525.Az

Xurşud xanım Qacar-Naxçıvanskaya: opera müğənnisi və şair haqqında qeydlər


 

Xurşud xanım Qacar-Naxçıvanskaya: opera müğənnisi və şair haqqında qeydlər<b style="color:red"></b>

Musa RƏHİMOĞLU - QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və  Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

XX əsrin 80-ci illərinədək Naxçıvanda, şəhərin mərkəzində - Xan Dikində, Mömünə Xatın türbəsinin yanında memarlığı ilə seçilən bir mülk qalırdı. Bu, naxçıvanlı hərbçi Rəhim xan Naxçıvanskinin 1890-cı ildən sonra tikdirdiyi mülkü idi.

Qeyd edək ki, Rəhim xan atası general-mayor II Kalbalı xandan sonra babası Ehsan xanın sarayında yaşayırdı. Dediyimiz kimi, həm də sarayın qarşısında özünə əlavə bir mülk də tikdirmişdi. Həmin illərdə hər ikisinə Naxçıvanda Rəhim xanın mülkü deyirdilər. 1920-ci ildən sonra Rəhim xanın ikinci mülkünü kazarma, məktəb, sonralar isə həbi komissarlıq etmişdilər. Bu zaman mülkün pəncərələrinə armaturlar əlavə ediblər.

Artırmanı da dəyişiblər. Təsadüfi deyil ki, 1905-ci ildə Naxçıvana gələn italyan tarixçisi, diplomatı və səyyahı Luici Villari (1876-1959) oçerklərdən və yol qeydlərindən ibarət olan "Qafqazda Od və Qılınc" kitabında naxçıvanlı hərbçilər Rəhimxan və Cəfərqulu xan Naxçıvanski qardaşları ilə görüşməyindən də söhbət açıb. İtaliyanın Xarici İşlər Nazirliyində işləyən Luici Villari sonralar qəzet müxbiri kimi də fəaliyyət göstərib. O, İtaliyanın, Amerikanın Yeni Orlean və Boston şəhərində vitse-konsul olmaqla bərabər, həm də Qafqaza və onun siyasi tarixinə aid maraqlı yazıların müəllifidir. İtalyan tarixçisi Luici də digər səyyahlar kimi Rəhim xanla və qardaşı Cəfərqulu xanla görüşlərindən, onların yüksək dünyagörüşlərindən və ziyalılıqlarından söhbət açıb. Hətta onların sarayında olan yüksək Avropa mədəniyyətindən də yazıb. Bir sözlə, Şərq adət-ənənələri ilə yaşayan qardaşların kübarlığı və hərbi sənətləri italyan tarixçisini valeh edib.

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, lirik soprano müğənnisi Xurşud Qacar (Naxçıvanskaya) 1894-cü ildə Naxçıvan şəhərində Ehsan xanın oğul nəvəsi Rəhim xan Naxçıvanskinin ailəsində, yuxarıda təsvir etdiyimiz sarayda anadan olub. Xurşud xanımın sənədlərdə 2 doğum tarixi vardır. Atası Rəhim xanın hərbi arxivdə saxlanılan sənədində onun doğum tarixi 1888 kimi qeyd edilib. Amma özünün teatr muzeyində saxlanılan şəxsi arxivində doğum tarixi 1894-cü il kimi qeyd edilib. Onun həyatından və fəaliyyətindən söhbət açmazdan əvvəlcə qeyd edək ki, Xurşud xanım haqqında az yazılıb. Çünki musiqi ensiklopediyalarında və digər kitablarda olduqca az məlumat vardır. Həyatın və taleyin dolanbac yollarında müsibətlər yaşamış Xurşud xanımla uzun müddət idi ki, axtarışlar aparırdıq. Axtarışlarımızda köməyimizə çatan "Qobustan" toplusundakı həcmcə kiçik, mənaca böyük olan bir məqalə oldu. Əflatun Nemətzadənin "İllərdə izlər: Xurşud xanım Qacar" adlı yazısı imkan yaratdı ki, opera müğənnisinin şəxsi arxivinin axtarışına başlayaq.

Yazının müəllifi opera müğənnisi Xurşud xanımın yığcam tərcümeyi-halını verməklə sonda yazır ki, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xurşud xanımın kiçik, lakin zəngin və maraqlı arxivi var.

