaxşı övlad olmaq çətindir, ya yaxşı valideyn?

- Hmm. Əslində ikisi də böyük məsuliyyətdir. Amma adlı-sanlı nəslin xələfi olmaq daha çətindir... Çalışmalısan, həm onlara layiq olasan, həm də özünü doğrulda biləsən. Bir də ki, Nəsibə xanım gülüş ustası olsa da, xaraktercə zəhmli və tələbkar qadın idi axı.

Oturub fikirləşirəm, Cahangir Novruzovun nə maraqlı taleyi var. Hər mərhələsi sənət qoxulu... Uşaqlıqdan hamının efirdən tanıdığı sənətkarların çevrəsi, şeir, sənət, musiqi aləmi. Atası kamança ifaçısı Mütəllim Novruov, anası xalqın sevimlisi Nəsibə Zeynalova... Hələ üzünü görmədiyi, amma adını daşıdığı babası Cahangir Zeynalovu demirəm. Yadıma gəlir, illər öncə verilişə müsahibə verəndə danışmışdı ki, Azərbaycan professional teatrının yaradıcısı və realist teatr məktəbinin banisi olub babası. Dövrünün varlı-hallı insanlarından olan Cahangir Zeynalov xeyriyyəçiliklə məşğul imiş. Çoxotaqlı mülkünün böyük zalında teatr səhnəsi qurubmuş. Deyilənə görə, məşqləri qəsdən nahar vaxtına salırmış ki, kasıb aktyorlar onun evində doyunca yesinlər. Üstəlik, Azərbaycan teatr tarixində ilk dəfə həmin aktyorlara öz cibinin pulu ilə məvacib verərmiş. Babası haqda bu faktları isə Cahangir Novruzova həmin hadisələrin şahidi olan Məhəmməd Əlili danışırmış... Deməyim o ki, belə bir ailədə görüb-götürən Cahangir Novruzov başqa cür ola bilməzdi. Özü də mən bu məqamda nə yaradıcılığı, nə qazanılan nailiyyətləri qəsd edirəm. Söhbət şəxsiyyətin bütövlüyündən gedir. Məsuliyyətli, sözünə sadiq və ciddi xarakterli şəxsiyyətdir Cahangir müəllim.

Bir epizodu xatırladım. Aylar öncə onunla votsap üzərindən yazışmamız olmuşdu:

- Cahangir müəllim, sizi İTV-dən Günel Mehri narahat edir. Siz Bakıda olanda üzbəüz görüşüb çəkiliş aparmaq istəyirəm.

- Mehri, Bakıda olan kimi bir günü sizə ayıracam. Arxayın olun.

Həmin yazışmanın üstündən aylar keçir. Cahangir müəllim mənə mövzu ilə bağlı lazım olan foto materialları göndərir. Üstəlik, özü məni axtarıb, Bakıya gələcəyi və çəkiliş üçün ayıracağı günü öncədən yazıb bildirir. Bax belə...

Hə, Cahangir müəllim də gəlib çıxdı axı. Tez müsahibimi qarşılayıram:

- Xoş gördük sizi Vətəndə.

- Xoş günləriniz olsun. Məkanı çox dəqiq seçmisiz a.

- Sizin kimi rejissordan bunu eşitmək nə gözəl. Çalışdım ki, həm rahat, həm də səmimi bir ortam olsun.

- Hə... Mənim üçün Fəxri xiyabanın yeri başqadır. Burda gəzişməyi sevirəm. Sizə çox az adamın bildiyi bir faktı danışım. Babam Cahangir Zeynalovun da nəşi haradasa, buralardadır. Anam danışırdı ki, o vaxt babam tif xəstəliyinə tutulur və tez bir zamanda dünyasını dəyişir. Onda anamın iki yaşı varmış. Babamı indiki Şəhidlər xiyabanının yerində olan şəhər qəbiristanlığında dəfn edirlər. Sonra qərar çıxır ki, bu qəbiristanlıq ləğv edilsin və orada Kirov parkı salınsın. Anamın 9 yaşı olanda onlar molla çağırıb qayda-qanunla babamın nəşinin qalıqlarını indiki Fəxri xiyabanın yerində olan şəhər qəbiristanlığında basdırırlar. İllər sonra yeni qərar çıxır ki, bəs bu yerdə Fəxri xiyaban salınacaq və kim istəyir, öz yaxınlarının nəşini götürüb başqa qəbiristanlığa aparsın. Bu dəfə anamla nənəm gəlib babamın məzarını axtaranda o qarışıqlıqda məzarın yerinin itdiyini görürlər və beləliklə, bir təsadüf nəticəsində babam Cahangir Zeynalovun nəşi yeri naməlum olsa da, Fəxri xiyabanda qalır... Mən bilirəm ki, Nəsibə xanımın arzusu vardı, Cahangir Zeynalovun qəbri bəlli olmasa da, heç olmazsa, abidəsi bu məkanda ucaldılsın... Yəni bu məkan mənim üçün əzizdir. Həm anama, həm babama görə, həm də bu gördüyünüz şəxsiyyətlərin əksəriyyəti ilə bir vaxtlar yaxın ünsiyyətim olub.

