Tanınmış həkim-kardioloq, akupunktura və zəlilərlə müalicə üzrə təcrübəli mütəxəssis Şahmar Məmmədovun "Hirudoterapiya" adlı kitabının yeni nəşri işıq üzü görüb. Hirudoterapiya (zəlilərlə müalicə) ilə bağlı respublikamızda, Azərbaycan dilində ilk genişhəcmli elmi əsər olan bu kitab, müəllifin uzun illər əldə etdiyi tibbi təcrübələr və çalışdığı sahədə qazandığı biliklər əsasında yazılıb. Aydın təsvirlər, rəngli şəkillər verilərək nəfis formada tərtib olunmuş kitabda tarixən zəlidən istifadə və hirudoterapiya elmi haqqında son illərdə əldə edilən mühüm yeniliklər haqqında məlumatlar öz əksini tapıb. Eyni zamanda, müəllif zəli istifadə olunan xəstəliklərin klinikasını, zəli qoyulan nahiyələrin yerini, aparılan seansların sayını kitabda mümkün dəqiqliklə göstərir. Mövzuya dair ədəbiyyat siyahısı da ayrıca təqdim edilən nəşrdə istər Bexterev xəstəliyi, xroniki fiziki yorğunluq sindromu, yemək borusu xəstəlikləri, istərsə də "yazı spazması", Reyno xəstəliyi, miqren, oynaq xəstəlikləri, impotensiya və digər hallarda hirudoterapiyanın tətbiqi haqqında ətraflı məlumat verilib.
"Kitabı hazırlamaqda məqsəd" adlı giriş yazısında müəllif bu əsəri hazırlayarkən xarici ölkələrin çox sayda tibbi ədəbiyyatına (türk, rus, alman dillərində) və özünün, təxminən, 40 illik tibbi təcrübəsinə istinad etdiyini diqqətə çatdırır. Ş.Məmmədov yazır ki, hirudoterapiya son zamanlar Avropa, Asiya, Amerika ölkələrində geniş yayılıb və uğurla tətbiq olunmaqdadır. Bu elm alternativ təbabət növü kimi tanınıb, geniş müalicə imkanları ilə naturopatiyanın digər sahələrindən fərqlənir. Alimlər zəlinin ağız suyu ifrazatının fiziki, biokimyəvi xassələrini öyrənərək çox sayda maraqlı, faydalı yeniliklər ortaya çıxarırlar.

Hirudoterapiya haqqında əksər elmi əsərlərin, demək olar ki, son 25 il ərzində meydana gəldiyini qeyd edən Ş.Məmmədov daha sonra yazır: "Ancaq təəssüf ki, yazılanların çoxu ümumi xarakter daşıyan, müxtəlif fikirlər yürütməklə orta səviyyədə yazılmış əsərlərdir. Bu müəlliflərin, demək olar ki, əksəriyyəti bioloq, fizioloq, fitoterapevt, psixoloq və naturopatiyanın digər bölmələri ilə məşğul olanlardır. Yazılan kitablarda informasiyaların təqdimatında qeyri-dəqiqliyə yol verilir və bəzən bu yanlış fikirlər oxucunu çaşdırır. Məsələn, bəzi müəlliflər yazırlar ki, hər bir zəli qan sovurma zamanı yaradan 15-20 ml qan götürür. Əlbəttə, bu rəqəm xeyli şişirdilmişdir. Digər bir misal: bəziləri yazırlar ki, zəli bədəndə bioloji aktiv nöqtələri tapmaq qabiliyyətinə malik olub, özü orqanizmin balansını təmin edir. Bu, tamamilə səhv fikirdir. Əsl həqiqətdə zəli termo və kimyəvi reseptorları ilə isti, nazik dəri səthini, yaxın qan kapilyarlarını axtarır ki, oradan qidalansın. Bəzi müəlliflər zəlinin həyat tərzini, çoxalmasını, davranışını, zəli müalicəsi aparılan xəstəliyin klinik təzahürünü və formasını aydın yazsa da, müalicə taktikasına çatdıqda sanki dəqiq bir şey deməyib, ümumi sözlərlə ötüşürlər.
Əyani olaraq zəli müalicəsinin metodu və üslubu göstərilmir. Elmi əsərlərdə bir çox sahələr - nevrologiya, revmatologiya çox az işıqlandırılıb. Bu sahələri yazmaqda mənə təcrübəm və akupunktura sahəsindəki biliklərim kömək etdi. Təqdim etdiyim bu kitabda çalışmışam ki, zəli qoyulan nahiyə və nöqtələrin yeri mümkün qədər dəqiq və aydın göstərilsin".
Ş.Məmmədov belə bir vacib məqamı da vurğulayır ki, kitabdakı məlumatlardan istifadə etdikdə müalicə aparan həkim, heç şübhəsiz, hər xəstəyə fərdi yanaşmalıdır.
Müəllifin akupunktura və hirudoterapiya ilə məşğul olan tələbələrinə ithaf etdiyi kitabın elmi redaktoru tibb elmləri doktoru, professor S.Mahmudova, nəşriyyat redaktoru S.Ağababayeva, nəşrdəki fotoların müəllifi A.Həsənovdur.
Qeyd edək ki, Şahmar Hüseynalı oğlu Məmmədov 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 12 il Rusiyanın qabaqcıl klinikalarında həkim-kardioloq işləyib. 1990-cı ildən isə Azərbaycana qayıdaraq Bakıda çalışmağa başlayıb. Dəfələrlə Rusiya və Azərbaycan mətbuatında akupunkturaya aid elmi məqalələri və tapıntıları ilə çıxış etmiş Ş.Məmmədov Moskva Hirudoterapevtlər Alyansının üzvüdür. Respublikamızda akupunktura və hirudoterapiya üzrə çalışan 80-ə yaxın həkim onun rəhbərliyi altında hazırlanıb. Onun 2014-cü ildə nəşr etdirdiyi "Akupunktura" kitabı da tibb ictimaiyyəti tərəfindən maraq və rəğbətlə qarşılanıb.
çap et