Biz də bu arxiv sənədlərinin sorağında və axtarışında olduq. Axtarışlarımıza ürəkdən sevinən və öz köməklərini əsirgəməyən Sevinc və Həmidə xanımlara minnətdarlağımızı bildiririk. Bu sənədlərin içərisində Xurşud xanımın sağlığında yazdığı tərcümeyi-halı da vardır. Amma birinci səhifə yoxdur. Məlumatlar 1918-ci ildən başlayaraq yazılıb.

Xurşud xanım Qacar

Yeri gəlmişkən, Xurşud xanımın arxivi teatr muzeyinə vəfatından sonra verilib. Kim tərəfindən verildiyi naməlumdur. Burada əsasən onun məktubları və ona yazılan bəzi məktublar, teleqramlar, müğənninin topladığı xalq mahnıları, şeirləri, ona ithaf edilən şeirlər və digər sənədləri saxlanılır. Fotoşəkillər yoxdur. Çox təəssüf ki, onun atası, anası, qardaşı oğlu və digər qohumları ilə bağlı heç nə yoxdur. Bunun ciddi səbəbləri var. Və yazımın sonunadək bu məsələlərə qayıdacağıq. Ona görə də kədərli taleyi olan müğənni haqqında lap əvvəldən başlayaq.

Xurşud xanım ata tərəfdən Naxçıvanın Kəngərli xanlarının, ana tərəfdən isə İrəvanın Makulu-Bayat (Makinski) xanlarındandır. Onun atası Rəhim xan dövrünün məşhur süvarilərindən olub. Hətta 54 yaşında Birinci Dünya müharibəsində də döyüşüb, hərbi təltiflər alıb. 1920-ci ilədək Naxçıvanda yaşayıb. 1920-ci ildən  sonra bolşeviklər ona Naxçıvanda yaşamağa icazə verməyiblər. Qarabağa sürgün ediblər. 1922-ci ildə İrana mühacirət edə bilib.

Anası Münəvvər xanım Hacı Şükür Makinskinin qızıdır. Münəvvər xanımın anası isə Ehsan xanın qızı Lalabəyimdir. Münəvvər xanım Xurşud xanım çox kiçikkən vəfat edib. Ona görə də Rəhim xan qızı Xurşud xanımı Bakıda yerləşən Müqəddəs Nina adına internatda oxumağa aparıb.

Müqəddəs Nina adına məktəbi bitirən Xurşud xanım 1915-ci ildə Moskva Konservatoriyasına qəbul edilib. O, xaricdə təhsil alan ilk azərbaycanlı qadınlardan biri olub. Xurşud xanım vokal təhsilini Moskva Konservartoriyasında, professor Umberto Avqustoviç Mazettidən alıb. Mazetti 1867-ci il fevralın 18-də İtaliyanın Boloniya şəhəri ətrafında anadan olub. Onun sənət karyerası V.Martucci ilə fortepiano və bəstəkarlıq təhsili aldığı Boloniya Musiqili Liseyində başlamışdr. Öz vətənində məşhur olan bəstəkarı 1899-cu ildə Moskva konservatoriyasının direktoru V.İ.Safonov Moskvaya, konservartoriyada dərs verməyə dəvət edib. Bəstəkar ömrünün sonuna kimi burada işləmişdi.

O, dərs dediyi tələbələrinə qəlbdən o qədər bağlanmışdı ki, Birinci Dünya müharibəsi başlayanda belə, İtaliyaya qayıtmadı. Mazetti təlimdə çox sərt, tələbkar və nizam-intizamlı olsa da, tələbələri onu ürəkdən sevirdilər. Onun sevimli tələbələrindən biri də naxçıvanlı Xurşud xanım Naxçıvanskaya idi. Dərs dediyi tələbələrə də vokala ciddi münasibət bəsləməyi öyrədirdi.

Mazettinin sinfində təhsil alan Xurşud xanıma Xalq artistləri Nejdanovanın, Sobinovun, professor Speranskinin, dirijorlar Qolovanovun və Şteynberqin çox köməyi dəyib.

Xurşud xanımın özünün yazdığından məlum olur ki, artıq o, 1918-ci ildə Moskvada işləməyə başlayıb. 1919-cu ildən isə Radio İttifaqında işləyib. 1924-cü ilə kimi konsert briqadalarının tərkibində Moskva və Moskva ətrafında konsertlər verib. Lirik seprano səsli müğənni Moskva estrada ansamblında solist olub.