Bunu deyir və bəstəkar Fikrət Əmirovun büstü ilə qabaq-qənşər dayanır. Hətta bir anlıq salamlamağı da unutmur:

- Salam, Fikrət əmi. Mehri, bu böyük insan qonşumuz idi. Yadıma gəlir ki, yay vaxtı həyətə çıxanda onun açıq pəncərəsindən ətrafa yayılan melodiyaları, İlhamə Quliyeva ilə birgə məşq etdiyi ifalarını eşidirdim. Bir qədər sonra həmin nəğmələr dövrünün sevilən mahnılarına çevriləndə düşünürdüm ki, onların yaranma tarixçəsinin ilk şahidlərindən biri olmuşam. Fikrət müəllim ədəb-ərkanlı insan idi. Harda görsə, salamlaşırdı. Övladları da özünə bənzəmişdi. Təəssüf ki, o boyda böyük sənətkarları üzbəüz qoyurdular. Qara Qarayevlə Fikrət Əmirovu deyirəm. İkisi də nəhəng sənətkar idi. Amma aravuranlar olmayan söz-söhbəti yaya-yaya onları bir-birindən uzaqlaşdırmışdılar... Özü də tək onları yox, elə əksəriyyətini.

Gəzə-gəzə Arif Məlikovun qəbirüstü abidəsinin qarşısında dayanırıq. Əli ilə ona işarə edir:

- Hə, bax bu rəhmətliyin o qədər kaprizli məqamlarının şahidi olmuşam ki. Həmişə də demişəm ki, əsas böyük sənətkardır. Hələ Emin Sabitoğlunu demirəm... Bir tamaşaya mahnı yazdırmaq üçün aylarla gözləməli olurdum. Ən son anda yetişdirirdi bəstəni. Amma bilirdim ki, gözlətsə də, yubatsa da, ortaya dəyərli iş çıxaracaq. Hələ mənim xətrimi istəyirdi a. Deyirdi, atamın əsərlərini sənin kimi başa düşən, layiqli quruluş verən olmayıb. Şəki teatrında çalışanda Sabit Rəhmanın bir neçə əsərini səhnələşdirmişdim axı.

- O bəstəkarlar pleyadası təəssüf ki, sonlandı... Elə kinoda da eyni durum.

- Əslində başqaları da vardı. Sadəcə böyük fiqurların kölgəsində qalıb çox tanınmadılar.

- Məsələn?

- Məsələn, bəstəkar Fərhəng Hüseynov. Qara Qarayevin şəxsən qiymətləndirdiyi istedad idi. Həm peşəkar skripkaçı, həm bəstəkar idi. Təsəvvür edin ki, 1991-ci ildə Yaponiyada YUNESKO-nun təşəbbüsü ilə "İpək yolu" beynəlxalq musiqi müsabiqəsi keçirilir. Müsabiqəyə yüzlərlə əsər göndərilir. Və Fərhəng Hüseynovun 5 hissədən ibarət olan "Zaman üzrə səyahət" əsəri mükafata layiq görülür. Diplomu təqdim edən təşkilatçılar söyləyirlər ki, Yaponiya Azərbaycanı ilk dəfə sizin simanızda tanıdı... Bax belə istedadları olub bu məmləkətin. Və mən şanslı insanam ki, bir çoxu ilə bir məhəllədə yaşamışam, bir çoxu ilə çiyin-çiyinə çalışmışam...

- Kənardan baxanda Vətən necə görünür?

