525.Az

Qlobal çağırışlara uyğunlaşmada Azərbaycan modeli


 

ÖLKƏDƏ RƏQƏMSAL İQTİSADİYYATIN VƏ YENİ TEXNOLOGİYALARIN İNKİŞAFI ÜÇÜN ƏLVERİŞLİ İNFRASTRUKTUR FORMALAŞDIRILIR

Qlobal çağırışlara uyğunlaşmada Azərbaycan modeli<b style="color:red"></b>

Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin diferensiallaşmasını əhatə və ehtiva edir. Bu, süni intellekt, robototexnika, əşyaların interneti, 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyaların gündəlik həyatımıza və sənayeyə inteqrasiyası şəklində özünü büruzə verir. Azərbaycan qlobal çağırışlara, eləcə də ən yeni tendensiyalara adekvat cavab verən və post-pandemiya dövründə yeni inkişaf trendlərinin tətbiqində maraqlı olan ölkədir. Bu baxımdan ölkədə rəqəmsal iqtisadiyyatın və yeni texnologiyaların inkişafı üçün əlverişli infrastrukturun, o cümlədən, Dördüncü Sənaye İnqilabının standartlarına uyğun şəraitin formalaşdırılması istiqamətində bir sıra işlər görülür.

Azərbaycan Respublikası Təhsil İnstututunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin əməkdaşı Səbinə Balayevanın dediyinə görə, artan texnoloji yeniliklər, əmək bazarının tələbləri yüksək kompetensiyalı şəxslərin formalaşdırılması zərurətini meydana çıxarır. Bu istiqamətdə ümumtəhsil məktəblərinin qarşısında duran prioritet məsələ şagirdlərin həyata hazırlanmasıdır. Bunun üçün elm, texnika, texnologiya və istehsalatın inkişaf səviyyəsi və ümumtəhsil məktəblərində öyrədilən fənlərin tədris səviyyəsi bir-biri ilə vəhdət təşkil etməlidir. Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq istehsalın bütün sahələrinə, eləcə də təhsil sahələrinə yeni-yeni texnologiyalar tətbiq olunur ki, bunların da hər biri təhsil səviyyəsinin yüksəldilməsinə xidmət edir. Buna görə də XXI əsr bacarıqlarının necə əhəmiyyətli olduğu məsələsi aktuallaşır: "Qeyd olunan önəmli bacarıqlar şagirdlərin gələcəkdə uğurlu karyera qurmasına zəmin yaradacaq. Burada müəllimin şagirdlərin öyrənmə ehtiyaclarına uyğun şəkildə təlim prosesini təşkil etməsi məqsədəuyğun hesab edilə bilər".

O bildirib ki, dərsin məqsədinə çatmaq üçün səmərəli təlim metodlarının seçilməsi uzun müddət müzakirə və araşdırma mövzusu olub. Mövzu ilə bağlı bir sıra araşdırmalar mövcuddur. Bu araşdırmalardan biri məşhur Amerika pedaqoqu və Oqayo Universitetinin professoru Edqar Deylin seçilən fəaliyyətlər əsasında əldə olunan bacarıqlarla qavramanın faiz göstəricisi əks olunan "təlim piramidası"dır: "1946-cı ildə tədqiqat nəticəsində Edqar Deyl "Təlimin audiovizual metodu" adlı kitabını nəşr etdirir və bu kitabında qavramanın üsullarını, materialın yadda saxlanılmasının faiz nisbətini təqdim edir. Tədqiqat zamanı eyni bilik şagirdlərə müxtəlif formalarda təqdim edilir və qavrama səviyyəsi təhlil edilir. Təlim konusuna baxanda bir çox sualların cavablarını tapmaq mümkündür. Cədvələ diqqətlə baxdıqda görünür ki, insanın qavrama və yadda saxlaması yüksək olduqda mücərrəd təfəkkürü daha da yüksək olur. Lakin bu o demək deyil ki, mücərrəd təfəkkürü aşağı olan insanlar heç bir bacarığa malik olmurlar. Sadəcə, həyati bacarıqların yüksəlməsi üçün qavrama və yadda saxlamanı yüksəltmək, beləliklə də, təfəkkürün digər növlərini -  məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək lazımdır. Uzunmüddətli araşdırmada göstərilir ki, şagirdlər informasiyanı oxumaq və dinləməklə materialın 10 faizini qavrayırlar və onlarda sadalamaq, təsvir etmək, izah etmək kimi bacarıqlar formalaşır ki, bu da aşağı təfəkkür səviyyəsinin bacarıqlarından bir neçəsidir. Oxumaq və dinləməklə yanaşı, şagirdlərin öyrənəcəyi materiala vizual materiallar əlavə olunarsa, qavramanın faizi 20 faiz təşkil edəcək. Bununla yanaşı, şagird oxuma, dinləmə, görmə və eşitmə fəaliyyətlərini eyni zamanda icra edərsə, bu zaman qavrama 30 faiz təşkil edəcək. Əgər şagirdlər hər hansı bir informasiyanı izləməklə qəbul edirlərsə, bu zaman qavrama 50 faiz təşkil edəcək. Sadaladığımız bu bacarıqlar hər biri aşağı təfəkkür səviyyəsini əhatə edir. Şagirdlərdə təhliletmə, dəyərləndirmə və yaratma kimi bacarıqların formalaşması üçün onları hər hansı müzakirələrə cəlb etmək, özlərini ifadə edə bilmələri üçün hər hansı araşdırma aparmağa və onu təqdim etməyə imkan yaratmaq lazımdır. Bu zaman onlarda qavrama faizi 70 faiz şəklində özünü göstərəcək. Şagirdlər hər hansı mövzunu digər şagirdə öyrədirlərsə, bu halda qavrama faizi 90 faiz təşkil edəcək ki, bu da onlarda ən yüksək qavrama faizi göstəricisidir. Bu araşdırmaya əsaslanaraq pedaqoqlar sadalanan bacarıqları özündə ehtiva edən təlim metodları təklif və tətbiq etməyə başladılar. Deməli, biz şagirdlərimizdə bir sıra yuxarı təfəkkür səviyyəsinin bacarıqlarını müşahidə etmək istəyiriksə, onları müxtəlif mövzularda araşdırma, layihə, təqdimatlar hazırlama, müzakirə və debatlar kimi fəaliyyətlərə cəlb etməliyik".