Müğənni haqqında yazanlardan biri - İskəndərova Gülarə xanımın nəvələri onun vəfatından sonra (2010, 1 noyabr) nənələrinin xatirələrini çap ediblər. Gülarə xanım 22 yanvar 1911-ci ildə doğulub. Mühəndislik təhsili alsa da, poliqlot və opera müğənnisi kimi tanınıb. Gülarə xanım Xurşud xanımın həyatından da bəzi açılmamış səhifələrə aydınlıq gətirib. Onun xatirələrindən məlum olur ki, Xurşud xanım onun anası Qəmər Əmiraslanova ilə birlikdə Müqəddəs Nina məktəbində oxumuşdur. Qəmər Əmiraslanova Azərbaycanın ilk qadın həkimlərindən biri olmuşdur. O, ana tərəfdən Cavanşirlər nəslindəndir. Xurşud xanım haqqında yazanlar onun Sankt-Peterburqda əmisi tam süvari generalı Hüseyn xan Naxçıvanskinin yanında yaşamasından yazmırlar. Xurşud xanım özü də tərcümeyi-halında 1919-1924-cü illərdən heç nə yazmır. Amma Gülarə xanım bu haqda, həm də sosialist inqilabi illərində onun Moskvada çox çətinlik çəkməsindən də danışır. Gülarə xanım yazır ki, Xurşud xanım Peterburqda yaşayırdı və Bakıda bizim qonşumuz olmuşdu. Moskvanın təlatümü günlərində o, Starokonyuşnaya küçəsində hansısa bir qadın qohumunun evində qalırdı. Bir məqsədi vardı ki, oğlunu qorusun.

Yeri gəlmişkən, Qacarlar sülaləsi haqqında sanballı bir tədqiqat əsəri ortaya qoymuş Eldar Elxanoğlu İsmayılovun yazdığına görə, Xurşud xanım 1908-ci il yanvarın 25-də Peterburqda şahzadə Feyzulla Mirzə Qacarla ailə qurub. Feyzulla Mirzə Bəhmən Mirzə Qacarın nəvəsi polkovnik şahzadə Şəfi xanın (Şuşa, 19.04.1853 - Sankt-Peterburq, 02.01.1909) oğludur. Şəfi xanın atası Bəhmən Mirzənin oğlu Cəlaləddin Mirzədir (1833-1887). Rusiyanın hərb tarixini araşdırarkən aydın oldu ki, paj korpusunda təhsil alan azərbaycanlıların əksəriyyəti  Naxçıvan Kəngərliləri və Təbrizdən Şuşaya və Tiflisə köçən Qacarlar olmuşlar. Azərbaycanlı kavalerlər haqqında maraqlı kitablar yazan gənc hərb tarixçisi Eldar Elxan oğlu İsmayılovun tapıntıları təqdirəlayiqdir. O, sonuncu kitabında general-mayor Feyzulla Mirzə Qacarın da hərbi fəaliyyətini arxiv sənədləri əsasında tədqiq etmişdir. Feyzulla Mirzə ilə bağlı xeyli sənədlər Gürcüstan Milli Arxivinin də fondlarında saxlanılır. Çünki onun hərbi təhsil illəri Tiflis kadet korpusundan başlanır. Feyzulla Mirzə Qacarın formulyar siyahısı (hərbi xidmət kitabçası) ilə tanış olanda heyrətini və sevincini gizlədə bilmirsən. Sanki bir hərbi epopeyanın ən maraqlı səhifələrini oxuyursan. Onun hərbi fəaliyyəti əsasən Qafqazın süvari diviziyasının tərkibində olan Birinci Dağıstan, iki Osetin, Kabardin, Çərkəz, Çeçen, Tatar, İnquş briqadalarında komandir vəzifəsində olmuşdur. O, Qafqazda, ümumilikdə Çar Rusiyasında hərbi xidmətdə olduğu illərdə Naxçıvanskilər və İrəvanskilər ilə sıx əlaqə saxlamış və cəbhə dostları olmuşlar. Feyzulla Mirzə Qacar o illərdə Moskvada təhsil alan Xurşud xanımla tanış olmuşdu. Bu tanışlığa səbəb Feyzulla Mirzə Qacarın Xurşud xanım Qacarın əmisi Hüseyn xanla dostluğu səbəb olmuşdu. Ona görə də Feyzulla Mirzə Qacarla Xurşud xanımın izdivacı baş tutur.

(Ardı var)

 

 





08.08.2023    çap et  çap et