- Mehri, Vətən elə kənarda olanda duyulur da. Onda daha yaxşı hiss edirsən ona sevgini, ağı qaradan ayıra bilirsən. Bax mən uzun zamandır Türkiyədə yaşayıram. Adanada Çuxurova Universiteti Dövlət Konservatoriyasının teatr aktyorluğu fakültəsində pedaqoji fəaliyyətlə məşğulam. Rusiya teatr məktəbindən öyrəndiyim klassik ənənələr əsasında nə qədər tələbələr yetişdirmişəm. O tələbələrin bəziləri indi bizim kafedrada dərs deyir, bəziləri üzdə olan simalara çevrilib. Yəni işlər çoxdur, bəhrəsini də görürəm. Amma bir məqam var ki, mən teatra dövlət səviyyəsində qoyulan hörməti, verilən dəyəri orada görmədim. Orada məmurların teatra marağı yoxdur. Bizdə isə hələ anamın sağlığında ölkə rəhbəri teatra gəlirdi, tamaşaları izləyirdi, analiz edirdi, rəy bildirirdi. Mən orada yaşayanda, uzaqlaşanda bu fərqi anladım. Bax adi bir epizod danışım da sizə. O vaxt anamın baş rolu canlandırdığı "Qayınana" tamaşası bəlkə də teatr tarixində ən çox oynanılan tamaşa idi. Və bir gün səs-sədası ölkə rəhbəri Heydər Əliyevə də çatır. Deyirlər ki, Nəsibə xanım əzazil qayınana obrazını parlaq şəkildə təqdim edir. Heydər Əliyev anamın xətrini çox istəyirdi. Doğum günündə zəng edib təbrikləşirdi və hər il anamın yaşı qədər çiçəklər göndərirdi evimizə. Sözümün canı odur ki, Heydər Əliyev gəlir tamaşaya və necə bəyənirsə, deyir ki, bu ki hazır filmdir, götürün, çəkin, tarixdə qalsın bu obraz. Filmi çəkirlər. Amma filmdəki qayınana başına gətirilən oyunlara görə əzazil yox, məzlum görünür. Heydər Əliyev filmə baxanda bu məqamı vurğulayır: "Tamaşada qayınanaya baxıb gülürdük, filmdə isə ona adamın yazığı gəlir. Kaş elə tamaşadakı kimi obrazın əzazilliyini rejissor saxlayaydı". Yəni ölkə rəhbərinin bu diqqəti, qayğısı sənət adamlarında stimul yaradırdı. Allah hamısına rəhmət eləsin.

...Gəlib çatırıq Nəsibə xanımın məzarüstü abidəsinə. Əlindəki gülləri düzməzdən öncə heykəllə sözsüz dialoqa "girir". Mənə o dialoq maraqlı olsa da, kadr arxasında qalıram. Sonra əliylə heykəlin önünü kəsən budağı dartışdırır:

- Bu lap heykəlin üstünü tutub ki...

Səhərdən ürəyimdə gəzdirdiyim ən son sualı ünvanlayıram:

- Heç darıxmırsınız ki?

- Çox darıxıram. Darıxmamaq mümkündürmü? Hara getsək, köklər bura bağlı. Mənim ölkədən getməyimin səbəbi o zamanın iqtisadi çətinlikləri ilə bağlıydı. Keçid dövrü idi və Nəsibə xanım xəstə yatırdı. Ona maliyyə dəstəyi lazım  idi. Mən heç kimə ağız açmadan gedib alnımın təri ilə, istedadım və bacarığımla pulumu qazanmışam və anamı 10 il yaşada bilmişəm. İndi də deyəndə getmək istəyirəm, oradakı dost-tanışlar inciyir ki, bura da sənin Vətənin. Biz bir millət, iki dövlətik!..

...Vidalaşırıq. O uzaqlaşdıqca yadıma Ceyms Kuperin "sonuncu mogikan" ifadəsi düşür. Bayaq onunla başladığım dialoqu ürəyimdə davam etdirirəm:

- Tanrı sizi qorusun, teatr adam, sənət adam. Bizim səhnə sizin kimi sənətkarı itirsə də, hər nailiyyətiniz baş ucalığımızdır. Və ata nəsihətinə görə də ayrıca təşəkkür: "Qızım, bu həyatda kimsəyə görə cizgini pozma!.."

P.S. Saata baxıram - gecənin günortasıdır. Haradasa itlər hürüşür, məncə, tənhalıqlarını bölüşmək üçün. Onlar səs-səsə verdikcə mən gecənin bu vədəsi havanı dinləyən insanların daha tənha olduqlarını anlayıram. Və düşünürəm: yəqin o insanlar elə cizgilərini pozmadıqları üçün bu qədər tənhadırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





07.08.2023    çap et  çap et