Səbinə Balayevanın sözlərinə əsasən, tədris prosesində 2 əsas yanaşma var: müəllimyönümlü və şagirdyönümlü təlim metodu. Müəllimyönümlü yanaşmada müəllim şagirdə informasiyanı hazır şəkildə ötürür, dərs daha çox məruzə şəklində, təlimatların verilməsi yolu ilə keçirilir. Müəllimyönümlü yanaşmada şagirdlərin nəyi nə qədər və necə öyrənəcəkləri müəllim tərəfindən müəyyənləşdirilir. Belə dərslərdə şagirdin hər addımı müəllimin müəyyənləşdirdiyi şəkildə olur. Bir sözlə, şagirdlər müəllimin verdiyi informasiya ilə sərhədlənirlər. Müəllim mövzunu özünün dərk etdiyi şəkildə şagirdlərə çatdırır və onlara araşdırma inkanı yaratmır. Müəllim informasiyanı hazır şəkildə ötürən əsas bilik mənbəyi, şagirdlər passiv şəkildə informasiyanı qəbul edən tərəfdir. Qiymətləndirmə yekunlaşdırıcı xarakter daşıyır, yəni təlim nailiyyətlərinin ölçülməsinə yönəlmişdir. Müəllimyönümlü dərsdə, adətən, şagirdlər dinləyən tərəf olduğu üçün müəllimin izahı bitməyənə qədər informasiyanı müzakirə etmir, sual vermirlər. Bu zaman tam sakitlik olsa da, qarşılıqlı öyrənmə şəraitinin yaradılmaması şagirdlərin əməkdaşlıq bacarıqlarının formalaşmaması, ünsiyyət bacarıqlarından istifadə etməmələri ilə nəticələnir. Bu model şagirdlərdə özlərini ifadə etmək, müzakirə aparmaq, müstəqil öyrənmə bacarığını formalaşdırmağa şərait yaratmır: "Şagirdyönümlü yanaşmada isə fərqlidir, şagirdlər passiv dinləyici deyillər, onlar təlim prosesində fəaldırlar. Bu zaman "şagird fəaldır" dedikdə şagirdin dərsdə yalnız fiziki və ya emosional fəallığı yox, eyni zamanda, idraki fəallığı nəzərdə tutulur. Bu modeldə müəllimin əsas rolu materialın anlaşılması üçün şagirdi yönəltməkdən, ona yaxından kömək etməkdən, bir sözlə, şagirdə materialı hazır şəkildə verməkdən yox, öyrənməyin yollarını öyrətməkdən ibarətdir. Şagirdyönümlü təlim şagirdlərin təfəkkürünün, həyati və bir sıra sosial bacarıqlarının formalaşmasına, özlərini daha düzgün şəkildə ifadə etmələrinə də şərait yaradır. Şagirdin qarşısına informasiyanı araşdırma, təhliletmə, arqument gətirmə, konflikt həlletmə, vaxtın səmərəli idarə olunması, fikrini əsaslandırma kimi mühüm fəaliyyətlərin icrası çıxır ki, bunlar da öz növbəsində onlarda müəyyən bacarıq və vərdişlərin formalaşmasına xidmət edir. Şagirdlər əldə etdikləri bilikləri tətbiq edərək inkişaf etdirir və bu da bacarığa çevrilir. Bu yanaşmada əsas məqsəd idraki fəallıq və təfəkkürün inkişafına yönəlik olmasıdır. Buna görə də müstəqil öyrənmə bacarıqlarının şagirdlərdə formalaşmasına şərait yaradılmalıdır. Əslində, hər iki yanaşmanın özünəməxsus üstün cəhətləri olsa da, müəllim təlim prosesində bu yanaşmalardan məqsədli şəkildə istifadə etməli, hətta lazım gələrsə, sintez etməyi bacarmalıdır. Bu prosesdə də fasilitasiyanın rolu mühüm əhəmiyyətə malikdir. Bilirik ki, fasilitator təlim prosesini idarə edən şəxsdir. Fasilitator qərar vermir, lakin səmərəli qərar verməyə, təhlil və qiymətləndirmə aprarmağa istiqamət göstərir. Fasilitasiya düzgün şəkildə təşkil olunarsa, uğurlu nəticə əldə etmək mümkündür. Müəllimin bu prosesdəki əsas rolu şagirdə dəstək göstərməsi, onu düşünməyə, idraki fəallığa yönəltməkdən ibarətdir ki,  bu zaman müəllim materialı hazır şəkildə təqdim etməməli, əksinə, şagirdlərə öyrənmənin yollarını öyrətməlidir. Bu fəaliyyətlərin tətbiqi zamanı şagirdlərdə yüksək təfəkkür bacarıqlarını formalaşdırmaq üçün ən səmərəli metod şagirdyönümlü təlim metodudur".

