Bir neçə gündür ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə Göygöl və Daşkəsən rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində "AzerGold" QSC-nin əməkdaşlarının iştirakı ilə Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Göygöl rayonunun Tülallar, Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu və Bayan kəndlərinin təsərrüfatlarında monitorinq həyata keçirilib.
Belə ki, sorğu anketi vasitəsilə sözügedən kəndlərdə cari ildə saxlanılan heyvanların baş sayı müəyyən olunub, onlarda aparılmış profilaktiki tədbirlər araşdırılıb. Həmçinin heyvanlara zəruri kliniki baxış keçirilib, mövsümi xəstəliklərə görə onlardan qan nümunələri götürülüb və nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Göygöl Regional Sınaq Laboratoriyasına və Baytarlıq Elmi-Tədqiqat İnstitutuna göndərilib. Bitki mühafizəsi və heyvan sağlamlıq tədbirlərinin həyata keçirilməsi üçün prosesə müxtəlif növ texnika və avadanlıqlar cəlb olunub, heyvan saxlanılan ərazilər dezinfeksiya edilib.
Bundan başqa, təsərrüfatlarda ciddi fitosanitar monitorinqi aparılıb və meyvə-tərəvəz bitkilərindən nümunələr müvafiq laboratoriyalarda yoxlanılıb. Monitorinq çərçivəsində həmçinin, qeyd olunan kəndlər üzrə əkin və örüş-otlaq yerlərindən torpaq və su nümunələri də götürülərək, Agentliyin mərkəzi laboratoriyasına göndərilib.
Agentliyin Aqrar Təlim Mərkəzi tərəfindən ümumilikdə, 596 ev təsərrüfatından 480-də sorğu aparılıb, sakinlərin gündəlik fəaliyyəti, kənd təsərrüfatının hansı növü ilə məşğul olmaları, texnikalarının mövcud vəziyyəti və texnikalara olan tələbatları,məhsuldarlıq göstəriciləri, satış və sosial-iqtisadi məsələlər üzrə qayğıları araşdırılıb, təlim baxımından ehtiyac meyarları müəyyənləşdirilib, maarifləndirici məqsədilə onlara kənd təsərrüfatının müxtəlif sahələri üzrə buklet və broşürlar paylanılıb.
Monitorinqlərin nəticələri ətraflı təhlil edildikdən sonra ailə-kəndli fermer təsərrüfatlarının inkişafı məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və icrası planlaşdırılır. Həmçinin, sorğu əsasında müəyyən edilmiş meyarlar üzrə əhaliyə təlimlərin keçirilməsi, onlara mütəxəssislər tərəfindən müvafiq məlumatlandırıcı və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Zakir MURADOV
Gəncə-Göygöl-Daşkəsən
çap et