Bəs hansı modellər vasitəsilə bu bacarıqları təlim prosesində reallaşdırmaq olar? Səbinə Balayevanın söylədiyinə görə, şagirdyönümlü təlim öyrənənlərin yeni bilik və bacarıqlara yiyələnməsindən ibarətdir. Bu məqsədlə müəllimlər təlim iştirakçılarına müxtəlif təlim metodları və üslubları haqqında təlimat verməklə onları ən uyğun strategiyanı seçməyə yönəltməlidirlər. Bu prosesi təlim prosesində uğurla tətbiq edən müəllim şagirdlərdə yalnız bilik formalaşdırmır, eyni zamanda, onların potensial və qabiliyyətlərinə uyğun bacarıqlar formalaşdırır ki, bu da şagirdlərin həm peşə seçimini asanlaşdırır, həm də bir çox həyati bacarıqlara yiyələnmələrinə şərait yaradır. Hazırkı dövrdə şagirdyönümlü təlim bir sıra modellər şəklində özünü büruzə verir: "Layihəəsaslı öyrənmə - şagirdlərin müəyyən vaxt ərzində araşdırma aparmaqla, daha çətin sual va problemə cavab axtarmaqla bilik və bacarıq əldə etdiyi təlim modelidir. Bu model şagirdlərin real həyat problemləri ilə öyrənmə prosesinə aktiv cəlb olunmasını təmin etməklə onlarda idraki inkişafa şərait yaradır.

Layihəəsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlarından istifadə etməklə yanaşı, proses boyu yeni bilik və bacarıqlar qazanırlar. Bu model şagirdlərdə XXI əsr bacarıqlarını - tənqidi təfəkkür, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət bacarıqları və sair formalaşdırır.

Probleməsaslı öyrənmə şagirdlərin real problemlər zamanı konsepsiya və prinsipləri dərk edərək həll üçün nəticə əldə etməsindən ibarətdir. Probleməsaslı öyrənmədə faktlar və informasiyanın təkcə təqdimatı aparılmır, onlarda tənqidi, yaradıcı təfəkkür, ünsiyyət və əməkdaşlıq bacarıqları ilə yanaşı, müstəqil öyrənmə, problem həlletmə bacarıqları da formalaşır. Bu təlim metodu bütün fənlərdə və istənilən öyrənmə situasiyasında istifadə edilə bilər. Burada problemin müəyyən edilməsi müəllimdən yaradıcı yanaşma tələb edir. Oyuna əsaslanan öyrənmə müəyyən oyun prinsiplərinin əsas götürülərək şagirdləri cəlb etmək üçün onların bilik və bacarıqlarının real həyat parametrlərinə tətbiqi deməkdir. Müasir dövrdə şagirdlər daha çox əyanilik, dinamiklik sevdikləri üçün onları müxtəlif oyunlarla təlimə cəlb etmək daha uğurlu addımdır. Oyuna əsaslanan öyrənmədə iştirak edən şagirdlərdə motivasiya daha yüksək olduğundan təlim materialları ilə dinamik şəkildə məşğul olmağa imkan verir. Araşdırmaəsaslı təlim modeli şagirddə tədqiqatçı münasibətin formalaşması kimi mühüm bacarıqların inkişafı ilə yanaşı, konseptual ardıcıllıqla biliklərə yiyələnmək üçün imkanlar yaradır".

Sevinc QARAYEVA

 

 

 

 

 

 





07.08.2023    çap et  çap et